Məhkəmə qərarları › İş №2(103)-4111/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4111/2020

01.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4111/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3205/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 A ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin evdə daimi yaşadığı sahəsi 12 kv.m olan otağının istifadəsinə verilməsi və köməkçi sahələrin ümumi istifadədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-3205/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ünvan 1A ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi. İddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli ünvan 1 A ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və həmin evin inşa olunması üçün lazımi icazələr alınmamışdır. İddiaçı ilə Cavabdeh1 xx xxxx 1996-cı ildə nikaha daxil olmuşlar və onların birgə nikahından xx xxxx 1997-ci il təvəllüdlü X1 anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-737/2019 saylı qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində xx xxxx 1996-cı il tarixdə 107 nömrəli akt qeydi bağlanmış nikah pozulmuşdur. İddiaçı bildirir ki, o, Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra Cavabdeh2 faktiki istifadəsində olan ünvan 1 A ünvanında 1 otaqlı fərdi yaşayış evinə gəlin köçmüşdür. Daha sonra onun iştirakı ilə həmin evin tikintisi genişləndirilmiş, tikinti işləri uzun müddət davam etmiş və evin yeni yaşayış otaqları onun iştirakı ilə inşa edilmişdir. Evdə pasport qeydiyyatında olmaqla fasiləsiz olaraq orada yaşamışdır. Cavabdeh2 bütün zamanlarda onun mübahisəli evdə yaşamağına maneçilik törətmiş, xx xxxxxx 2019-cu il tarixdən isə onu evə buraxmır. Cavabdeh2 iddiaya etiraz edir və bildirir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsini 1994-cü ildə almışlar və 1995-ci ildə evi tikib başa çatdırmışlar. İddiaçı gəlin köçərkən digər oğlunun evinə köçmüş və bir müddət yaşadıqdan sonra kirayə köçmüşlər. 1 ildən sonra isə mübahisəli evə köçüb yaşamışlar. 1994-cü ildən bu günə qədər ev eyni vəziyyətdədir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mübahisəli ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. İddiaçı həmin evə köçürülməsi barədə tələb irəli sürmüşdür. Kollegiya izah edir ki, bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin İddiaçı vəsaiti hesabına əldə edilməsi və ya onun vəsaiti hesabına həmin evdə əsaslı təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Lakin iddiaçı bu halların təsdiqi barədə heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, evə köçürülmə barədə iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3205/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, yəni iddianın qismən təmin edilməsi və İddiaçı ünvan 1A ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar