Məhkəmə qərarları › İş №2(103)-4129/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4129/2021

07.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4129/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqının ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 sentyabr 2020-ci il tarixli qətnamədən iş üzrə tərəflərin verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçının vəkili (nümayəndə) Nümayəndə1, cavabdeh MMC-nin vəkilləri (nümayəndələr) Nümayəndə3 və Nümayəndə2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Nizami Rayon Məhkəməsinə (bundan sonra – Rayon Məhkəməsi) müraciət etmiş iddiaçı, son nəticədə, onun 22.04.2014-cü il tarixdən 14.03.2016-cı il tarixədək MMC-də daimi əsaslarla baş icraçı direktor kimi işləməsi nəzərə alınmaqla MMC-dən onun xeyrinə baş İcraçı direktor kimi işlədiyi dövr ərzində ödənilməyən 503.404,53 manat əmək haqqının, gecikdirilmiş günlər üçün 1.837.426,53 manat ödəncin, istifadə olunmayan məzuniyyət günlərinə görə 10.958.07 manat pulun, MMC-nin qanunsuz hərəkəti nəticəsində ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 100.000 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC Bakı şəhər Vergilər Departamentinin Kommersiya X2 Qeydiyyatı İdarəsində 12.12.2012-ci il tarixdə, ********** saylı VÖEN-lə qeydiyyatdan keçmiş hüquq şəxsdir. MMC-nin Direktorlar Şurasının 04/DŞ/05.2013 saylı, 17.05.2013-cü il tarixli qərarı ilə iddiaçı, MMC-nin baş maliyyə direktoru vəzifəsinə təyin edilmiş və MMC-nin baş icraçı direktoru Kristofer Bannisterə onunla əmək müqaviləsinin bağlanmasının tapşırılması qərara alınmışdır. Həmin qərarın icrası olaraq MMC-nin baş icraçı direktoru Kristofer Bannisterlə onun arasında əmək funksiyasının baş maliyyə direktoru olması ilə bağlı 108 saylı, 17.05.2013-cü il tarixli "xxxx" bağlanmış, "xxxx" 01.06.2013-cü il tarixdə qüvvəyə minmişdir. “Əmək müqaviləsinin” 4.1.1-ci bəndinə əsasən iddiaçıya 11.462,69 manat aylıq əmək haqqı təyin edilmişdir. "xxxx" edilmiş 1 saylı, 10.07.2013-cü il tarixli dəyişikliyə əsasən 4.1.1-ci bənddə əmək haqqı 12.812,50 manat müəyyən edilmiş, illik fəaliyyətinin qiymətləndirilməsi nəticəsinə əsasən 3 aylıq maaş məbləğinə qədər illik bonusun ödənilməsi qərara alınmışdır.1 saylı dəyişiklik 01.06.2013-cü il tarixdə qüvvəyə minmişdir. MMC-nin Direktorlar Şurasının 14/DŞ/09/13 saylı, 16.09.2013- cü il tarixli qərarı ilə onun cəmiyyətin baş icraçı direktor təyin edilməsi tövsiyə edilmişdir. MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının 01/EGM/2014 saylı, 21.01.2014-cü il tarixli qərarı ilə Kristofer Bannisterin tutduğu vəzifədən azad edilməsi və baş maliyyə direktoru kimi əsas əmək funksiyası saxlanılmaqla baş icraçı direktor vəzifəsinə müvəqqəti təyin edilməsi qərara alınmışdır. Qeyd edilən qərar eyni tarixdə qüvvəyə minmişdir. "xxxx" edilmiş 2 saylı, 28.02.2014-cü il tarixli dəyişikliyə əsasən 1.1-ci bənd dəyişdirilərək müqavilə onunla MMC arasında bağlanmışdır. "xxxx" edilmiş 3 saylı, 01.12.2014-cü il tarixli dəyişikliyə əsasən 4.1.1-ci bəndlə əmək haqqı 12.812,50 manat saxlanılmaqla, 5.2-ci bəndə hər biri 500 manatdan olmaqla həyatın yığım sığortası müqaviləsinin bağlanacağı əlavə edilmişdir. "xxxx" edilmiş 4 saylı, 10.04.2015-ci il tarixli dəyişikliyə əsasən 4.1.1-ci bənddə nəzərdə tutulmuş əsas əmək funksiyasının yerinə yetirilməsi əvəzində hər ay 13.325,01 manat əmək haqqı müəyyən edilmişdir. MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının 01/EGM/2016 saylı, 14.03.2016-cı il tarixli qərarı ilə iddiaçının baş icraçı direktor vəzifəsindən azad edilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı yalnız əvvəlki əsas əmək funksiyasını, yəni baş maliyyə direktoru vəzifəsini icra etmiş və 26.04.2017-ci il tarixə kimi bu vəzifədə işləmişdir. Sadalananlarla və iddia ərizəsinə əlavə edilən sənədlərlə müəyyən edilir ki, iddiaçı, 21.01.2014-cü il tarixdən 14.03.2016-cı il tarixədək olan dövr üzrə MMC-nin həm baş maliyyə direktoru, həm də baş icraçı direktoru vəzifələrini icra etmiş, hər 2 vəzifə üzrə əmək funksiyalarını yerinə yetirmişdir. Buna baxmayaraq MMC, iddiaçıya yalnız baş maliyyə direktoru vəzifəsi üzrə əmək haqqı vermiş, baş icraçı direktor vəzifəsi üzrə əmək haqqı verməmişdir. Halbuki baş icraçı direktor vəzifəsinə təyin edilməzdən əvvəl iddiaçı ilə MMC-nin rəhbərliyi arasında aparılmış danışıqlar zamanı rəhbərlik tərəfindən bildirilmişdir ki, baş icraçı direktorun əmək haqqı 17.317,00 ABŞ dolları təşkil edir və bundan əlavə aylıq 2.500 manat və illik 4.000 ABŞ dolları birdəfəlik müavinətlər müəyyən edilib. Eyni zamanda ona təqdim edilmiş və daha əvvəl cəmiyyətin baş icraçı direktoru vəzifəsində işləmiş Kristofer Bannisterlə bağlanmış 001 saylı, 15.04.2013-cü il tarixli əmək müqaviləsində göstərilən əmək haqqı və müavinətlər əksini tapmışlar. Qeyd edilənlərlə bağlı əmək haqqının ödənilməsi üçün MMC-yə və MMC-nin təsisçilərinə 02.12.2017-ci il və 12.01.2018-ci il tarixlərdə rəsmi məktubla müraciətlər etsə də, həmin müraciətlərə cavab verilməmişdir. Eyni zamanda iddiaçı, MMC-yə və təsisçilərə 10.02.2017-ci il və 21.02.2017-ci il tarixlərdə elektron poçt vasitəsi ilə müraciətlər edib, əmək haqqının ödənilməsini xahiş etsə də, müraciətlərinə cavab verilməmişdir. Ona görə də iddiaçı cavabdeh MMC-dən onun xeyrinə ödəməli olduğu 503.404,53 manat əmək haqqı və əmək haqqı ödənilmədiyi üçün ödənilməli məbləğin işdən azad olunduğu gündən başlayaraq hər gün 1 faizi miqdarında ödənc ödənilməlidir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı mənəvi zərər çəkmiş və mənəvi zərərin dəyərini 100.000 manat məbləğində qiymətləndirərək həmin zərərin əvəzi də MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 02.09.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh MMC-dən iddiaçının xeyrinə əmək haqqı borcuna görə 410.529,50 manat, istifadə edilməyən məzuniyyət günlərinə görə 10.958,07 manat, 1.000.000 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutulmasını, qalan hissədə iddianın təmin olunmamasını qət etmişdir. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən həmin apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi mübahisələndirilən hissədə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Cavabdeh MMC-də öz növbəsində qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam rədd olunmasını xahiş etmişdir. MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MMC-nin Direktorlar Şurasının 04/DŞ/05.2013 saylı, 17.05.2013-cü il tarixli qərarı ilə İddiaçı MMC-nin baş maliyyə direktoru vəzifəsinə təyin edilib və bu barədə MMC ilə iddiaçı arasında 17.05.2013-cü il tarixli "xxxx" bağlanmışdır. MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının 01/EGM/2014 saylı, 21.01.2014-cü il tarixli qərarı ilə MMC-nin baş icraçı direktoru Christopher Bannister tutduğu vəzifədən azad edilmiş, iddiaçı isə həmin vəzifəyə müvəqqəti təyin edilmişdir. MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının 01/EGM/2016 saylı, 14.03.2016-cı il tarixli qərarı ilə isə iddiaçı həmin vəzifənin müvəqqəti icrasından azad edilmişdir. MMC-nin baş icraçı direktorunun şəbəkə texnologiyaları üzrə müavini X4 imzaladığı 26.04.2017-ci il tarixli, 550 saylı əmrlə iddiaçı ilə MMC arasında bağlanmış "xxxx" Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş və iddiaçı tutduğu vəzifədən azad edilmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, guya baş icraçı direktor vəzifəsinə təyin edilməzdən əvvəl onunla aparılmış danışıqlar zamanı MMC-nin rəhbərliyi tərəfindən baş icraçı direktorun əmək haqqı 17.317 ABŞ dolları təşkil edib və bundan əlavə aylıq 2.500 manat və illik 4.000 ABŞ dolları birdəfəlik müavinətlərin verilməsi müəyyən etmişdir. Bu həqiqətə uyğun deyil. Əgər həqiqətən də iddiaçı baş icraçı direktor vəzifəsinin icrasına başladığı vaxt, yəni 21.01.2014-cü il tarixdə belə bir söz verilsə idi, həmin vaxtdan sonra iddiaçı, baş icraçı direktor vəzifəsinə uyğun əmək haqqı almadığına görə iddia qaldıra bilərdi. Yəni iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi vaxt 21.01.2014-cü il tarixdən hesablanmalı idi. Bundan əlavə nəzərə alınmalıdır ki, iddiaçı 14.03.2016-cı il tarixli qərarla baş icraçı direktor vəzifəsinin müvəqqəti icrasından azad edildikdən sonra da bu cür iddia ilə bağlı məhkəməyə müraciət etməmişdir. İddiaçı, yalnız baş maliyyə direktoru vəzifəsindən 26.04.2017-ci il tarixdə azad edildikdən 1 il sonra bu cür iddia ilə məhkəməyə müraciət etmişdir. Qanunvericilik hər bir şəxsə digər şəxsdən hüquqlarının müdafiəsi üçün hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ verir və bu hüquqa müddət şamil edib. Lakin göstərilənlərə rəğmən, iddiaçı, qanunvericiliklə müəyyən edilmiş hüquqlarından bunun mümkün olduğu, əlçatan olduğu halda istifadə etməmiş, bununla da bu hüquqların müdafiəsi üçün tələb etmə müddətini ötürmüşdür. MMC həmçinin aşağıda qeyd edilənlərə görə iddia tələbləri ilə razılaşmır. Əvvəla, iddiaçı 21.01.2014-cü il tarixdə baş icraçı direktor vəzifəsinə müvəqqəti təyin edilən zaman onunla baş icraçı direktor kimi əmək müqaviləsi bağlanmamış, nə də iddiaçının göstərdiyi kimi onunla keçmiş baş icraçı direktor Christopher Bannisterlə bağlanan şərtlər əsasında müqavilə bağlanılacağı barədə fikir bildirilməmişdir. Ümumiyyətlə MMC, onunla əmək münasibətlərində olan istər rəhbərliyə, istərsə də digər vəzifələrdə çalışan hər bir şəxsə fərdi yanaşır, əməkdaşın bilik və bacarıqlarına uyğun onunla qarşılıqlı razılıq əsasında əmək müqaviləsi bağlayır. Baş icraçı direktor üçün müəyyən edilmiş əmək haqqı da həmin vəzifəyə uyğun olan hər bir şəxslə qarşılıqlı razılıq əsasında fərdi qaydada müəyyən edilir. Yəni MMC-nin iddiaçı qarşısında məhz Christopher Bannisterlə bağlanan şərtlər əsasında müqavilə bağlayacağı ilə bağlı öhdəliyi yoxdur. Bütün bunlara baxmayaraq MMC həmçinin bildirir ki, o, əməkdaşlarının öz vəzifə səlahiyyətlərini layiqincə icra etməyə görə mükafatlandırır, zərurət olduqda əmək haqqları artırılır. İddiaçı ilə MMC arasında bağlanmış 10.07.2013-cü il tarixli "xxxx" 1 saylı dəyişikliyə və 10.04.2015-ci il tarixli dəyişikliklərə əsasən iddiaçının əmək haqqı artırılmışdır. Bundan əlavə tərəflər arasında imzalanan 01.12.2014-cü il tarixli 3 saylı dəyişikliyə əsasən MMC iddiaçının xeyrinə “Atəşgah” həyat sığorta şirkəti ilə, aylıq sığorta haqqı 500 manat olmaqla həyatın yığım sığortası bağlamışdır. İddiaçı ilə bağlanmış "xxxx" xitam verilən zaman MMC tərəfindən iddiaçıya son haqq-hesab verilmişdir. Göründüyü kimi, iddia əsassızdır və iddiaçı iddia müddətini də ötürmüşdür. Lakin işin qeyd edilən hallarını nəzərə almayan Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi hallarına yol vermiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlməmişdir. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bu şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdeh MMC-nin vəkilləri (nümayəndələri) Nümayəndə3 və Nümayəndə2 apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və təmsil etdikləri MMC-nin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bu şikayətinin məzmununa uyğun izahat verdilər. Məhkəmə hər iki apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə qismən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh MMC hüquqi şəxs kimi 12.12.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir. MMC-nin təsisçiləri "xxxx" MMC (nizamnamə kapitalındakı payı 63,14 %) və "xxxx" MMC-dir (nizamnamə kapitalındakı payı 36,86 %). İşəgötürən olan Cavabdeh MMC ilə işçi olan İddiaçı arasında bağlanmış 17.05.2013-cü il tarixli, 108 saylı "xxxx" görünür ki, İddiaçı MMC-yə baş maliyyə direktoru vəzifəsinə təyin olunmuşdur. Həmin "xxxx" 1 saylı, 10.07.2013-cü il tarixli dəyişiklikdən görünür ki, müqavilənin 4.1.1. bəndi aşağıdakı redaksiyada verilmişdir: “4.1.1. İşəgötürən bu müqavilənin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsi əvəzində işçiyə 12.812.50 manat ümumi əmək haqqı ödəyir”. MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının 01/EGM/2014 saylı, 21.01.2014-cü il tarixli qərarından görünür ki, MMC-nin baş icraçı direktoru Christopher Bannister tutduğu vəzifədən azad edilmiş və həmin tarixdən MMC-nin baş icraçı direktoru vəzifəsinə 21.01.2014-cü il tarixdən İddiaçı müvəqqəti təyin olunmuşdur. MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının 01/EGM/2016 saylı, 14.03.2016-cı il tarixli qərarından görünür ki, MMC-nin baş icraçı direktoru İddiaçı tutduğu vəzifədən azad edilmiş və onun MMC-nin baş icraçı direktoru kimi səlahiyyətinə xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hazırki iş üzrə verdiyi 04.02.2020-ci il tarixli, 13809 saylı rəyindən görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh MMC-dən icraçı direktor işlədiyi dövr ərzində ödənilməyən 503.404,53 manat əmək haqqının, gecikdirilmiş günlər üçün 1.837.426,53 manat ödəncin və 100.000 manat mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, MMC-nin Direktorlar Şurasının 04/DŞ/05.2013 saylı qərarı ilə MMC-nin Baş icraçı direktoru Kris Banitser ilə İddiaçı arasında 17.05.2013-cü il tarixli, 108 saylı "xxxx" bağlanmışdır. Tərəflər arasında bağlanmış həmin müqavilədə göstərildiyi kimi, İddiaçı Baş maliyyə direktoru vəzifəsinə təyin edilir və müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsi əvəzində işçiyə hər ay müvafiq vergilər daxil olmaqla 11.462,69 manat məbləğində əmək haqqı ödənilir. Həmin "xxxx" 01 saylı dəyişikliyə əsasən işəgötürən bu müqavilənin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsi əvəzində işçiyə hər ay müvafiq vergilər daxil olmaqla 12.812,50 manat məbləğində ümumi əmək haqqı ödəyir. Bundan başqa MMC-nin Direktorlar Şurasının 14/DS/09/13 saylı və MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının 01/EGM/214 saylı qərarları ilə MMCnin baş icraçı direktoru vəzifəsindən Christopher Bannister azad edilmiş və MMC-nin baş icraçı direktoru vəzifəsinə 21.01.2014-cü il tarixdən İddiaçı müvəqqəti təyin olunmuşdur. "xxxx" 28.02.2014-cü il tarixdə 02 saylı, 01.12.2014-cü il tarixdə isə 03 saylı dəyişiklik edilmişdir. 03 saylı dəyişikliyin 2-ci bəndinə əsasən işəgötürən işçinin xeyrinə 3 il müddətinə "xxxx" Sığorta Şirkəti ilə aylıq sığorta haqqı 500 manat olmaqla həyatın yığım sığortası müqaviləsinin, 3-cü bəndinə əsasən isə işəgötürən işçinin xeyrinə 3 il müddətinə "xxxx" Sığorta Şirkəti ilə aylıq sığorta haqqı 500 manat olmaqla həyatın yığım sığortası müqaviləsi bağlayır. "xxxx" 10.04.2015-ci il tarixli, 04 saylı dəyişikliyin 4.1.1-ci bəndinə əsasən işəgötürən bu müqavilənin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməməsi əvəzində işçiyə hər ay müvafiq vergilər daxil olmaqla 13.325,01 manat məbləğində ümumi əmək haqqı ödəyir. İş materiallarından göründüyü kimi, MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının 01/EGM/2016 saylı qərarı ilə 14.03.2016-cı il tarixdə İddiaçı MMC-nin baş icraçı direktoru qismində çıxış etmək səlahiyyətlərinə xitam verilmişdir. Bundan sonra İddiaçı yalnız əvvəlki əmək funksiyasını, yəni baş maliyyə direktoru vəzifəsini icra etmiş və öz ərizəsinə əsasən 26.04.2017-ci il tarixdə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 3 saylı region üzrə X1 13.02.2019-cu il tarixli, **********9 saylı mütəxəssis rəyində İddiaçı 01.06.2013-cü il tarixdən 26.04.2017-ci il tarixədək olan dövrdə iş illərinə görə əsas məzuniyyəti 30 gün və əlavə məzuniyyəti 2 gün olmaqla cəmi 123 təqvim günü əvəzinə təqdim olunmuş məzuniyyət əmrlərinə əsasən 98 təqvim günü əmək məzuniyyətindən istifadə edilməsi və 25 təqvim günü istifadə edilməyən məzuniyyət gününə görə kompensasiya ödənilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61.2-ci maddəsinin tələblərinə görə, boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə, əlavə əmək haqqı ödənilməlidir. Cavabdeh MMC ilə Kris Banister arasında bağlanmış 15.04.2013-cü il tarixli, 001 saylı "xxxx" görünür ki, Kris Banister 01.05.2013-cü il tarixdən MMC-nin baş icraçı direktor vəzifəsinə təyin edilmiş və aylıq əmək haqqı məbləği 17.317 ABŞ dolları müəyyən edilmişdir. İddiaçı 21.01.2014-cü il tarixdən 14.03.2016-cı il tarixədək (25 ay 21 gün) olan dövrdə MMC-nin baş icraçı direktoru (əvəzləyici) vəzifəsində işlədiyi və paralel olaraq baş maliyyə direktorunun (əsas) vəzifələrini icra etdiyi üçün Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq baş icraçı direktorun aylıq əmək haqqının yarısından az olmayan hissəsi hesablanır. MMC ilə İddiaçı arasında baş icraçı direktor (əvəzləyici) kimi fəaliyyət göstərdiyi dövrdə əmək haqqının miqdarı müəyyən edilmədiyi üçün Əmək Məcəlləsində nəzərdə tutulan aylıq minimum həddə, yəni baş icraçı direktorun əmək haqqının yarısından az olmayan hissəsinə uyğun olaraq 8.658,50 (17.317,00/2ABŞ dolları son haqq-hesab üzrə 19.082,88 (8.658,50/30,4 * 67 gün) ABŞ dolları, qeyd edilən müddət ərzində isə əmək haqqı üzrə (25 ay iki gün) 222.443,00 ABŞ dolları ümumilikdə son haqq-hesab üzrə 241.525 ABŞ dolları məbləğində pul vəsaiti hesablanır. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 3 saylı region üzrə X1 13.02.2019-cu il tarixli, **********9 saylı mütəxəssis rəyində göstərilən istifadə edilməyən 25 məzuniyyət günü nəzərə alındıqda İddiaçıa ödənilməli olan kompensasiya məbləği 10.958,07 (13.325,01 / 30,4 * 25 gün) manat təşkil edir. Bundan başqa, Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə uyğun olaraq əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Belə olan halda, İddiaçı MMC-də 21.01,2014-cü il tarixdən baş icraçı direktor vəzifəsini icra etdiyi dövrdən aylıq əmək haqqının məbləği 8.658,50 ABŞ dolları əsas götürülməklə 25.04.2018-ci il tarixədək hər gecikdirilmiş gün üçün ödənilməli olan cərimə məbləği ümumilikdə 2.664.547,00 ABŞ dolları təşkil edir. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən, MMC-də işlədiyi dövrdə İddiaçıa ödənilməmiş əmək haqqı (əvəzçilik üzrə və başqa vəzifənin icrası ilə əlaqədar yerinə yetirdiyi əmək funksiyasına görə), həmçinin istifadə edilməyən məzuniyyət günlərinə görə ödənilməli olan kompensasiya məbləği 241.525 ABŞ dolları və 10.958,07 manat, əmək haqqının gecikdirilməsinə görə isə ümumilikdə 2.664.547 ABŞ dolları cərimə məbləği müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 160-cı maddənin 1-ci bəndinə görə, vaxtamuzd işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları üzrə ödənilir və əmək haqqına əlavə müəyyən edilir. Məcəllənin 162-ci maddəsinin 1-ci bəndinə görə, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Məcəllənin 294-cu maddəsinin 1-ci bəndinə görə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məcəllənin 294-cü maddəsinin 2-ci bəndinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məcəllənin 296-cı maddənin 3-cü bəndinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 4-cü bəndinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məcəllənin 172-ci maddəsinin 5-ci bəndinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. İşin hallarından müəyyən olunur ki, MMC ilə İddiaçı arasında 17.05.2013-cü il tarixdə, 108 saylı "xxxx" bağlanmış və İddiaçı baş maliyyə direktoru vəzifəsinə təyin edilmişdir. Həmin müqaviləyə əsasən İddiaçı hər ay müvafiq vergilər daxil olmaqla 11.462,69 manat məbləğində əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Sonradan müqaviləyə 01 saylı dəyişiklik edilmiş və işəgötürən həmin müqavilənin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsi əvəzində işçiyə hər ay müvafiq vergilər daxil olmaqla 12.812,50 manat məbləğində ümumi əmək haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, MMC-nin Direktorlar Şürasının 14/DS/09/13 saylı və MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının 01/EGM/214 saylı qərarları ilə MMC-nin baş icraçı direktoru vəzifəsindən Christopher Bannister azad edilmiş və MMC-nin baş icraçı direktoru vəzifəsinə 21.01.2014-cü il tarixdən İddiaçı müvəqqəti təyin olunmuşdur. İddiaçı ilə bağlanmış 17.05.2013-cü il tarixli "xxxx" 10.04.2015-ci il tarixli 04 saylı dəyişikliyin 4.1.1-ci bəndinə əsasən işəgötürən həmin müqavilənin 3-cü maddəsi ilə müəyyən edilmiş əsas əmək funksiyasının yerinə yetirilməsi əvəzində işçiyə hər ay müvafiq vergilər daxil olmaqla 13.325,01 manat məbləğində ümumi əmək haqqı ödəməlidir. MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının 01/EGM/2016 saylı qərarı ilə 14.03.2016-cı il tarixdə İddiaçı MMC-nin Baş icraçı direktoru qismində çıxış etmək səlahiyyətlərinə xitam verilmişdir. Bundan sonra İddiaçı yalnız əvvəlki əmək funksiyasını, yəni baş maliyyə direktoru vəzifəsini icra etmiş və öz ərizəsinə əsasən 26.04.2017-ci il tarixdə işdən azad edilmişdir. İddianın qismən təmin edilməsi barədə mövqeyini Rayon Məhkəməsi belə əsaslandırmışdır ki, 2013-cü ildən 2017-ci ilədək olan müddətində İddiaçı əsas və əlavə əmək funksiyasını yerinə yetirməsi ilə əlaqədar əmək müqaviləsi və qanunvericiliklə müəyyən olunmuş ödənişlər tam ödənilməmiş, istifadə olunmayan məzuniyyətlə əlaqədar işəgötürənin ona kompensasiya borcu qalmışdır. İşin bu halı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Məhrkəzinin eksperti tərəfindən tərtib olunmuş 04.02.2020-ci il tarixli rəyi ilə öz təsdiqini tapır. Həmin rəy ilə müəyyən olunmuşdur ki, MMC-də işlədiyi dövrdə İddiaçıa ödənilməmiş əmək haqqı (əvəzçilik üzrə və başqa vəzifənin icrası ilə əlaqədar yerinə yetirdiyi əmək funksiyasına görə), ödənilməmiş 241.525 ABŞ dolları əmək haqqı borcu, istifadə edilməyən məzuniyyət günlərinə görə 10.958,07 manat, əmək haqqının gecikdirilməsinə görə isə ümumilikdə 2.664.547 ABŞ dolları cərimə borcu vardır. Bundan başqa, Rayon Məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçı 26.04.2017-ci il tarixdə işdən azad edilmiş, 07.05.2018-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir. İddiaçının məhkəmədə verdiyi izahatdan və işin faktiki hallarından görünür ki, o, bir müddət əmək haqqının ödəniləcəyinə ümid edərək gözləmiş, bunun baş vermədiyini gördükdən sonra 02.12.2017-ci il və 12.01.2018-ci il tarixlərdə ödənilməmiş əmək haqqının ödənilməsi barədə cavabdeh MMCyə ərizələrlə müraciət etmiş, lakin ərizələr cavabsız qalmışdır. Bundan sonra hüququnun pozulması qənaətinə gələrək 07.05.2018-ci il tarixdə məhkəməyə iddia ərizəsi vermişdir. Qeyd olunanlara əsasən Rayon Məhkəməsi hesab etmişdir ki, iddia müddətinin axımı məhz 12.01.2018-ci il tarixdən hesablanmalıdır. Rayon Məhkəməsi qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlmişdir ki, iddia 503.404.53 manat əmək haqqı borcunun tələb olunması hissəsində qismən təmin olunmalıdır. Ekspert rəyi ilə bu məbləğ 241.525 ABŞ dolları müəyyən olunmuşdur (241.525,00 ABŞ dolları x 1.70 = 410.592,50 manat). Ona görə də 410.592,50 manat cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. İstifadə edilməyən məzuniyyət günlərinə görə 10.958,07 manat kompensasiya tələbi əsaslı olduğundan həmin hissədə iddia tam təmin olunmalıdır. Rayon Məhkəməsi iddianın ödənişin gecikdirilməsi ilə əlaqədar cərimə tutulması hissəsinə qiymət verərək belə nəticəyə gəlmişdir ki, tələb olunan 1.837.426.53 manat cərimə pulu mübahisənin ümumi məbləğinə nisbətdə kifayət qədər çoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Rayon Məhkəməsi qeyd olunan maddi hüquq normasının tələblərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulmalı olan cərimə pulu azaldılaraq 1.000.0000 manat müəyyən edilməlidir (Ekspert rəyi ilə bu məbləğ 2.664.547 ABŞ dolları x 1,70 = 4.529.729 manat müəyyən olunmuşdur). Rayon Məhkəməsi həmçinin hesab etmişdir ki, mənəvi ziyanın əvəzi olaraq 100.000 manat tələb olunması hissəsində iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı ona mənəvi ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Rayon Məhkəməsi tərəfindən müəyyən edilən iş üçün əhəmiyyətli hallar Məhkəmə tərəfindən də müəyyən edildiyi üçün Rayon Məhkəməsinin iddianın qismən əsaslılığı ilə bağlı nəticəsi düzgündür. Lakin Rayon Məhkəməsi "xxxx" cavabdehin ərizəsinə düzgün hüquqi qiymət verməmiş və nəticədə iddianın qismən təmin edilməsi ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, İddiaçı əmək müqaviləsinə MMC-nin 26.04.2017-ci il tarixli, 550 saylı əmri ilə xitam verilmişdir. İddiaçı isə artıq qeyd edildiyi kimi 07.05.2018-ci il tarixdə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsi cavabdeh MMC-nin “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsini təmin etməyərək öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı bir müddət əmək haqqının ödəniləcəyinə ümid edərək gözləmiş, bunun baş vermədiyini gördükdən sonra 02.12.2017 və 12.01.2018-ci il tarixlərdə ödənilməmiş əmək haqqının ödənilməsi barədə ərizələrlə cavabdehə müraciət etmişdir. Lakin həmin ərizələr cavabsız qalmışdır. Bundan sonra hüququnun pozulduğu qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən iddia müddətinin axımı 12.012018-ci il tarixdən hesablanmalıdır. Göründüyü kimi, Rayon Məhkəməsi iddia müddətinin axımını 12.01.2018-ci il tarixdən, yəni iddiaçının əmək haqqısının ödənilməsi ilə bağlı MMC-yə ikinci dəfə etdiyi müraciətin tarixindən hesablamışdır. Mülki Məcəllənin 372-ci maddəsinin tələbinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2.). Həmin Məcəllənin 375.2-ci maddəsinin tələblərinə görə, iddia müddətinin bitməsi iddianın rədd edilməsi üçün əsasdır. Lakin, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Məcəllənin 377.1-ci maddəsinin tələbinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məcəllənin 373.4-cü maddəsinə görə, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinə görə, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (maddə 294, hissə 1, 2, 3, 4.). Göründüyü kimi, qeyd edilə maddi hüquq normalarına əsasən, hazırki iş üzrə iddia müddəti 1 il nəzərdə tutulmuşdur və həmin müddətin axımı iddiaçının işçi hüququnun pozulmasının aşkar edildiyi gündən, yəni işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündən hesablanmalıdır. Əmək Məcəlləsinin 83-cü maddəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir (hissə 1). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir (hissə 2). Maddənin məzmunundan belə anlaşılır ki, əmək müqaviləsinə xitam verilən gün, yəni sonuncu iş günü işçiyə son haqq-hesab verilməli, əgər verilməsə iddiaçı bilməlidir ki, onun əmək hüquqları artıq pozulmuşdur və son iş günündən sonra növbəti gündən iddia müddətinin axımının hesablanması başlanmalıdır. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının özünün iddia ərizəsində öz ərizəsi əsasında işdən çıxdığını və 26.04.2017-ci il tarixə kimi bu işdə işlədiyini bildirməsi son iş gününün həmin gün olduğunu əvvəlcədən bildiyini müəyyən etməyə imkan verir. 1 illik iddia müddətinin axımı 27.04 2017-ci il tarixdən hesablanmağa başlansa iddia müddətinin sonuncu günü 27.04.2018-ci il tarix edəcəkdir. Lakin iddiaçı 07.05.2018-ci il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüş və həmin müddətin üzrlü səbəbdən ötürülməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Rayon Məhkəməsinin iddia müddətinin axımının 12.01.2018-ci il tarixdən, yəni iddiaçının əmək haqqısının ödənilməsi ilə bağlı MMC-yə ikinci dəfə etdiyi müraciətin tarixindən başlanması barədə mövqeyi əsassızdır, "xxxx" cavabdeh MMC-nin ərizəsi əsaslıdır. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olsa da iddia müddəti ötürülməklə verildiyi üçün rədd edilməlidir. Odur ki, Rayon Məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianın bir qismini təmin etməməklə iş üzrə əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir; həmin hissədə iddia tələbi əsassızıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Rayon Məhkəməsi iddianın bir qismini təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir; iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyi üçün təmin edilə bilməz. Cavabdehin apellyasiya şikayətinin dəlilləri mülahizə xarakteri daşımır. MPM-nin 385.1.4-cü maddəsinə görə isə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi iddianın bir qisminin təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin edilməməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 sentyabr 2020-ci il tarixli qətnamə qismən, yəni iddianın bir qisminin təmin edilməsi, İddiaçı 22.04.2014-cü il tarixdən 14.03.2016-cı il tarixədək Cavabdeh MMC-də daimi əsaslarla baş icraçı direktor kimi işləməsi nəzərə alınmaqla MMC-dən onun xeyrinə baş İcraçı direktor kimi işlədiyi dövr ərzində ödənilməyən 503.404,53 manat əmək haqqının, gecikdirilmiş günlər üçün 1.837.426,53 manat ödəncin, istifadə olunmayan məzuniyyət günlərinə görə 10.958.07 manat pulun tutulması barədə hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə iddia təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 sentyabr 2020-ci il tarixli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar