Məhkəmə qərarları › İş №2(103)-411/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-411/2020

04.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-411/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh hüquqi varisi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh yaşadığı Bakı şəhəri, Hövsan qəsəbəsi, 33 nömrəli evdən onun və ailə üzvlərinin istifadə hüquqlarının tanınması və köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi cavabdehə 1989-cu il tarixdə verilmişdir. Sonradan cavabdeh və iddiaçının anası Maria Sultanova nikah dövründə əldə olunan gəlirlər hesabına həmin torpaq sahəsində ev tikdirmişlər. Həmin evin tikintisində iddiaçı və onun qardaşı Azər Sultanov şəxsən iştirak etmişdir. Onlar evin tikintisi gedən uzun müddət ərzində həmin evdə qalmışlar. Lakin sonradan cavabdeh başqa bir qadınla həmin evdə yaşamağa başlamış, iddiaçının və ailə üzvlərinin evdən istifadə etmələrinə imkan verməmişdir. Rayon məhkəməsi tərəflər arasında mənzildən istifadə hüququ ilə bağlı münasibətlərin yarandığı zamanı düzgün müəyyən etməmiş, bu isə hüquq normasının tətbiq edilməsində yanlışlığa və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, məhkəmə iş üzrə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2, və 30.4-cü maddələrinə, Mülki Məcəllənin isə 228.1 və 228.2-ci maddələrinə istinad edərək, tamamilə qanunsuz və əsassız qətnamə çıxarmışdır.Halbuki, tərəflər arasında mübahisəli hüquq münasibəti meydana gələn zaman 1982-ci il tarixli Mənzil Məcəlləsi qüvvədə idi və mənzilə köçürülmə və mənzildən istifadə hüququnun yaranması ilə bağlı mübahisələr də bu Məcəllə ilə tənzimlənməli idi. Mübahisəli hüquq münasibəti məhkəmənin istinad etdiyi normaların qüvvəyə minməsindən daha əvvəl yaranmışdır. Həmin normaların isə geriyə qüvvəsi yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin hüquqi varisi, apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçısını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşin müaəyyən edilmiş faktiki hallarına görə, Bakı şəhəri X4 Komitəsinin xx.xx.1989cu il tarixli kollektiv bağları layihələndirməyə dair icazə haqqında qərarı əsasında Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən 33 saylı bağ sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Sonradan həmin sahədə mübahisə pedmeti olan bağ evi tikilmişdir. DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, həmin bağ evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Qeyd olunanlar iddia ərizəsi və ona etiraz, Bakı şəhəri X4 Komitəsinin xx.xx.1989cu il tarixli, 13/705 saylı kollektiv bağları layihələndirməyə dair icazə haqqında qərarı, Azərbaycan SSR Daxili İşlər Nazirliyinin “Abşeron” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 06 saylı arayış, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********52 saylı məktubu və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı, mübahisə predmeti olan bağ evinin tikintisi zamanı orada qaldığını, sonradan cavabdehin 2002-ci ildə başqa qadınla faktiki nikaha daxil olaraq həmin evdə onunla yaşadığını, iddiaçının və ailə üzvlərinin isə həmin evdən istifadə etmələrinə imkan vermədiyini bildirərək, evdən istifadə hüquqlarının tanınması və oraya köçürülmələrini tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, iddiaçının qeydiyyatda olduğu ünvanda yaşamaqla, mübahisəli evdə heç vaxt yaşamadığını bildirir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, mübahisə predmeti olan evin nə vaxt tikilməsi iş materillarından dəqiq şəkildə görünməsə də, 2002-ci ildək tikildiyi mübahisəsizdir. Belə olan halda, tərəflər arasında mübahisəli bağ evinə dair münasibətlər 2002-ci ildək yarandığından və həmin evə dair mülkiyyət hüququ yaranmadığından mübahisəyə 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü kimi, qanunverici, icarədarın yalnız onunla birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsinə istifadə hüquqlarının olduğunu müəyyən etmişdir. Baxılan işin hallarından iddiaçının mübahisə predmeti olan bağ evində yaşaması faktı müəyyən olunmur. Sübutetmə yükü baxımından bu halı sübuta yetirmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X2rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Lakin idddiaçı, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, onun nümayəndəsi Orxan Zeynalov xx.xx.2019-cu il tarixli məhkəmə iclasında verdiyi izahatında iddiaçının mübahisəli evdə heç vaxt yaşamadığını bildirmişdir. İddiaçı özü də iddia ərizəsində yalnız evin tikintisi müddətində orada qaldığını bildirməklə, dolayısı ilə orada yaşamadığını qəbul etmişdir. Eyni zamanda, iddiaçı, 2002-ci ildən cavabdehin onun həmin evdən istifadə etməsinə maneə yaratdığını bildirsə də, bu müddət ərzində bununla bağlı hər hansı iddia da qaldırmamışdır. Bu hallar ona dəlalət edir ki, iddiaçının tələbində göstərdiyi evdən istifadə hüququ yoxdur. Kollegiya hesab edir ki, iddiaçının, sözügedən evə köçürülməsi üçün də əsas yoxdur. Ona görə ki, iddiaçı, mübahisəli evin tikintisində və ya yaxşılaşdırılmasında iştirak etdiyini, həmin evə özünün də vəsait qoymaqla, əmlak marağının yarandığını təsdiqləyən sübutları təqdim etməmişdir. Bu hal ona dəlalət edir ki, iddiaçı evə münasibətdə cavabdehlə eyni hüquqi vəziyyətdə deyil. Eyni zamanda, şəxsiyyət vəsiqəsi məlumatlarına və işdə olan məhkəmə aktlarına əsasən belə müəyyən olunur ki, iddiaçı, ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Bunlar isə onu göstərir ki, iddiaçı, yaşamaq ehtiyacını başqa yerdə qarşıladığı üçün onun mübahisə predmeti olan evdə yaşamaqla bağlı mənafeyi yoxdur. Beləliklə, Kollegiya, qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, yuxarıda sadalanan əsaslarla iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin2(010)-1018/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” barədə iddia tələbi təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar