Məhkəmə qərarları › İş №2(103)-4113/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4113/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4113/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçı Birliyə qarşı “təbii qazdan istifadəyə görə əsassız olaraq hesablanmış borcun silinməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 24 noyabr 2020-ci il tarixli qətnamədən iddiaçı Birliyin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Birlik, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə 11.276 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Birlik ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” əsasında cavabdehə məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, döngə 1-də yerləşən 15 saylı fərdi yaşayış evi təbii qazla təchiz edilmiş, ünvana **********00000 nömrəli abonent kodu verilmiş, evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh, Müqavilənin 2.3.2-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən həmin ərazidə olan qaz xətlərinə və qaz sayğaclarına müxtəlif vaxtlarda vaxtaşırı baxışlar keçirən zaman müəyyən etmişlər ki, cavabdeh qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni və əvəzini ödəməməklə istifadə edir. Qeyd edilən həmin faktlar hər dəfə aşkar olunan zaman Birliyin əməkdaşları bu barədə aktlar tərtib etmiş, həmin halı təsbitləyən foto və video çəkilişlər aparılmışlar. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş və təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərərin əvəzi müəyyən edilmişdir. Belə ki, 14.12.2016-ci il tarixli ******* saylı akt əsasında 1.224 manat, 16.03.2017-ci il tarixli ******* saylı akt əsasında 1.146,30 manat, 24.04.2017-cu il tarixli ******* saylı akt əsasında 312 manat, 20.10.2017-ci il tarixli ******* saylı akt əsasında 1.440 manat, 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 1.080 manat, 14.03.2018-ci il tarixli ******* saylı akt əsasında 150 manat, 25.05.2018-cu il tarixli ******* saylı akt əsasında 59,90 manat, 20.04.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 312 manat, 10.04.2019-cu il tarixli ******* saylı akt əsasında 765 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat və 30.10.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, cəmi isə cavabdeh tərəfindən iddiaçı Birliyə 11.276 manat məbləğində maddi ziyanın vurulduğu müəyyən edilmişdir. Birliyin işçiləri tərəfindən həmin məbləğinin könüllü ödənilməsi cavabdehə təklif edilmiş, lakin cavabdeh Birliyin tələbinə əhəmiyyət verməmişdir. Bu səbəbdən də, Birlik hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İddia ərizəsi əsasında Rayon Məhkəməsində hazırki mülki işin icraatı başlanmışdır. Bundan sonra cavabdeh iddiaçı Birliyə qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Birlik tərəfindən təbii qazdan istifadəyə görə əsassız olaraq hesablanmış 11.276 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi isə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qaz xəttinə qoşulma olmamış, Birliyin əməkdaşları tərəfindən cavabdehin barəsində bir neçə qanunsuz və əsassız aktlar tərtib edilmiş, aktlar tərtib edilən vaxtı Birliyin əməkdaşları onun iştirakını təmin etməmişlər. İddiaçı Birliyin ilk iddiasında istinad edilən fotoşəkillər isə cavabdehə məxsus evə aid deyildir. Göstərilənlərə əsasən cavabdeh hesab edir ki, Birlik tərəfindən ona əlavə sərfiyyat kimi hesablanmış 11.276 manat məbləğində borc əsassız və qanunsuz hesab edilməklə silinməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 24.11.2020-ci il tarixli qətnamə ilə ilk və qarşılıqlı iddiaların qismən təmin edilməsini, cavabdehdən 1.224 manat borcun tutularaq Birliyə ödənilməsini, cavabdehin adına olan **********00000 nömrəli abonent koduna hesablanmış 10.052 manat məbləğində borcun silinməsi vəzifəsinin Birliyin üzərinə qoyulmasını qət etmişdir. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, qarşılıqlı iddianın tam rədd edilməsi və ilk iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, işin hallarından müəyyən edilir ki, təbii qazdan sayğacdan kənar, yəni qanunsuz olaraq istifadə etmiş cavabdeh iddiaçı Birliyə ziyan vurmuşdur. Bu hal işdə olan sənədlər ilə təsdiq edilir. Lakin Rayon Məhkəməsi ilk iddia tələbinin bir qismini qanunsuz olaraq təmin etməmiş, əsassız olan qarşılıqlı iddianı isə qismən də, olsa təmin etmişdir. İş üzrə iddiaçı Birliyin nümayəndəsi və cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasına gəlməmişlər və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Birlik ilə cavabdeh arasında bağlanmış 18.12.2017-ci il tarixli, T/7097 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə müqavilədən” və işdə olan digər sənədlərdən görünür ki, iddiaçıya məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, döngə 1-də yerləşən 15 saylı fərdi yaşayış evi təbii qazla təchiz edilmiş, ünvana **********00000 nömrəli abonent kodu verilmiş, evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlardan görünür ki, həmin aktlar ona görə tərtib edilmişlər ki, iddiaçının ünvanında qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edilir. Həmin aktlar əsasında aşağıda qeyd edilən məbləğdə əlavə sərfiyyat hesablanmışdır: 14.12.2016-ci il tarixli ******* saylı akt əsasında 1.224 manat, 16.03.2017-ci il tarixli ******* saylı akt əsasında 1.146,30 manat, 24.04.2017-cu il tarixli ******* saylı akt əsasında 312 manat, 20.10.2017-ci il tarixli ******* saylı akt əsasında 1.440 manat, 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 1.080 manat, 14.03.2018-ci il tarixli ******* saylı akt əsasında 150 manat, 25.05.2018-cu il tarixli ******* saylı akt əsasında 59,90 manat, 20.04.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 312 manat, 10.04.2019-cu il tarixli ******* saylı akt əsasında 765 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat və 30.10.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat (cəmi 11.276 manat). İş materiallarından görünür ki, Birliyin əməkdaşları ilk dəfə qaz xəttinə sayğacdan kənar qoşulma xəttini aşkar etdikdən sonra onu ləğv etmiş, bu halı aktlaşdırmış və müvafiq fotoşəkillər çəkmişlər. Lakin digər tarixlərdə aşkar edilmiş qanunsuz xətlərin aşkar edilməsi barədə aktlar tərtib edilsə də, bu halları təsdiq edəcək müvafiq fotoşəkillər işdə yoxdur. İş materiallarında olan şəkillərin isə həmin tarixlərə aid olması öz təsdiqini tapmır. Bunu nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlər və fotoşəkillər ilə 14.12.2016-ci il tarixli akt əsasında cavabdehin qazdan qeyri qanuni istifadə etməsi faktı öz təsdiqini tapsa da, digər tarixli aktlarda qeyd edilən faktlar isə öz təsdiqini tapmır. Göstərilənləri nəzərə alan Məhkəmə iş üzrə Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı Birliyin əməkdaşlarının cavabdehə məxsus yaşayış sahəsində quraşdırılmış qaz xətlərinə və qaz sayğacına baxış keçirən zaman aşkar edilmiş faktla əlaqədar tərtib etdikləri “Aktlar” qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilməmiş, “Aktların” tərtib olunmasında hal şahidlərinin iştirakını təmin etməmişdir. Buna görə də Məhkəmə hesab edir ki, “Aktlarda” göstərilən müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun iddiaçı Birlik tərəfindən məhkəmələrə təqdim edilməməsi “Aktın” etibarlı hesab edilməsini və “Aktlarda” əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2 maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən iddiaçı Birlik öz mövqeyini 14.12.2016-ci il tarixli akta münasibətdə kifayət qədər sübuta yetirsə də, digər aktlara münasibətdə sübuta yetirə bilmir. Odur ki, hesab edilməlidir ki, Rayon Məhkəməsi hər iki iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 24 noyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Birliyinin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar