Məhkəmə qərarları › İş №2(103)-4128/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4128/2024

10.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4128/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Abşeron Rayon Mərkəzi Xəstəxanası" X12 Cavabdeh qarşı iş üzrə (Açar sözlər:maddi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi X6 və cavabdehin nümayəndəsi (oğlu) Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı "Abşeron Rayon Mərkəzi Xəstəxanası" X18 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 10 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X12 İlkin Səhiyyə Xidmətləri şöbəsi Xırdalan Ailə Sağlamlıq Mərkəzində xəstəxanaya məxsusluğu "xxxx" MMC-nin 2014-cü il tarixli ÇBT/3 280404 seriya nömrəli qaimə-fakturasına əsaslanan generator mövcud olmuşdur. Generator Cavabdeh tərəfindən təmir məqsədilə ustaya verilmiş və usta isə həmin generatoru təmir məqsədilə götürərək geri qaytarmamışdır. Cavabdeh Abşeron RPİ-yə Rahib Hüseynov adlı şəxs tərəfindən generatorun qaytarılmaması ilə bağlı müraciət etmiş, şikayət əsasında cinayət işi başlanmış və araşdırma aparılmaqdadır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "Abşeron Rayon Mərkəzi Xəstəxanası" X18 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X12 mülkiyyəti hesab olunan generatorun Cavabdeh tərəfindən eyni növ generatorla əvəz edilməsi, bu mümkün olmadıqda, Cavabdeh vurulmuş maddi ziyan əvəzi olaraq 25 627 manat (iyirmi beş min altı yüz iyirmi yeddi manat) pul məbləğinin və 200 manat (iki yüz manat) mediasiya üçün ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X12 Dəstək Xidmətləri şöbəsinin müdiri X7, Anbar bölməsinin müdiri X10, Satınalma şöbəsinin müdiri X9, Təsərrüfat bölməsinin baş təsərrüfat bacısı X3, Xırdalan Ailə Sağlamlıq Mərkəzinin (ASM-nin) bölmə müdiri Cavabdeh Zeyneddin qızı "Abșeron Rayon Mərkəzi Xəstəxanası"nın nəzdində olan Xırdalan Ailə Sağlamlıq Mərkəzinə baxış keçirilərkən məlum olmuşdur ki, ASM-ə məxsus olan generator yerində yoxdur. Bu barədə dərhal akt tərtib olunmuşdur. “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X18n mülkiyyətinə olan 1 (bir) ədəd böyük generatorun yerində olmaması faktından sonra Xırdalan ASM-nin bölmə müdiri Cavabdeh rəsmi icazə olmadan generatoru generator ustası Rahib Hüseynova təmirə verdiyini, Rahib Hüseynovun isə dələduzluq edərək generatoru geri qaytarmadığını əsas gətirmiş, bu səbəbdən məsuliyyəti öz üzərindən ataraq zərərin əvəzinin könüllü ödənilməsindən boyun qaçırmışdır. Belə ki, "xxxx" MMC-nin 2014cü il tarixli ÇBT/3 280404 seriya nömrəli qaimə fakturasının surətinə əsasən, generator o dövrkü bazar qiyməti ilə 25 627 AZN (iyirmi beş min altı yüz iyirmi yeddi manat) məbləğində satın alınmışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1121/2024 saylı qətnaməsi ilə (hakim V.Musayeva) iddia rədd edilmişdir.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı dəymiş zərərə görə məsul şəxsin Rahib Hüseynov olması məlum olduğu halda ona qarşı tələb irəli sürməmişdir. İş materiallarından və tərəflərin izahatlarından da aydın olduğu kimi cavabdeh tərəfindən generatorun təmiri öz hesabına həyata keçirilmiş, bundan əlavə onun generatoru həvalə etdiyi şəxs olan X4 barəsində cinayət işi açılmışdır. Bütün bu sadalananlardan göründüyü kimi hazırkı mülki iş üzrə delikt törədən cavabdeh deyil. Beləliklə, məhkəmə bu qənaətə gəlmişdir ki, Cavabdeh nasaz vəziyyətdə olan generatoru təmir məqsədilə ustaya verməsi əməli qanuna zidd olmamış və onun tərəfindən işəgötürənə ziyan vurmaq məqsədi daşımamışdır.

6. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.2-ci, Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi, 191, 192, 199, 200, 205-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” və 22 may 2023- cü il tarixli“təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərarların hər ikisində də görünür ki, Cavabdeh generatorun özünə aid olduğunu göstərmiş, R.Hüseynovun onu aldadaraq 26000 manat dəyərində generator və 2200 manat təmir üçün verilən məbləğ olmaqla, ümumilikdə 28200 AZN dəyərində maddi ziyan vurmaqla ona qarşı dələduzluq etdiyini bildirmişdir. Buradan da aydın olur ki, cavabdeh 2023-cü ildə sözügedən generatorun dəyərini özü də 26000 AZN müəyyənləşdirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək cinayət işində sözügedən generatorun iddia predmeti olan generator olduğunu etiraf etmişdir. xx.xx.2024-cüü il tarixdə Elektron Məhkəmə Sisteminə əlavə etdiyimiz foto-şəkildən aydın olur ki, Generator EG-330 tipli, 16321 Seriya nömrəli və AVR WT-2, 221-400 VOLT, 476 AMPER, 36 EXCİTATİON VOLT gücdə generatordur. Məhkəmədə işə baxılan zaman verilmiş vəkil sorğusu əsasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdehə aid ********** nömrəsindən "xxxx" MMC-nin çağrı mərkəzinə generatorun daşınması üçün zəng daxil olmuş və generator Keşlə qəsəbəsində yerləşən “Avtocolour servis” ərazisinə daşınmışdır. Cavabdeh iddiaçı tərəfindən heç bir rəsmi tapşırıq və ya göstəriş olmadan, generatoru Rahib Hüseynova təmir üçün vermiş, bununla da 25 627 AZN dəyərindəki generator hər hansısa bir yolla mənimsənilmişdir. Lakin ortada işçinin işəgötürənə faktiki olaraq real ziyan vurduğu görünür. Məsul şəxs olmadığı halda etdiyi bu əməldə hər hansı bir niyyəti olmasından aslı olmayaraq, generator barədə heç bir öhdəliyi olmayan birinin generator barədə sərəncam verməsi ağlabatan, qanuni deyildir və real faktiki ziyan olaraq hesablanmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 72, bənd “C”. Təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191, bənd 2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda tam həcmdə maddi məsuliyyət daşıyır. Maddə 200, bənd 5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Maddə 205, bənd 2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

17. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik leytenantı Məlik Məlikov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Qərarın təsviri hissəsində göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu,K.Səfərəliyeva küçəsi ev12,mənzil 64-də yaşayan X2 xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək özünü usta kimi təqdim edən X5 təmir etmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, Ailə Sağlamlıq mərkəzində 2200 manat pul ödəməklə 26000 manat dəyərində olan generatoru Rahib Hüseynov aldadaraq generatoru və ona ödədiyi pulları ələ keçirərək ona 28200 manat maddi ziyan vurmaqla dələduzluq etdiyini göstərmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs X4 barəsində həbs qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilmişdir. Apellyasiya baxışı zamanı tərəflərin izahatına əsasən müəyyən olunmuşdur ki, hazırda təqsirləndirilən şəxs Rahib Hüseynov tutulmaqla istintaq təcridxanasında saxlanılır və cinayət işinin istintaqı davam edir.

19. Məhkəmə kollegiyası qeyd edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

20. Birinci instansiya məhkəməsi tədqiq olunan sübutlara məcmu halında qiymət verərək və sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək hesab etmişdir ki, araşdırma zamanı cavabdehin iddiaçya zərər vurulmasında təqsiri müəyyən edilməmişdir.

21. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh Xırdalan Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri vəzifəsində işləmiş, xəstəxanaya məxsus generatorun təmirə göndərilməsinə icazə verməkdə səlahiyyətli olmuşdur. Digər tərəfdən, cavabdeh özü də generatorun tapılmasında maraqlı olmuş, hadisə ilə bağlı polisə şikayət etmişdir.

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

23. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 19 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar