Məhkəmə qərarları › İş №2(103)-4136/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4136/2024

08.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4136/2024 08.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə qarşı mülki iş (Açar sözlər: «əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi, ştat ixtisarı, iddia müddətinin keçməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1951/2024 saylı, 01 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin xx.xx.2007-ci il tarixli 44 nömrəli əmrinə əsasən, İddiaçı 01 oktyabr 2007-ci il tarixdən ştat cədvəlinə uyğun olaraq 70 manat aylıq maaşla və aylıq əmək haqqına 60 manat əlavə əmək haqqı verilməklə sürücü vəzifəsinə qəbul edilmişdir.

2. Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 16 saylı ştatın ləğvi barədə əmrinə əsasən, xx.xx.2023-cü il tarixində Nümayəndəliyin sürücü ştatının ləğv edilməsi, xx.xx.2023-cü il tarixində ştatın ləğv olunması ilə əlaqədar həmin vəzifəni tutan işçi İddiaçı işdən azad edilməsi, əmək müqaviləsinə xitam verilməsi və işdən azad edilən işçiyə qanunvericiliklə nəzərdə tutulan təminatların ödənilməsi əmr edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 Xidmətini cəlb etməklə Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işdən çıxarılması barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, 01 noyabr 2007-ci ildən Cavabdeh Doviətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyində, Nümayəndəliyin direktoru, X3 Paşazadənin sürücüsü işləmişdir. 15 iyun 2023-cü il tarixində nümayəndəliyin baş mühasibi otağına dəvət edərək işdən azad olunmağı ilə bağlı ərizə yazmağını tələb etdi. Buna etiraz etdikdə, kiminləsə məsləhətləşib bildirdi ki, o zaman çalışdığı sürücü vəzifəsini ixtisara salacaq. Təxminən bir il əvvəl təsərrüfat şöbəsinin əməkdaşı Zöhrab Mehdiyevə də İdayət Əliyev təzyiq edərək ixtisara salıb işdən kənarlaşdırdı. 16 il ərzində ildə bir dəfə 13-cü əmək haqqı alsa da, bir dəfə də olsun məzuniyyətə çıxmamışdır. Eyni zamanda idarənin tabeliyində 3 maşın olmasına baxmayaraq, yalnız o, sürücü kimi çalışmışdır. Pozulmuş hüquqların bərpası üçün ilkin olaraq X2 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Cavab olaraq xx.xx.2023-cü il tarixli 3-17-5/2-14-40645/2023 saylı məktubla bildirilmişdir ki, müraciətdə qeyd etdiyi pozuntuların dəqiqləşdirilməsi, izahatın alınması və Sizdə olan sübutların təqdim olunması məqsədilə DOST Mərkəzinə dəvət olunmağınızla bağlı ünvanınıza xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. xx.xx.2023-cü il tarixində X2 Xidmətinin Bakı şəhər İdarəsinə əmək haqqına dair bank hesabı çıxarışını təqdim etsə də, lakin müraciətlə bağlı izahat təqdim edilməmişdir. Telefon əlaqəsi (055-760- 82-92) zamanı əmək kitabçasını işəgötürəndən təhvil aldığını, eyni zamanda müraciətdə qeyd etdiyi digər məsələlərlə bağlı Mediasiya Şurasına müraciət etdiyini, mediasiya prosesi zamanı işəgötürənlə razılıq əldə olunmadığı təqdirdə isə müvafiq qaydada məhkəməyə müraciət edəcəyini bildirmişdir. Müraciətilə bağlı Cavabdeh Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hüquqi ünvanlarına 3-17-5/2- 32984/2023 nömrəli, xx.xx.2023-cü il tarixli (SS867147407AZ,SS867147398AX) məktublarla müraciət olunaraq aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin poçt xidmətinə məxsus F-20 formasında “köçüb" qeydi edilərək məktub geri qaytarılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən “Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən əmək müqaviləsinin bağlanmasına dair bildirişin işə başlama tarixi xx.xx.2010-cu il qeyd edilməklə xx.xx.2014cü il tarixində qeydiyyata alındığı və həmin bildirişin xx.xx.2023-cü il tarixdə qüvvədən düşdüyü müəyyən edilmişdir. Hal-hazırda hesab edir ki, işdən çıxarılmağı qanunsuz hesab olunduğundan Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin işdən çıxarılmağı barədə xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi və müvafiq kompensasiyanın verilməsi zəruridir.

5. Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyi isə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1951/2024 saylı, 01 may 2024cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyi arasında bağlanan müqaviləyə əsasən İddiaçı sürücü vəzifəsinə təyin olunmuşdur. “Xidmət-İş” Hİ Federasiyasının vitse-prezidentinin İddiaçı göndərilən 10 avqust 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı sürücü kimi çalışdığı ştat vahidinin ləğv olunması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77ci maddəsinin tələblərinə uyğun olaraq icra edilmişdir. Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli Ştatın ixtisar edilməsi barədə N-1 nömrəli xəbərdarlığına əsasən Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyində aparılan ştat ixtisar edilməsi ilə əlaqədar olaraq işdən azad edilmə barədə İddiaçı xəbərdar edilmişdir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xəbərdarlıq təqdim ediləndən 9 həftə sonra və ya xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad olunacaq. Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 16 saylı ştatın ləğvi barədə əmrinə əsasən xx.xx.2023-cü il tarixində Nümayəndəliyin sürücü ştatının ləğv edilməsi, xx.xx.2023-cü il tarixində ştatın ləğv olunması ilə əlaqədar həmin vəzifəni tutan işçi İddiaçı işdən azad edilməsi, əmək müqaviləsinə xitam verilməsi və işdən azad edilən işçiyə qanunvericiliklə nəzərdə tutulan təminatların ödənilməsi əmr edilmişdir. Məhkəmə İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiyaya müraciət etmiş və Bakı 3 saylı Mediasiya Təşkilatının ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışından xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Göründüyü kimi iddiaçı işdən çıxarılması ilə bağlı əmrdən hər bir halda məlumatlı olmasına və həmçinin Mediasiya arayışı xx.xx.2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq, 2024-cü ilin fevral ayında Binəqədi Rayon Məhkəməsinə, daha sonra xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, məhkəmə İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyini, həmçinin Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən arayış xx.xx.2023-cü il tarixdə qəbul edilməsini nəzərə alaraq, hesab edir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün Bakı 3 saylı Mediasiya Təşkilatının ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışından xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdehin nümayəndəsi və vəkili R.Əmirova yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmiş və şikayətində göstərmişdir ki, məhkəmə müddətin ötürüldüyü əsası ilə iddia tələbini rədd etsə də, müddətin ötürülməsi səbəblərini araşdırmamış və müddətin bərpasına dair ərizə yazılmasına şərait yaratmamışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən, mülki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 11, “f” bəndi. Bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir. Maddə 12 “c” bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 47, “f” bəndi. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70, “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək , hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007ci il tarixli Qərarında qeyd olunur ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmasa da, yəni dispozisiya əlamətləri ilə uzlaşmasada birinci instansiya məhkəməsi iddia müddəti ötürüldüyündən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

23. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına, yəni iddia müddəti ötürüldüyünə görə aradan qalxdığından iddia haqlı sayılmır.

24. İşdən görünür ki, iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü ildən işdən azad edilmişdir. İddiaçı ilkin mediasiya şurasına müraciət edib, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 27 sentyabr 2023-cü ildə arayış verilib və 2024-cü ilin fevral ayında Binəqədi Rayon Məhkəməsinə, sonra isə xx.xx.2024-cü il tarixdə isə Yasamal Rayon Məhkəməsinə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür. Belə ki, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı əmək müqaviləsinin ləğv edilməsinə dair əmri alsa da, eləcə də xx.xx.2023-cü ilədək mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımı dayandırılmasına baxmayaraq yenə də iddia müddətini ötürmüşdür.

25. Bundan əlavə, iddiaçı məhkəmənin müddətin ötürülməsi səbəblərini araşdırmadığını və müddətin bərpasına dair ərizə yazılmasına şərait yaratmadığını göstərsə də apellyasiya baxışı zamanı da müddətin ötürülməsinin hər hansı bir üzrlü səbəbi olduğu öz təsdiqini tapmadı. Deməli, hətta mediasiya prosesindən sonra da məhkəməyə müraciət etmək üçün kifayət qədər vaxtı olmuşdur. Göründüyü kimi, iddiaçı hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək üçün 1 aylıq idda müddətini heç bir üzrlü səbəb olmadan ötürmüşdür. İddiaçı müddətin üzrlü səbəblərdən buraxıldığını qeyd etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əmək müfəttişliyinə müraciət edilməsi və həmin qurumun əməkdaşlarının iddiaçı ilə hansısa mövzuda danışıqları da müddətin üzrlü səbəblərdən ötürülməsi üçün əsas ola bilməz.

26. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarı).

27. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf də iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1951/2024 saylı, 01 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1951/2024 saylı, 01 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar