Məhkəmə qərarları › İş №2(103)-41/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-41/2021

05.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-41/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehlər X6 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qəbul etdiyi 2(010)- 3514/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 05 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Əmircan qəsəbəsi, Əlisöhbət Subbatzadə küçəsi, 2 saylı evindən yaşayış sahəsi verilmədən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsində yerləşən 2 saylı ev vaxtilə ulu nənəsi Subiyə Nəsrulla qızına məxsus olumuş, Subiyə Nəsrulla qızı ilə X11 ər-arvad olmuşlar. X10 Nəsrulla qızının qardaşı arvadıdır (onun uşağı olmayıb). Subiyə Nəsrulla qızı ilə X7 ailə münasibətlərindən Eynal Əliyev, Murtuz Əliyev, Məhərrəm Əliyev, Novruz Əliyev və Gövhər Əliyeva adlı uşaqları doğulmuş, Novruz Əliyev müharibəyə getmiş və itkin düşmüş, Məhərrəm Əliyev isə elə əvvəlcədən Bakıxanov qəsəbəsində yaşamışdır. Gövhər Əliyeva isə ailə qurmuş və başqa ünvana köçmüşdür. O, Murtuz Əliyevin qızı X1 oğludur. Cavabdeh2 isə Murtuz Əliyevin oğlu X4 oğludur. Cavabdeh X6 Cavabdeh2 arvadı, digər Cavabdeh3 onların övladıdır. Mübahisəli ev əvvəllər Məhərrəm Əliyev, Xandan Kerim qızı və X14 adına olmuşdur. Daha sonra əmisi X13 mübahisəli evin bir hissəsini öz adına rəsmiləşdirmiş, beləliklə, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsində yerləşən 2 saylı ev üzərində onunla Xandan Kerim qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Anasının əmisi X13 özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakı 08 oktyabr 2016-cı ildə notariat qaydasında ona vəsiyyət etmişdir. O, X9 ölümündən sonra miras qalmış əmlakı, o cümlədən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsində erləşən 2 saylı evi qəbul etmiş və mülkiyyət hüququ ilə öz adma rəsmiləşdirmişdir. Bununla əlaqədar olaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmışdir. X13 əsas etibarilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsində yerləşən 2 saylı evdə deyil, başqa ünvanda yaşayıb. Ona görə də qardaşı Murtuzun nəvəsi olan Cavabdeh2 və sonuncunun ailə üzvlərinə icazə vermişdir ki, mübahisəli ünvanda yaşayıb evə «gözqulaq» olsunlar. Cavabdehlər mübahisəli ünvanda yerləşən tikililərdən birində təxminən 11-12 ildir ki, yaşayırlar. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qəbul etdiyi 2(010)-3514/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsini əsasız və qanunazidd hesab edir. Onun sübut və dəlilləri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdehlər 10 ildən artıqdır ki, öz evlərini kirayə verərək ona aid evdə yaşayırlar. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10329/2018 saylı 07 noyabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə icraat iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və maraqlı şəxslər Bakı şəhəri 13 saylı Notariat Kontoruna, Bakı şəhəri 24 saylı Notariat Kontoruna, 4 saylı ASAN Xidmət Mərkəzinə və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “vərəsəliyin qəbulu və qeydiyyat vəsiqəsinin ləğv olunması” tələbinə dair mülki işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2512/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin olunmaması qərara alınmışdır. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1581/2021 saylı 18 mart 2021ci il tarixli qərarı və Azəbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4443/2021 saylı 17 avqust 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Buna görə də hazırki iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-41/2021 saylı 01 oktyabr 2021-ci il tarixli qərardadı ilə təzələnmişdir. Apellyasiya baxışı zamanı cavabdehlər X6 və Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və Cavabdeh3 isə iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə İddiaçı və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, məruzəçi-hakimin məruzəsini, əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehlərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 08.10.2016-cı il tarixli vəsiyyətnamədən görünür ki, X13 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ünvan 3 ünvanda qeydiyyatda olan İddiaçı vəsiyyət etmişdir. **********97-10301 reyestr nömrəli 19.10.2016-cı il tarixli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsi, 2 saylı ev X9 və başqa subyektlərin mülkiyyətində olmaqla faktiki 0.09777 kv.m. sahədən ibarətdir. Texniki pasportdan görünür ki, “A”, “B” və “V” yaşayış evi həyətin müxtəlif yerlərində inşa olunmuş, həyətdə digər tikililər və boş sahələr də vardır. RX seriyalı ******* saylı 16.05.2017-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsində yerləşən, ümumi sahəsi 148.7 kv.m olan 2 saylı fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı Mənsuz oğluna və Xandan Kerim qızına məxsusdur. Hazırda İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia verərək, cavabdehlərin Bakı şəhəri, Əmircan qəsəbəsi, Əlisöhbət Subbatzadə küçəsi, 2 saylı evindən yaşayış sahəsi verilmədən çıxarılmalarını tələb edir. Qeyd olunmalıdır ki, ayrıca məhkəmə icraatı qaydasında iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və maraqlı şəxslər Bakı şəhəri 13 saylı Notariat Kontoruna, Bakı şəhəri 24 saylı Notariat Kontoruna, 4 saylı ASAN Xidmət Mərkəzinə və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “vərəsəliyin qəbulu və qeydiyyat vəsiqəsinin ləğv olunması” barədə iddia qaldırsa da, onun iddiası məhkəmələr tərəfindən rədd edilmiş və bu barədə qərar artıq qanuni qüvvəsini almışdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi İddiaçı cavabdehlərə qarşı onların Bakı şəhəri, Əmircan qəsəbəsi, Əlisöhbət Subbatzadə küçəsi, 2 saylı evdən çıxarılması barədə tələbini rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iş üzrə cavabdehlərin çıxarılması tələb olunan 2 saylı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçı və digər şəxsə məxsusdur. Həmin mülkiyyətdə olan daşınmaz əmlakın texniki pasportuna görə yaşayış evi “A”, “B” və “V” tikililərindən ibarətdir. Həmin tikililərdən məhz hansının iddiaçıda olması daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda öz əksini tapmamışdır. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Hazırki işdə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sözügedən evə (evin hansı tikilisinə) onun payının müəyyən edilməsi, eləcə də daşınmaz əmlakla bağlı naturada bölgünün aparılması, evdən çıxarılmasını tələb etdiyi cavabdehlərin isə faktiki istifadəsində olan tikilinin məhz ona aid olduğunu sübuta yetirə bilməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, həmin dəlillərə qətnamənin əsaslandırıcı hissəsində qiymət verildiyindən və onlar qətnamənin ləğv edilməsi üçün əsas yaratmadığından bu barədə əlavə əsaslandırmaya zərurət yoxdur. Qeyd olunanlarda bağlı məhkəmə kollegiyası MPM-nin 385.2-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas vermir və buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3514/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 5 (beş) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar