Məhkəmə qərarları › İş №2(103)-4109/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4109/2025

16.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4109/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə iş üzrə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Sabunmu Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsində yerləşən, ümumi sahəsi 48.5 kv.m-dən ibarət olan 55 saylı fərdi yaşayış evindən cavabdehin azyaşlı övladları xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 ilə və əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir və bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2023-cü il tarixdə müvafiq qeydiyyat aparılmışdır. İddiaçının qardaşı X1 keçmiş arvadı olan cavabdeh iki uşağı ilə birlikdə həmin evdə yaşayır. İddiaçının qardaşı ilə cavabdehin arasında əvvəl 2006-cı ildə faktiki nikah münasibətləri olmuş, xx.xx.2015-ci il tarixdə isə onlar rəsmi nikaha daxil olmuşlar. İddiaçının qardaşı ilə cavabdeh ailə quran zaman qardaşı ilə ailə üzvləri arasında onların həmin yaşayış sahəsində müvəqqəti yerləşmələrinə razılıq verilməsi və qısa müddət ərzində özlərinə digər yaşayış sahəsi tapmaqla oradan köçüb getmələri şərtləndirilmişdir. İddiaçının qardaşı ilə cavabdehin münasibətləri əvvəllər yaxşı olsa da, sonradan münasibətlər pozulmuş və iddiaçının qardaşı Rusiya Federasiyasına getmiş və hazırda da orada yaşayır. Onların nikahı sonralar məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh və cavabdehin övladları iddiaçının ailə üzvləri sayılmır. Buna baxmayaraq onlar iddiaçıya məxsus evdən çıxmırlar. Əksinə hazırkı iş üzrə cavabdeh “yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, lakin onun iddiası həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(008)-5921/2023 saylı qətnaməsi ilə rədd olunmuş və qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1754/2024 saylı qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda cavabdehin istifadə etdiyi yaşayış sahəsi iddiaçının mülkiyyətindədir və cavabdehin həmin yaşayış sahəsində yaşamaqda davam etməsi iddiaçının mülkiyyət hüququnu pozur. b) cavabdehin iddia tələbinə qarşı münasibəti barədə məlumat

3. İş üzrə cavabdeh iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, cavabdeh həmin evə gəlin gəlmiş, ev əvvəllər iddiaçının və cavabdehin keçmiş ərinin nənəsinin mülkiyyətində olmuşdur. Onlar vərəsəlik işi açdırmışlar ki, cavabdehin haqları pozulsun. Əslində isə cavabdehin evin təmirində əziyyəti və xərci olmuşdur. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, cavabdehin azyaşlı övladları və əşyaları ilə birlikdə mübahisəli fərdi yaşayış evindən çıxarılmasını qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun olmaması Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qəbul etdiyi və artıq qanuni qüvvəyə minmiş 2(008)-5921/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdr ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh, iddiaçıya məxsus evdə deyil, həmin ünvanda inşa edilmiş digər fərdi yaşayış evində yaşayır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, yanında 2 azyaşlı uşaq olan (onlardan biri talassemiya xəstəliyindən əziyyət çəkir) cavabdehin başqa yaşayış sahəsi yoxdur. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat

8. Apellyator olan cavabdeh, apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, iddiaçının qardaşı Xalid Kərimov ilə cavabdeh 2006-cı ildə faktiki nikah münasibətlərinə daxil olmuş, xx.xx.2015-ci il tarixdə isə münasibətlərini rəsmiləşdirərək, nikaha daxil olmuşlar. Onların 2 övladları olsa da, sonradan münasibətləri pozulmuş, X11 Federasiyasına getmiş və hazırda da orada yaşayır. Onların nikahı məhkəmə qərarı əsasında xx.xx.2023-cü il tarixdə pozulmuşdur.

12. İşdə olan məhkəmə qərarlarından görünür ki, mübahisəli ev əvvəllər iddiaçının ata tərəfindən nənəsi Sara Cavadovaya məxsus olmuş, Sara Cavadova xx.xx.1978-ci il tarixdə vəfat etmiş, bundan sonra, ev, xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnaməyə” əsasən mərhumun övladı, iddiaçının əmisi X4 mülkiyyətinə keçmiş, xx.xx.2023-cü il tarixdə isə Böyükağa Cavadov hazırkı iş üzrə iddiaçı ilə bağladığı “Bağışlama müqaviləsi” əsasında evi iddiaçıya bağışlamışdır.

13. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, mübahisəli fərdi yaşayış evi hazırda iddiaçının mülkiyyətindədir və bununla bağlı “Reyestrdə” xx.xx.2023-cü il tarixdə müvafiq qeydiyyat aparılmışdır.

14. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5921/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, hazırkı iş üzrə cavabdeh özünün keçmiş əri (hazırkı iş üzrə iddiaçının qardaşı) Xalid Kərimova və özünün keçmiş qayınanasına (hazırkı iş üzrə iddiaçının anası) Rəhilə Kərimovaya qarşı (İddiaçı və Böyükağa Cavadov müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun hazırkı iş üzrə mübahisə predmetini təşkil edən fərdi yaşayış evinə istifadə hüququnun tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvanda 2 yaşayış evi mövcuddur ki, onlardan biri hazırkı iş üzrə mübahisəli olan (və hazırki iş üzrə iddiaçıya məxsus) ev, digər isə (iddiaçının əmisi) Böyükağa Cavadova məxsus evdir. Cavabdeh mübahisəli evə gəlin köçüb, həmin evdə hazıradək yaşasa da, onun həmin evə istifadə hüququ yaranmamışdır.

15. İşdə olan məhkəmə aktlarından görünür ki. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1754/2024 saylı qətnaməsi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2918/2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

16. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

17. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər həmin mülki iş üzrə tərəf olduğundan yuxarıda qeyd edilən qərarlar ilə müəyyən edilmiş hallar onlar üçün preyudisial xarakter daşıyır.

18. Bu baxımdan müəyyən edilir ki, hazırkı mülki iş üzrə cavabdehin iddiaçıya məxsus evdə yaşamasının hüquqi əsası yoxdur, cavabdehin həmin evdən çıxarılması ilə bağlı iddia tələbi əsaslıdır.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).

20. Odur ki, göstərilənlərə əsasən qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi əsaslılığı müzakirə edilən bu tələbi təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır.

21. İddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş digər tələb ondan ibarətdir ki, cavabdehin azyaşlı övladları da, mübahisəli evdən cavabdeh ilə bilikdə çıxarılmalıdırlar.

22. Bu tələbin əsaslılığı ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, uşaqların yaşayış yeri onların valideynlərinin yaşayış yeri sayılır.

23. Odur ki, göstərilənlərə əsasən qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi əsaslılığı müzakirə edilən bu tələbi də təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır.

24. Bundan başqa Məhkəmə bildirir ki, cavabdeh, qətnamədən verdiyi apellyasiya şikayətində qeyd edir ki, o, iddiaçıya məxsus evdə deyil, həmin ünvanda inşa edilmiş digər fərdi yaşayış evində yaşayır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.

25. Bununla bağlı Məhkəmə qeyd edir ki, cavabdehin Rayon Məhkəməsinə verdiyi izahatından və iddia tələbinə qarşı verdiyi yazılı etirazdan (iş v. 99-100) görünür ki, cavabdeh bu kimi halı Rayon Məhkəməsinə bildirməmişdir.

26. Əksinə cavabdehin verdiyi izahatdan və iddia tələbinə qarşı verdiyi yazılı etirazdan görünür ki, o, iddiaçıya məxsus evdə deyil, digər evdə yaşaması əsası ilə deyil, iddia tələbinin əsassız olması (mübahisəli evə dair iddiaçının adına sənədlərin olmaması) əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir.

27. Budan başqa qeyd edilməlidir ki, yuxarıda qeyd edilən məhkəmə aktlarından da görünür ki, hazırkı iş üzrə cavabdeh iddiaçı olaraq əvvəllər irəli sürdüyü “yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbi barədə” iddia tələbində də, qeyd etmişdir ki, o, hazırkı mülki iş üzrə mübahisə predmetini təşkil evdə yaşamışdır.

28. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.

29. Apellyasiya şikayətində həmçinin qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, yanında 2 azyaşlı uşaq olan (onlardan biri talassemiya xəstəliyindən əziyyət çəkir) cavabdehin başqa yaşayış sahəsi yoxdur.

30. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir, belə ki, bu kimi halların mövcud olmasının iddianın rədd edilməsi üçün əsas olması qanunverici tərəfindən müəyyən edilməmişdir. g) apellyasiya baxışının nəticəsi

31. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.

32. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

34. Buna görə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar