Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4133/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh2 etibarnamə əsasında nümayəndələri X3 və X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-477/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabd Cavabdeh2nə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, onun işdən azad olunmağına dair 01 dekabr 2021-ci il tarixdə yazmış olduğu ərizənin etibarsız hesab olunması, 02 dekabr 2021-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki iş vəzifəsinə bərpa edilməsi və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 10 aprel 2004-cü il tarixdə Astara rayonu Səncərədi kəndində yerləşən Poçt-rabitə şöbəsində poçtaliyon kimi əmək fəaliyyətinə başlamış, 15 aprel 2005-ci il tarixdə Astara rayon mərkəzində yerləşən poçt filialına əməliyyatçı vəzifəsinə keçirilmişdir. 26 avqust 2005-ci il tarixdə yenidən Astara rayon Səncərədi kəndində fəaliyyət göstərən poçt-rabitə şöbəsinə poçtaliyon vəzifəsinə keçirilmişdir. 23 noyabr 2019-cu il tarixdə öz xahişinə əsasən işlədiyi poçtaliyon işinə xitam verilmişdir. Buna səbəb ailəsi ilə birlikdə yaşamaq üçün Bakı şəhərinə köçməyi olmuşdur. Yenidən poçt-rabitə sahəsində işləmək üçün imtahan verməklə müsabiqədə iştirak etmiş, həmin imtahan və müsabiqənin nəticəsi olaraq 04 mart 2019-cu il tarixdə Cavabdeh2 MMC-nin 1 saylı Poçt filialının 10 saylı Poçt şöbəsinə müddətli əmək müqaviləsi ilə əməliyyatçı vəzifəsinə işə təyin edilmişdir. 16 noyabr 2020-ci il tarixdə Cavabdeh2 MMCnin 1 saylı Poçt Filialının 33 saylı poçt şöbəsinə əməliyyatçı vəzifəsinə keçirilmişdir. 02 dekabr 2021-ci il tarixdə isə formal cəhətdən belə görünsədə öz ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən guya öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş və o işdən azad edilmişdir. Əsil həqiqət isə belə deyil. Onu işdən çıxmaq üçün ərizə yazmağa məcbur edib və hədə-qorxu gəliblər. Onu işində baş vermiş bir hadisə ilə əlaqədar işdən çıxmağa məcbur etdilər və əgər öz xoşu ilə işdən çıxmasa tutduracaqları ilə hədələdilər. Belə ki, sonuncu iş yeri olan Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən 1 saylı Poçt Filialının 33 saylı poçt şöbəsində işdə olarkən təxminən günorta vaxtı bir nəfər qadın şöbəyə daxil oldu. O, əvvəlcə şöbənin işçisi Sevda adlı qadına yaxınlaşıb, evini satdığını və pulunu dollara dəyişmək istədiyini bildirdi. Sevda adlı qadında pulunu dollara dəyişmək istəyən həmin qadını ona yönəltdi. Qadın ona da bildirdi ki, öz evini satıb və həmin pulları dollara dəyişmək (çevirmək) istəyir. O həmin şəxsin adını yoxlayanda məlum oldu ki, 2021-ci il tarixə onun milli pulu dollara dəyişmək limiti tam dolmuşdur. O bu vəziyyəti poçt şöbəsinin rəisi Adəm adlı şəxsə danışdı. O,dedi ki, qadına, yəni müştəriyə kömək edək. Sonra onun milli pullarını dollara dəyişməyimizə razılıq verdi. Təxminən həmin gün mərkəzə iyirmi min dollar sifariş verdilər. Bir və ya iki gün sonra mərkəz onlara satış üçün sifariş verdikləri dolları göndərdi və dollar onların şöbəsinə daxil oldu. Dollar gələndən sonra zəng edib, pulunu dollara dəyişmək istəyən qadını şöbəyə dəvət etdilər. Həmin qadın dolların bir hissəsini öz adına, bir hissəsini iş yoldaşı Aynur Hüseynovanın adına və bir hissəsini isə X8 adlı müştərinin adına satış həyata keçirdilər. Müştəri qadının öz adına limit dolduğu (keçdiyi) üçün onun adına satış həyata keçirmədilər. Bu hadisə təxminən 10 avqust 2021ci il tarixdə baş vermişdir. 30 noyabr 2021-ci il tarixdə isə bu məsələni hallandırıb onun işdən çıxmağına səbəb oldular. Bütün bu işləri o özbaşına deyil şöbə rəisi Adəmin birbaşa razılığı və göstərişi əsasında etmişdir. Əgər bu iş qanunsuz işdirsə, bu işdə onunla bərabər digərləridə təqsirlidirlər. Bu işin təqsirini onun üstünə atıb, onun tutdurmaqla qorxudaraq işdən çıxmağa məcbur etmək tam qanunsuz və ədalətsiz bir hərəkətdir. O bu barədə rəhbərliyə də öz iradını bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-477/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 MMC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş və guya iddiaçı tərəfindən onun öz iradəsi ilə yazılmış izahata aydınlıq gətirilməməsi, yəni həmin izahatı cavabdeh tərəfin hansı məqsədlə alıb saxlaması, onu əlində təzyiq vasitəsi kimi tutub ona müəyyən hərəkətləri etməyə məcbur edilməsi kimi hallar araşdırılmamışdır. O, xx.xx.2021ci il tarixdə şöbə rəisinin ona qarşı hədə-qorxu gəlməsi nəticəsində güclü ruhi həyacan və psixoloji təsir altında işdən çıxma barədə ərizə yazmağa məcbur edilmiş, işdən çıxarılanın səhəri günü rəisə müraciət etmiş və qorxu və güclü ruhi həyacan vəziyyətində işdən çıxması barədə yazdığı ərizənin ləğv edilməsi və işə bərpa edilməsi barədə müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir. Onun işdən azad edilməsi ilə bağlı verilmiş əmr əsassız və qanunsuzdur. İşçi işdən çıxmağa işə götürən tərəfindən məcbur olunmuşdur. Birinci instansiya Məhkəməsi prosessual normaların tələblərinə riayət etməmiş və işin hallarını tam arşdırmadan və işdə olan sənədlərlə bağlı gercəyin meydana çıxması ilə bağlı araşdırmaların aparılması zəruri olduğu halda heç bir arşdırma aparmamış və nəticədə prosessual hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. İişdən çıxmasına dair ərizənin hansı şəraitdə və hansı vəziyyətdə yazıldığı araşdırilmamış və vəsatət verilməsinə baxmayaq X5 məhkəmə işlasına çağırılmamış və onun izahatı alınmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-477/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də bunun səbəbini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh2 MMC-nin nümayəndələri X6 və X4 apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdilər və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-477/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam vermişdir. İddiaçı cavabdeh tərəfindən ona işdən çıxmasına dair ərizə yazması üçün təsir göstərildiyini bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası Cavabdeh2 MMC-nin nümayəndələri Elman Kərimlinin və Orxan Qurbanovun izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, işəgötürən Cavabdeh2 MMC ilə işçi İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin məzmunundan görünür ki, işəgötürən qismində Cavabdeh2 MMC (Baş direktor) işçi qismində İddiaçı arasında əmək müqaviləsi bağlanmış, həmin müqvailəyə əsasən İddiaçı Cavabdeh2 MMC-nin 1 saylı Poçt Filialının 10 saylı Poçt şöbəsinə əməliyyatçı vəzifəsinə işə qəbul edilmiş, işə 04 mart 2019cu il tarixdən başlamışdır.(İ.vər. 41 - 46) İş materiallarında olan, İddiaçı Cavabdeh2 MMC-nin baş direktoruna ünvanladığı 01 dekabr 2021-ci il tarixli ərizəsinin surətindən gırünür ki, həmin ərizədə İddiaçı xx.xx.2021-ci il tarixdən öz xahişi ilə onun işdən azad edilməsini xahiş etmişdir.(İ.vər. 49) İş materiallarında olan, 2997 saylı, 02 dekabr 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, 1 saylı Poçt Filialının 33 saylı poçt şöbəsinin əməliyyatçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 02 dekabr 2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) xitam verilmişdir.(İ.vər. 50) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində işdən çıxarılmasının qanunsuz olduğunu bildirsə də, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsinin əsaslarına əməl olunmaqla xitam verilmiş, əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı işdə tərəf olan Cavabdeh2 MMCnin İddiaçı ilə arasında olan əmək və hüquq münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənmiş, onlar arasındakı əmək münasibətlərinin əsas şərtləri, hüquq və vəzifələri yazılı müqavilədə öz əksini tapmışdır. Göründüyü kimi, İddiaçı Cavabdeh2 MMC-də poçtalyon vəzifəsinə işə qəbul olunmuş, sonradan əməliyyatçı vəzifəsinə keçirilmişdir. İddiaçı işdən azad olunması üçün ərizə ilə Cavabdeh2 MMC-yə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə öz təşəbbüsü ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apelyasiya şikayətində xx.xx.2021-ci il tarixdə şöbə rəisinin ona qarşı hədə-qorxu gəlməsi nəticəsində güclü ruhi həyacan və psixoloji təsir altında işdən çıxma barədə ərizə yazmağa məcbur edildiyini, onun işdən çıxmağa işə götürən tərəfindən məcbur olunduğunu bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-477/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-477/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-4133/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4133/2022
07.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver