Məhkəmə qərarları › İş №2(103)-4123/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4123/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4123/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh2 ASC-nin nümayəndələri Ruslan İsmayılov və İlqar Şirinovun iştirakı ilə, İddiaçı1 cavabdehlər Binəqədi Rayon İcra Şöbəsi və Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka yüklülüyünə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və mülkiyyət hüququnu təsdiq edən reyestr çıxarışının qaytarılması, bankın mülkiyyət hüququna dair reyestr qeydinin və çıxarışının ləğv edilməsi barədə” iddiasına, İddiaçı2 Qafil qızının cavabdehlər Binəqədi Rayon İcra Şöbəsi və Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka yüklülüyünə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və mülkiyyət hüququnu təsdiq edən reyestr çıxarışının qaytarılması, bankın mülkiyyət hüququna dair reyestr qeydinin və çıxarışının ləğv edilməsi barədə” iddiasına, İddiaçı3 cavabdehlər Binəqədi Rayon İcra Şöbəsi və Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka yüklülüyünə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və mülkiyyət hüququnu təsdiq edən reyestr çıxarışının qaytarılması, bankın mülkiyyət hüququna dair reyestr qeydinin və çıxarışının ləğv edilməsi” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 Qafil qızı və İddiaçı3 apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-6471/2013 nömrəli qətnaməsinə görə, kredit müqaviləsi üzrə ümumilikdə 1.320.278 manat borc və məhkəmə xərclərinin əvəzi "xxxx" MMC-dən Cavabdeh2 ASC-nin xeyrinə tutulmalı və tutma göstərilən ipoteka predmetinə yönəldilməlidir: 1) İddiaçı2 məxsus olan, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev № 10-da yerləşən 20 №-li mənzil; 2) İddiaçı1 məxsus olan, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev № 119-da yerləşən 73 №-li mənzil; 3) İddiaçı3 məxsus olan, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, ev № 78V-nin 1-ci mərtəbəsində yerləşən, əsas sahəsi 107,2 kv.m, köməkçi sahəsi 15,8 kv.m, ümumi sahəsi 123 kv.m olan qeyri-yaşayış sahəsi. Qətnamənin əsasında icra sənədi verilib. İcra məmuru hərracın keçirilməsi barədə hərrac təşkilatına - "xxxx" MMC-yə sifariş verib. İpoteka predmeti hərraca göstərilən ilkin satış qiyməti ilə çıxarılıb: 1-ci əmlak 80.000 manat, 2-ci əmlak 145.000 manat, 3-cü əmlak 450.000 manat. Birinci hərrac təyin olunub. Bu hərrac baş tutmadığına görə təkrar hərrac təyin olunub və əmlaklar ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə təkrar hərraca çıxarılıb. Təkrar hərrac da baş tutmayıb. “Birja yenilikləri” qəzetində xx.xx.2021-ci ildə bu barədə elan dərc edilib. Hərracın təşkilatçısı "xxxx" MMC xx.xx.2021-ci il tarixli məktubla ipoteka saxlayan Cavabdeh2 ASC-yə təklif edib ki, ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə, yəni 1-ci əmlakı 51.000 manata, 2-ci əmlakı 92.437,50 manata, 3-cü əmlakı 286.875 manata alsın. Bank təklifi qəbul edib. Cavabdeh2 ASC bu barədə "xxxx" MMC-nin direktoruna xx.xx.2021-ci il tarixli **********757 nömrəli məktub göndərərək xahiş edib ki, ipoteka predmetinin əldə olunması məqəsilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və ipoteka predmetinin bankın adına rəsmiləşdirilməsi barədə göstəriş versin. Məktubun üzərindəki qeyddən görünür ki, məktub xx.xx.2021-ci il tarixdə hərrac təşkilatına daxil olub. 1-ci əmlak xx.xx.2021-ci il tarixli 79/03 nömrəli hərracın yekunları barədə protokola əsasən 51.000 manata Cavabdeh2 ASC tərəfindən əldə edilib. Eyni tarixdə hərrac təşkilatı ilə bankın arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanıb. xx.xx.2022-ci ildə həmin əmlak üzərində bankın mülkiyyət hüququ reyestrdə qeydə alınıb. 2-ci əmlak xx.xx.2021-ci il tarixli 79/02 nömrəli hərracın yekunları barədə protokola əsasən 92.437 manata Cavabdeh2 ASC tərəfindən əldə edilib. Eyni tarixdə hərrac təşkilatı ilə bankın arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanıb. xx.xx.2022-ci ildə həmin əmlak üzərində bankın mülkiyyət hüququ reyestrdə qeydə alınıb. 3-cü əmlak xx.xx.2021-ci il tarixli 79/04 nömrəli hərracın yekunları barədə protokola əsasən 286.875 manata Cavabdeh2 ASC tərəfindən əldə edilib. Eyni tarixdə hərrac təşkilatı ilə bankın arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanıb. xx.xx.2023-cü ildə həmin əmlak üzərində bankın mülkiyyət hüququ reyestrdə qeydə alınıb. Tələb və onun həlli: Hazırkı iş əvvəl ayrı-ayrı 3 işdən ibarət olub və həmin işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilib. 1-ci iş üzrə İddiaçı1 verdiyi iddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, iddiaçıya məxsus olan, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev № 119-da yerləşən 73 №-li mənzilin Cavabdeh2 ASC-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilsin, ipotekanın dövlət qeydiyyatı ləğv edilsin, mənzilə iddiaçının mükiyyət hüququnu təsdiq edən reyestr çıxarışı iddiaçıya qaytarılsın, habelə mənzil üzərində bankın mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydiyyat və bankın adına verilmiş reyestr çıxarışı ləğv edilsin. 2-ci iş üzrə İddiaçı2 verdiyi iddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, iddiaçıya məxsus olan, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev № 10-da yerləşən 20 №-li mənzilin Cavabdeh2 ASC-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilsin, ipotekanın dövlət qeydiyyatı ləğv edilsin, mənzilə iddiaçının mükiyyət hüququnu təsdiq edən reyestr çıxarışı iddiaçıya qaytarılsın, habelə mənzil üzərində bankın mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydiyyat və bankın adına verilmiş reyestr çıxarışı ləğv edilsin. 3-cü iş üzrə İddiaçı3 verdiyi iddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, iddiaçıya məxsus olan, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, ev № 78V-nin 1-ci mərtəbəsində yerləşən, əsas sahəsi 107,2 kv.m, köməkçi sahəsi 15,8 kv.m, ümumi sahəsi 123 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 ASCnin xeyrinə ipoteka yüklülüyünə xitam verilsin, ipotekanın dövlət qeydiyyatı ləğv edilsin, qeyri-yaşayış sahəsinə iddiaçının mükiyyət hüququnu təsdiq edən reyestr çıxarışı iddiaçıya qaytarılsın, habelə qeyri-yaşayış sahəsi üzərində bankın mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydiyyat və bankın adına verilmiş reyestr çıxarışı ləğv edilsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, həmin iddialar təmin edilməsin. Şikayət və izahatlar: İddiaçıların hər üçü apellyasiya şikayəti verib. Apellyasiya şikyətlərində tələb olunub ki, qətnamə ləğv edilsin və iddialar təmin edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndələri Ruslan İsmayılov və İlqar Şirinov apellyasiya şikayətlərinin əsassız olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: İddiaçılar iddia edirlər ki, ipoteka saxlayan Cavabdeh2 ASC ipoteka predmetini əldə etmək üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürdüyünə görə ipotekaya xitam verilib. Yəni iddiaçılar bankın ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququnun yarandığını mübahisələndirmirlər, lakin hesab edirlər ki, bu hüququn həyata keçirilməsi müddəti bitib. “İpoteka haqqında” Qanununa görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir (maddə 43.8). Həmin Qanuna görə, “əldə etmə” deyiləndə 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi barədə protokolun imzalanması nəzərdə tutulur, bu protokol müqavilə qüvvəsinə malikdir (maddə 43.7-1). xx.xx.2021-ci il tarixdə təkrar hərracın baş tutmadığı elan edilib, bu tarixdən 4 ay 7 gün sonra - xx.xx.2021-ci ildə ipoteka predmetinin əldə edilməsi barədə protokol imzalanıb. Göründüyü kimi, protokol 30 təqvim günü keçdikdən sonra imzalanıb. Lakin müəyyən olunur ki, bank ipoteka predmetinin əldə edilməsi barədə iradəsini 30 təqvim günü ərzində ifadə edib. Belə ki, “Birja yenilikləri” qəzetində xx.xx.2021-ci il tarixdə təkrar hərracın baş tutmaması barədə elan dərc edilib. Həmin tarixli məktubla hərrac təşkilatı banka müraciət edərək təklif edib ki, ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə alsın. Bank isə təkifə cavab olaraq hərrac təşkilatının direktoruna xx.xx.2021-ci il tarixli **********757 nömrəli məktub göndərərək xahiş edib ki, ipoteka predmetinin əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və ipoteka predmetinin bankın adına rəsmiləşdirilməsi barədə göstəriş versin. Həmin məktubun üzərindəki qeyddən görünür ki, məktub xx.xx.2021-ci ildə, yəni təkrar hərracın baş tutmamış elan edilməsindən 20 gün sonra hərrac təşkilatına daxil olub. Bu isə onu təsdiq edir ki, protokolun 30 təqvim günündən sonra imzalanmasına səbəb hərrac təşkilatının protokolu imzalamaqdan yayınması olub. Çünki bank ipoteka saxlayan kimi etməli olduğunu edib, yəni təklifə müsbət cavab verib, qanunvericilik bankın üzərinə başqa hərəkəti etmək vəzifəsi qoymayıb. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2022-ci il tarixli qərardadının əsaslandırıcı hissəsinin 57-ci abzasında qeyd olunub ki, hərrac təşkilatı protokolu imzalamaqdan yayındığı halda ipoteka saxlayan “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Protokolun 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi hazırkı işin halı kimi müəyyən edilə bilər, bunun üçün ayrıca iddia qaldırılmasına zərurət yoxdur. Çünki protokol artıq mövcuddur, hərrac təşkilatının protokolu 30 günlük müddət ərzində imzalamaqdan yayınması isə aşkardır. Mülki Məcəllənin 405.2-ci maddəsinə görə, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Hərrac təşkilatı 30 günlük müddət ərzində oferta göndərib, bank isə 30 günlük müddət ərzində onu aksept edib. Beləliklə, hazırkı işin halı kimi protokol 30 günlük müddət ərzində imzalanmış hesab edilməli və ipotekaya xitam verilməsi barədə tələb əsassız sayılmalıdır. İddia ərizəsindəki digər tələblərin həlli ipotekaya xitam verilməsi barədə tələbdən asılı olduğuna görə həmin tələblər də əsassız sayılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd etsə də, qətnamə ləğv edilməli və iddianın yuxarıda göstərilən əsasla rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı ona görə rədd edib ki, hərrac etibarlıdır, yəni hərracın etibarsızlığı barədə mübahisə yoxdur, hazırkı iddia isə hərracın etibarsız hesab edilməsindən sonrakı prosessual hərəkətdir. Belə əsaslandırma düzgün deyil. İddiaçılar hərracı etibarlı sayırlar. İddia onunla əsaslandırılıb ki, bank ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququnu qanunla müəyyən edilmiş müddətdə həyata keçirməyib. Əgər iddiaçılar hərracı etibarsız saysayıdılar, bankın belə hüququnun olduğunu da qəbul etməzdilər, çünki həmin hüquq hərrac etibarlı olduğu halda yaranır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayətləri qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı1 cavabdehlər Binəqədi Rayon İcra Şöbəsi və Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka yüklülüyünə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və mülkiyyət hüququnu təsdiq edən reyestr çıxarışının qaytarılması, bankın mülkiyyət hüququna dair reyestr qeydinin və çıxarışının ləğv edilməsi barədə” iddiası rədd olunsun. İddiaçı2 Qafil qızının cavabdehlər Binəqədi Rayon İcra Şöbəsi və Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka yüklülüyünə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və mülkiyyət hüququnu təsdiq edən reyestr çıxarışının qaytarılması, bankın mülkiyyət hüququna dair reyestr qeydinin və çıxarışının ləğv edilməsi barədə” iddiası rədd olunsun. İddiaçı3 cavabdehlər Binəqədi Rayon İcra Şöbəsi və Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka yüklülüyünə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və mülkiyyət hüququnu təsdiq edən reyestr çıxarışının qaytarılması, bankın mülkiyyət hüququna dair reyestr qeydinin və çıxarışının ləğv edilməsi” iddiası rədd olunsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar