Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-413/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı:
1. xx.xx.2023-cü il tarixli “Malların anbarda saxlama” müqaviləsinin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (500 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə yerinə yetirilməmiş ödənişlərin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi məqsədilə məhkəməyə müraciət etmiş, məhkəmə iddianı qismən təmin etmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı “pul tələbi, tutmanın mallara yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 7500 (yeddi min beş yüz) manat məbləğində əsas borcun, 2250 (iki min iki yüz əlli) manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 500 (beş yüz) manat məbləğində saxlama haqqının və ödənilmiş 117,5 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “Malların anbarda saxlama” müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (500 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC bu günə qədər müqavilə və qanunvericilik üzrə öhdəliklərini tam, keyfiyyətli və vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə qanunsuz olaraq zəbt etmişdir və beləliklə, iddiaçıya maddi zərər vurmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 7500 (yeddi min beş yüz) manat təşkil etməkdədir. Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2024-cü il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. xx.xx.2023-cü il tarixli müqavilənin 5.4-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 17425 (on yeddi min dörd yüz iyirmi beş) manat təşkil etsə də, güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 30 %-i həcmində, yəni cəmi 2250 manat dəbbə pulu tələb edilməkdədir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli (e-2(004)- 2959/2024 nömrəli mülki iş üzrə, hakim Babazadə Gülnar) qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 7500 (yeddi min beş yüz) manat məbləğində əsas borc, 750 (yeddi yüz əlli) manat cərimə, qətnamə icra olunan günə kimi hər ay 500 (beş yüz) manat məbləğində saxlama haqqı və ödənilmiş 117,50 (yüz on yeddi manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun 100 (yüz) manat hissəsi tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Borc məbləği anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh ümumi qaydada tutulması,borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi və ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında hazırki mübahisənin yaranmasına əsas aralarında bağlanmış 06 yanvar 2023-cü il tarixli malların anbarda saxlanması müqaviləsi olmuşdur. Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, malları iddiaçının saxlanc anbarında saxlamasına baxmayaraq müqavilə ilə aylıq ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında belə bir müqavilə olmamışdır. Məhkəmə iş üzrə müvafiq ekspertizanın təyin olunmalı olduğu halda bunu etməmiş, öz mülahizəsi əsasında qətnaməni əsassız olaraq qəbul etmiş və onun qanunla qorunan mülkiyyət hüquqlarını pozmaqla qanun pozuntusuna yol vermişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə icraatında olan zaman iş obyektiv tədqiq edilməmişdir. İşə onun iştirakı olmadan baxılmış, heç bir məlumatı olmayan müqavilə ona istinad edilmiş və qanuna zidd qətnamə qəbul edilmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh məhkəmə iclasında iştirak edə bilmədiyinə görə etiraz vermək imkanı belə olmamışdır, çünki məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Necə ola bilər ki, ona məxsus olmayan imza ilə məhkəmə həqiqəti müəyyən etmədən qətnamə qəbul etsin. Elə bu baxımdan bu qətnamə kökündən yalnış, qanunazidd və prosessual pozuntulara yol verilməklə qəbul edilmiş, qərəzli bir məhkəmə aktıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsində prossesual hüquq normalarının pozuntusuna yol verilmiş, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməmiş, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. İş üzrə tərəflər dindirilməli , hər bir tərəfin sübutları dərindən və müfəssəl araşdırlmalı və lazım gəldikdə ekspertiza keçirilməli idi. Məhkəmə araşdırması zamanı həqiqət müəyyən olunmalı idi. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. İşə baxan məhkəmə qeyd olunan prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, işə onun iştirakı olmadan baxaraq, qətnamə qəbul etmişdir. 7.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 5801/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubu ilə 4/1959 nömrəli ekspert rəyi apellyasiya instansiyası məhkəməsinə göndərilmiş və məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardad ilə iş üzrə icraat təzələnmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
1. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
2. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.
3. Məhkəmə iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə - Mülki Məcəllə):
4. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
5. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
6. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
7. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra mətndə - MPM):
8. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
9. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
10. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
11. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
12. Maddə 385.1.1. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
13. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
14. Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı işdə iddia tələbi qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissəsində tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə olan halda, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir.
18. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə ətraflı araşdırmış və müəyyən etmişdir ki, apellyatorun bəzi dəlilləri əsassız və formal mülahizədən ibarət olsa da, digər dəlilləri şikayətin təmin edilməsi üçün əsasdır.
19. İlk növbədə apellyatorun əsassız dəlillərinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən prosessual hüquqlarının pozulduğunu və məhkəmə iclasının keçirilmə yeri və tarixi barədə ona məlumat verilmədiyini bildirmişdir.
20. Kollegiya bu hissədə araşdırma aparaq müəyyən etmişdir ki, iş materiallarında cavabdehin apellyasiya şikayəti təqdim edərkən qeyd etdiyi faktiki yaşayış ünvanına məhkəmə bildirişinin göndərilməsi və cavabdehin ailə üzvü tərəfindən xx.xx.2024-cü il tarixdə təhvil alınmasına dair xəbərnamə vardır.
21. Bu məqamda xüsusilə vurğulanmalıdır ki, MPM-in 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Sözügedən müddəaya uyğun olaraq müvafiq məhkəmə bildirişi cavabdehin ailə üzvünə təqdim olunmuş, beləliklə birinci instansiya məhkəməsi iş üzrə tərəfi məhkəmə iclasından xəbərdar etmək vəzifəsini icra etmişdir. Bu baxımdan, cavabdehin ailə üzvü tərəfindən məhkəmə bildirişinin təhvil alınması barədə xəbərnamənin mövcudluğu sözügedən dəlilin əsassız olduğunu sübut edir.
22. Məhkəmə kollegiyası apellyatorun əsaslı dəlillərinə münasibətdə isə qeyd edir ki, hazırkı mülki işdə iddiaçı cavabdehlə bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərini icra etmədiyini iddia etmiş və mövqeyini belə əsaslandırmışdır ki, aralarında 06 yanvar 2023-cü il tarixli malların anbarda saxlanması müqaviləsi bağlanmış və cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, malları iddiaçının saxlanc anbarında saxlamasına baxmayaraq müqavilə ilə aylıq ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə pulun tutulmasını tələb etmişdir. Bu tələbin əsassız olması ilə bağlı apellyatorun dəlili bundan ibarət olmuşdur ki, sözügedən müqavilə onun tərəfindən imza edilməmiş, birinci instansiya məhkəməsi isə iş üzrə müvafiq ekspertiza təyin etməyərək bu hala aydınlıq gətirməmiş və öz mülahizəsi əsasında əsassız qətnamə qəbul etmişdir.
23. Kollegiya sözügedən dəlillə bağlı bildirir ki, cavabdehin bu dəlili tutarlıdır. Çünki birinci istansiya məhkəməsi müqavilənin həqiqətəndə cavabdeh tərəfindən imzalanması halının şübhəli olmasına diqqət etməmiş və bu halı aydınlaşdırmaq üçün müvafiq ekspertiza təyin etməmişdir. Bu isə iş üzrə ədalətsiz qətnamə çıxarılması ilə nəticələnmişdir.
24. Bəhs olunan şüübhəli məqamların aydınlaşdırılması üçün apellyasiya icraatı zamanı iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi əldə olunmuşdur.
25. Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4/1959 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş xx.xx.2023-cü il tarixli 23 nömrəli malların anbarda saxlanılması müqaviləsinin 3-cü vərəqinin aşağı sol hissəsində “Tapşıran” qrafasında “AZE ********, xxxxxxx, Nəsimi Ray.N.Yusifbəyli Ev 34, 55-822-36-23, 55-641-91-23” yazılar- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 23 nömrəli malların anbarda saxlanlması müqaviləsinin 3-cü vərəqinin aşağı sol hissəsində (imza) qrafasında olan imzanın - Cavabdeh tərəfindən icra olunub-olunmaması haqqında tədqiq olunan prosesin təsviri hissəsində göstərilən səbəblərdən (Tədqiq olunan imzanı Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqq olunan imzanın hərf tərkibi olmayıb yalnız sadə cizzgilərdən ibarət olması qrafik materialın azlığı, imzada həm uyğunlaşdırıcı həmdə fərqləndirici əlamətlərin olması, müqayisəedici tədqiqat zamanı imkan vermir ki, qəti( müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun) müəyyən etmək mümkün olmadı.
26. Belə olan halda, məhkəmə kollegiyası rəyi verən ekspertin xətşünaslıq sahəsində xüsusi biliyinin olduğunu diqqətə alaraq iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi sənədlərdə olan yazıların cavabdehə məxsus olmadığını, imzanın isə dəqiqləşdirilə bilmədiyini nəzərə alır, bununla da tərəflər arasında saxlama müqaviləsinin bağlanmadığına dair apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir.
27. Belə ki, müqavilə üzrə öhdəliyin yaranması üçün ilk növbədə həmin müqavilənin iştirakçılar tərəfindən təsdiq edilməsi zəruridir. Bu təsdiq etmə hallarından biri isə müqavilənin onun iştirakçıları tərəfindən imzalanmasıdır. Lakin məhkəmə araşdırması zamanı həm cavabdehin izahatından, həm də ekspertiza rəyindən müəyyən edilir ki, bu hal şübhəli olmaqla tam sübuta yetirilmir. Belə şübhəli halın isə iddiaçının xeyrinə həll edilməsi ədaləti hesab oluna bilməz.
28. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
29. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur.
30. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü isə tərəflərin üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
32. Odur ki, iş üzrə mövcud olan sübutları qiymətləndirən kollegiya hesab edir ki, iddiaçı müqavilənin cavabdeh tərəfindən imzalanması ilə bağlı əsaslı dəlil təqdim edə bilmədiyindən, habelə bu hal ekspert rəyi ilə də təsdiq olunmadığından müqavilənin mötəbərliyi şübhə altında qalır və hazırkı mərhələdə cavabdehə münasibətdə öhdəliklər yaratmır.
33. Bununla yanaşı, hazırkı mübahisə üzrə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli maliyyə arayışı təqdim olunmuş və cavabdeh tərəfindən saxlama haqqı olaraq ümumilikdə 500 manat ödəniş həyata keçirildiyi bildirilmişdir. İş üzrə keçirilmiş məhkəmə iclasında ödənişlərin məhz Cavabdeh tərəfindən həyata keçirilməsinə dair araşdırma aparılmış, lakin bununla bağlı da iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim oluna bilməmişdir. Belə olan halda isə kollegiya ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməsinin formal mülahizədən ibarət olduğu qənaətinə gəlir.
34. Bütün bunlar mübahisəli müqavilənin cavabdeh tərəfindən imzalandığına şübhələri daha da artırır.
35. Eyni zamanda cavabdeh həm apellyasiya şikayətində, həm də məhkəmə iclası zamanı sözügedən müqavilənin "xxxx" MTK tərəfindən imzalandığını qeyd etmişdir. Belə ki, cavabdeh ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 34 saylı evin xx.xx.2023-cü il tarixdə “Anima MTK” tərəfindən qəsdən məhv edildiyini və bununla bağlı “Anima MTK”-nın çoxsaylı işçilərinin Cinayət Məcəlləsinin 186.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə qərar mövcud olduğunu bildirmişdir.
36. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Bu isə MPM-in 385.1.3-cü maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə görə, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Odur ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd olunmalıdır.
37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ayrı-ayrılıqda qiymət verib, iş materiallarını araşdıraraq, onları qanunvericiliyin tələblərinə uyğun şəkildə təhlil edərək, habelə MPM-in 372, 382, 385.1.3, 389, 392, 393, 402 və 404-406-cı maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-2959/2024 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.