Məhkəmə qərarları › İş №2(103)-4102/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4102/2021

02.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4102/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil oğlunun və cavabdehin vəkili X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2(001)- 2206/20 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinin ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova, iş № 2(001)-2206/20) iddia qismən təmin edilərək Cavabdeh MMC-nin 25.11.2019-cu il tarixli 232 saylı əmrinin ləğv edilməsi, İddiaçı 25.11.2019-cu il tarixdən etibarən məcburi iş buraxmaya görə əmək haqqı (taarif maaşı və bütün əlavələr daxil olmaqla) ödənilməklə Cavabdehnin İB bölməsinin ingilis dili müəllimi vəzifəsinə bərpa olunması, Cavabdeh MMC-dən dövlət rüsumuna görə 30 manatın iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında 26.08.2019-cu il tarixdə əmək müqaviləsi imzalanmış və iddiaçı həmin məktəbdə ingilis dili müəllimi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 02.09.2019-cu il tarixdə vəzifəyə təyin edilmiş, 16.09.2019-cu il tarixdən tədris prosesi başlamışdır. 26.08.2019-cu il tarixdə müqavilə imzalanmasına baxmayaraq iddiaçıya cavabdeh tərəfindən müqavilənin ona aid surəti rəsmi təqdim edilməmiş və bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, qeyd edilən Məcəllənin 44-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. İddiaçı tərəfindən dəfələrlə müqavilənin ona aid nüsxəsinin təqdim edilməsi istənilsə də cavabdeh tərəfindən bu icra edilməmişdir. Sonradan cavabdehə 09.12.2019cu il tarixdə müqavilənin surətinin təqdim edilməsinə dair sorğu edilsə də müqavilə bu günə qədər onlara rəsmi təqdim edilməmişdir. Buna baxmayaraq tədris prosesi başlanması ilə iddiaçı tərəfindən əmək funksiyaları normal formada həyata keçirilməyə başlanmışdır. Əmək müqaviləsinin 3-cü bəndinə əsasən iddiaçı sinif kollektivini formalaşdırmaq və inkişaf etdirmək, şagirdlər, şagirdlərlə müəllimlər arasında münasibətləri humanistləşdirmək, şagirdlərdə əxlaqı və mənəvi dəyərləri formalaşdırmaq kimi öhdəliklərə malik olmuşdur. Lakin, sonradan gözlənilmədən 22.11.2019-cu il tarixdə məktəbin əməkdaşı iddiaçıya qeyri-rəsmi şifahi formada işdən çıxarılmasını və bu göstərişin məktəbin rəhbərliyi tərəfindən verildiyi bildirmişdir. İddiaçı səbəb soruşduqda ona səbəb kimi tədris prosesində nöqsanlara yol verməsi şifahi bildirilmiş və eyni zamanda Ermənistan barədə şagirdlərdən təqdimat hazırlamasını istəməsi qeyd edilmişdir. Bu vəziyyət iddiaçıya aydın olmamış, belə ki, bu günə qədər işlə bağlı ona hər hansı yazılı xəbərdarlıq edilməmiş və ya intizam tənbeh tədbiri tətbiq edilməmişdir. Tədris prosesi çərçivəsində iddiaçı tərəfindən fərqli dövlətlər haqqında ingilis dilində təqdimatların hazırlanması şagirdlərdən istənilmiş və eyni zamanda bununla bərabər Ermənistan haqqında da məlumat xarakterli təqdimatın hazırlanması şagirdlərdən bəzilərinə tapşırılmışdır. İddiaçının xarici ölkə vətəndaşı olması, fərqli mədəniyətə, dünya görüşünə, düşüncə tərzinə malik olması cavabdeh tərəfindən nəzərə alınmamış və cavabdeh tərəfindən tədris prosesi çərçivəsində hər hansı mövzularla bağlı tədrisin aparılmasına dair məhdudiyyətlər, qadağalar olması və ya bununla bağlı məktəbdaxili hər hansı yazılı tədris siyasəti, qaydası və s. iddiaçıya təqdim edilməmiş və ya bununla bağlı hər hansı yazılı təlimat, xəbərdarlıq verilməmişdir. Cavabdehin rəsmi internet səhifəsində (http://dunyaschool.az/) də məktəbə qəbulla bağlı hər hansı milli və ya etnik məhdudiyyət müəyyən edilməmiş, tədris prosesi çərçivəsində məhdudiyyətlərin olması barədə xəbərdarlıq qeyd edilməmiş və məktəb beynəlxalq məktəb kimi təqdim edilmişdir. İddiaçı Azərbaycan-Ermənistan arasında mövcud müharibə barədə məlumatlıdır, lakin bu məsələdə hər hansı mövqeyə malik deyil və tamamilə neytral fikirə malikdir və bu tapşırığın şagirdlərə verilməsi ilə hər hansı erməni təbliğatı aparmaq məqsədi güdməmiş, yalnız və yalnız Azərbaycan Respublikası ilə qonşu sərhədlərə malik olan dövlətlər barədə şagirlərdə məlumat yaratmaq və bu təqdimatı ingilis dilində etməklə onların dil biliklərin artırılması olmuşdur. Məlumat xarakterli təqdimatlar eyni zamanda digər qonşu dövlətlər barədə də hazırlanmışdır. Lakin, bütün bunlara baxmayaraq iddiaçıya rəsmi səbəb bildirilməmiş və işdən çıxarılmaya dair əmr ona rəsmi təqdim edilməmiş və dərhal onun Azərbaycan Respublikasında müvəqqəti yaşayış icazəsinin ləğv edilməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə cavabdeh tərəfindən yazılı məktub göndərilmişdir. Bununla da Azərbaycan Respublikasın Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi qanunun tələbləri əmrin verilməsi zamanı gözlənilməmişdir. Müvəqqəti yaşamaya dair icazə ləğv olunacağı üçün iddiaçı Azərbaycan Respublikasının sərhədlərini tərk etmişdir. Həmçinin iddiaçıya yekun haqqhesab olaraq əmək müqaviləsinə əsasən istifadə edilməmiş 45 gün məzuniyyət günlərinə görə hər hansı kompensasiya da ödənilməmişdir. Sonradan cavabdehə 09.12.2019-cu il tarixdə yazılı sorğu verilməklə iddiaçının işdən çıxarılmasına dair əmrin surətinin təqdim edilməsi xahiş edilmişdir. Qeyd edilən əmrin surəti rəsmi olaraq 16.01.2020-ci il tarixdə poçt vasitəsi ilə onlara təqdim edilmişdir. Əmrlə tanışlıq zamanı müəyyən edilmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışdır. Belə ki, əmrdə işçinin işdən çıxarılmasına səbəb olmuş əsas səbəb kimi erməni təbliğatı aparması, iddiaçı ilə güya 01.11.2019-cu il tarixdə bağlanmış 336 nömrəli əmək müqaviləsinin ləğv olunması qeyd edilmişdir. Lakin, əmrdə buna dair ətraflı izah verilməmiş və ya konkret faktlara istinad edilməmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddənin tələbinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir və həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Hazırki vəziyyətdə belə bir sual yaranır ki, iddiaçı Ermənistanla bağlı təqdimatın hazırlanmasını şagirdlərdən istəməsinin məktəbin mənafeyinə əmrdə qeyd edildiyi kimi ziyan vura biləcəyini bilməli idimi və ya bilə bilərdimi və ya cavabdehə hansı formada real ziyan dəymişdir? İrlandiya vətəndaşı olan iddiaçı Azərbaycan Respublikasında 3 ay müddətində yaşamışdır. İddiaçı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini, həmçinin şəhidlərimiz, qaçqın və məcburi köçkünlərimiz barədə detallı məlumata malik olmamış və eyni zamanda bu barədə ona məktəb tərəfindən xarici müəllimlər üçün keçirilməli olan adaptasiya prosesi və xüsusi təlimatlandırma həyata keçirilməmişdir. Buna görə də iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi, eləcə də əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarının müəyyənləşdirilməsi məqsədi ilə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Onun sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 31.05.2020-ci il tarixli məktubu ilə İddiaçı adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində “xxxx” altsistemində Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsinin bağlanması tarixinin 01.11.2019-cu il, xitamının 25.11.2019-cu il, xitamın sistemə işlənmə tarixinin isə 22.01.2020-ci il tarixi kimi qeyd olunması məlum olmuşdur. Cavabdehin özünün məhkəməyə təqdim etdiyi sübutlardan müəyyən olunur ki, tərəflər arasında əmək müqaviləsi 01.11.2019-cu il tarixdə deyil, 26.08.2019-cu il tarixdə bağlanmışdır. Bundan başqa cavabdeh iddiaçı barəsində bir gündə müxtəlif əsaslarla iki müxtəlif nömrəli əmr vermişdir. Bir əmrdə iddiaçı ilə bağlanan əmək müqaviləsinə işəgötürənin, digərində isə işçinin təşəbbüsü ilə xitam verilməsi qeyd olunmuşdur. Mübahisələndirilən əmr yuxarıda göstərilən səbəblərdən əsassız və qanunsuz verildiyindən məhkəmə tərəfindən ləğv edilməli və iddiaçı işə bərpa edilərək iddiaçıya dəymiş maddi və mənəvi ziyan ödənilməlidir. İddiaçı qeyd olunanları nəzərə alaraq 26.08.2019-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 25.11.2019-cu il tarixli № 232 nömrəli əmrin qanunsuz hesab edilərək ləğv olunması, işə bərpa edilməsi, 25.11.2019-cu il tarixdən etibarən işə bərpa edildiyi tarixədək ödənilməli olan əmək haqqının (tarif maaşı və bütün əlavələr daxil olmaqla) hesablanaraq ona ödənilməsi və vurulmuş mənəvi ziyana görə 5000 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdehnə ingilis dili müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı ingilis dili fənninin tədrisi zamanı sinifdə erməni təbliğatı aparmaqla məşğul olmuş, müxtəlif siniflərdə erməni mədəniyyətinin təbliği ilə əlaqədar prezentasiyalar keçirmiş və şagirdlərə bu barədə daha ətraflı məlumat əldə etmələrini tapşırmışdır. Onun bu hərəkəti və verdiyi ev tapşırığı şagirdlərdə və valideynlərdə ciddi narazılığa səbəb olmuş, valideynlər məktəbə gələrək müəllimdən şikayət etmiş və uşaqlarını müəllimin dərslərinə buraxmayacaqlarını, müəllimin tezliklə dərsdən kənarlaşdırılmasını tələb etmişlər. İddiaçı söhbət üçün dəvət edilmiş, lakin o, direktor və valideynlərlə görüşə gəlməkdən aşkar surətdə imtina etmişdir. İddiaçı bundan sonra məktəbdə müəllim kimi işləməsi mümkün hesab edilməmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Daha sonra Cavabdehnin 25.11.2019-cu il tarixli 232 saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və yaxud Məcəllənin 72-ci bəndində sadalanan hallar) 25.11.2019-cu il tarixdən işdən azad edilmişdir. İddiaçı izahat verməkdən, tərtib olunan sənədlərlə tanış olmaqdan imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanladığı o/39514 saylı 26.11.2019-cu il tarixli məktubu ilə Cavabdeh MMC ilə İrlandiya vətəndaşı İddiaçı arasında bağlanmış əmək müqaviləsinin ləğv olunduğu üçün əcnəbi şəxsin iş və yaşama icazələrinin ləğv olunmasını xahiş etmişdir. İddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən qanunun tələblərinə işəgötürən tərəfindən əməl edildiyindən iddia rədd olunmalıdır. İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında imzalanmış 26.08.2019-cu il tarixli müddətli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdehnə 26.08.2019-cu il tarixdən 30.06.2020-ci il tarixədək ingilis dili müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh işçiləri tərəfindən tərtib olunan 05.11.2019-cu il tarixli aktdan müəyyən olunur ki, İddiaçı 01.11.2019-cu il tarixdə əmək müqaviləsi bağlanması ilə əlaqədar dəvət olunmuş, o, əmək müqaviləsinin mətni ilə tanış olmuş, daha sonra gəlib imza atacağını bildirmiş və dəfələrlə insan resurslarına dəvət olunmasına baxmayaraq bəhanələr gətirərək imza etməkdən boyun qaçırmışdır. Cavabdeh Pedaqoji Şurasının 22.11.2019-cu il tarixli 12 saylı iclasının protokolundan çıxarışdan müəyyən olunur ki, məktəbin ingilis dili müəllimi İddiaçı tədris zamanı ciddi xətalara yol vermişdir. O, İB bölməsində ingili dili fənninin tədrisi zamanı sinifdə erməni təbliğatı aparmaqla məşğul olmuş, müxtəlif siniflərdə erməni mədəniyyətinin təbliği ilə əlaqədar prezentasiyalar keçirmiş və şagirdlərə bu barədə daha ətraflı məlumat əldə etmələrini tapşırmışdır. Onun bu hərəkəti və verdiyi ev tapşırığı şagirdlərdə və valideynlərdə ciddi narazılığa səbəb olmuş, valideynlər məktəbə gələrək müəllimdən şikayət etmiş və uşaqlarını onun dərslərinə buraxmayacaqlarını, müəllimin tezliklə dərsdən kənarlaşdırılmasını tələb etmişlər. İddiaçı söhbət üçün dəvət edilmiş, lakin o, direktor və valideynlərlə görüşə gəlməkdən aşkar surətdə imtina etmişdir. İddiaçı bundan sonra məktəbdə müəllim kimi işləməsi mümkün hesab edilməmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. İclasda iştirak edən digər şura üzvləri direktorun fikri ilə razılaşdıqlarını bildirmiş və İddiaçı işdən azad edilməsini məqbul saymışlar. İddiaçı əmək intizamına, əmək funksiyasına və müəllimin etik davranış qaydalarına riayət etməməsinə görə iclas yekdilliklə əmək müqaviləsinə xitam verilməsini zəruri hesab etmiş və bununla bağlı Əmək Məcəlləsinə uyğun əmr verilməsini qərara almışdır. Cavabdehnin 25.11.2019-cu il tarixli 232 saylı əmrinin surətindən müəyyən olunur ki, İddiaçı 01.11.2019-cu il tarixli 336 nömrəli əmək müqaviləsinə uyğun olaraq Cavabdehnin İB bölməsində ingilis dili fənnini tədris etmək üçün işə qəbul edilmişdir. İddiaçı işlədiyi az müddətdə özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, habelə əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verərək məktəbin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Belə ki, o, birbaşa tədris zamanı azərbaycanlılarla müharibə vəziyyətində olan ermənilərin təbliğatını aparmaqla məşğul olmuş, müxtəlif siniflərdə erməni mədəniyyətinin təbliği ilə əlaqədar prezentasiyalar keçirmiş, şagirdlərdən də ev tapşırığı olaraq bu barədə daha ətraflı məlumat əldə etmələrini tapşırmışdır. Bu hal məktəbdə kütləvi narazılığa səbəb olmuşdur. Bu məsələ dərhal məktəbin pedaqoji şurasında baxılmışdır. İddiaçı dəfələrlə daxili intizam qaydalarını kobud şəkildə pozmuş, pedaqoji kollektivin üzvləri ilə yola getməmiş, onlarla daima konflikt yaratmışdır. Dəfələrlə ona iş zamanı tədrisdən kənar danışıqlara və hərəkətlərə yol verməməsi barədə xəbərdarlıq edilsə də heç bir nəticə çıxarmayaraq əksinə şagirdlər arasında ermənilərin təbliğatını aparmaqla onları qəhrəmanlaşdırmağa çalışmışdır. Qeyd olunanlara əsasən İB bölməsinin müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və yaxud Məcəllənin 72-ci bəndində sadalanan hallar) 25.11.2019-cu il tarixdən işdən azad edilmişdir. Cavabdeh işçiləri tərəfindən tərtib olunan 25.11.2019-cu il tarixli aktdan müəyyən olunur ki, ingilis dili müəllimi İddiaçı 25.11.2019-cu il tarixdə intizam tənbehinin verilməsi və əmək müqaviləsinin xitamı ilə əlaqədar əmrlərlə tanış olması üçün insan resurslarına dəvət olunmuş, o, intizam tənbehinin verilməsi barədə 25.11.2019-cu il tarixli 232 saylı və əmək müqaviləsinin xitamı ilə əlaqədar 25.11.2019-cu il tarixli 233 nömrəli əmrlərlə tanış olmuş, lakin əmrin surətini götürməkdən və imzalamaqdan imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatla eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, qətnamədə göstərilən dəlillər işin hallarına uyğun olmamışdır. Onlar iddiaçı ilə əmək müqaviləsini ləğv edərkən qanunda nəzərdə tutulan qaydaya tam riayət etmişlər. İşin qeyd edilən faktiki halı - iddiaçının sözügedən fəaliyyəti onun işdən azad edilməsi üçün əsas olmuşdur. Buna baxmayaraq məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, guya biz həmin halların, yəni iddiaçının dərs zamanı Azərbaycan xalqına düşmən mövqedə olan ermənilərin təbliğatını aparması, bu məqsədlə şagirdlərə ev tapşırıqları verməsi, pretenziyalar keçirməsi, digər pedoqoji işçilərlə yola getməməsi, onlarla konfliktlərə girməsinin həqiqətən baş verməsini sübuta yetirə bilməmişlər. Məhkəmə bu barədə kollektiv idarəetmə orqanının – məktəbin pedoqoji şurasının 22 noyabr 2019-cu il tarixli 12 saylı iclas protokolundan çıxarışını, habelə, məktəb rəhbərliyinə valideynlər G.Mehdizadə, S.Əliyeva, E.Allahverdiyeva və sairlərinin ünvanladığı elektron məktubları sübut hesab etməyib. Məhkəməyə başqa hansı sübut lazım idi? Nümayəndələri həmin valideynləri və İB məktəbinin direktoru R.Hüseynovanı şahid qismində məhkəməyə dəvət edib dindirmələrini bildirmiş, məhkəmə buna razı olmuşdur. Lakin məhkəmə özü də bu razılığı pozaraq 05 avqust 2020-ci il tarixində COVİD 19 pandemiyasına görə məhkəmələrin demək olar işləmədiyi, habelə məktəbin bütün kollektivin yay məzuniyyətində olduğu, Bakı şəhərində olmadığı zamanda tez-tələsik cavabdehin iştirakı olmadan işə baxaraq qanunsuz qətnamə çıxarmışdır. Bundan başqa, onlar iddiaçı barəsində eyni gündə müxtəlif əsaslarla iki əmr verməmişlər. İddiaçının nümayəndəsinin “öz arzusu ilə işdən azad edilmə” barədə əmri haradan əldə etməsi onlar üçün də məlum deyil. Cavabdehin vəkili A.Əlizadə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki qətnamə cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. Qətnamə iddianın təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi apellyasiya qaydasında mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının cavabdehə qarşı tələbi əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 25.11.2019-cu il tarixli № 232 nömrəli əmrin qanunsuz hesab edilərək ləğv olunması, iddiaçının işə bərpa edilməsi, 25.11.2019-cu il tarixdən etibarən işə bərpa edildiyi günədək ödənilməli olan əmək haqqının (tarif maaşı və bütün əlavələr daxil olmaqla) hesablanaraq ona ödənilməsi və vurulmuş mənəvi ziyana görə 5000 manatın tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən - əmrin ləğv olunması və əmək haqqı ödənilməklə işə bərpa hissəsində əsaslı sayaraq təmin etmiş və bu zaman qənaətini onunla əsaslandırmışdır ki, işəgötürən mübahisələndirilən əmrini işçinin “işlədiyi az müddətdə özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, habelə əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verərək məktəbin qanuni mənafeyinə ciddi xələl gətirməsi, birbaşa tədris zamanı azərbaycanlılarla müharibə vəziyyətində olan ermənilərin təbliğatını aparmaqla məşğul olması, müxtəlif siniflərdə erməni mədəniyyətinin təbliği ilə əlaqədar prezentasiyalar keçirməsi, şagirdlərdən də ev tapşırığı olaraq bu barədə daha ətraflı məlumat əldə etmələrini tapşırması, bu halın məktəbdə kütləvi narazılığa səbəb olması, dəfələrlə daxili intizam qaydalarını kobud şəkildə pozması, pedaqoji kollektivin üzvləri ilə yola getməməsi, onlarla daima konflikt yaratması, dəfələrlə ona iş zamanı tədrisdən kənar danışıqlara və hərəkətlərə yol verməməsi barədə xəbərdarlıq edilsə də heç bir nəticə çıxarmayaraq, əksinə şagirdlər arasında ermənilərin təbliğatını aparmaqla onları qəhrəmanlaşdırmağa çalışması” ilə əsaslandırsa da, əmrdə qeyd olunan halların həqiqətən baş verməsini sübuta yetirə bilməmişdir. Cavabdeh tərtib etdiyi əmrdə iddiaçı ilə 01.11.2019-cu il tarixdə 336 nömrəli əmək müqaviləsinin bağlanmasını və bu müqavilənin ləğv edilməsini (24 gündən sonra) qeyd etsə də, həmin müqavilənin əslini və ya surətini məhkəməyə təqdim edə bilməmiş, tərtib etdiyi 05.11.2019-cu il tarixli aktında işçinin əmək müqaviləsini imzalamaqdan imtina etməsini qeyd etsə də, işləmək üçün Azərbaycan Respublikasına gələrək onunla əmək münasibətlərinə daxil olan xarici vətəndaşın hansı səbəbdən əmək müqaviləsini imzalamaqdan imtina etməsinə dair mövqeyini əsaslandıran sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunan tərəflər arasında imzalanan əmək müqaviləsində isə ermənilər barədə mövzuların tədris planına salınmaması barədə qadağanedici və ya xəbərdaredici heç bir bənd mövcud deyildir. Bundan başqa əmək müqaviləsinə xitam verilməsi barədə əmrini “ermənilərin təbliğatı” ilə əsaslandıran işəgötürən özünün iddia etdiyi kimi 24 gün (istirahət günləri də nəzərə alınsa belə) ərzində müəllimin şagirdlərə keçdiyi “ermənilərin təbliğatı” ilə bağlı dərslərin, prezentasiyaların mətnləri, verdiyi tapşırıqlar barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Baxmayaraq ki, bu halların dəfələrlə baş veməsini əmrində qeyd edən cavabdehin həmin sübutları toplamaq üçün də kifayət qədər vaxtı olmalı idi. 3 nəfər valideynin müraciətinin nə vaxt tərtib olunması, qeyd olunan şagirdlərin həqiqətən həmin məktəbdə təhsil almaları barədə sübutlar məhkəməyə təqdim olunmadığından, həmin müraciətlərdə işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə nəticələnə biləcək hər hansı bir fakt öz əksini tapmadığından bu müraciətlər əmrin əsaslı olması qənaətinə gəlmək üçün mötəbər sübut növü kimi qəbul edilə bilməz. Daha sonra, cavabdeh əmrdə qeyd etdiyi “işçinin dəfələrlə daxili intizam qaydalarını kobud şəkildə pozması, pedaqoji kollektivin üzvləri ilə yola getməməsi, onlarla daima konflikt yaratması, dəfələrlə ona iş zamanı tədrisdən kənar danışıqlara və hərəkətlərə yol verməməsi barədə xəbərdarlıq edilsə də heç bir nəticə çıxarmayaraq əksinə şagirdlər arasında ermənilərin təbliğatını aparmaqla onları qəhrəmanlaşdırmağa çalışmasına” dair halların baş verməsini təsdiq edən sübutlarını da məhkəməyə təqdim edə bilməmişdir. Daha sonra, cavabdeh məhkəməyə təqdim etdiyi sənədlərində işçinin dəvət olunmasına baxmayaraq iş yerinə gəlmədiyini qeyd etsə də, məhkəməyə təqdim olunan yazışmalardan müəyyən olunur ki, işəgötürənin Rəna adlı işçisi tərəfindən iddiaçıya işə gəlməməsi bildirilmişdir. Baxmayaraq ki, iddiaçı həmin yazışmalarda nə baş verdiyini bilmək, müzakirə etmək istəyinin olmasını aydın ifadə etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verilməsinə dair eyni tarixdə müxtəlif əsaslarla (ƏM-nin 70 mad. “ç” bəndi və ƏM-nin 68 mad. 2-ci his. “a” bəndi) iki əmr vermiş (25.11.2019-cu il tarixli 232 və 233 saylı), mübahisələndirilən 25.11.2019-cu il tarixli 232 saylı əmri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 22.01.2020-ci il tarixdə daxil etmiş, özünün tərtib etdiyi 25.11.2019-cu il tarixli aktında isə 25.11.2019-cu il tarixli 232 saylı əmrin intizam tənbehinin verilməsi barədə, 25.11.2019-cu il tarixli 233 nömrəli əmrin isə əmək müqaviləsinin xitamı ilə əlaqədar olmasını qeyd etmişdir. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, mübahisələndirilən əmrlə xitam verilmiş 01.11.2019-cu il tarixli əmək müqaviləsinin bağlanması öz təsdiqini tapmadığından, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırmadığından, iddiaçının işdən çıxarılma barədə verilmiş əmrə qədər barəsində hər hansı bir intizam tənbehi təbiq olunmadığından, işçi barəsində eyni gündə müxtəlif əsaslarla iki əmr verildiyindən iddia tələbi qismən - iddiaçının 25.11.2019-cu il tarixli 232 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, işə bərpa olunmaqla 25.11.2019-cu il tarixdən etibarən işə bərpa edildiyi günədək əmək haqqının (taarif maaşı və bütün əlavələr daxil olmaqla) ödənilməsi hissəsində əsaslı sayılmalı və təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 70, 71, 72, 76, 186, 300-cü və MPMnin 77.1, 77.2-ci maddələri ilə əsaslandırmışdır. Beləliklə, məhkəmənin qənaətinə görə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsaslılığına dair cavabdehin dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya qaydasında mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bir daha müəyyən etdi ki, cavabdeh 25.11.2019-cu il tarixli 232 saylı əmrdə iddiaçı ilə bağlanmış 01.11.2019-cu il tarixli 336 saylı əmək müqaviləsinə istinad edərək həmin əmək müqaviləsinə xitam versə də, nə birinci instansiya məhkəməsində işə baxılarkən, nə də apellyasiya baxışı zamanı istinad etdiyi 01.11.2019-cu il tarixli 336 saylı əmək müqaviləsinin surətini işə baxan məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında iddiaçı ilə cavabdeh arasında yalnız 26.08.2019-cu il tarixli əmək müqaviləsi bağlanmasına dair sübutlar (əmək müqaviləsinin surəti) vardır və həmin əmək müqaviləsi ləğv olunmamış, dəyişdirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh mübahisələndirilən əmrin əsaslılığını, iddiaya etirazının əsası kimi istinad etdiyi halları, eləcə də apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi apellyasiya qaydasında mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Həmid Həmidov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar