Məhkəmə qərarları › İş №2(103)-4131/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4131/2023

16.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4131/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsinə yaradılmış maneələrin aradan qaldırılması və pul tələbinə dair mülki iş üzrə Açar sözlər: iddia ərizəsinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsinə yaradılmış maneələrin aradan qaldırılması və pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2023ci il tarixli, e-2(007)-1706/2023 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus Bakı şəhəri Nizami rayonu Özbəkistan küçəsi-1 ünvanda inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) çıxarılması, onun sözügedən qarajdan sərbəst istifadə etməyinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehlər tərəfindən ona 3800 manat məbləğdə pul məbləğinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2023-ci il tarixli, e-2(007)- 1706/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.

3. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçı tərəfindən iddia tələbi üzrə həm cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxarılması və maneələrin aradan qaldırılması barədə qiymətləndirilməyən, həm də 3800 manat miqdarında pul tələb olunaraq qiymətləndirilən iddia ilə məhkəməyə müraciət edilsə də, qanunvericilikdə müəyyən olunmuş miqdarda rüsum ödənilməmiş, sadəcə 3800 manat pul tələbinə görə 58 manat rüsum ödənilmişdir. Hansı ki, iddiaçı tərəfindən qiymətləndirilməyən iddia tələbi üzrə əlavə olaraq 100 manat da dövlət rüsumu ödənilməlidir.

4. İddiaçı qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə, məhkəmə tərəfindən iddia tələbinin ayrı-ayrı hissələrə bölünməsi və hər hissəyə münasibətdə dövlət rüsumunun ödənilməsinin tələb edilməsi qanunsuzdur. Belə ki, hər bir iddia tələbi üzrə dövlət rüsumu yalnız ya qiymətləndirilən, ya da qiymətləndirilməyən olmaqla hesablanaraq ödənilir. Bu səbəbdən iddia tələbinin qiymətləndirilən iddiaya aid edildiyi nəzərə alınmaqla haqlı olaraq 58 manat dövlət rüsumu ödənilmişdir və həmin rüsum ümumi iddia tələbi ilə əhatə olunur.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 may 2023-ci il tarixli, e-2(007)- 1706/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə; 112.1.10. bir neçə müstəqil tələbdən ibarət olan iddialarda—bütün tələblərin ümumi məbləği ilə; Maddə 112.4. İddianın qiyməti iddiaçı tərəfindən göstərilir; Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: Maddə 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; Maddə 151.1. İddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 8.1.2. iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğdə dövlət rüsumu ödənilməlidir. Maddə 8.2 Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının tələbi qiymətləndirilməyən və qiymətləndirilən iddia növündə olmaqla iki müstəqil tələbdən ibarətdir. İddiaçı isə bu tələblərdən sadəcə qiymətləndirilən iddiaya münasibətdə dövlət rüsumu ödəmişdir.

10. Halbuki, MPM-in 112.1.10-cu maddəsinə əsasən, iddia bir neçə müstəqil tələbdən ibarət olduqda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir.

11. Göründüyü kimi, iddiaçı şikayətində məhkəmə tərəfindən iddia tələbinin ayrı-ayrı hissələrə bölünməsi və hər hissəyə münasibətdə dövlət rüsumunun ödənilməsinin tələb edilməsinin qanunsuz olduğunu irəli sürsə də, bu dəlil şikayətdə hər hansı bir norma ilə əsaslanırılmır və qanunvericiliklə təkzib olunur.

12. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

13. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2023-ci il tarixli, e-2(007)- 1706/2023 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2023-ci il tarixli, e-2(007)- 1706/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar