Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4113/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi X1 və digər nümayəndəsi və vəkili X9, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-278/2020saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin evdən çıxarılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 56-57-ci km ünvanında ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsində inşa edilmiş evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-278/2020 saylı iş üzrə xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 56-57-ci km ünvanında ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsində inşa edilmiş evdən çıxarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdehapellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə həqqi halları və tərəflərin qarşılıqlı münasibətlərini hərtərəfli araşdırmamış, məhkəməyə təqdim olunmuş sübutları düzgün qiymətləndirməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun qətnamə qəbul etməmişdir. Belə ki, 2008-ci il tarixdə Xansuvar Hüseynov ilə ailə qurmuşdur. Toydan sonra Xansuvarın valideynlərinin evinə gəlin köçmüşdür. Birgə nikahdan 3 uşaqları dünyaya gəlmişdir. Xansuvarın atasıgilin evində ailə üzvləri çox olduğu üçün özlərinə ev tikdirmək qərarına gəlmişlər. Xansuvar həmin vaxt yüksək əmək haqqı alırdır. Onlar 2009-cu ilin fevral ayında Qobustan qəsəbəsində Yaşar İsayevdən 0.3 ha torpaq sahəsi almışlar. Onlar birə nikah dövründə həmin torpaq sahəsində balaca bir otaqlı ev tikdirmişlər. 3 il həmin damda yaşaya-yaşaya 2015-ci ildə öz hesablarına 4 otaqlı ev tikdirmişlər. Həmin 4 otaqdan ibarət olan evdə o, həyat yoldaşı Xansuvar Hüseynov və üç övladları birgə yaşamışlar. Bunu çəpər alçaq olduğu üçün qonşuları İgidağa Bilalov bir usta kimi çəpərlərini qaldırmışdır. Həmin evdə yaşamağına şahidlik edən atası Həsənşah Xəlilov, anası və qardaşı maddi və mənəvi cəhətdən kömək etmişdir. 2019-cu ilin may ayının 4-də heç bir səbəb olmadan həyat yoldaşı Xansuvar Hüseynov evdən çıxıb getmişdir. Xansuvarın evinə qayıtmasına heç bir maneə yoxdur. xx.xx.2019-cu ildə məhkəmə qərarı ilə nikahları pozulmuşdur. Bundan istifadə edən İddiaçı bələdiyyə sənədinin cizgisi başqabir yaşayış sahəsinə olan saxta bir sənədlə onu və üç azyaşlı övladları ilə yaşadığı evdən çıxmağı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı heç bir maliyyə vəsaiti onların evinin tikintisinə xərcləməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 və digər nümayəndəsi və vəkili X13 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, torpaq bələdiyyə sənədi ilə Nüsrətin adına ayrılmış olsa da, özbaşına tikilidə Xansuvar Hüseynov cavabdehlə birlikdə yaşamış, Nüsrət həmin mənzildə heç vaxt yaşamamışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaradağ rayonu Qobustan Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaradağ rayonu Qobustan Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-278/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı cavabdehin evdən çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, o, iddiaçının uzaq qohumu və ev ustasıdır. Təxminən 2008-2009-cu illərdə iddiaçı onunla görüşərək öz evinin tikintisində bənna kimi işləməsini xahiş etmiş, o isə razılaşaraq bənna kimi evin və hasarın bütün hörgü işlərini görmüşdür, onun zəhmət haqqı iddiaçı Nüsrət tərəfindən ödənilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, o, iddiaçının əmisi oğlu və yaxın qonşusudur. Divar qonşusu olduğuna görə evin tikintisindən tam məlumatlı olmuşdur. Belə ki, evin tikintisi Nüsrət tərəfindən həyata keçirilmişdir. Nüsrət işlərin bir hissəsini, o cümlədən suvaq işlərini şəxsən özü görmüş, qalan işlər isə onun xərci hesabına görülmüşdür. Onun tapşırığı və vəsaiti hesabına qardaşı Maşallah santexnik işlərin görülməsində iştirak etmiş, Xansuvar isə fiziki işlərdə cüzi köməklik göstərmişdir. Yaxın qonşu kimi evin Nüsrətin hesabına tikildiyini və ona məxsus olduğunu təsdiq edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, o, iddiaçının qardaşıdır. Evin tikintisində şəxsən özü də iştirak etmişdir. Evin tikintisi 2012-ci ildə başa çatdırılıb. Evin tikintisi ilə bağlı bütün xərcləri Nüsrət özü ödəmişdir. Belə ki, tikinti işlərinin böyük hissəsində iştirak etdiyinə görə, evin tikinti xərclərini Nüsrətin çəkdiyini dəqiq bilir. Xansuvar həmin evin tikintisinə xərc çəkməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, o, cavabdehin atasıdır. O, evin yerləşdiyi torpaq sahəsinin alınmasının şahidi olmuşdur. Belə ki, torpaq sahəsi Xansuvar ilə cavabdeh ailə qurduqdan sonra alınmış, həmin dövrdə Xansuvar iş yerində ev növbəsinə dayanmaq istədiyini deyərək torpaq sahəsini qardaşı Nüsrətin adına sənədləşdirmişdir. Bu sənədləşmə formal xarakter daşımış və ödənişi Xansuvar etmişdir. Evin tikintisində Nüsrətin və Maşallahın usta kimi iştirak etdiyini təsdiq edir. Lakin evin xərcini Xansuvar çəkmişdir. Özü isə evin tikintisinə konkret xərc çəkməsə də, ustalara yemək verilməsində və torpaq sahəsində çalanın doldurulmasında şəxsən iştirak etmişdir. İş materiallarında olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbə Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 03/133 saylı Qərarının və Fərdi yaşayış evi üçün nəzərdə tutulan yerin cizgisinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən Qobustan qəsəbəsi, 56-57-ci km-də yerləşən 300 kv.metr torpaq sahəsinin mülkiyyət hüququ əsasında İddiaçı adına sənədləşdirilməsi, torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında alqısatqı müqaviləsinin bağlanması qərara alınmışdır. İş materiallarında olan Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında xx xxxx 2007- ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Qobustan Bələdiyyəsinin xx.xx.2007- ci il tarixli 03/133 saylı qərarı əsasında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 56- 57-ci km ünvanında yerləşən, ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə alıcı İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan cizgi-sxemin surətindən görünür ki, Qobustan Bələdiyyəsinin 2007ci il tarixli qərarına əsasən İddiaçı fərdi yaşayış evi üçün nəzərdə tutulan yerin cizgisi (300 kv.metr) Qaradağ rayon İcra Hakimiyyəti aparatının memarı N.Səmədov ilə razılaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-2162/2019 saylı qətnaməsinin surətindən görünür ki, X2 ilə Cavabdeh arasında xx xxxxx 2008-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış və 158 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 336372 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Cavabdeh arasında nikahın ləğv edilməsi xx xxxxxx 2019-cu il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, iş üzrə sübutlara, o cümlədən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbə Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 03/133 saylı Qərarına, Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında xx xxxx 2007-ci il tarixli alqı-satqı müqaviləsinə, Qaradağ rayon İcra Hakimiyyəti aparatının memarı ilə razılaşdırılmış cizgi-sxemə, şahidlərin ifadələrinə əsasən müəyyən edildi ki, mübahisə predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 56-57-ci km ünvanında yerləşən ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmiş və iddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Cavabdeh ilə iddiaçının qardaşı Xansuvar Hüseynov arasında nikah 2008-ci ildə bağlanmış, ona görə də məhkəmə baxışı zamanı cavabdehin və keçmiş həyat yoldaşının torpaq sahəsinə aidiyyəti, habelə onların həmin torpaq sahəsində yerləşən evin tikintisində iştirakı və rolu müəyyən edilməmişdir. Bu barədə cavabdeh tərəfin izahatı və şahid H.Xəlilovun ifadəsi, iddiaçının, onun nümayəndəsi X.Hüseynovun izahatları, digər şahidlərin ifadələri və yuxarıda qeyd olunan yazılı sübutlarla təkzib olunur. Qeyd olunanlara əsasən, məhkəmə müəyyən edir ki, fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış torpaq sahəsində onun tərəfindən inşa edilmiş evə aidiyyəti müəyyən edilmədiyindən və iddiaçının ailə üzvü olmadığından, yaşayış yeri üzrə başqa ünvanda qeydiyyatda olan cavabdehin mübahisəli evə sahibliyi qanunsuz hesab olunmalı və iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki,kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona məxsus olmasını sübut edə bilmədiyi və yaşamadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 56-57-ci km ünvanında ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsində inşa edilmiş evdən Cavabdeh çıxarılmasını tələb etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik olmamışdır. Belə ki, iş materialları üzrə toplanmış sübutlar üzrə dəyərləndirmə apararaq müəyyən edir ki, mübahisə predmeti təşkil edilən fərdi yaşayış evinin statusu öz başına tikilidir və həmin evin İddiaçı məxsus olmasına dair heç bir mötəbər sübut təqdim olunmamışdır. Belə olan iddia tələbinin təmin ediməsi üçün də hər hansı hüquqi əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrkən işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı sübutların araşdırılması və qiymətləndirilməsində səhvə yol vermiş, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almamaqla iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-278/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı cavabdehin evdən çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-278/2020 saylı iş üzrə xx xxxxxx 2020ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı cavabdehin evdən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4113/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4113/2020
10.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver