Məhkəmə qərarları › İş №2(103)-4134/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4134/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4134/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “öhdəliyin icrası” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1730/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdehnə qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri nəticəsində 2019-cu ilin sentyabr ayından 2020-ci ilin yanvar ayının 9-na qədər müqavilə üzrə ödənilməmiş dörd aylıq (1600 manat) kirayə haqqının, 2020-ci il 9 yanvardan 2020-ci il 9 iyunadək öz hesabına ödədiyi beş aylıq (2000 manat) kirayə haqqının, 60 kv.m sahəyə vurulmuş divar kağızının (620 manat) dəyərinin, balkona vurulmayan metlağın (90 manat) dəyərinin, mətbəxə çəkilməyən qaz xəttinin (180 manat) dəyərinin və dövlət rüsumu qaydasında ödədiyi 30 manat vəsaitin (ümumi olaraq 4520 manat) Cavabdeh MMC-dən alınaraq xeyrinə ödənilməsi, eyni zamanda müqavilədə nəzərdə tutulmuş 60 kv.m sahədə iki otaqdan ibarət mənzilin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən tam təmirli, 2 otaqlı yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. Mənzil üzərindəki mülkiyyət hüququ 24 fevral 1995-ci ildə müvafiq qaydada qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 201G-cı il tarixli 86 saylı qərarına və Bakı şəhəri Nərimanov rayon icra başçısının 37 saylı 18 yanvar 2017-ci il tarixli sərəncamına əsasən yaşadığı mənzil cavabdeh tərəfindən qarşılıqlı razılaşma əsasında alınaraq, yerində “Pilot layihə” əsasında hündürmərtəbəli yaşayış sahəsi inşa olunmuşdur. Razılaşmaya görə iddiaçı mülkiyyətində olan tam təmirli, 2 otaqlı yaşayış mənzilini əlavə tikililərlə birlikdə (cəmi 60 kv.m) söküntüsü üçün cavabdehə vermişdir. Bunun müqabilində isə cavabdeh 24 ay müddətində yeni inşa olunacaq hündürmərtəbəli yaşayış sahəsindən eyni ölçüdə və həcmdə iddiaçıya yeni yaşayış sahəsi verməyi öhdəsinə götürmüşdür. Bu barədə tərəflər arasında 12 may 2017-ci il tarixdə rəsmi qaydada yazılı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə cavabdehin yeni binanın tikintisi başa çatana və yeni təmirli mənzillə təmin olunduğu günədək, ailə üzvlərinin müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə hər ay 400 manat məbləğində mənzil kirayəsi şəklində iddiaçıya pul kompensasiyası ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin tərəf üzərinə götürdüyü müqavilə öhdəliklərini əvvəllər vaxtında yerinə yetirsə də, sonradan pozmağa başladı. Belə ki, binanın tikintisini müqavilədə göstərilən müddət ərzində başa çatdırmadı. Müvəqqəti yaşayış üçün ödənilən pul kompensasiyasını yarımçıq dayandırdı və 2019-cu ilin sentyabrdekabr ayları üçün 4 aylıq 1600 manat mənzil kirayəsini vermədi. Bununla bağlı poçt vasitəsi ilə cavabdehə ünvanladığı müraciət belə cavabsız qaldı. Poçt tərəfindən verilmiş qəbz qoşmaya əlavə olunub. Kirayədə yaşadığı mənzilin haqqını çətinliklə olsa da, ödəmək məcburiyyətində qaldı. Qarşı tərəfə müqavilə öhdəliklərinə vaxtında və dəqiq əməl olunmasını dəfələrlə xatırlatsa da, heç bir nəticəsi olmadı. Mənzil hazır olana qədər veriləcək mənzillə baxılmasına cavabdeh tərəfindən heç kimə icazə verilmədi. Nəhayət cavabdeh 9 yanvar 2020-ci il tarixdə iddiaçıya sifariş edib mənzilin hazır olduğunu bildirdikdə, iddiaçıya təklif edilən mənzil müqavilə şərtlərinə uyğun gəlmirdi və tam təmir olunmamışdı. Belə ki, mənzilin ümumi sahəsi 55 kv.m olub, bir otaq və mətbəxdən ibarət inşa edilmişdi. Mənzil daxilində qapılar qoyulmamış, otaq ara laminant və plintus vurulmamış, mətbəxə qaz xətti çəkilməmiş və balkona metlax vurulmamışdır. Bu mənzil ailəsinin yaşaması üçün əlverişsiz olduğundan, mənzili qəbul etməmiş və məcbur olub 2020ci il yanvar ayının 9-dan iyun ayının 9-na qədər (beş ay) qaldığı kirayədə yenidən öz hesabına (aylıq 400 manat ödəməklə) yaşamışdır. Bu müddət ərzində cavabdehə iki otaqdan ibarət 60 kv.m-lik mənzilin verilməsi barə dəfələrlə müraciət etsə də, müsbət nəticəsi olmadı. Ağır maddi və mənəvi məhrumiyyətlərə düçar olduğu üçün məcbur olub iddiaçıya verilən mənzili yuxarıda qeyd olunan nöqsanlar saxlanılmış vəziyyətdə 9 iyun 2020-ci il tarixdə qəbul etdi. Odur ki, özünün Konstitusion hüquqlarına əsaslanaraq cavabdehin qanuna zidd əməlləri barəsində məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1730/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 60 kv.m sahəyə vurulmuş divar kağızının, eyvana vurulan plitkanın və qaz xəttinin çəkilməsi üçün sərf edilmiş 1772 manat və dövlət rüsumu 30 manat, cəmi 1802 manatın Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın Cavabdeh MMC-dən tutulub X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir (sədrlik edən: Kəmalə Əmirxanova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvəqqəti yaşayış üçün ödənilən pul kompensasiyası yarımçıq dayandırıldı və 2019-cu il sentyabr-dekabr ayları üçün 4 aylıq 1600 manat mənzil kirayəsi verilməmişdir. İddiaçı kirayədə yaşadığı mənzilin haqqını çətinliklə də olsa ödəməyə məcbur qalmışdır. Nəhayət cavabdeh 9 yanvar 2020-ci il tarixdə iddiaçıya sifariş edib mənzilin hazır olduğunu bildirdikdən sonra aşkar edilmişdir ki, təklif olunan mənzil müqavilə şərtlərinə uyğun gəlmir və tam təmir olunmamışdır. Belə ki, mənzilin ümumi sahəsi 55 kv.m idi və bir otqalı olmaqla mətbəx və sanuzel qovşağından ibarət idi. Mənzil daxilində qapılar qoyulmamış, otaq ara laminat plintus vurulmamış, mətbəxə qaz xətti çəkilməmiş, və balkona metlax vurulmamışdır. Bu mənzil ailənin yaşaması üçün əlverişsiz olduğundan iddiaçı mənzili qəbul etməmiş, və məcbur olub 2020-ci il yanvar ayının 9-dan iyun ayının 9-na qədər qaldığı kirayədə yenidən öz hesabına (aylıq 400 manat ödəməklə) yaşamışdır. Bu müddət ərzində cavabdehə iki otaqdan ibarət 60 kv.m-lik mənzilin verilməsi barədə dəfələrlə müraciət edilsə də, müsbət nəticəsi olmadı. Ağır maddi və mənəvi məhrumiyyətlərə düçar olduğu üçün məcbur olub verilən mənzili yuxarıda qeyd olunan nöqsanlar saxlanılmış vəziyyətdə 9 iyun 2020-ci ildə qəbul etmişdir. Hakim qeyd olunan halları öz qətnaməsində müəyyən etdiyini qeyd etsə də, yalnız təmir xərcləri ilə bağlı mövqeyi haqlı hesab etmiş, lakin məcbur qalıb əlavə ödəməli olduğu kirayə məbləğini və cavabdehin ödəmədiyi aylıq kəsir məbləğlərin təmin edilməsini məqbul bilməmişdir ki, hazırkı vəziyyət iddiaçını qane etmir və apellyasiya qaydasında mübahisələndirilir. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, MMC ünvan 2 ünvanında yaşıyan İddiaçı xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Pilot layihə əsasında cavabdeh Poleks MMC ilə İddiaçı arasında isə 12 may2017-ci il tarixində qarşılıqlı razılaşma yolu ilə müqavilə imzalanıb. Müqavilə şərtlərinə əsasən cavabdeh Poleks MMC ünvan 2 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan mənzilləri söküb, yerində tikilən hündürmərtəbəli binanın iddiaçıya tam təmirli sahəsi 60 kv.m olan mənzili iddiaçıya təhvil verənədək, iddiaçının yaşayışını təmin etmək məqsdi ilə əmlak mülkiyyətçiyə kompensasiya şəklində aylıq 400 manat kirayə haqqlarını əvvəlcədən ödəniş gününə istinad edilməklə üç ayda 01 dəfə ödəməlidir. İşin araşdırılmış hallarından görünür ki, iddiaçıya cavabdeh tərəfindən mənzil təhvil verilmiş, lakin həmin mənzildə otaq ara laminat plintus vurulmamış, mətbəxə qaz xətti çəkilməmiş və balkona metlax vurulmamışdır. Cavabdeh tərəfindən iddiaçıya mənzil təklif edilən vaxtdan kirayə haqqı ödənilməmişdir. Bu halı fiksasiya edən məhkəmə nədənsə, ödənilməmiş kirayə haqlarının verilməsini təmin etməyərək maddi hüquq normasının tətbiqinidən yayınmışdır. Lakin qətnamənin əsalandırma hissəsində qeyd etmişdir ki, cavabdeh kirayə haqqının ödənilməsini mənzil təhvil verilməsindən sonra dayandırmış və müqavilə şərtlərinə əməl etmişdir. Halbuki, mənzili iddiaçı qəbul etməkdən imtina etmiş və təmirsiz olduğundan başqa ünvanda kirayədə qalaraq bir neçə ay kirayələrə əlavə pul xərcləmişdir ki, bu da müqavilə şərtlərinin pozulması kimi dəyərləndirilməli idi. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Lakin hakim məhkəmədə cavabndeh tərəfin iştirakını təmin etməyərək, sübutlara düzgün qiymət verməmiş və tədqiq etməmişdir. məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Lakin, məhkəmə verilmiş sübutları lazımi səviyyədə qiymətləndirməmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Ü.İsmayılov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Birinci tərəf Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ikinci tərəf İddiaçı arasında 12 may 2017-ci il tarixli müqavilə bağlanmış və müqavinin şərtləri aşağıdakılardır; "Tərəflər” Azərbaycan Respublikası Nəzirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının 1.3. maddəsinin tələblərinin və bu Müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərilərinə öhdəliklər götürürlər: “Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən xx.xx.1995-ci il tarixində, 30/3177 qeydiyyat nömrəsi ilə Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventaraşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün "Poleks” MMC-nə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada "Tikinti şirkəti" tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərədə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Tikinti şirkəti" ''Poleks” MMC ünvan 1 ünvanında yerləşən "Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 60.00 kv.m, təmirli mənzili "Əmlak mülkiyyətçisi"-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Tikinti şirkəti" inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi"-nə kompensasiya şəklində aylıq 400 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə ödəyər. "Əmlak mülkiyyətçisi"-nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. İş materiallarında olan 09 may 2017-ci il tarixli icarə müqaviləsindən müəyyən olunur ki, İddiaçı hər ay üçün 400 manat ödəməklə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 51.9 kv.m olan 3 otaqlı yaşayış mənzilini 2 il müddətinə icarəyə götürmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin 10/1933 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzildə divar kağızının, eyvana vurulan plitkanın və qaz xəttinin çəkilməsi üçün sərf edilmiş vəsaitin məbləği hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 1772,0 manat məbləğində müəyyən olunmuşdur. İşdə olan Bank Respublika ASC tərəfindən İddiaçı adına verilmiş hesabdan çıxarışdan görünür ki, kirayə haqqı üzrə sonuncu ödəniş iyul 2019-cu il olmuşdur. Hüquqi dəyərləndirmə: Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam deyil, qismən – iddianın 2019-cu ilin sentyabr ayından 2020-ci ilin yanvar ayının 9-na qədər müqavilə üzrə ödənilməmiş dörd aylıq (1600 manat) kirayə haqqının, 2020-ci il 9 yanvardan 2020-ci il 9 iyunadək öz hesabına ödədiyi beş aylıq (2000 manat) kirayə haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsinə ləğv edilməsi xahiş edildiyindən, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə yoxlayır. İş materiallarından görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Pilot layihəyə əsasən cavabdeh "Poleks” MMC ilə İddiaçı arasında isə 12 may 2017-ci il tarixində qarşılıqlı razılaşma yolu ilə müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh "xxxx" MMC ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan mənzilləri söküb, yerində tikilən hundürmərtəbəli binada iddiaçıya tam təmirli sahələri 60 kv.m olan mənzili iddiaçıya təhvil verənədək, iddiaçının yaşayışı təmin etmək məqsədi ilə əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 400 manat kirayə haqqlarını əvvəlcədən ödəniş gününə istinad edilməklə üç ayda 01 dəfə ödəməlidir. İddiaçıya cavabdeh tərəfindən mənzil təhvil verilmiş, lakin həmin mənzildə otaq ara laminat və plintus vurulmamış, mətbəxə qaz xətti çəkilməmiş və balkona metlax vurulmamışdır. Cavabdeh tərəfindən iddiaçıya mənzil təklif edilən vaxtdan kirayə haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Həmin Məcəllənin 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbinin 2019-cu ilin sentyabr ayından 2020-ci ilin yanvar ayının 9-na qədər müqavilə üzrə ödənilməmiş dörd aylıq (1600 manat) kirayə haqqının, 2020-ci il 9 yanvardan 2020-ci il 9 iyunadək öz hesabına ödədiyi beş aylıq (2000 manat) kirayə haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsinə münasibətdə birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək mövqeyini onunla əsaslandırmışdır ki, ki, cavabdeh kirayə haqqının ödənilməsini mənzilin təhvil verilməsindən sonra dayandırmış və müqavilə şərtlərinə əməl etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qənaətini onunla əsaslandırır ki, cavabdeh mənzil təhvil verilənədək müqavilə üzrə öhdəsinə götürdüyü kirayə haqqını son 4 ayda (sentyabr-yanvar) ödəməmişdir. Belə olan halda, 4 aylıq əmək haqqı məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, cavabdeh mənzilin təmiri tam başa çatmamış onu iddiaçıya təhvil vermiş, iddiaçı isə məzilin təmiri tam başa çatmadığından onu təhvil almaqdan imtina etmişdir. Tərəflər arasında olan müqavilənin məzmunundan görünür ki, cavbabdeh 60.00 kv.m. təmirli mənzili əmlak mülkiyyətçisinin (iddiaçının) mülkiyyətinə verməyi öhdəsinə götürür. Lakin, işin hallarından görünür ki, cavabdeh iddiaçıya müvaqilədə nəzərdə tutulmuş təmirli mənzili deyil, natamam təmir olunmuş mənzil vermişdir. Cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş kirayə haqqını son 4 ayda ödəməyərək, həmçinin iddiaçıya natamam təmir olunmuş mənzili təhvil verərək, həm müqavilənin, həm də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd edilən mülki hüquq pozuntusu nəticəsində iddiaçı müqavilədə nəzərdə tutulduğu müddətdən əlavə kirayədə qalmaq məcburiyyətində qalmışdır. Bu hal iş materiallarında olan icrarə müqaviləsi ilə də öz təsdiqini tapır. İddiaçının əlavə olaraq 5 ay kirayədə qalması üçün sərf etdiyi vəsait cavabdehin müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi nəticəsində, yəni ona müqavilə üzrə şərtləşdirilmiş tam təmirli mənzili təhvil verməməsi nəticəsində baş vermişdir. Belə olan halda, yuxarıda sadalanan mülki hüquq normalarının tələblərinə əsasən, iddiaçıya 5 ay kirayədə qalması nəticəsində vurulmuş zərər cavabdeh tərəfindən ödənilməlidir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbindən müqavilədə nəzərdə tutulmuş 60 kv.m sahədə iki otaqdan ibarət mənzilin iddiaçıya verilməsi hissəsində imtina etdiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4134/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, qətnamə mənzilin iddiaçıya verilməsi ilə bağlı hissədə ləğv edilərək, həmin hissədə icraata xitam verilmişdir. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən iddiaçıya maddi zərər vurduğundan iddia tələbi 2019-cu ilin sentyabr ayından 2020-ci ilin yanvar ayının 9-na qədər müqavilə üzrə ödənilməmiş dörd aylıq (1600 manat) kirayə haqqının, 2020-ci il 9 yanvardan 2020-ci il 9 iyunadək öz hesabına ödədiyi beş aylıq (2000 manat) kirayə haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsində təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTK-dan 3600 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1730/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. 2019-cu ilin sentyabr ayından 2020-ci ilin yanvar ayının 9-na qədər müqavilə üzrə ödənilməmiş 1600 (bir min altı yüz) manat məbləğində dörd aylıq kirayə haqqı və 2000 (iki min) manat məbləğində 2020-ci il 9 yanvardan 2020-ci il 9 iyunadək iddiaçının ödədiyi beş aylıq kirayə haqqı, ümumilikdə 3600 (üç min altı yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar