Məhkəmə qərarları › İş №2(103)-4113/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4113/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4113/2024 08.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3 və "xxxx" MMC-yə qarşı mülki iş (Açar sözlər: «hərracın etibarsız hesab edilməsi, yenidən hərrac keçirilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-580/2024 saylı, 03 aprel 2024-cü il tarixli qətnaməsindən Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-5762/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 17451,35 manat əsas borc, 5125,71 manat faiz borcu, 100 manat dəbbə pulu, cəmi 22627,06 manat borcunun tutulması, 30 manat dövlət rüsumu, bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xidmət haqqının alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutma öhdəliyin təmini kimi cavabdeh X2 məxsus olan və tərəflər arasında ilkin olaraq 70000 manata qiymətləndirilmiş Gəncə şəhəri, R.Allahverdioğlu küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102 kv.m köməkçi sahədən ibarət olan 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması qət edilmişdir.

2. xx.xx.2017-ci il tarixə saat 11:00-da təyin edilmiş hərracla bağlı xx.xx.2017-ci il tarixli, 01 nömrəli və xx.xx.2017-ci il tarixli, 01/2 nömrəli; eləcə də, xx.xx.2017-ci il tarixə saat 11:00-da təyin edilmiş hərracla bağlı xx.xx.2017-ci il tarixli, 02 nömrəli və xx.xx.2017ci il tarixli, 02/2 nömrəli Hərrac bildirişlərindən - eləcə də, “FM Express” şirkətinin Kuryer xidmətləri üçün mədaxil qəbzinin talonundan görünür ki, "xxxx" MMC tərəfindən hərracın keçirilməsinə dair "xxxx" ASC-yə məlumat verilmişdir (Gəncə şəhəri, A.Abbaszadə 92 ünvanına göndərilmişdir).

3. “Birja yenilikləri” qəzetin 24.02-xx.xx.2017-ci il tarixli, 52 (52) nömrəli, 10xx.xx.2017- ci il tarixli, 54 (54) nömrəli və 14-xx.xx.2017-ci il tarixli, 58(58) nömrəli tirajlarından ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi 32 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi elan edilmişdir.

4. “Birja yenilikləri” qəzetin xx.xx.2017-ci il tarixli, 83 (83) nömrəli tirajından görünür ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi 32 saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın baş tutmaması elan edilmişdir.

5. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanladığı məktubundan görünür ki, icra sənədi qanunvericiliyə uyğun olaraq açıq hərraca çıxarılmış, alıcı müraciəti olmadığına görə satılmamışdır. Sifarişin icra müddəti başa çatdığı üçün sənədlər geri qaytarılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3 və "xxxx" MMC-yə qarşı hərracların etibarsız hesab olunması, fərdi yaşayış evinin açıq hərracda satışının yenidən təşkil olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə keçirilmiş hərracların etibarsız hesab olunması və X2 məxsus Gəncə şəhəri, R.Allahverdi oğlu küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin "xxxx" MMC-də açıq hərracda satışının yenidən təşkil olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

7. Tələbdə göstərilir ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamənin icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilmiş, qeyd olunan icra orqanı tərəfindən prosessual icra tədbirləri görülərək, icra hərəkətləri aparılmış və tutma obyektinin satılma ilə bağlı "xxxx" MMC-də hərrac təşkil olunmuşdur. Pozuntu ilə keçirilən hərracda əmlakın alıcısı olmadığına görə hərrac X1 məxsus olan və tərəflər arasında ilkin olaraq 59500 manata qiymətləndirilmiş fərdi yaşayış evini LPO İddiaçı ASC-nin Gəncə filialına təklif etmişdir. LPO İddiaçı ASC-nin Gəncə filialı hüquqi şəxs deyildir və ona görə də filialın hərrac mərkəzinin ipotekanın əldə edilməsi barədə təklifinə qərar vermək səlahiyyəti yoxdur, belə səlahiyyət bankın Gəncə filialına verilməmişdir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verilməlidir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Qanuna uyğun olaraq verilməlidir. Lakin Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən ipoteka saxlayan LPO İddiaçı ASC-yə məlumat verilmədən "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMCnin 5 il daimi fəaliyyətinin olub-olmamasını müəyyən etmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinə sorğu yazılmış, cavabdan görünür ki, MMCnin 5 il daimi fəaliyyəti olmamışdır. Göründüyü kimi "xxxx" MMC tərəfindən ipoteka predmetinin satışını həyata keçirmək qanunla qadağandır. “Banklar haqqında” Qanunun 82.1.2-ci və 82.1.3-cü maddələrinə əsasən müflis elan olunmuş bankın aktivləri ilk növbədə Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələblərinə yönəldildiyindən sözügedən icra sənədi tələbin təmin olunmaması Fondun LPO İddiaçı ASC qarşısında reqres hüququ üzrə tələblərinin icra olunmasına, yəni dövlət vəsaitlərinin qaytarılmasına mane olmaqla külli miqdarda ziyan vurur, bununla da dövlət tərəfindən bank sisteminə etimadın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərin icrasına mane olmaqla milli təhlükəsizlik sisteminin tərkib hissəsi olan dövlətin iqtisadi təhlükəsizliyinin əsaslarını sarsıdır. Qalib alıcı tərəfindən 7 təqvim günü keçməsinə baxmayaraq ipoteka saxlayana hələ də ödəniş həyata keçirilməmiş və təqdim edilən ödəniş tapşırıqlarının təyinatında isə ödənişin İcra sənədi üzrə ödənilməsi qeyd olunmuşdur.

8. Daha sonra iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə ərizə verərək, iddia ərizəsində texniki yanlışlıq olaraq cavabdeh kimi "xxxx" MMC-nin əvəzinə "xxxx" MMC-ni göstərimişdir. Bu səbəbdən cavabdeh "xxxx" MMC-ni əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdeh əsl cavabdeh ilə əvəz edilmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-580/2024 saylı, 03 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək onun açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərində iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Birja Yenilikləri” qəzetində elanlar verilmiş, eyni zamanda iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. İpoteka predmeti olan fərdi yaşayış evi hərraca çıxarılmış, alıcı müraciəti olmadığına görə satılmamış, ipoteka saxlayana təklif göndərilmiş, lakin təklif məktubuna cavab olmamış və sifarişin icra müddəti başa çatdığı üçün sənədlər geri qaytarılmışdır. Hazırda iddiaçı qeyd edilən hərrac təşkil edilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək, yəni ipoteka predmetinin əldə olunmasına dair təklif məktubunun "xxxx" ASC-nin özünə deyil, filialına göndərilməsini və filialın həmin məktuba cavab vermək səlahiyyəti olmamasını əsas gətirərək, hərracın yenidən təşkil edilməsini tələb edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. İddiaçının tələbinin əsası hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsi ilə bağlıdır. İddiaçı bildirir ki, hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetinin ipoteka saxlayana təklif məktubu hərrac mərkəzi tərəfindən "xxxx" ASC-yə deyil, “Gəncə” filialına göndərilmiş, filialın təklifi qəbul etmək səlahiyyəti olmamış və bu səbəbdən filial tərəfindən təklif məktubuna cavab verilməmişdir. Hərrac mərkəzi təklif məktubu təklifi qəbul etməyə səlahiyyətli olan hüquqi şəxsin özünə, yəni "xxxx" ASCyə göndərməli idi. "xxxx" ASC-nin təklif məktubu barədə məlumat olmadığından, ipoteka predmetini əldə etməmiş və bu səbəbdən hərrac sifarişinin icra müddəti başa çatdığı üçün sənədlər geri qaytarılmışdır. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixdə göndərilmiş ipoteka predmetinin əldə olunması barədə təklif məktubu "xxxx" ASC-nin Gəncə filialına deyil, Əmanətlərin Sığortalanması Fondunun LPO İddiaçı ASC-nin hüquqi ünvanı olan Bakı şəhəri, Babək prospekti 16-ya göndərilmişdir. Göründüyü kimi, iddiaçının iddiasının əsasını təşkil edən hərracın baş tutmaması barədə məlumatlı olmamaları təkzib olunur. Həmçinin hərracların keçirilməsi vaxtı və yeri, hərracın baş tutmaması barədə məlumatlar “Birja Yenilikləri” qazetində dərc edilmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, iddiaçı iddiasında "xxxx" MMC-nin 5 il daimi fəaliyyətinin olmamasını iddia etsə də, lakin “AZEMİS” Elektron Məhkəmə Sistemindən görünür ki, "xxxx" MMC xx.xx.2004-cu il tarixdə qeydiyyata alınmış və fəaliyyət göstərir. Məhkəmə iddia tələbinin ikinci hissəsi olan “yenidən hərracın keçirilməsi” hissəsi ilə bağlı, prosessual qənaət prinsipi baxımından iddia tələbi keçirilmiş hərracların etibarsız olması hissəsində əsassız olduğundan, iddiaya həmin hissədə qiymət verilməsi üçün əsas yoxdur, bu səbəbdən iddia tələbi həmin hissədə də əsassız hesab edilməli və rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi 32 saylı fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə bildiriş tərtib olunmuş və tərəflərin ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin buraxılışında dərc olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2017-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də bildiriş tərtib olunmuş və tərəflərin ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə “İpoteka haqqında” Qanunun 43-cü maddəsini rəhbər tutaraq ipoteka saxlayan LPO İddiaçı ASC-yə təklif məktubu göndərmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi 32 saylı fərdi yaşayış evin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Bu baxımdan, hərrac keçirilərkən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı iddiaçının dəlilləri əsassız olduğundan, iddia təmin edilə bilməz.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətində göstərib ki, qətnaməni əsassız hesab edir. Pozuntu ilə keçirilən hərracda əmlakın alıcısı olmadığına görə Hərrac X1 məxsus olan və tərəflər arasında ilkin olaraq 59.500 manata qiymətləndirilmiş Gənşə şəhəri, R.Allahverdioğlu küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evini LPO İddiaçı ASC-nin Gəncə filialına təklif etmişdir. Məlum olduğu kimi, LPO İddiaçı ASC-nin Gəncə filialı hüquqi şəxs deyildir və ona görə də filialın Hərrac Mərkəzinin ipotekanın əldə edilməsi barədə təklifinə qərar vermək səlahiyyəti yoxdur. Ümumiyyətlə, belə bir səlahiyyət Bankın Gəncə filialına verilməmişdir. Hərracın keçirilməsi qaydaları “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 2011-ci il tarixdə qüvvədə olmuş 42.1-ci maddəsinə uyğun keçirilməmişdir. Göründüyü kimi, mövcud qanunvericiliyin tələbinə zidd olaraq hərracın keçirilməsi qaydası pozulmuşdur. Məhkəmə bildirişlərin yalnız göndərilməsini qeyd etməklə iddaçının sözü gedən hərracla bağlı xəbərdar olması qənaətinə gəlmişdir ki, bu, yalnış mövqedir. Çünki sənədlərin göndərilməsi ilə şəxsin xəbərdar olması anlayışları fərqlidir və hüquqi nəticələr də fərqə mütənasibdir. Belə olan halda birinci instansiya məhkəməsinin belə bir qətnamə qəbul etməsi, mülki dövriyyə iştirakçısı olan Bankı qeyri-müəyyən vəziyyətə salır və hüquqlarını pozur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmələr işlərə baxarkən yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavbdehlər Cavabdeh1, X3 və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

15. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 41.2 (28 dekabr 2018-ci il tarixədək olan redaksiyada). Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Maddə 41.2 (hazırda qüvvədə olan). Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 41.3 və 41.5. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Maddə 42.1 (28 dekabr 2018-ci il tarixədək olan redaksiyada). Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Maddə 42.1 (hazırda qüvvədə olan). Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında (28 dekabr 2018-ci il tarixədək olan redaksiyada yalnız “kütləvi informasiya vasitəsində” qeyd edilmişdi.) məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 (28 dekabr 2018-ci il tarixədək olan redaksiyada “45 təqvim günü” qeyd edilmişdi.) təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5 (28 dekabr 2018-ci il tarixədək olan redaksiyada). Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Maddə 43.5 (hazırda qüvvədə olan). Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 43.7 (28 dekabr 2018-ci il tarixədək olan redaksiyada). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Maddə 43.7 (hazırda qüvvədə olan). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7-1. (bu maddə 25 may 2021-ci il tarixdə əlavə edilmişdir). Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

16. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Maddə 61.1 və 61.2. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

17. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

25. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına aradan qalxdığından iddia haqlı sayılmır.

26. Konstitusiya Məhkəməsinin Plenumu 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadında da ipoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edildiyi göstərilmişdir. Bu hal bir daha təsdiq edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir, eyni zamanda Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.

28. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla iddiaçı hərracın hansı pozuntularla keçirildiyini konkret göstərə bilmir və bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İkincisi, hərracın baş tutmaması ilə əlaqədar ipoteka predmeti olan evin bankın Gəncə filialına təklif edilməsi yaxud banka edilən təklifin filiala göndərilməsi həqiqi olsa belə bu hallar heç nəyi dəyişmir və şikayətin əsaslı olduğuna dəlalət etmir. Çünki fililal özü də bankın tərkib hissəsidir və həqiqətən təklif ona göndərilmişdirsə bu barədə bankın mərkəzi orqanına məlumat vermək vəzifəsi olmuşdur. Buna baxmayaraq, hərrac təşkilatı təklifi filila yox Bakı şəhəri Babək prospekti 16 ünvanına da göndərmişdir(bax.i.v.100;251;284). Gəncə fililalının ipotekanı əldə edilməsi barədə hərrac mərkəzinin təklifi üzrə qərar qəbul etmək səlahiyyəti olmaması da hazırki iddianı əsaslı etmir.

29. Hərracın keçirilməsi qaydaları hərracın keçirildiyi zaman qüvvədə olan “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələblərinə uyğun keçirilmişdir. İddiaçı mövcud qanunvericiliyin tələbinə zidd olaraq hərracın keçirilməsi qaydası pozulduğunu bəyan edirsə bunu aydın şəkildə göstərməlidir. Yəni, hansı qaydanın pozulduğu dəqiq müəyyən edilməlidir. Çünki iddiaçı hərracın keçirilmə yeri və vaxtını mübahisələndirməmişdir. Bu cür ümumi terminlərdən yalnız şikayət xatirinə istifadə edilməsi isə əsaslı sayıla və təsdiq edilmiş hesab oluna blməz.

30. Bununla yanaşı, ipoteka saxlyanın bildirişi şəxsən almaması keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün müstəqil əsas ola bilməzdi. Çünki Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bununla yanaşı, Mülki Məcələnin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir.” İpoteka haqqında” Qanunun həmin vaxt qüvvədə olan 42.1-ci maddəsində isə qeyd olunur ki, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Göründüyü kimi, iş materialları ilə hərrac təşkilatının bu qaydalara riayət etməsi tam təsdiq olunur.

31. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 580/2024 saylı, 03 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-580/2024 saylı, 03 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar