Məhkəmə qərarları › İş №2(103)-4134/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4134/2021

05.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4134/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı2, digər İddiaçı1 nümayəndəsi X3, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilin cavabdeh tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-375/2021 saylı iş üzrə qəbul etdiyi 03 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜ ƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzilinin Cavabdeh tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, onlar əvvəllər rəsmi nikaha daxil olaraq ər-arvad olmuş, daha sonra Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli, 2(005)-158/2017 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Nərimanov rayonu, A.Neymətulla küçəsi 54 saylı evin 2 saylı mənzilinin bağışlanmasına dair İddiaçı2 ilə Cavabdeh arasında 9 saylı notariat kontorunda 20 avqust 2015-ci il tarixdə bağlanmış 4Ə-632 reyestr nömrəli «Daşınmaz əmlakın bağışlanması» müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzilinin və Bakı şəhəri, Nərimanov rayonu A.Neymətulla küçəsi 47 saylı evin 6 saylı mənzilinin 2/3 hissəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər İddiaçı2 və Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2(103)-5100/2018 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzilinin bağışlanmasına dair İddiaçı2 ilə Cavabdeh arasında 9 saylı notariat kontorunda 20 avqust 2015-ci il tarixdə bağlanmış 40-632 reyestr nömrəli «Daşınmaz əmlakın bağışlanması» müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nərimanov rayonu A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzilinin və Bakı şəhəri, Nərimanov rayonu A.Neymətulla küçəsi 47 saylı evin 6 saylı mənzilinin 1/2 hissəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bakı şəhəri 9 saylı notariat ofisinin 16 oktyabr 2019-cu il tarixli «Elektron notariat» X1 çıxarışa əsasən, İddiaçı2 ilə Cavabdeh arasında həmin notariat ofisində 20 avqust 2015-ci il tarixdə bağlanmış 4Ə-632 reyestr nömrəli «Daşınmaz əmlakın bağışlanması» müqaviləsi etibarsız hesab edilərək elektron notariat sistemində onun hüquqi qüvvəsinə 10 may 2017-ci il tarixdə xitam verilmişdir. Daha sonra, həmin mənzil, yəni Bakı şəhəri Nərimanov rayonu A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzili iddiaçıların adına qeydiyyata alınmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li 09 yanvar 2019-cu il tarixli və RX seriyalı, ******* №-li 15 mart 2019-cu il tarixli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ların surətlərindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 mülkiyyətindədir. Göründüyü kimi Bakı şəhəri Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzili iddiaçıların birgə mülkiyyətindədir. Lakin cavabdehin təqsiri ucbatından iddiaçılar öz mülkiyyətlərində olan mənzilə sahiblik etmək, ondan istifadə etmək imkanlarından məhrumdurlar. Belə ki, yuxarıda qeyd olunan məhkəmə qətnamələrinə əsasən, mübahisəli mənzilin cavabdehin mülkiyyətinə keçməsinə dair bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə baxmayaraq, Cavabdeh hələ də öz qanunsuz hərəkətlərini davam etdirərək mənzili iddiaçıların istifadəsinə qaytarmaqdan imtina edir. Hazırda mənzil onun sahibliyində və istifadəsindədir, mənzilin açarı da ondadır. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-375/2021 saylı iş üzrə qəbul etdiyi 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil obyekt kimi işlənilir və həmin mənzil RX seriyalı ******* saya qüvvədə olan çıxarışa əsasən, onun mülkiyyətindədir. Bundan başqa həmin mənzildən mənim mülkiyətində, MA seriyalı ******* saylı qüvvədə olan çıxarışa əsasən 43.7 kv/m olan zirzəmiyə yol acılmışdır və mənzilin ayrılmaz hisəsi olmuşdur. RX seriyalı ******* saylı cixarış qüvvədədir. Bundan başqa da mübahisəli mənzildən çıxarıla bilməz. Belə ki, zirzəmiyə acılmış yol həmin mənzildəndir. Həmin mənzilin sahəsi 30 kv/m artırılmışdır və o da onun mülkiyyətindədir. İddiaçılar həmin mənzildən istifadə qaydalarını müəyyən edilməsini məhkəmədən xahiş edə bilərdilər. Belə ki, Bakı Nərimanov rayonu Ağa Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzili sahəsi 30 kv/m artırılmışdır və mənzilin bölünməz hissəsi olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və digər İddiaçı1 nümayəndəsi Muxtar Məmmədov apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.01.2017-ci il tarixli, 2(005)-158/2017 saylı qətnaməsinin surətinə əsasən İddiaçı1 cavabdehlər İddiaçı2 və 9 saylı notariat kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsinə dair mülki iş qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, 34 saylı evin, 2 saylı mənzilin bağışlanmasına dair İddiaçı2 ilə Cavabdeh arasında 9 saylı notariat kontorunda 20.08.2015-ci il tarixdə bağlanmış 4Ə-632 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, 34 saylı evin, 2 saylı mənzilinin və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 47 saylı evin, 6 saylı mənzilinin 2/3 (üçdə iki) hissəsinə İddiaçı1 mülkiyyət hüququ tanınmış, “Toyota Hilux” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 28.07.2015-ci il tarixli müqaviləyə əsasən satılmasından əldə edilmiş 25.000 (iyirmi beş min) manat və "Dodge Durango" markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 05.02.2015-ci il tarixli müqaviləyə əsasən satılmasından əldə edilmiş 30.000 (otuz min) manat, cəmi 55.000 (əlli beş min) manat məbləğində pulun (üçdə iki) 2/3 hissəsi, yəni 36.666 (otuz altı min altı yüz altmış altı) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı2 tutularaq İddiaçı1 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 10.05.2018-ci il tarixli, 2(103)-5100/2018 saylı qətnaməsinin surətinə əsasən İddiaçı2 və Cavabdeh tərəfindən verilmiş şikayət qismən edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 34 saylı evin 2 saylı mənzilinin bağışlanmasına dair İddiaçı2 ilə Cavabdeh arasında 9 saylı notariat kontorunda 20.08.2015-ci il tarixdə bağlanmış 4Ə-632 reyestr nömrəli "Daşınmaz əmlakın bağışlanması" müqaviləsi etibarsız, hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, A Nemətulla küçəsi 34 saylı evin 2 saylı və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 47 saylı evin 6 saylı mənzillərinin hissəsinə İddiaçı1 mülkiyyət hüququ tanınmış, “Toyota Hilux" markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 20.07.2015-ci il tarixli müqaviləyə əsasən satılmasından əldə edilmiş 25 000 (iyirmi beş min) manat və "Dodge Durango" markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 05.02.2015-ci il tarixli müqaviləyə əsasən satılmasından əldə edilmiş 30.000 (otuz manat, cəmi 55.000 (əlli beş min) manat pul məbləğində pulun 1/2 hissəsi, yəni 27500 (iyirmi yeddi min beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı2 tutularaq İddiaçı1 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.10.2018-ci il tarixli, 2(102)- 6565/2018 saylı Qərarı ilə İddiaçı1, həmçinin İddiaçı2 və Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.05.2018-ci il tarixli, 2(103)-5100/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 34, 2 nömrəli mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 2373 nömrəli reyestr kitabının 220965 nömrəli vərəqində 09.01.2019-cu il tarixdə qeydiyyata alınmışdır, İddiaçı2 ½ hissə, İddiaçı1 ½ hissə payı ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 34, 2 nömrəli mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 2373 nömrəli reyestr kitabının 220965 nömrəli vərəqində 09.01.2019-cu il və 15.03.2019-cu il tarixdə qeydiyyata alınmışdır, İddiaçı2 ½ hissə, İddiaçı1 ½ hissə payı ayrılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 34 nömrəli qeyriyaşayış sahəsi (zirzəmi) xüsusi mülkiyyət hüququ kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 6986 nömrəli vərəqində 12.01.2011-ci il tarixdə tam mülkiyyət hüququ kimi Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 34, 2 nömrəli mənzili xüsusi mülkiyyət hüququ kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2373 nömrəli reyestr kitabının 220965 nömrəli vərəqində 22.08.2015-ci il tarixdə tam mülkiyyət hüququ kimi Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, notariat hərəkətinin məzmunu “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41.4 kv/m, yaşayış sahəsi 32 kv/m plan 2 otaqlı mənzilin tam mülkiyyət on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) ”Hədiyyə alanın” mülkiyyətinə verir(lər), Hədiyyə verən İddiaçı2 (tam hissə, 41,4 kv/m, 2 otaq) Hədiyyə alan Cavabdehdur, müqavilənin məbləği: tərəflər bağışlanan daşınmaz əmlakı 55000 manat 00 qəpik (əlli beş min manat, sıfır qəpik) məbləğində qiymətləndirilmiş, yüklülük barədə məlumat: Daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 20/08/2015-ci il tarixli, qeydiyyat nömrəsi 11/1625 olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır” məzmunu olan ərizə Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən 10.05.2017-ci il tarixdə xitam verilmişdir. Birinci instansiya məhkəməsi işin məhz yuxarıda qeyd olunan müəyyən olunmuş hallarını əsas götürərək və qanunvericiliyin mülkiyyət hüququnun qorunması ilə bağlı müddəalarına istinadla belə nəticəyə gəlmişdir ki, iddiaçılar, mübahisəsini etdiyi iddiaçıların üzərində qanuni əsaslarla hüquq sahibi olduğundan, cavabdehin oradan çıxarılmasını və onun yaratdığı maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, məhkəmə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçılar mübahisəli mənzil üzərindəki mülkiyyət hüququnun ona tanıdığı imkandan istifadə edərək cavabdehin qeyd edilən yaşayış sahəsindən çıxarılmasını və boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşlar. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 34, 2 nömrəli mənzili hazırda İddiaçı2 ½ hissə, İddiaçı1 ½ hissə payı olmaqla iddiaçıların mükiyyətindədir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 10.05.2018-ci il tarixli, 2(103)- 5100/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 34 saylı evin 2 saylı mənzilinin bağışlanmasına dair İddiaçı2 ilə Cavabdeh arasında "Daşınmaz əmlakın bağışlanması" müqaviləsi etibarsız hesab edilərək Bakı şəhəri, Nərimanov rayonu, A Nemətulla küçəsi 34 saylı evin 2 saylı və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 47 saylı evin 6 saylı mənzillərin ½ hissəsinə İddiaçı1 mülkiyyət hüququ tanınmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.10.2018-ci il tarixli, 2(102)-6565/2018 saylı Qəqaqı ilə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 256.2-ci maddəsinə əsasən servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında servitutla bağlı hər hansı bir müqavilə yoxdur. Belə olduğu təqdirdə cavabdehin servitut qoyulmadan təmin edilə bilməyən ehtiyaclarının olub-olmaması aydın deyildir. Həmçinin xüsusilə qeyd edilməlidir ki, cavabdehin şikayətinin dəlillərinin mahiyyəti servitutun verilməsi təşkil etsə də, cavabdeh bu barədə müstəqil tələb irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-215-ci maddələrinə əsasən əmlakdan istifadə etmək, onun üzərində sərəncam vermək və ona sahiblik qaydası yalnız əmlakın birgə mülkiyyətçiləri arasında müəyyən olunur. İşdən görünür ki, Cavabdeh mübahisəli əmlakın birgə mülkiyyətçisi deyildir, o, Azərbaycan Respublikası MM-nin 213-215-ci maddələrinin tələbinə əsasən iddiaçılara məxsus əmlakdan istifadə qaydasının müəyyən olunmasının iştirakçısı ola bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin münasibət bildirmədiyi mütəxəssis rəyinin xərcinə dair məsələ də həllini tapmalı, mütəxəssis xərci cavabdehdən alınıb müvafiq hesaba köçürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu isə ona aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-375/2021 saylı iş üzrə qəbul etdiyi 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar