Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4105/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(003)- 2332/2023 saylı qərardadından cavabdehlər Cavabdeh2n və Cavabdeh1 və vəkili və nümayəndəsi X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması və xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh1 7200 (yeddi min iki yüz) manat miqdarında kompensasiya ödənilməklə sonuncunun Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və həmin mənzildən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2332/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2091/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(003)- 2332/2023 saylı qərardadı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və vəkili və nümayəndəsi X3 şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsindən tərəflərindən verilmiş apellyasiya şikayəti Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən geri qaytarılmışdır. Əsas olaraq Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(003)2091/2023 saylı qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi nəzərə alınmışdır. Dəlil olaraq apellyasiya şikayətində şikayət verənin tələbinin aydın olmaması, məhkəmə aktının ləğv və ya qismən ləğv edilməsinin göstərilməməsi qeyd edilmişdir. Hesab edir ki, qərardad əsassız olduğundan və qanunvericilik düzgün tətbiq edilmədiyindən ləğv edilməlidir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(003)- 2332/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(003)- 2332/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehlər apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən vermişlər. Formanın 6-cı bəndində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində qeyd olunmuşdur ki, bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Cavabdehlər həmçinin Əlavə 2-də nəzərdə tutulmuş maddi norma ilə bağlı qrafaya istinad etsələr də, əsaslandırmamışdır. Həmçinin maddi norma ilə bağlı qrafada Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə istinad etməklə, həmin normanı maddi hüquq norması kimi qeyd etmişlər. Cavabdehlər bu hissədə düzgün tətbiq edilmədiyini iddia etdiyi hər bir maddi hüquq normasının sıralanmaqla göstərilməsi və hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişlər. Həmçinin Formanın 12-ci bəndində apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində qeyd olunmuşdur ki, bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini bildirməlidir. Bu hissədə cavabdehlər qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etsələr də, mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini bildirməmişlər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qanunla göstərilən formaya riayət etməməklə verilməməsini məhz apellyasiya instansiyası məhkəməsinin bu barədə müvafiq qərardadına istinad etməklə göstərmiş və haqlı olaraq həmin noqsanlara riayət edilməsini bildirməklə apellyasiya şikayətini geri qaytarmışdır. Qərarddan şıkayət verilərkən göstərilən hallar məhkəmənin qanuni və əsaslı qərardadının ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-4-cü və 361.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi və şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Qeyd edilən xüsusatlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(003)- 2332/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və 384-395-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(003)- 2332/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4105/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4105/2023
20.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver