Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4131/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh3, X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 qarşı, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti üçüncü şəxs olmaqla “mənzilə olan mülkiyyət, istifadə hüquqlarının əvəzləşdirilməsi və mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)- 2096/2019 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 qarşı və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti üçüncü şəxs olmaqla iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, S. Orucov küçəsi, 27 saylı ünvanda söküləcək binada 43.04 kv. metr sahəsi olan 3 otaqlı mənzilin əvəzinə ½ paylarla mülkiyyətçilər Cavabdeh3 və X2 mülkiyyət, istifadəçilər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və azyaşlılar X7, X12, X8, X9 və X4 tikiləcək binada 1 ədəd 3 otaqlı 78 kv.m sahəsi olan təmirli mənzilin verilməsi, müvəqqəti olaraq MMC-yə aid binada olan 3 otaqlı mənzildə yerləşdirilməsi, söküləcək mənzilin boşaldılıb “xxxxxxxxx” MMC şirkətinə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı, xx xxxxxx 2016-cı il tarixli Qərar qəbul edilmişdir. Həmin qərarın 1 və 1.1-ci bəndlərinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən Binəqədi rayonu üzrə 1247 ailə yaşayan 49 çoxmənzilli yaşayış binalarının, həmçinin Biləcəri bələdiyyəsi ərazisində yeraltı qaz sızma aşkar olunmuş zonadakı 166 fərdi yaşayış evinin və Qaradağ rayonunun Lökbatan, Sahil, Puta, Qızıldaş və Ələt qəsəbələrində XІX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 10960 nəfər yaşayan 274 qamış və taxta yaşayış binalarının, habelə Binəqədi və Qaradağ rayonları ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Qaradağ RİH-nə tapşırılmışdır. Həmin Qərarın icrası ilə əlaqədar olaraq Qaradağ RİHB-sı ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, müqavilə əsasında Bakı şəhəri, S.Orucov küçəsi, 27 saylı ünvanda yaşayış binalarının sökülməsi, yeni yaşayış binalarının tikintisi, söküntüyə məruz qalan binalarda yaşayan, mənzil sahibi və ya digər hüquqları olan şəxslərə tam təmirli mənzil sahələrinin verilməsi məqsədilə 2.3828 ha torpaq sahəsi daimi istifadəyə verilmişdir. xx xxxx 2016-cı il tarixli Aktla həmin ünvanda qəzalı vəziyyətdə olan binalarının sökülməsi barədə qərar qəbul edilmiş, Qaradağ RİHB-nin 29 nömrəli, xx xxxx 2019-cu il tarixli Sərancamı, ayrıc akt əsasında İddiaçı-yə 2.3824 ha torpaq sahəsinə daimi istifadə hüququ qeydiyyata alınaraq, ******* nömrəli Çıxarış və 077207 nömrəli torpaq sahəsinin planı verilməklə, torpaq sahəsinə istifadə hüququ qeydiyyata alınmışdır. Qeyd edilən sənədlərə əsasən 1-ci mərhələdə 7 ədəd 12 mərtəbəli 429 mənzilli yaşayış binalarının tikintisi aparılaraq başa çatdırılmışdır. Həmin tikinti aparılmış binalardan S.Orucov küçəsi 40, 40 a və 40 b saylı binalarda Qaradağ RİH-ti ilə razılaşdırılmaqla, sökülən binalarda yaşayan 103 ailəyə 1 və 3 otaqlı 30 və 60 kv. m-lik tam təmirli mənzillər ayrılmışdır, həmin razılaşmaya əsasən 103 ailədən 97 ailə ilə zəmanət müqavilələri bağlanılmaqla, təhvil-təslim aktı əsasında onlara tam təmirli mənzillər təhvil verilmişdir. Lakin mübahisəli mənzilin mülkiyyətçiləri və həmin mənzildə istifadə hüququ olan şəxslərə ayrı-ayrılıqda 2 ədəd 30 kv. m-lik 2 ədəd 1 otaqlı mənzil və ya 1 ədəd 60 kv. m-lik, 3 otaqlı mənzil 40 faiz əlavə ilə təklif edilməsinə baxmayaraq, onlar öz hüquqlarından sui-istifadə edərək istifadəçi İddiaçı-yə ziyan vurmaqla, qəzalı vəziyyətdə olan söküntüsü nəzərdə tutulan S.Orucov küçəsi 27, mənzil 9-da yerləşən 43.04 kv. m-lik ½ hissədə payla müəyyən edilmiş mənzilin boşaldılmasından imtina etmişlər. Bu səbəbdən qanuni torpaq sahəsinin istifadəçisi İddiaçı torpaq sahəsində əldə edilən bina və qurğularının söküntüsü və bina tikintisi hüquqlarından məhrum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)- 2096/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumu və 300 manat qiymətləndirmə haqqı İddiaçı-yə aid edilmiş, 300 manat məbləğində qiymətləndirmə haqqının İddiaçı-dən tutularaq “xxxxxxxxxxxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfdən apellyasiya şikayəti, daha sonra isə apellyasiya şikayətinə əlavə, apellyasiya şikayətinin hüquqi əsaslarının dəqiqləşdirilməsi verilərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi və 300 manat ekspertiza xərcinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, söküləcək mənzilin əvəzinə cavabdehlərə digər abad tam təmirli mənzilin veriləcəyi, mənzillə təmin edilənə qədər müvəqqəti 3 otaqlı mənzildə yerləşdirilicəkləri nəzərə alınmamışdır. Qanuni torpaq sahəsinin istifadəçisi MMC torpaq sahəsində əldə edilən bina və qurğularının söküntüsü və bina tikintisi hüquqlarından məhrum edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların (nümayəndələrin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakılar müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti xx xxxxxx 2016-cı il tarixdə “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı qərar qəbul edərək Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən Binəqədi rayonu üzrə 1247 ailə yaşayan 49 çoxmənzilli yaşayış binalarının, həmçinin Biləcəri Bələdiyyəsi ərazisində yeraltı qaz sızması aşkar olunmuş zonadakı 166 fərdi yaşayış evinin və Qaradağ rayonunun Lökbatan, Sahil, Puta, Qızıldaş və Ələt qəsəbələrində XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 10960 nəfər yaşayan 274 qamış və taxta yaşayış binalarının, habelə Binəqədi və Qaradağ rayonları ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını; ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini; yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini; bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb edəcəkləri kredit vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan, söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımı maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını qərara almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarının icrası ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixli müqavilə bağlanılmışdır. Həmin müqavilə ilə Podratçı qismində fəaliyyət göstərən İddiaçı öhdəsinə götürmüşdür ki, binaların tikintisi üçün zəruri ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzillərin əvəzinə orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin edəcəkdir. Bundan sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 27 saylı ünvanında qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binalarının sökülməsi haqqında Komissiya təşkil edilmiş, Qaradağ Rayon İcra Hakimiyyəti və İddiaçı-nin nümayəndələrindən ibarət komissiya xx xxxx 2016-cı ildə Akt tərtib etmişlər. Həmin Aktda razılıq əldə edilmişdir ki, mənzil fondunun yenilənməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkəti sifarişçi, podratçı İddiaçı-nin öz vəsaiti və ya cəlb edəcəkləri kredit vəsaitləri hesabına qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binalar, qeyri-yaşayış obyektləri sökülərək, onların yerində yeni yaşayış binalarının tikilməsini öhdəsinə götürən tikinti şirkəti yeni yaşayış binası tikilənədək bu qəzalı binalardan köçürülən sakinlərin müvəqqəti olaraq aylıq tərəflər arasında müəyyən edilmiş məbləğdə təyin edilən və razılaşdırılmış icarə haqqı ödənilməklə kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımı maliyyə vəsaitinin ayrılaraq ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarda tam təmirli tərəflər arasında müəyyən edilmiş ölçüdə mənzillərin verilməsi məqsədi ilə zəmanət müqavilələri bağlanılsın, inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan, söküləcək evlərin ərazisindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə, mövcud və qazıntı işləri aparılarkən tikinti altında aşkar edilmiş kommunikasiya işlərinin müvafiq təşkilatlar tərəfindən köçürülməsi üçün Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən şərait yaradılsın. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2016-cı il tarixli 29 nömrəli Sərəncamı ilə qərara alınmışdır ki: 1. Yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanması məqsədi ilə İddiaçı-yə həvalə edilsin; Qəza vəziyyətində olan binaların sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsi; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq qəzalı binaların sökülməsi; 2. Yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə Lökbatan qəsəbəsi, S.Orucov ünvanda 2,3828 ha torpaq sahəsi İddiaçı-yə verilsin; İddiaçı-yə ayrılmış torpaq sahələri yerində qəbul etsin və onların sanitar vəziyyətinə nəzarət etsin; ayrılmış torpaq sahələrinə İddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin; ərazinin və obyektin memarlıq-planlaşdırılmasının həlli layihələndirmə ərəfəsində Qaradağ Rayon İcra Hakimiyyəti ilə razılaşdırılsın; 3. Sərəncamın İ və İİ bəndləri İddiaçı tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq razılaşdırılmış tikinti layihəsi tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Qaradağ Rayon İcra Hakimiyyətinə təqdim edilsin. 4. Bu sərəncam yalnız layihələndirmə üçün əsasdır. 5. Ayrılmış torpaq sahələrinin zəbt olunmasının, həmin ərazidə yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətə nəzarət Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinə tapşırılsın. ******* nömrəli Çıxarışdan görünür ki, İddiaçı-nin Bakı şəhəri, Qaradağ rayonu, S.Orucov küçəsi 27/2.3824 ha torpaq sahəsinə daimi istifadə hüququ qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2000-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 ilə X5 arasında nikah pozulmuş, həmin Məhkəmənin xx xxxxxxx 2006-cı il tarixli qətnaməsi ilə Qaradağ Rayonu, Lökbatan qəsəbəsi, S. Orucov küçəsindəki, 27 saylı evin, 9-cu mənzilinə dair onların ½ hissələrlə mülkiyyət hüququ müəyyən olunmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S. Orucov küçəsi, 27 saylı binanın 43,04 kv. metr sahəsi olan 3 otaqlı 9-cu mənzili Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, № ******* və seriya MH, ******* saylı Çıxarışlarla ½ hissələrlə Cavabdeh3 və X1 mülkiyyətindədir. Həmin mənzildə mülkiyyətçilər, onların ailəli iki övladları, cəmi 10 nəfər yaşayır. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən edilmişdir ki, ümumi sahəsi 60,74 kv m, yaşayış sahəsi 43,35 kv m, köməkçi sahəsi 17,19 kv m olan həmin mənzilin orta bazar qiyməti 40000 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını, Mülki Məcəllənin 152.1, 157.1, 157.9, 169-cu maddələrini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 157.9-cu maddəsində müəyyən olunmuş əsaslar olduqda mülkiyyət mükiyyətçidən məcburi alına bilər. Həmin maddəyə əsasən buna bir qayda olaraq dövlət ehtiyacları tələb etdikdə yol verilir. Mülkiyyətçilərə və mənzildən istifadə hüququ olan cavabdehlərə İddiaçı tərəfindən birtərəfli qaydada təklif olunan əvəzləşdirməyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S. Orucov küçəsindəki, 27 saylı evin, 9cu mənzilinin sökülməsi və yerləşdiyi ərazinin İddiaçı-nin istifadəsinə verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən Qərarina əsasən yolverilməzdir və iddia tələbi təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, hüquqi və fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan söküləcək tikililərin ərazisindən istifadə edilməsinə yalnız həmin hüquqi və fiziki şəxslərin razılığı ilə və dəyəri ödənilməklə yol verilir. Hazırki işin hallarından isə müəyyən edilir ki, MMC ilə söküləcək mənzilin mülkiyyətçiləri və mənzildən istifadə hüququ olan cavabdehlər arasında razılıq əldə edilməmişdir və MMC tərəfindən edilən təklif ilə cavabdehlər razılaşmamışdır, belə olan halda isə onların iradəsinə zidd olaraq mənzilin sökülməsi cavabdehlərin hüquqlarının pozulmasına gətirib çıxarır ki, bu da qanunvericiliyin tələbinə əsasən yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2096/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-4131/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4131/2020
27.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver