Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4109/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Vüsalə Baxışovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “təbii qazadan istifadə ilə bağlı borcun və zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli qətnaməsindən iddiaçı “İddiaçı” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsindəki fərdi yaşayış evində (abonent kodu: **********80020) təbii qazdan istifadə ilə bağlı 4.824,30 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tələbi 2.403,10 manat pul tələbinə aid hissədə təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddia ərizəsində 2 tələb irəli sürülüb: 1) qazdan sayğacdankənar istifadəyə görə zərərin əvəzi kimi 2.421 manat ödənilməsi; 2) qazdan istifadəyə görə borc kimi 2.403,30 manat ödənilməsi. İki tələbin cəmi məbləği 4.824,30 manat təşkil edir. Məhkəmə hesab edir ki, qətnamə 1-ci tələbə, yəni qazdan sayğacdankənar istifadəyə görə vurulmuş zərərin əvəzi kimi 2.421 manat ödənilməsi barədə tələbə aid hissədə ləğv edilməli, həmin tələb qismən təmin olunmalı, 125,1 manat cavabdehdən tutularaq iddiaçıya verilməli, bu tələbin qalan hissəsi rədd olunmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində bildirib ki, cavabdehə aid ünvanda qazdan istifadə ilə bağlı 3 akt tərtib edilib: 1) 29.11.2017-ci il tarixli, ******* nömrəli akt (iş v. 20); 2) 27.02.2018-ci il tarixli,0146776 nömrəli akt (iş v. 26); 3) 21.09.2018-ci il tarixli, ******* nömrəli akt (iş v. 29). 1-ci aktda qeyd olunub ki, baxış zamanı sayğacdan kənar xətt aşkar olundu. Həmin akta münasibətdə məhkəmə qeyd edir ki, cavabdehdən 125,1 manat tutulmalıdır. Belə ki, akta əsasən hesabat aparılıb və itirilmiş qazın həcminin 1.251 m3 olduğu müəyyən edilib. Həmin dövrdə qazın qiyməti 1.700 m3-dək olan hissə üçün 1 m3 -ə görə 0,10 manat olub. Tarif Şurasının 22.12.2016-cı il tarixli, 19 nömrəli qərarına görə 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1.700 m3dək olan hissəsinin dəyəri hər m3 üçün 0,10 manatla, 1.700 m3-dən artıq olan hissəsinin dəyəri hər m3 üçün 0,20 manatla hesablanır. Odur ki, hesablama belə aparılmalıdır: 1.251 m3 x 0,10 manat = 125,1 manat. 2-ci aktda qeyd olunub ki, abonent qazdan sayğacdankənar rezin boru vasitəsilə istifadə edib. Həmin akta münasibətdə məhkəmə qeyd edir ki, akt cavabdeh tərəfindən imzalanmayıb. Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin qanunsuz qoşulma halı sübut olunmur. Belə ki, cavabdeh (abonenet) qanunsuz qoşulmanın olduğunu etiraf etmir. Ona görə də qanunsuz qoşulma halını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə qanunsuz qoşulmanı təsdiq etmək üçün aktdan başqa sübut təqdim edə bilmir. Həmin akt qanunsuz qoşulmanı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, akt cavabdehin (abonentin) və hal şahidlərinin iştirakı olmadan tərtib edilib, habelə akta qanunsuz qoşulmanı (rezin borunun) təsdiq edən foto və ya videoçəkiliş əlavə edilməyib. Aktda qeyd olunub ki, cavabdeh aktı imzalamaqdan imtina edib. Əgər həqiqətən cavabdeh aktı imzalamaqdan imtina etmidirsə bu, hal şahidlərinin iştirakı ilə rəsmiləşdirilməli idi. Ona görə də həmin akta əsasən irəli sürülmüş tələb təmin oluna bilmız. 3-cü aktda qeyd olunub ki, sayğacın çıxış plastmas boru deşilib. Həmin akta münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin (abonentin) sayğaca müdaxilə etdiyini təsdiq edən heç bir sübut yoxdur, sayğac onun yaşayış sahəsindən kənarda yerləşdiyinə görə o, sayğacın mühafizəsinə görə məsuliyyət daşımır. Ona görə də həmin akta əsasən irəli sürülmüş tələb təmin oluna bilmız. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrinin göstərişlərinə əsalanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 1-ci tələbə, yəni qazdan sayğacdankənar istifadəyə görə zərərin əvəzi kimi 2.421 manat ödənilməsi tələbinə münasibətdə işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə həmin tələbi aid hissədə ləğv edilməli və bu tələbin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Qətnamə 2-ci tələbə, yəni qazdan istifadəyə görə borc kimi 2.403,30 manat ödənilməsi barədə tələbə aid hissədə ayrıca qərardadla ləğv edilib və bu tələbə aid hissədə iddia ərizəsi həmin qərardadla baxılmamış saxlanılıb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli qətnaməsi “qazdan sayğacdankənar istifadəyə görə zərərin əvəzinin ödənilməsi barədə” tələbə aid hissədə ləğv edilsin. Həmin tələb qismən təmin olunsun. Cavabdeh 125,1 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 155,1 (yüz əlli beş tam onda bir) manat alınaraq “İddiaçı” İstehsalat Birliyinə verilsin. Bu tələbin qalan hissəsi rədd olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli qətnaməsi “qazdan istifadəyə görə borcun ödənilməsi barədə” tələbə aid hissədə apellyasiya qaydasında qəbul edilmiş ayrıca qərardadla ləğv edilib və bu tələbə aid hissədə iddia ərizəsi baxılmamış saxlanılıb. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4109/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4109/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver