Məhkəmə qərarları › İş №2(103)-4101/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4101/2025

18.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4101/2025 18.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə Cavabdehnə qarşı “müavinətindən tutularaq çıxılan pulun gəlir vergisinə cəlb edilməsinin qanunsuz hesab edilməsi və müavinətin qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ müavinətdan tutulan verginin qaytarılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-953/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları qətnaməni qəbul etdi, İşin halları, iş üzrə məhkəmə icraatı

1. X3 28 may Neft və Qazçıxarma İdarəsinin xx.xx.2023-cü il tarixli 01-12/246 saylı sorğuya cavabından görünür ki, “28 May” Neft və Qazçıxarma İdarəsinin keçmiş işçisi İddiaçı təqaüdə çıxması ilə əlaqədar, SOCAR və ANQSİHİRK arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə (Pensiya yaşına çatdıqda, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a" və “b" bəndinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 (beş) misli həcmində birdəfəlik və ya sosial dayanıqlığın təmin edilməsi məqsədilə qüvvədə olan Proqram üzrə müavinət vermək) əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində müavinət verilmişdir. Pensiya yaşına çatdığı üçün işçiyə verilmiş müavinətin gəlir vergisindən azad olunması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmadığı üçün, həmin müavinət gəlir vergisinə cəlb olunmuşdur.

2. İddiaçı Abdüləli oğlunun haqq-hesab vərəqəsinin surətindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə onun təşəbbüsü ilə xitam verilməsi ilə əlaqədar ona 14618,35 manat məbləğində bir dəfəlik müavinət hesablanmışdır. Həmin məbləğdən tutulan gəlir vergisi 3355,12 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “müavinətindən tutularaq çıxılan pulun gəlir vergisinə cəlb edilməsinin qanunsuz hesab edilməsi və müavinətin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı işlədiyi SOCARın X3 28 may Neft və Qazçıxarma İdarəsi tərəfindən xx.xx.2023-xx.xx.2023-cü illər üzrə ödənilən birdəfəlik 16429,29 manat müavinətdən çıxılan 4304 manat məbləğində müavinətin tutularaq gəlir vergisinə cəlb edilməsinin qanunsuz hesab olunması və 4304 (dörd min üç yüz dörd) manat müavinətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən alınaraq ona qaytarılması barədə qəttnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə təqaüdə çıxmaqla əlaqədar olaraq işdən azad edilməsi və SOCAR və ANNQSİHİRK arasında 2020-2023-cü illlər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin verilməsi barədə 28 may NQÇT-nin rəisi Şahəddin İsmayılova ünvanlanmış ərizənin cavabı olaraq, iddiaçıya birdəfəlik müavinət olaraq 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat məbləğində pul ayrıllb və həmin məbləğdən aşağıda qeyd olunan vergilər tutulub. İşsizlik ödənişi-işçidən 82,15 AZN, 3% ə/h-dan DSMF-ə tutulma, Həmkarlar İttifaqından 164,29, gəlir vergisi olaraq 3355,12 manat, icbari tibbi sığorta olaraq 229,31 manat olmaqla vergilər tutulub və ona 12105,54 manat məbləğində pul ödənilib. Bu məbləğ ona müavinət olaraq ödənildiyi üçün yuxarıda qeyd olunan məbləğ ondan tutulmamalı və məbləğ tam şəkildə ona ödənilməli idi. O, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Birliyindən Yaşa görə pensiya hüququ yarandığı üçün işdən azad edilməsi və işdən azad edilən zaman ona orta əmək haqqının beş misli həcmində ödənilən müavinətdən gəlir vergisi tutulması və bu haldan şikayətçidir və araşdırılmasını xahiş edib. Bundan başqa Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfətişliyi Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-23721/2023 nömrəli məktubu ilə göndərilən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azneft İstehsalat Birliyi (VÖEN **********) tərəfındən yaşa görə pensiya çıxma ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətdən tutulan gəlir vergisi barədə xx.xx.2023-cü il tarixli müraciətə baxılıb. Buna əsasən müraciətdə göstərilən halda işçinin pensiya yaşına çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə ona ödənilən müavinətlər Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan güzəşt tətbiq edilən gəlirlərə aid olmadığından həmin gəlirlər ümumi qaydada gəlir vergisinə cəlb olunurlar. Haqq hesab vəsiqəsindən göründüyü kimi xx.xx.2023-xx.xx.2023-cü il ərzində əmək haqqı dövründə ona 16429,29 manat mənləğində pul hesablanıb. Həmin məbləğə son haqq-hesab və müraciət əsasında hesablanan müavinət daxildir. Hesablanma qaydası aparılarkən ona ümumi məbləğdən vergi borcu tutulmaqla dövlətin büdcəsinə 4000 (dörd min) manat əlavə məbləğ ödənilib. Belə ki, müavinətdən rüsum tutulmamalı idi. 4304 manat məbləğində pulun ona geri qaytarılmasına köməklik etməsinə dair xx.xx.2023-cü il tarixdə ərizə ilə DSMF-yə müraciət edib və alacağı cavab bəllidir. Bundan başqa, xx.xx.2023cü il tarixli,764/23 nömrəli sorğuya cavab olaraq bildirilib ki, onun təqaüdə çıxması ilə əlaqədar SOCAR və ANQSİHİRK arasında bağlanmış 2020-2023-cü illər üçün sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə Pensiya yaşına çatdıqda AR ƏM-nin 70-ci maddəsinin a və b bəndinə əsasən işçilər sərbəstlikdə onlara orta əmək haqqının 5 misli həcmində birdəfəlik və ya sosial dayanıqlığın təmin edilməsi məqsədilə qüvvədə olan Proqram üzrə müavinət vermək) əsasən orta əmək haqqının 5 misli məbləğində müavinət verilib. Pensiya yaşına çatdığı üçün işçiyə verilmiş müavinətlərin gəlir vergisindən azad olunması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmadığı üçün həmin müavinət gəlir vergisinə cəlb edilməsi qeyd olunub. Hesab edir ki, Milli Gəlirlər Vergisi ona ünvanlanan cavab məktubunda müavinətin gəlir vergisindən azad olmasını tam açıq şəkildə bildirdiyi halda 4304 manat məbləğində pulunun vergiyə cəlb olunması qanunsuz və əsassızdır.

5. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixində İddiaçı əmək müqaviləsi yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar olaraq ləğv edilib və işdən azad olunub. 28 May" Neft və Qazçıxarma İdarəsinin keçmiş işçisi İddiaçı Abdüləli oğluna təqaüdə çıxması ilə əlaqədar, SOCAR və ANQSİ arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-ci bəndinə (Pensiya yaşına çatdıqda, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" və "b" bəndinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 (beş) misli həcmində birdəfəlik və ya sosial dayanıqlığın təmin edilməsi məqsədilə qüvvədə olan Proqram üzrə müavinət vermək) əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində olmaqla 14618,35 manat müavinət hesablanıb. Qeyd olunan məbləğdən isə 3129,59 manat məbləğində gəlir vergisi tutulub. AR-nın Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Eyni zamanda, Əmək Məcəlləsinin 175.4-cü maddəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. ARnın Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. İşin faktiki hallarına görə İddiaçı əmək müqaviləsi 77.3-cü maddədə sadalanan hallar səbəbindən ləğv edilməyib, əksinə, o, yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar olaraq işdən azad edilib. Bu səbəbdən də İddiaçı ödənilən müavinət “işdənçıxarma müavinəti” kimi qiymətləndirilə bilməz. Odur ki, 175.4-cü maddənin tətbiq dairəsinə düşmür. Həmçinin, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır. Hazırki işdə İddiaçı əmək müqaviləsi sadalanan hallar əsasında ləğv edilməyib. Nəticə etibarilə, ona ödənilən müavinətə azadolma tətbiq olunmur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən də qeyd edilməlidir ki, işəgötürənin ödədiyi və gəlir vergisindən azad edilən müavinətlərə məhz Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən olunmuş işdənçıxarma müavinətinin aid edilməsi onların xarakterindən və təyinatından irəli gəlir. Çünki bu ödəmə işçinin iradəsi və təqsiri olmadan, habelə onun şəxsiyyəti ilə bağlı olmayan hallardan irəli gələrək işdən çıxarılması səbəbi ilə üzləşə biləcəyi maddi və mənəvi zərəri kompensasiya etmək məqsədi ilə qanunvericinin imperativ tələbi üzrə işəgötürən tərəfindən ödənilir. Bununla yanaşı, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürənin könüllü olaraq ödədiyi kompensasiya isə müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müqavilə şərti kimi çıxış edir. Yuxarıda qeyd olunanlar nəzərə almaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-953/2025 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin dövlət büdcəsinə aid edilməsi qət edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Abdüləli oğlu Cavabdehndə çalışmış və birliyin xx.xx.2023-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıması ilə bağlı ləğv edilmişdir. İddiaçının haqq-hesab vərəqəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə onun təşəbbüsü ilə xitam verilməsi ilə əlaqədar ona 14618,35 manat məbləğində bir dəfəlik müavinət hesablanmışdır. Həmin məbləğdən tutulan gəlir vergisi 3355,12 manat təşkil edir.

8. İddianı rədd edən məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi əmək müqaviləsinin ləğv edilməsinin müstəqil əsası kimi müəyyən edilməklə işçinin şəxsiyyəti və təqsirli hərəkətləri ilə əlaqələndirilməmişdir. Başqa sözlə, bu əsas işçinin təqsirli davranışı nəticəsində yaranmır. Bu səbəbdən həmin əsasla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən aidiyyəti tədbirlər görülməli, o cümlədən işçinin başqa işə köçürülməsinin mümkünlüyü araşdırılmalı, stajından asılı olaraq müəyyən edilmiş müddət əvvəl bu barədə xəbərdarlıq edilməli və işdənçıxarma müavinəti ödənilməlidir. Ən əsası da işçilərin sayı və ya ştatları real olaraq ixtisar edilməlidir. Bu təminatlar çərçivəsində ödənilən işdənçıxarma müavinəti gəlir vergisindən də azad edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3- cü hissəsinə əsasən xitam verilmişdir. Bu maddə də əmək müqaviləsinin məhz işçinin, yəni iddiaçının təşəbbüsü əsası ilə ləğv edilməsini təsdiq edir. Belə ki, həmin maddə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edir. Sadəcə olaraq, iddiaçı bu məsələdə təşəbbüs göstərən tərəf olaraq, qeyd edilən maddə ilə ona verilmiş hüquqdan istifadə edərək, ərizəsini cavabdehə təqdim etmiş və yaşa görə təqaüdə çıxmaq istəyini bildirmişdir. İddiaçı yaşa görə təqaüdə çıxmaq üçün ərizə ilə cavabdehə müraciət etmiş və hüquqi nəticə etibarı ilə onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə məhz bu ərizəyə əsasən, yəni iddiaçının təşəbbüsü ilə xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya orta aylıq əmək haqqının 5 misli məbləğində, yəni 16429,29 manat məbləğində birdəfəlik müavinət ödənilmiş və həmin məbləğdən 3355,12 manat məbləğində gəlir vergisi tutulmuşdur. Belə ki, qüvvədə olan Vergi Məcəlləsində hansı növ müavinətlərin və ya təminatların gəlir vergisindən azad olunduğu konkret göstərilmiş və vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəaların yalnız həmin Məcəllə ilə müəyyənləşdirildiyi, başqa digər normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəaların nəzərdə tutulmasının qeyri-mümkün olduğu təsbit edilmişdir. Lakin işçinin təşəbbüsü ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən ödənilmiş (nəzərə alınmalıdır ki, bu hal üçün müavinətin ödənilməsi nəzərdə tutulmamış və bu ödəniş tərəflərin razılaşmasına, xüsusilə də cavabdehin təşəbbüsünə əsasən aparılır) müavinətin gəlir vergisindən azad olması nəzərdə tutulmamışdır. Bu da öz növbəsində iddiaçıya ödənilmiş müavinətin muzdlu işlə əlaqədar alınan gəlir olduğunu təsdiq edir və bu məbləğdən gəlir vergisinin tutulmasını şərtləndirir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci bəndinin “a” və “e” yarımbəndlərinə, 69.3, 75-ci maddəsinin 1-ci hissəsi, 175-ci maddəsinin, 1, 2 (a) və 4-cü hissəsinə; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4-1, 98.1, 102.1.4cü; “Dövlət rüsumu” haqqında Qanunun 9.1.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.3, 218.3, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apelyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, yalnız cavabdehin mənafeyini müdafiə etmişdir. Məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi sənədlərə düzgün qiymət verməmiş və sonda düzgün olmayan bir qətnamə qəbul edilmişdir. Məhkəmə yalnız ayrı-ayrı şəxslər barəsində çıxarılan və bu işə aidiyyatı olmayan məhkəmə qərarlarına istinad etmiş və heç bir obyektiv araşdırma aparmamışdır.

b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında qeyd etdi ki, cavabdehin xüsusi təlimatı var ki, pensiya yaşına çatması ilə əlaqədar işdən çıxan işçiyə birdəfəlik ödəniş edilə bilər. Məhkəmə Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır. İddiaçı pensiya yaşına çatması ilə əlaqədar işdən çıxıb.

14. İş üzrə Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onların nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

15. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 68-ci maddəsinin 2-ci bəndinin “a” və “e” yarımbəndlərinə əsasən, tərəflərdən birinin təşəbbüsü və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 75-ci maddəsinin birinci hissəsinə və ikinci hissəsinin “a” bəndinə əsasən, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərdə tutula bilər. Həmin maddənin 4-cü hissəsinə görə əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. 175-ci maddəsinin 1-ci, 2-ci (a) və 4-cü hissəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr ödənişlər tutulur.İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

16. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 2.4-1.Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. Maddə 98.1.Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Maddə 102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar

17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apelyasiya baxışının hədləri

18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 19.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. İş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki, İddiaçı Abdüləli oğlu Cavabdehndə çalışmış və birliyin xx.xx.2023-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 69cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıması ilə bağlı ləğv edilmişdir. İddiaçının haqq-hesab vərəqəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə onun təşəbbüsü ilə xitam verilməsi ilə əlaqədar ona 14618,35 manat məbləğində birdəfəlik müavinət hesablanmışdır. Həmin məbləğdən tutulan gəlir vergisi 3355,12 manat təşkil edir.

22. Məhkəmə kollegiyası iddiaçının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə onunla cavabdeh arasında bağlanməş əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı işin fakitki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.

23. Belə ki, iddiaçının tərəf olduğu əmək münasibətlərinə işçilərin sayının və ya ştatların ixtisar edilməsi əsası ilə deyil, iddiaçının öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Sözügedən razılaşmaya görə bunun müqabilində Cavabdeh tərəfindən İddiaçı 14618,35 manat məbləğində birdəfəlik müavinət hesablanmış və həmin işdənçıxma müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən 3355,12 manat gəlir vergisi tutulduqdan sonra qalan məbləğ ona ödənilmişdir.

24. Vergi qanunvericiliyində konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunverciliyin tələblərinə uyğun deyildir. Belə ki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir.

25. Beləliklə vergi qanunvericiliyinə görə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bütün digər hallarda fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir (hər hansı ödəmə və ya fayda) Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir.

26. Göründüyü kimi cavabdeh-işəgötürən, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisini tutmaqla hər hansı qanun pozuntuya yol verməmişdir və hazırki halda dövlət büdcəsi xeyrinə tutulmuş vəsaitin geri qaytarılması üçün əsas yoxdur.

27. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, Azərbaycan Respublikasında vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin qaydaları xüsusilə Vergi Məcəlləsi əsasında tənzimlənir və xüsusi tənzimlənən bu münasibətlərə də Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinin geniş və qeyri-müəyyən təsfirinin tətbiqi yolverilməzdir. 28.Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-953/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Kollegiya qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. 30.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-953/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim : Günay Axundova Hakimlər: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar