Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4123/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X1 və cavabdehin nümayəndələri X6, Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X10-Tədqiqat İnstitutuna qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 2021-ci il 3 dekabr tarixli K-55 nömrəli əmrinin ləğv edilməsi, qeyd edilən İnstitutda Makroiqtisadi tədqiqatlar şöbəsinə 0,5 ştat vahidi ilə baş mütəxəssis vəzifəsi üzrə işə bərpa edilməyi ve məcburi iş buraxma müddəti üçün itirilmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Babazadə, iş №2(004)-1259/22) iddia rədd edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi iqtisadi X9 İnstitutu (bundan sonra - İnstitut) arasında 20.12.2017-ci il tarixdə K-70 nömrəli əmrlə rəsmiləşdirilən və həmin institutun Makroiqtisadi tədqiqatlar şöbəsinə 0,5 ştat vahidi ilə baş mütəxəssis vəzifəsi üzrə əmək münasibətlərinə dair əmək müqaviləsi bağlanmışdır. Qeyd edilən iş yeri üzrə 4 ilə yaxın əmək vəzifələrini icra etməyinə baxmayaraq İnstitut tərəfindən 2021-ci il 3 dekabr tarixli K-55 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək hüquqlarının kobud şəkildə pozulması nəticəsində əmək müqaviləsinə xitam verilmişdir. Əmrin sadə təhlilindən onun çalışdığı müddət ərzində 2018-2021-ci illərə dair müəyyən edilmiş iş planlarında nəzərdə tutulan tədqiqat işlərində iştirak etməməyi, həmin tarixlər aralığında rəhbərlik və şöbə rəhbəri tərəfindən ona verilən tapşırıqları icra etməməyi məsələsi öz əksini tapmışdır. İşlədiyi 4 illik müddət ərzində onun əmək fəaliyyətinin icrası ilə bağlı rəhbərlik tərəfindən hər hansısa bir irad bildirilməmiş, habelə bununla əlaqədar ona bu və ya digər formada nə xəbərdarlıq edilmiş, nə də müvafiq intizam tənbeh tədbiri tətbiq edilmişdir. 2018-2021-ci illərə dair müəyyən edilmiş iş planlarına müvafiq olaraq tədqiqat işlərində iştirak etməməyi də əsassız iddiadır. Belə ki, əgər o dövrlər üçün qarşıya qoyulan məqsədlər çərçivəsində iş planlarında nəzərdə tutulan tədqiqat layihələrində iştirak etməsəydi, o zaman onunla bağlı müvafiq tədbirlərin görülməsi üçün işəgötürən tərəfindən 3 ildən çox gözləmə mövqeyinin seçilməsi də inandırıcı xarakter daşımamaqdadır. Əmrdə qeyd edilən bir digər nüans isə onun işə davamiyyətinin qənaətbəxş olmamasıdır. İşçinin işə davamiyyətinin qənaətbəxş olmaması anlayışı isə mücərrəd olduğu qədər, həm də tənzimləmə nöqteyi-nəzərindən əmək qanunvericiliyində işəgötürənə əmək müqaviləsini təktərəfli xitam etmək imkanı verən səbəb olaraq qiymətləndirilə bilməz. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsindəki hallar (iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi) əmrdə əsaslandırılmamışdır. İnstitutun rəhbər heyətində müvafiq dəyişikliklər aparıldıqdan sonra daha əvvəlki dövrlərdə əmək funksiyalarının icrasına başlamış işçilərə yeni rəhbərlik tərəfindən ayrı-seçkiliklə müşayiət olunan rəftar sərgilənmişdir. Belə ki, qeyd edilən kateqoriya işçilər dəvət edilərək ərizələrini yazmaları və bu şəkildə, sanki şəxsi iradə ifadələri formasında tərəflər arasında olan əmək münasibətlərinin xitamına məcbur edilmişlər. Uzun müddətli xarakter daşıyan və öz ərizəsini yazaraq işdən çıxmağıyla bağlı davam edən təzyiqlərdən sonra cavabdeh yuxarıda qeyd edildiyi formada əmək müqaviləsinə qanunsuz olaraq xitam vermişdir. Əmrdə bütün gün işdə olmadığı qeyd edilsə də, bununla bağlı növbəti gün, yəni 26 noyabr 2021-ci il tarixində ondan iddia edilən bütün gün işə gəlməməyinin səbəbi soruşulmamış, bununla bağlı ondan izahat alınmamışdır. Qeyd edilməlidir ki, 25 noyabr 2021-ci il tarixində işə getmiş, ancaq işçilərin davamiyyətinin aparıldığı kitabda müvafiq davamiyyətilə bağlı qeydlərin aparılmasına icazə verilməmişdir. Bunu tələb etdikdə isə davamiyyət kitabı üzrə məsul şəxslər kitabın ona təqdim edilməyəcəyini qeyd etmişlər. Əmrdə istinad edilən 29 noyabr 2021-ci il tarixində isə qeyd edilən kitabda 15 dəqiqə gec gəlməyinə baxmayaraq gəliş saatını saat 9.00 olaraq göstərməyi məsələsi sadəcə absurddur. Məhz o anda daxil edəcəyi məlumatların tutuşdurulacağını bilərək belə bir səhv etməyinə inanmaq, habelə bunu iddia etmək sadəlövhlük olardı. Bu proses məqsədli şəkildə həyata keçirilmiş, ona 25 noyabr 2021-ci il tarixində qeyd edilən kitab təqdim edilməyərək, habelə guya gecikən işçilər özləri gecikdikləri ilə bağlı qeydləri aparmasını iddia edərək onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən uzaqlaşdırmağı üçün münbit süni şərait yaratmışlar. Habelə iddia edilən intizam pozuntuları ilə bağlı aktlardan biri - gecikmə ilə əlaqədar akt Ümumi Şöbənin müdiri tərəfindən imzalansa belə, digər akt - verilən tapşırıqların icrası ilə əlaqədar olan akt isə direktor müavini tərəfindən belə imzalanmamışdır. Bu isə onu deməyə əsas verir ki, onun süni səbəblər göstərilərək işdən çıxarılmağı əsassız xarakter daşımaqla, verilən tapşırıq əsasında həyata keçirilmişdir. Qeyd edilən hər iki akt ona təhvil verilməmiş, işdən uzaqlaşdırıldıqdan sonra şəkilləri çəkilərək ona göndərilmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək onun əsassız olduğunu bildirmiş və rədd olunmasını xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, iddiaçı əmək vəzifələrini yerinə yetirməmiş, üzrsüz səbəbdən işə çıxmamışdır, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində irəli sürülən eyni məzmunlu dəlillərlə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, iddiaçının çalışdığı iş yeri kameralar ilə gün boyu müşahidə olunur. İddiaçıdan dəfələrlə həmin kamera görüntülərini məhkəməyə təqdim etməsi tələb olunsa da, o, həmin görüntüləri hər dəfə müxtəlif bəhanələrlə Məhkəməyə təqdim etməkdən yayınmışdır. Bundan başqa cavabdeh tərəfin şahid kimi işə cəlb etdiyi, həmin iş yerində nəzarətçi vəzifəsində çalışan, yəni işə gəlib gedən hamını görən X4 öz izahatında da deyir ki, “iddiaçının noyabr ayının 25-də işə gəlib-gəlməməsindən xəbərsizdir”. Yəni, şahid iddiaçının noyabr ayının 25-də işə gəlmədiyini demir, deyir ki, gəlib-gəlməməsindən xəbərsizdir. Əslində şahid bilərək və istəyərək sualdan yayınıb. Onun bilməməsi mümkün deyil ki, həmin günü iddiaçı işdə olub, ya olmayıb. Bir də ki, iddiaçının həmin günü işdə olmadığını görsəydi, o, məmnuniyyətlə 26.11.2022-ci il tarixdə tərtib olunmuş aktı imzalayardı. Çünki bu mübahisəsizdir ki, Hüseynov ilə iddiaçının arasında müəyyən narazılıqlar vardı. Açıq-aydın göründüyü kimi bu proses öncədən planlaşdırılmışdır. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilən bütün aktlar rəhbərliyin təzyiqi ilə əməkdaşlar tərəfindən imzalanmışdır. Məhkəminin həmin aktları sübut kimi qəbul etməsi tamamilə qanunsuz və ədalətsizdir. Qeyd olunan aktlardan başqa məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İntizam tənbehi verilərkən ondan izahat tələb edilməyib, ona özünü müdafiə etməyə imkan verməmişlər. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Onlar eyni zamanda şahidin dindirilməsi barədə vəsatət verdilər. Lakin məhkəmə kollegiyası MPM-nin 372.2-ci maddəsini rəhbər tutaraq vəsatəti təmin etmədi. Cavabdehin nümayəndələri apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən olunan hallarına əsasən iddiaçı 20.12.2017-ci il tarixli əmək müqaviləsi əsasında İqtisadi X9 institutuna makroiqtisadi tədqiqatlar şöbəsinə 0,5 ştat vahidi ilə baş mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilədə işçinin iş saatı 09.00-13.00 göstərilmişdir. “İş vaxtının rəsmiləşdirilməsi haqqında” 19.10.2021-ci il tarixli F-54 nömrəli Əmrdə qeyd olunur ki, işçilərin iş vaxtı yarım ştat işçilər üçün həftəlik iş vaxtı 20 saat, gündəlik iş vaxtı norması 4 saat, yəni, iş vaxtı 9:00-13:00 və ya 14:00-18:00 təqdim etdikləri qrafıkə uyğun olaraq təmin edilir. İşə gecikmələrinə görə İddiaçı F-59 nömrəli 1 noyabr 2021-ci il tarixli Əmrlə xəbərdarlıq edilmişdir. Yenidən təkrarən işə gecikmə halları təkrarlandığından İİETİnin direktor v.i.e. direktorun birinci müavinin “İşə gecikmiş əməkdaşlara töhmət verilməsi haqqında” F-63 nömrəli 22 noyabr 2021-ci il tarixli Əmri ilə iddiaçıya töhmət verilmişdir. 25 noyabr 2021-ci il tarixində iddiaçı heç bir üzrlü səbəb göstərmədən işə gəlmədiyindən 25.11.2021-ci il tarixdə akt tərtib edilmiş, akt Ümumi şöbənin müdiri X2, Makroiqtisadi tədqiqatlar şöbəsinin müdiri vəzifəsini icra edən X5 və X13 Təşkilatının komissiyasının üzvü X3 tərəfindən imzalanmışdır. 25 noyabr 2021-ci il tarixinə dair davamiyyət kitabından çıxarışdan görünür ki, iddiaçının həmin tarixdə işə gəlişi barədə qeyd edilməmişdir. İnstitutun ştatdankənar nəzarətçisinin və polis nəzarətçisinin birgə tərtib etdiyi 9/150 nömrəylə 29.11.2021-ci il tarixində daxil olmuş izahatda qeyd olunur ki, iddiaçı işə dəfələrlə gecikmiş, 29.11.2021-ci il tarixində isə işə 15 dəqiqə gecikmiş, davamiyyət kitabına isə yalan məlumat daxil etmişdir. İqtisadi X9 institutunun direktorunun birinci müavini, direktor vəzifəsini icra edən Mahir Hümbətovun iddiaçı barədə 29.11.2021-ci il tarixli təqdimatında iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsi xahiş edilmişdir. X13 Təşkilatının komissiyasının üzvlərinin iclasının 02 nömrəli 29.11.2021-ci İl tarixli protokolunda iddiaçı haqqında araşdırma yığıncağın gündəliyinin əsas mövzusu olmuşdur. Gündəlikdəki duran məsələ səs verməyə qoyulub səs vermədən sonra əməkdaşla əmək müqaviləsinə xitam verilməsinin zəruri olduğunu barədə qərar qəbul olunmuşdur. 03.12.2021-ci il tarixli K-55 nömrəli Əmr ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 3 dekabr 2021-ci il tarixindən xitam verilmişdir. Eyni zamanda rəhbərliyin xidməti məktublarından və aktlardan görünür ki, işçi İddiaçı İİETİ-də işlədiyi müddətdə xüsusi bilik və bacarıqları ilə seçilməmiş, elmi tədqiqatlara maraq göstərməmiş, öz üzərində çalışmamış, İnstitutda yerinə yetirilən tədqiqat işlərinin icrasında iştirak etməmiş, rəhbərlik tərəfindən ona verilmiş tapşırıqların icra nəticəsi qənaətbəxş hesab edilməmişdir. Cavabdeh iddiaya etirazını təsdiq edən sübut qismində məhkəməyə 2 nəfər şahid təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, İnstitutda ştatdankənar nəzarətçi işləyir. O, iddiaçının dəfələrlə işə gecikmələrinin şahidi olmuş, işə 15 dəqiqə gecikməsinə baxmayaraq qeydiyyat kitabına saat 9.00 yazdığı faktını təsdiq edir. Həmin vaxt bu barədə onunla mübahisəsi belə yaranmışdır. Qeydiyyat kitabına qəsdən real vaxta uyğun olmayan vaxtın qeyd edilməsi barədə onun da iştirakı ilə akt tərtib edilmişdir. Lakin noyabr ayının 25-də işə gəlib-gəlməməsindən xəbərsizdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, İnstitutun direktoru vəzifəsində çalışır. 2019-cu ilin avqust ayından 2021-ci il sentyabr ayına qədər direktor vəzifəsini icra edərkən Ülvi ona şifahi qaydada müraciət edərək onu tam ştata keçirməyini xahiş etmiş, lakin o, imtina etmişdir, çünki o hələ 2017-ci ildən direktor müavini işləyərkən iddiaçının elmi tədqiqat sahəsində hər hansı töhfəsini görməmişdir. 29 noyabr 2021-ci il tarixli aktın tərtib olunmasında iştirak etmişdir, aktdakı imza ona məxsusdur. Akt həmin gün onun tərəfindən imzalanmışdır. İddiaçının əlində olan aktda onun imzasının olmamasının səbəbi isə həmin akt növbəli şəkildə imzalanması üçün ona təqdim olunanadək keçən vaxt ərzində iddiaçının onu əldə etməsi olmuşdur. İddiaçının tələbi əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi barədədir. Məhkəmə Əmək Məcəlləsinin 70, 76.1, 80.1-ci maddələrinə və s. normalara istinad edərək iddia tələbini əsassız saymış və rədd etmişdir. Məhkəmə müəyyən etmişdir ki, 03.12.2021-ci il tarixli K-55 nömrəli Əmr əsaslı və qanuni olduğundan həmin əmrin ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, Əmək Məcəlləsinə müvafiq olaraq işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70 “ç”). Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (maddə 71, bənd 2). Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi və əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72, a, e). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir (maddə 80, bənd 1). İş materialları əsasında müəyyən edilir ki, iddiaçı heç bir üzrlü səbəb olmadan işə gəlməmiş, öz hərəkətləri ilə mütəmadi olaraq iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuşdur. İşçinin hərəkətləri müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının iclasında müzakirə edilmiş, Komitə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad olunmasına razılıq vermişdir. İşin baxılması zamanı iddiaçının işdən azad edilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulması hallarına yol verildiyi müəyyən edilməmiş, işçi bununla bağlı hər hansı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas vermir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsası kimi istinad olunan hallarla eyni məzmunlu olmaqla həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün və müfəssəl hüquqi qiymət verilmişdir. Apellyasiya şikayətinin digər dəlillərinə, yəni işin hallarının düzgün müəyyən olunmaması və qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozulması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması və s. kimi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin halları tam, obyektiv, hərtərəfli araşdırılmış, işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmiş, iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə apellyator öz tələbinin və eləcə də apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4123/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4123/2022
01.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver