Məhkəmə qərarları › İş №2(103)-4128/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4128/2023

18.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4128/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əmrlərin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, e-2(006)-958/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, F-368№-li İntizam tənbehi barədə Əmrin surətindən görünür ki, Bakı şəhəri 179 nömrəli tam orta məktəbin direktoru İddiaçı məktəbdən kənarda baş vermiş, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış, qanunvericiliyə uyğun olaraq hüquqi qiymət verilmiş hadisə barəsində Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə razılaşırmadan Space televiziya kanalına açıqlama vermiş, nəticədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin “İctimaiyyətlə əlaqələr işinin səmərəliliyinin artırılması və informasiya mübadiləsinin təmin olunması barədə” əmrinin 5.6-cı və 5.7-ci bəndlərinin tələblərini pozmuş, bununla da ona əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə töhmət verilmişdir. xx.xx.2022-ci il tarixli, 114№-li məktubdan görünür ki, 179 nömrəli tam orta məktəbin direktoru İddiaçı ona verilən xx.xx.2022-ci il tarixli, F368№-li əmrə münasibətdə bildirmişdir ki, o, əmrdə qeyd edildiyi kimi Space kanalına, hətta həmin vaxt məktəb ərazisində olan Baku.tv kanalına da açıqlama verməmişdir. xx.xx.2022-ci il tarixli, K-1352№-li Əmək müqaviləsinin ləğv edilməsi barədə Əmrin surətindən görünür ki, Bakı şəhəri 179 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 18 noyabr 2022-ci il tarixdən ləğv edilmişdir. Əsas kimi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, 02/TQD-99-2825 nömrəli məktubu və Bakı şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixliİ, 80 nömrəli protokolundan çıxarışı və müvafiq sənədlər olmuşdur. İddiaçı tərəfindən verilən xx.xx.2022-ci il tarixli İzahatın surətindən görünür ki, 24-25 oktyabr 2022-ci il tarixində onun işdə olmamasının səbəbi Türkiyə Respublikasına müayinəyə getməyi olub. Bildirdiyinə görə o, əvvəlcədən lazımi sənədləri ümumi şöbəyə çatdırmış və “whatsapp” vasitəsilə kadrlar üzrə məsləhətçi Gülnar xanıma bildirmişdir. Sonradan onun məzuniyyət barədə sənədlərinə razılıq verilmədiyi barədə xəbər tutduqdan sonra o, işinə geri qayıtmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı göndərilən xx.xx.2022-ci il tarixli cavab məktubundan göründüyü kimi İddiaçı bir neçə dəfə pozuntulara yol vermişdir. Belə ki, ilk öncə o, məktəbdən kənarda baş vermiş, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış, qanunvericiliyə uyğun olaraq hüquqi qiymət verilmiş hadisə barəsində Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə razılaşırmadan Space televiziya kanalına açıqlama vermiş, bununla da açıqlamanın verilməsi hadisənin məktəbdə baş verməsinin təsdiqi kimi təqdim edilmişdir. Bundan başqa, 179 nömrəli məktəbə rəhbərlik etdiyi dövrdə məktəbin müəllimlərindən zərfdə pul almış, bu, məktəbin müşahidə kameraları vasitəsilə qeydə alınmış, həmçinin bunu o, öz izahatında da təsdiq etmişdir. Eyni zamanda, 24-xx.xx.2022-ci il tarixlərində üzrlü səbəb olmadan işdə olmamışdır. AR Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən 2021/2022-ci iş ili hesabına əmək məzuniyyətindən istifadə edilməyən 4 təqvim günündən 24-28 oktyabr 2022-ci il tarixlərində əvəzgün olaraq istifadə etməsi ilə bağlı məsələnin həlli məqsədəuyğun hesab edilməmiş və xx.xx.2022-ci il tarixində onunla əlaqə saxlanılaraq bu barədə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli Aktların surətlərindən görünür ki, məktəbin direktoru İddiaçı 24- 25 oktyabr 2022-ci il tarixlərdə üzrlü səbəb olmadan işdə olmamışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 80 nömrəli protokolundan Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli təqdimatı təmin edilmiş və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhəri üzrə Təhsil İdarəsinin 1352№-li, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmri, inzibati tənbeh barədə F-368 №-li əmrin ləğv edilərək onun işə bərpa olunmağı və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə təqdim edərək, Azərbaycan Respublikası Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnzibati tənbehi barədə xx.xx.2022-ci il tarixli F-368№-li əmrinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-1352 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrinin ləğv edilərək onun işə bərpa olunmağı və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci ildə 13№li məktəbdə müəllimə, xx.xx.1986-cı il tarixdə 24№li məktəbdə müəllimə, xx.xx.1987-ci il tarixdə Təhsil şöbəsində əmək təlimi üzrə metodist, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhər 34№li məktəbdə direktor vəzifəsində işləmişdir. xx.xx.2017-ci il tarixdən 205-№li məktəbin direktoru, xx.xx.2018-ci il tarixdən 15 iyul 2019-cu il tarixədək Bakı şəhəri, 179 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Daha sonra bağlanmış müddətli əmək müqaviləsinin müddəti 15 iyul 2020-ci il tarixədək, sonra isə 15 iyul 2021-ci il tarixədək bir il müddətinə uzadılmışdır. Məktəb iki korpusdan ibarətdir, hər iki korpusun idarə olunmasına, daxili nizam-intizam qaydalarına əməl olunmasına işlədiyi müddətdə ciddi nəzarət etmişdir. Lakin, xx.xx.2022-ci ildə onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. O, cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1629/k saylı əmrlə razılaşmır. Belə ki, o, əmək müqaviləsi ilə üzərinə düşən əmək funksiyalarını tam icra etmişdir. İş zamanı əmək vəzifələrini pozmamışdır. Belə ki, onun tərəfindən 5 oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə məktəbin 4 fiziki tərbiyə müəllimindən pul almağına dair əsassız iddialar var. Ona müəllimlər pul olan zərfi verərkən o, onun içərisində həqiqətən pul olduğunu bilmirdi, zərfi götürən zaman ona içərsində şikayət ərizəsi olduğunu dedilər, o da həmin zərfi şikayət ərizəsinə baxmaq, məlumatlanmaq üçün qəbul etdi. Otağında zərfi açıb baxdıqda içərisində pul olduğunu gördü və bununla əlaqədar xx.xx.2022-ci il tarixdə həmin 4 fiziki tərbiyə müəlliminin də iştirakı ilə 100 saylı akta əsasən ona verilmiş zərfdə olan pulu həmin müəllimlərə geri qaytardı. Bundan başqa, 24-25 oktyabr 2022-ci il tarixdə işdə olmamağının səbəbi Türkiyə Respublikasına müayinəyə getməyi olub. Belə ki, 20 oktyabr 2022-ci il tarixdə kadrlar üzrə məsləhətçi Gülnar Abbasovaya zəng edərək istifadə etmədiyi məzuniyyət günlərindən dörd gün (24- 27 oktyabr) tarixlərinə icazə almışdır. Həmin vaxt o, ona ərizəsinin və onu əvəz edəcək adamın ərizəsinin ona göndərməyini dedi. Növbəti gün özü və təlim–tərbiyə işləri üzrə direktor müavininin ərizələrini Bakı şəhəri üzrə Təhsil İdarəsinə göndərmişdir. Ərizələri aparan müəlliməyə dəfələrlə tapşırmışdır ki, ərizələr mütləq Gülnar xanımın özünə çatdırılsın. İdarəyə yaxınlaşan zaman ərizəni aparan müəlliməyə bildiriblər ki, Gülnar xanım işdə yoxdur. O, onunla əlaqə saxlayıb. O da ona demişdir ki, gözləsin və ya ərizələri polis nəfərinə versin. Polis məktubu götürməyib ki, özü ilə əlaqə saxlayın. Bir müddət gözlədikdən sonra nahar fasiləsi başlayıb. Qəbul otağında olanlar gələnə qədər hətta mühafizəçiyə deyib ki, ərizələri götürüb, insan resurslarına çatdırsın. Mühafizəçi imtina edib. Nahar fasiləsi bitdikdən sonra ərizələri qəbul otağında Nuridə xanıma verib və dediyinə görə məhz həmin gün Gülnar Abbasovaya çatdırmasını xahiş edəndə ona “narahat olmuyun, mütləq çatacaq” deyilib. Həmin müəllimlə onun vatsap yazışması da var. O, cari ilin iyun ayının 17-də və iyul ayının 25-də iki əməliyyat keçirmişdir. Hər ikisi narkozla və çox çətin olub, işlədiyi məktəbdə iş çoxluğunu və çətinliyini nəzərə alaraq o, xəstəxanadan çıxdıqdan sonra belə reabilitasiya üçün xəstəlik vərəqəsindən imtina etmişdir. Hər ikisindən sonra əmək məzuniyyətinin bir hissəsini götürmüşdür. BŞTİ-nə göndərdiyi ərizədə də qeyd etdiyi kimi müayinəyə ehtiyacı olduğu üçün qalan məzuniyyət günlərindən dörd gün üçün icazə verilsin ki, ümumi müayinəyə getsin. Bakı şəhər təhsil sistemində işlədiyi dövrdə hər zaman belə olub. Öncədən İR-na müraciət olunub. Əgər ərizə ilə müraciət edin deyiblərsə, bu razılıq kimi qəbul edilib. O da bu səbəbdən işə çıxmamışdır. 24 oktyabr 2022-ci il tarixdə G. Abbasovaya zəng vurub bildirəndə ki, icazə verilməyib o artıq hava limanında təyyarəyə minirdi. O, artıq qeydiyyat işlərini bitirmiş, baqajı da təhvil vermişdi. Yanında qızı və körpə uşaq da var idi. Biləndə ki, ona icazə verilməyib artıq geri dönə bilməzdi. İstanbula çatdıqda geri dönmək qərarı verdi və geri bilet almaq üçün müxtəlif aviaşirkətlərə müraciət etməli oldu. Elə həmin gün axşam (gecə saatlarında) həqiqətən bilet üçün hava limanında olduğu barədə vatsapla məkanı Gülnar xanıma göndərmişdir. Yalnız 25 oktyabr 2022-ci il tarixdə bilet tapmışdır və 26 oktyabr 2022-ci l tarixdə gecə saat 5-də geri dönüb saat 7:30-da işə çıxmışdır. Baxmayaraq ki, bileti hər iki istiqamətə idi. O, yeni bilet alaraq Bakıya geri dönmüşdür. BŞTİ-nə müraciət etdiyi məktuba isə rəsmi cavabı xx.xx.2022-ci il tarixdə almışdır. Həmin məktubu idarənin əməkdaşı T.Mahmudovanın göstərişinə əsasən məktəbin katibəsi onun “whatsapp” ünvanına şəklini atıb. İşlədiyi dövrdə o, heç vaxt bir gün belə işdən səbəbsiz qalmamışdır. Əksinə, hər gün saat 7:30-dan axşam saat 19:00-dək (hətta 21:00-dək) işdə olmuşdur. Hər zaman subardinasiyaya böyük önəm vermişdir. Bütün bunlardan başqa xx.xx.2022-ci il tarixli əmrə əsasən BŞTİ-nin “İctimayyətlə əlaqələr işinin artırılması və informasiya mübadiləsinin təmin olunması barədə” əmrin 5.6-cı və 5.7-ci bəndlərinə əsaslanaraq ona töhmət verilib. Töhmət verilməsinə səbəb olan hadisə o olub ki, məktəbdən kənarda deyilənə görə məktəbin giriş qapısında məktəbin şagirdlərinə naməlum bir qadın tərəfindən konfet şəklində narkotik vasitə paylanılmışdı. Əmrdə bildirilir ki, o, bu hadisə ilə bağlı BŞTİ-si ilə razılaşdırılmadan " Space" kanalına açıqlama vermişdir. Halbuki, bu da səhv məlumatdır. O, nəinki “Space” kanalına, hətta həmin vaxt məktəb ərazisində olan Baku.tv kanalında belə açıqlama verməmişdir. Hər iki videosujetdə jurnalistlər onun açıqlama verməkdən imtina etdiyini bildirirlər. Hadisə xx.xx.2022-ci il tarixdə baş vermişdir. Elə həmin vaxt da o, 11:18-də və 11:58-də ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovla əlaqə saxlayıb olanlar barədə məlumat vermişdir və nə edəcəyini soruşmuşdur. İzahatında da bildirdiyi kimi o ona “ bu barədə ictimayyətə açıqlama vermək məktəbin səlahiyyəti daxilində deyil. Bu barədə mediaya açıqlama verməyin” demişdir. O da bu göstərişə əsasən hərəkət edərək məktəbin daxilində olmuşdur və mediya ilə görüşməmişdir. xx.xx.2022-ci il tarixdə ictimaiyyətlə əlaqədar sektorunun əməkdaşı Lalə Qarayeva olanlarla bağlı izahat yazmağını bildirdi. Elə həmin gün Outlook vasitəsi ilə onun və təlim-tərbiyə işləri üzrə direktor müavini Kənan Quliyevin izahatlarını BŞTİ-nə göndərmişdir. xx.xx.2002-ci il tarixli 98-N li əmrə əsasən tərbiyə işləri üzrə direktor müavini X8 Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq elan edilib. Onların tam açıqlanmasını izahatında göstərmişdir. Hadisə baş verən vaxt 43-cü polis bölməsinə müraciət etmək üçün belə o, ictimayyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovla razılaşdırmışdır. Yəni, özbaşına heç bir hərəkət eləməmişdir. Buna baxmayaraq iş yeri üzrə rəhbərlik əmək müqaviləsini ləğv etmiş və səbəb kimi guya onun 5 oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə məktəbin 4 (dörd) fiziki tərbiyə müəllimindən pul almağı, bununla da təhsil verənlərin adına və nüfuzuna, təhsil müəssisəsinin, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin işgüzar nüfuzuna xələl gətirməyi, 24-25 oktyabr 2022-ci il tarixlərdə üzrlü səbəb olmadan 2 (iki) tam iş günü işdə olmamağı və əmək vəzifələrini kobud şəkildə pozmağı bəhanələrinə qanunsuz əsaslanaraq onu işdən azad etmişlər. Həmçinin, bunun nəticəsi olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin 04 noyabr 2022-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Qeyd edilənləri nəzərər alaraq, Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqqında Əsasnamənin”13.4-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq, onunla bağlanmış əmək müqaviləsi təhsil müəssisənin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xx.xx.2022-ci il tarixdən ləğv edilməsi əmri verilmişdir. Bu əmri əsassız və qanunsuz hesab edir. Buradan da aydın görünür ki, rəhbərlik bütün bu qanunsuzluqları qərəzli şəkildə etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, 179№-li orta məktəbdə idman müəllimi işləyir. İddiaçını tanıyır. 2018-ci il tarixdə onunla eyni vaxtda məktəbə gəlmişlər. Onunla eyni vaxtdan işlədiyinə, həm də gənc kadr kimi ona diqqət göstərdiyinə görə Bayaz xanımın xətrini çox istəmişdir. 5 oktyabr Müəllimlər günü münasibətilə məktəbin 4 idman müəllimi yığışıb Bayaz xanımı təbrik etmək qərarına gəldilər və hərəsi 50 manat olmaqla, cəmi 200 manat məbləğində pulu zərfin içərisinə qoyub Bayaz xanıma verdilər və verəndə də onların şikayət ərizələrinin olduğunu bildirdilər. Səhəri gün Bayaz xanım onları otağına dəvət etdi və bildirdi ki, onlar səhv iş görüblər. Buna ehtiyac yox idi. Pulları onlara geri qaytarmış, bununla bağlı protokol tərtib olunmuşdur. Hətta bundan sonra onlara tənbeh də verilmişdir. Digər hadisə ilə bağlı isə qeyd etmişdir ki, onun evi şöbəyə yaxın olduğundan məktəbin şöbəyə çatdırılması bütün sənədlərini o aparıb şöbəyə təhvil vermişdir. Bayaz xanımın da məzuniyyət məsələsi ilə bağlı sənədi oktyabrın 21-i tarixində aparıb ümumi şöbədə Nuridə xanıma təhvil vermişdir. Nuridə xanıma təhvil verib qəbul etdi barəsində sənəd almamışdır. Bildirmişdir ki, ümumiyyətlə sənədləri təhvil verəndə şöbədə onun adı qeyd olunur və ona qəbul edilmə barədə hər hansı sənəd təqdim olunmur. Oktyabrın 21də sənədi verdikdən sonra həmin sənədin nəticəsi barədə ondan hər hansı bir məlumat olmamışdır. Əlavə olaraq, məktəbin sənədlərinin ümumi şöbəyə verilməsi ilə bağlı onun hər hansı bir səlahiyyəti olmamışdır. Sadəcə evi yaxın olduğu üçün sənədləri o aparıb təhvil verirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, e-2(006)- 958/2023 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 72, 186; Azərbaycan Respublikası MPM-in 9.1, 9.3, 14.2, 76.1, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələri ilə əsaslandıraraq belə nəticəyə gəlmişdir ki, İddiaçı 29 sentyabr 2022-ci il tarixində təhsil müəssisəsindən kənarda baş vermiş, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış, qanunvericiliyə uyğun olaraq hüquqi qiymət verilmiş hadisə ilə bağlı açıqlama vermişdir. İddiaçı həmin tarixdə heç bir kanala açıqlama vermədiyini iddia etmişdir. Lakin, məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, irəli sürülmüş iddia tələbi xx.xx.2022-ci il tarixli F-368№-li əmrin ləğv edilməsi hissəsində yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan və qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. İddiaçı 21 oktyabr 2022- ci il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsinə ərizə ilə müraciət edərək 2021/2022-ci iş ili üzrə istifadə etmədiyi əmək məzuniyyətindən istifadə etməsinə dair icazənin verilməsini xahiş etmişdir. Lakin, həmin ərizəyə rəsmi cavab verilməsini gözləmədən (hansı ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı əmək məzuniyyətinə çıxmasına razılıq verilməmişdir) 24-25 oktyabr 2022-ci il tarixlərində üzrlü səbəb olmadan 2 tam iş günü işdə olmamışdır. Bununla da onun tərəfindən vəzifə öhdəlikləri kobud şəkildə pozulmuşdur. Məhkəmə hesab etmişdir ki, işçi İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, K-1352№-li Əmr qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyindən, iddiaçının həmin hissədə də tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddianın işə bərpa, itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi hissələrinə münasibətdə qeyd etmişdir ki, həmin tələblər xx.xx.2022-ci il tarixli, K-1352№-li Əmrin ləğv edilməsi tələbi ilə bağlıdır və həmin tələbin təmin olunubolunmamasından asılıdır. Həmin hissədə də iddia tələbi rədd edildiyi üçün digər tələblər də rədd edilməlidir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən heç bir ciddi pozuntuya yol verilmədiyindən hesab edilir ki, işin hazırki halında ona qarşı işə götürən ayrı-seçkiliyə yol vermişdir. İş materiallarında olan əmr və onun əsasını təşkil edən Həmkarlar İttifaqı təşkilatının təqdimatında onun iki gün müddətində işdə olmaması nəticəsində məktəbin iş rejiminin pozulmasının nədən ibarət olması əsaslandırılmamışdır. Onun işdə olmaması isə kobud pozuntu kimi qiymətləndirilməməlidir. Belə ki, işdə olmadığı müddətdə məktəb əvvəlki rejimdə işləmiş və məktəbdə hər hansı qayda və ya qanun pozuntusuna yol verilməmiş, əmək və icra intizamının normal ahəngi pozulmamış mülkiyyətçinin, işə götürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Bununla yanaşı səfəri ilə bağlı Bakı şəhər Təhsil İdarəsinə məlumat vermişdir. Hesab edir ki, onun yazılı qaydada müraciət etməsinə və Türkiydən dərhal geri qayıtması, işə götürən tərəfindən hər bir halda nəzərə alınmalı idi. Həmin ilin yay aylarında iki dəfə əməliyyat olunması barədə Bakı Şəhər Təhsil İdarəsində də məlumat vardır. Həmkatlar İttifaqı təşkilatında onun məsələsinə baxılmağı barədə məlumat verilməmiş və iştirakı olmadan baxılıb qərar qəbul edilmişdir. Hesab edir ki, Həmkarlar İttifaqı təşkilatı onu dinləyib qərar qəbul etməli idi. Göründüyü kimi X1 məsələsinə səthi baxılmış, iştirakı təmin edilmədiyindən mövqeyini bildirmək imkanı olmamışdır. İclas keçirilən gün işdə olmuşdur. Həmkarlar təşkilatının iclasının keçirilməsi barədə məhkəmə baxışında xəbərdar olmuşdur. İclasın keçirilməsi barədə xəbərdar olmasını təsdiq edən sənədlər isə iş materialına əlavə edilməmişdir. Həmçinin işə götürən tərəfindən ona Töhmət verilməsi ilə də razı deyil, belə ki, həmin tənbeh tətbiqinə dair xx.xx-2022-ci il tarixli Əmrdə qeyd edilmişdir ki, guya səlahiyəti olmadan Kütləvi İnformasiya vasitələrinə müsahibə vermişdir. İş materialları ilə təsdiq edilir ki, Kütləvi İnformasiya vasitəsinə müvaini Kənan müəllim müsahibə vermiş və nəticədə də tərəfindən ona “Xəbərdarlıq” tənbehi verilmişdir. Hesab edir ki, ona münasibətdə verilmiş hər iki əmr qanunsuzdur. Nəsimi rayon məhkəməsi dindirilmiş şahidin ifadəsinə qiymət verməmişdir. Həmçinin dəvət edilən digər şahidləri də dindirməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halı hesab edilir. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, xx.xx.2022-ci il tarixli əmrə əsasən BŞTİ-nin “İctimayyətlə əlaqələr işinin artırılması və informasiya mübadiləsinin təmin olunması barədə” əmrin 5.6-cı və 5.7-ci bəndlərinə əsaslanaraq ona əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə iddiaçıya töhmət verilmişdir. Əmrdə göstərilmişdir ki, iddiaçı məktəbdən kənarda baş vermiş, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış, qanunvericiliyə uyğun olaraq hüquqi qiymət verilmiş hadisə barəsində Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə razılaşırmadan Space televiziya kanalına açıqlama vermiş, nəticədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin “İctimaiyyətlə əlaqələr işinin səmərəliliyinin artırılması və informasiya mübadiləsinin təmin olunması barədə” əmrinin 5.6-cı və 5.7-ci bəndlərinin tələblərini pozmuşdur. İddiaçı apellyasiya şikayətində töhmət verilməsinə səbəb olan hadisənin, yəni, məktəbdən kənarda deyilənə görə məktəbin giriş qapısında məktəbin şagirdlərinə naməlum bir qadın tərəfindən konfet şəklində narkotik vasitə paylanılması ilə bağlı BŞTİ-si ilə razılaşdırılmadan " Space" kanalına açıqlama verdiyi barədə məlumatın səhv olduğunu göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya İddiaçı barədə xx.xx.2022-ci il tarixli əmrin verilməsinə əsas 29 sentyabr 2022-ci il tarixində təhsil müəssisəsindən kənarda baş vermiş, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış, qanunvericiliyə uyğun olaraq hüquqi qiymət verilmiş hadisə ilə bağlı açıqlama verməsi olmuşdur ki, iddiaçı da həmin tarixdə heç bir kanala açıqlama vermədiyini bildirməyinə baxmayaraq məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi də zəruri sayır ki, iddiaçının göstərdiyi bu dəlil özünə münasibətdə doğru olsa da belə, apellyasiya şikayətində göstərdiy kimi onun müavini olan Kənan adlı şəxsin göstərilən məsələ ilə bağlı müsabihə verməsi faktı da özüözlüyündə iddiaçının məsuliyyətdən kənar qalmasına əsas yaratmır. Belə ki, göstərildiyi kimi Kənan adlı şəxs iddiaçının müavini olaraq verdiyi müsahibə ilə bağlı məsuliyyəti həmçinin rəhbər kimi iddiaçının üzərində də qalır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, irəli sürülmüş iddia tələbi xx.xx.2022-ci il tarixli F-368№-li əmrin ləğv edilməsi hissəsində yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan və qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, bu iddia tələbi təmin edilə bilməz. İddiaçı barəsində xx.xx.2022-ci il tarixli əmrin verilməsinə əsas isə işin materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı göndərilən xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilən iddiaçının bir neçə dəfə pozuntulara yol verməsi olmuşdur. Belə ki, ilk öncə o, məktəbdən kənarda baş vermiş, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış, qanunvericiliyə uyğun olaraq hüquqi qiymət verilmiş hadisə barəsində Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə razılaşırmadan Space televiziya kanalına açıqlama vermiş, bununla da açıqlamanın verilməsi hadisənin məktəbdə baş verməsinin təsdiqi kimi təqdim edilmişdir. Bundan başqa, 179 nömrəli məktəbə rəhbərlik etdiyi dövrdə məktəbin müəllimlərindən zərfdə pul almış, bu, məktəbin müşahidə kameraları vasitəsilə qeydə alınmış, həmçinin bunu o, öz izahatında da təsdiq etmişdir. Eyni zamanda, 24-xx.xx.2022-ci il tarixlərində üzrlü səbəb olmadan işdə olmamışdır. Həmçinin sözügedən əmrin verilməsinə əsaslardan biri də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı göndərilən xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilən hal, yəni onun tərəfindən 2021/2022-ci iş ili hesabına əmək məzuniyyətindən istifadə edilməyən 4 təqvim günündən 24-28 oktyabr 2022-ci il tarixlərində əvəzgün olaraq istifadə etməsi ilə bağlı məsələnin həlli məqsədəuyğun hesab edilməməsi və xx.xx.2022-ci il tarixində onunla əlaqə saxlanılaraq bu barədə məlumat verilməsi olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin digər hallarından görünür ki, iddiaçı 21 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsinə ərizə ilə müraciət edərək 2021/2022-ci iş ili üzrə istifadə etmədiyi əmək məzuniyyətindən istifadə etməsinə dair icazənin verilməsini xahiş etmiş, həmin ərizəyə rəsmi cavab verilməsini gözləmədən 24-25 oktyabr 2022-ci il tarixlərində üzrlü səbəb olmadan 2 tam iş günü işdə olmamışdır. Halbuki, işin materiallarından görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı əmək məzuniyyəti günlərindən əvəzgün olaraq istifadə etməsi məqsədəuyğun hesab edilməmiş, bu barədə İddiaçı müvafiq cavab məktubu ünvanlanmış, buna baxmayaraq İddiaçı vəzifə öhdəliklərini kobud şəkildə pozaraq işə gəlməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının işdə olmamasının kobud pozuntu kimi qiymətləndirilməməsi, işdə olmadığı müddətdə məktəb əvvəlki rejimdə işləmiş və məktəbdə hər hansı qayda və ya qanun pozuntusuna yol verilməməsi, əmək və icra intizamının normal ahəngi pozulmaması, mülkiyyətçinin, işə götürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməməsi kimi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halı hesab edilir. Göründüyü kimi qanunvericilikdə dəqiq göstərilmiş hallar istisna olmaq işçinin bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halı hesab edilir. İddiaçı isə işdə olmamasını qəbul etmiş, lakin maddənin tələblərinə əsasən kobud pozuntunu istisna edən hallar barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən vəzifə öhdəlikləri kobud şəkildə pozulması halına yol verməsinə dair nəticəsi işin araşdırılmış hallarına uyğun olduğundan iddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, K-1352№-li Əmr qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyindən, iddiaçının həmin hissədə tələbi əsassızdır və təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə istinad edilən normaların tələblərinə eləcə də işin faktiki hallarına uyğun olmuşdur. Bununla yanaşı, iddianın işə bərpa, itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi hissəsi, xx.xx.2022-ci il tarixli, K-1352№-li Əmrin ləğv edilməsi tələb ilə bağlı olmuşdur və həmin hissədə də iddia tələbi rədd edildiyi üçün digər tələblərində təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək iddiaçının apellyasiya şikayətinin həmkatlar İttifaqı təşkilatında onun məsələsinə baxılmağı barədə məlumat verilməməsi və iştirakı olmadan baxılıb qərar qəbul edilməsi kimi dəlilləri ilə də razılaşmır. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022ci il tarixli iclasında təqdimatda qeyd olunmuş məsələlər müzakirə olunmuş və təqdimat təmin olunaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsini hazırlıq iclasında (səh.95a) iştirak edən iddiaçı izahatında bildirmişdir ki, “İlahə Talıbova gəldi dedi ki, Həmkarlar İttifaqının iclası olacaq, mən də dedim gəlməyəcəm, bu o demək deyildir ki, mənə xəbərdarlıq edilməməlidir.” Göründüyü kimi iddiaçının Həmkarlar İttifaqının iclası barədə məlumatı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən dindirilmiş şahid ifadəsinə düzgün qiymət verilməməsinə dair dəlili ilə bağlı hesab edir ki, şahid ifadəsi iddianın əsaslı olmasını təsdiq etmədiyi üçün birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq şahid ifadəsi sübut kimi qiymətləndirilməmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, e-2(006)- 958/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar