Məhkəmə qərarları › İş №2(103)-4137/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4137/2020

27.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4137/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli doğum aktı qeydinin düzgün olmaması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-1365/2020 saylı qətnaməsindən ərizəçinin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il tarixdə Ermənistan SSR Noemberyan rayonu Axtansk kənd soveti tərəfindən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında doğum tarixinin xx.xx.1987-ci ilin düzgün olmaması faktının müəyyən edilməsi, Maraqlı şəxsndə doğum haqqında şəhadətnaməsində xx.xx.1993-cü il tarixi qeyd edilməklə yeni şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ermənistan SSR Noemberyan rayonunda xx.xx.1993-cü il tarixdə doğulmuşdur. Noemberyan rayonu Axtansk kənd soveti tərəfindən onun doğum tarixi xx xxxx 1987-ci il kimi qeydə alınmışdır və Ermənistan SSR VVAQ orqanı tərəfindən valideynlərinə onun doğum tarixinin xx xxxx 1987-ci il olması barədə doğum haqqında şəhadətnamə verilmişdir. Doğum günü xx xxxx 1993-cü il tarixdə olduğundan verilmiş doğum haqqında şəhadətnamədə düzəliş aparılmalı idi. Həmin dövrdə onun doğum haqqında şəhadətnaməsində doğum tarixi səhv qeyd olunmuşdur. Odur ki, Ermənistan SSR Noemberyan rayonu Axtansk kənd soveti tərəfindən xx.xx.1987ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməsində doğum tarixi xx xxxx 1987-ci il əvəzinə xx xxxx 1993-cü il kimi düzəliş aparılması zəruridir. Maraqlı şəxsndə doğum haqqında şəhadətnamədə düzəliş edilməsindən imtina olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1365/2020 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir. Həmin qətnamədən ərizəçi apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Onun 1987-ci ildə doğulmuş bacısı Ərizəçi müəyyən səbəblərdən ölmüş, o, xx.xx.1993-cü il tarixdə doğulanda isə valideynləri ona doğum haqqında şəhadətnamə almamış, ölmüş bacısının doğum haqqında şəhadətnaməsindən istifadə etmişlər, hazırda da ondan istifadə edir. Bu halı məhkəmədə bildirmiş, lakin əhəmiyyət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin göstərdi ki, 1987-ci ildə böyük qızı Ermənistanda doğulmuş və ölmüşdür. Ərizəçi 1993-cü ildə Bakıda ev şəraitində doğulmuşdur, lakin ona doğum haqqında şəhadətnamə almadıqlarından, böyük qızının doğum haqqında şəhadətnaməsindən istifadə etmişdir. Maraqlı şəxs isə məhkəməyə ünvanladığı ərizədə məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsi xahiş etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Eyni Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan sənədlərdən görünür ki, Ərizəçi xx xxxx 1987-ci il tarixdə Ermənistan SSR Noemberyan rayonu Yuxarı Körpülü kəndində doğulmuşdur. Atası X5, anası X2r. Noemberyan rayonu Axtanaksk kənd soveti tərəfindən bu barədə xx xxxx 1987-ci il tarixdə 21 saylı akt qeydi aparılmışdır. Ərizəçiyə şəxsiyyət vəsiqəsi təqdim olunarkən, doğum təvəllüdü xx.xx.1987-ci il kimi göstərilmişdir (şəxsiyyət vəsiqəsinin seriyası və sayı AZE ********, verilmə tarixi xx.xx.2013-cü il, vəsiqəni verən orqan ASAN1). Ərizəçinin nümayəndəsi doğum akt qeydinin bərpa edilməsi barədə ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş, həmin orqanın xx.xx.2019-cu il tarixli 05/Q-498/68 saylı məktubunda göstərilmişdir ki, Ərizəçi şəxsiyyət vəsiqəsində doğum tarixi “xx.xx.1987-ci il” olduğu halda, Ermənistan, Nosiberyan rayon, Axtanansk kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə doğum tarixinin “xx.xx.1987-ci il” qeyd edildiyi müəyyən edilmişdir. Sənədlər arasında ziddiyət olduğundan doğum haqqında akt qeydinin qeydiyyat şöbəsində bərpasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə ərizənin rədd edilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, ərizəçi qeyd etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini zəruri edən səbəbləri göstərməmişdir. Ermənistan SSR-də yaşayan Azərbaycanlılar kütləvi şəkildə 1980-ci illərin sonlarında deportasiya olunmuşdur və ərizəçinin 1993-cü ildə Ermənistan SSR ərazisində doğulması barədə qeyd olunanların heç bir həqiqi və hüquqi əsası yoxdur. Ərizəçi ərizə tələbinin əsaslılığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir və bu cür sübutlar ümumiyyətlə mövcud deyildir. Ərizəçi atası və anasının onun doğulduğunu göstərdiyi 1993-cü il tarixədək Ermənistan SSR ərazisində formalaşmış Respublikada yaşamalarına, onun 1993-cü ildə doğulmasına, atasının və anasının, həmçinin özünün Ermənistan SSR-dən məcburi köçkün düşmədiklərinə dair sübutlar təqdim etməmişdir. Kollegiya hesab edir ki, ərizənin rədd edilməsi barədə məhkəmənin qənaəti qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi, xx.xx.1993-cü il tarixdə doğulduğunu, valideynlərinin ona doğum haqqında şəhadətnamə almadığını, ölmüş bacısının doğum haqqında şəhadətnaməsini istifadə etdiyini bildirərək, hazırda vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilmiş doğum tarixinin (xx.xx.1987-ci il) düzgün olmaması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnaməsində xx.xx.1993-cü il tarixi qeyd edilməklə yeni şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, ərizəçi xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ev şəraitində doğulduğunu və ümumiyyətlə ona doğum haqqında şəhadətnamə alınmadığını, mərhum bacısının doğum haqqında şəhadətnaməsindən istifadə etdiyini qeyd edir, belə olan halda o, doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olduğu halda, yalnış olaraq ölmüş bacısına məxsus olan doğum haqqında şəhadətnamədə doğum tarixinin düzgün olmamasının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1365/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar