Məhkəmə qərarları › İş №2(103)-4137/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4137/2021

17.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4137/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh açıq səhmdar cəmiyyətin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1294/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi, iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun 29.10.2020-ci il tarixli 2596k saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi və öz ərizəsi ilə işdən azad edilməsinə dair portalda düzəliş (və əmək kitabçasına) edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1294/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı X1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qətnaməsində əmrin əsaslı olmasını yalnız bir arqumentlə izah edərək iddianı rədd etmişdir. Həmin arqument isə Bankın müştəri portfelinə daxil olan hüquqi şəxslərin məlumatlarını üçüncü şəxsin email ünvanına göndərməyidir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, işəgötürənlə onun arasında bağlanmış əmək müqaviləsində və imza aldığı vəzifə öhdəlikləri barədə sənəddə məlumatların 3-cü şəxslərə ötürülməməsi barədə öhdəlik götürmüş və bu öhdəliyin məsuliyyətini çox yaxşı dərk edir. Məhkəmə məlumatı üçüncü şəxsin email ünvanına göndərməyini sübut edən heç bir sübuta istinad etmədiyi kimi cavabdeh təşkilat da bu barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh təşkilatın ehtimallarına əsaslanan məhkəmə ehtimalla qətnamə çıxarmışdır. Halbuki, məhkəmə qətnaməsi əsaslı və qanuni olmalıdır. Məhkəmənin və cavabdeh təşkilatın qətnamədə göstərilən ehtimallarına aşağıdakı əks arqumentlərini qoyaraq məhkəmə qətnaməsinin ehtimallarının əsassız olduğunu məhkəmə kollegiyasının nəzərəinə çatdırmaq istəyir: o İddia ərizəsində və məhkəmə prosesində də məhkəməni nəzərinə çatdırmışdır ki, onun vəzifəsinin icrası daimi olaraq ərazidə olduğu üçün cavabdeh təşkilat tərəfindən bankda onlar üçün hazırlanmış email ünvanlarından öz şəxsi email ünvanlarına məlumatların göndərilməsinə icazə verilmişdir; o Əgər cavabdeh təşkilat öz bank və kommersiya sirlərinin yayılmasından və işçilərin belə neqativ əməllərindən narahatdırsa digər Banklar kimi informasiya sistemində işçilərin öz şəxsi email adreslərinə informasiya göndərməsini texniki vasitələrlə qadağan edə bilər; o Məhkəmə prosesində də bildirmişdir ki, o, hansısa müştərini başqa Banka daşımaq istəsə onun hansısa məlumatları ona lazım deyildir, həmin müştərilərin telefon nömrələri onun telefonunun yaddaşındadır; o Bundan başqa cavabdehin nümayəndəsinə verilən sualla aydınlaşdırıldı ki, işçilər səhər işə gələndə və gedəndə onların üzərləri axtarılmır, bu baxımdan o, həmin məlumatları çap edib özü ilə apara bilərdi; o Cavabdehin nümayəndəsinə mübahisəsi gedən 317 müştərinin hər-hansı birinin Bankdan ayrılması ilə bağlı məlumat varsa məhkəməyə təqdim edilməsini tələb etsə də belə bir hal olmadığı üçün təqdim edə bilməmişlər; o 12 ildən çoxdur ki, bank sahəsində çalışır və kifayət qədər digər Banklarda çalışan dostları vardır. Sözü gedən müştərilərin başqa Banka köçürülməsini onların vasitəsi ilə bu gün də edə bilərdi. Lakin belə bir hal baş verməmişdir. o Əvvəl "xxxx"xxxx“TuranBank’’ ASC-də son olaraq isə ’’Cavabdeh" ASC-də çalışmışdır. Cavabdeh təşkilat əvvəlki Banklardan hər-hansı bir müştərini onların Bankına köçürməyini sübut edə bilərmi? Göründüyü kimi məhkəmənin ehtimalına qarşı bir çox əks ehtimalları mövcuddur. Məhkəmə ədaləti təmin elmək üçün işin mahiyyətini araşdırmaq əvəzinə, qanuni və əsaslı qətnamə çıxarmaq əvəzinə ehtimallara əsaslanmışdır. O, öz şəxsi email ünvanına göndərdiyi məlumatları heç bir 3-cü şəxslərlə bölüşməmiş və banka heç bir zərər vurmamışdır. Müştərilərin itkisindən isə ümumiyyətlə söhbət gedə bilməz. Əgər belə bir hal varsa cavabdeh təşkilat bunu sübt etməlidir. Nə əmək müqaviləsində nə də digər təqdim edilən (vəzifə öhdəliklərində) sənədlərdə şəxsi email ünvanına hansısa məlumatları göndərməməyə görə öhdəlik götürməmişdir. Vəzifə öhdəlikləri barədə sənədin məsuliyyət bölməsinin 3-cü bəndində "xidməti vəzifələrin icrası zamanı ona məlum olan bank, kommersiya, eləcədə digər konfidensial statuslu məlumatların qorunmasını, həmin məlumatların yayılmasının və üçüncü şəxslərə ötürülməməsini təmin etməyi" öhdəsinə götürmüşdür. Məhkəmə onun göstərilən məlumatları yaymağını və ya 3-cü şəxslərə ötürməyini sübut edibini? Göstərilənlərdə yanaşı Məhkəmə Kollegiyasının nəzərinə çaldırır ki, 01.10.2018-ci il tarixində “Cavabdeh" ASC-nin 01.10.2018-ci il tarixli 866 k saylı əmri və həmin Bankın '‘Sabunçu" filialının Kredit şöbəsinin kiçik, və orla sahibkarlığın kreditləşməsi üzrə aparıcı mütəxəssisi vəzifəsinə qəbul olunmuşdur. 2018-ci ilin oktyabr ayının birindən 2020-ci ilin oktyabr ayının 30-a kimi həmin Bankda yüksək peşəkarlıq və vicdanla fəaliyyət göstərmişdir. Bu səbəbdən də qısa müddətdə vəzifədə 3 dəfə qabağa çəkilmişdir. İddia ərizəsində də göstərdiyi kimi təxminən 2020-ci ilin əvvəllərində maaş artımı ilə əlqədar olaraq rəhbərliyə müraciət etmişdi. Lakin avqustun axırına kim ona müsbət cavab verilməmişdi. Sentyabr ayının ortalarında isə baş ofisdə iclas keçirilərək maaş artımı olmayacağı bildirildi. Bundan sonra o, 23.09.2020- ci il tarixində ərizəsini yazmaq öz arzusu ilə işdən çıxarılmağını xahiş etdi. Lakin işəgötürən "Cavabdeh" ASC qanunsuz olaraq onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam vermişdir. Bir daha bildirir ki, vəzifə səalhiyyətindən heç vaxt sui-istifadə etmimişdir. Əmrdə istənilən bankın müştəri bazasının 317 hüquqi şəxsinə aid məllumatların şəxsi e-mail adresinə göndərməyində heç bir neqativ hal yoxdur. Əgər bu neqativ haldırsa nəyə görə Bank bunun qarşısını texniki vasitə ilə almır? Belə ki, onlar kredit mütəxəssisləri daimi olaraq ərazidə işlədiyi və təhkim edilmiş filiallara getdikləri üçün bu məlumatlar daimi olaraq tərəfilərindən analiz edilir. Həmçinin rəhbərlərdən gələn e-mailləri adətən şəxsi e-mail ünvanına atırlar ki, digər filiallarda və ya ərazidə bu işlərlə məşğul ola bilsinlər. Vəzifə maaşını artırmadıqları üçün öz ərizəsi ilə işdən çıxmağı barədə ərizini təqdim etdikdən sonra qanunsuz olaraq belə bir əmələ əl atan işəgötürənin 29.10.2020-ci ıl tarixli Əmri ləğv edilməlidir. İşdən çıxıma barədə ərizəni yazdıqdan sonra o, bir sıra Banklardan işlə bağlı təkliflər gəldiyi məlumatı işəgötürənə çatdırıldığı üçün onlarda belə bir fikir formalaşıb ki, guya o, müştəriləri başqa Banka aparacaq. Bundan sonra onlar onu ləkələmək üçün bu işə əl atıblar. Cavabdeh təşkilat Əmək Məcəlləsinin tələblərin pozaraq qanunsuz olaraq onu 70-ci maddənin "ç" bəndi ilə işdən azad etmişdir, bununla bağlı geniş məlumatı iddia ərizəsində göstərmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, işlədiyi dövr ərzində iddiaçıya icazə verilib ki, məlumatları iş yerinin e-maili ilə şəxsi e-mailinə göndərə bilər. Onlar tələb etmişdilər ki, 317 müştəridən neçəsi iddia etdikləri kimi bankı tərk edib. Banka heç bir ziyan vurulmayıb. İddiaçı 2007-ci ildən hazırki vaxta kimi bank sektorunda işləyir. Hər dəfə iş yerini dəyişdirəndə əmək haqqı azlığı ilə əlaqədar öz ərizəsi ilə işdən çıxıb və getdiyi heç bir banka da əvvəlki işlədiyi bankdan müştəri aparmayıb. Əgər iddiaçı bankın elektron ünvanından şəxsin e-mail adresinə hansısa məlumat göndəribsə, deməli Bank özü buna şərait yaradıb, icazəsi olub. Çünki, özü də hazırda bank sektrounda işləyir və iş yerinin e-mail adresindən şəxsi e-mail adresimə heç bir mılumat göndərə bilmir. Çünki, işlədiyi bankın sistemi buna icazə vermir. Məhkəmənin iddianı təmin etməməsi barədə qətnaməsini qanunsuz və əsassız hesab edir. Əassız olaraq iddiaçının iş həyatı ləkələnir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, bank sisteminə görə iddiaçının şəxsi e-mail adresi kənar şəxsə məxsus e-mail adresi sayılır və hazırki iş bank üçün profilaktik mahiyyət daşıyır. Çünki, hər işdən çıxan işçisi bankdan 300-400 müştəri aparsa, banka ziyan vurular və sərbəst bazar iqtisadiyyatına zərbə vurular. İddiaçı iltizam imzalayıb. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş 23 sentyabr 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh ASC-nin İdarə Heyətinin sədri A.İbrahimova müraciət edərək, 30 oktyabr 2020-ci il tarixdən öz istəyi ilə işdən azad olunmasını xahiş etmişdir. 26 oktyabr 2020-ci il tarixli izahatdan görünür ki, İddiaçı cavabdehə izahat yazaraq 21.10.2020-ci il tarixdə müştəri məlumatı əks olunmuş məlumatı öz şəxsi mail ünvanına göndərdiyini bildirmişdir. İddiaçı qeyd etmişdir ki, həmin məlumatı göndərməsinə səbəb əmək haqqı layihəsinə qoşulmamış müştərilərin bankın əmək haqqı fonduna qoşulmasının və dövriyyələrinin azalma səbəblərini araşdırmaq və bununla bağlı öz şöbələrinə məlumat vermək məqsədi olmuşdur. İş materiallarına əlavə olunmuş bank daxili sənədlərdən görünür ki, İddiaçı vəzifə təlimatı ilə tanış olmuş, həmin təlimatın tələblərinə uyğun əmək funksiyalarını icra etməyi öhdəsinə götürmüşdür. Qeyd olunan vəzifə təlimatlarından görünür ki, vəzifə təlimatında əsas məlumatlarla yanaşı, əsas öhdəliklər və səlahiyyətlər, məsuliyyət həddi ilə bağlı göstərişlər sadalanmışdır. İddiaçı öhdəliklərini yerinə yetirib, verilmiş səlahiyyətlərindən istifadə edərkən, əsas öhdəliklərini tam, düzgün və bankın qanuni maraq və mənafelərinə uyğun icra etməli; iş prosesini fəaliyyət sahəsinə aid Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada təşkil etməli; xidməti vəzifələrin icrası zamanı ona məlum olan bank, kommersiya, eləcə də digər konfidensial statuslu məlumatların qorunmasını, həmin məlumatların yayılmamasını və üçüncü şəxslərə ötürülməməsini təmin etməli; istifadəsində olan bankın əmlakını səmərəli və şəxsi məqsədlər üçün olmamaqla istifadə etməli idi. İş materiallarına əlavə olunmuş, cavabdehin Daxili Nəzarət Departamentinin arayışından görünür ki, İnformasiya Təhlükəsizliyi departamenti tərəfindən Cavabdeh ASC-nin kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinin baş mütəxəssisi İddiaçı tərəfindən korporativ e-mail ünvanından kənar e-mail ünvanına göndərdiyi e-mail barədə DND-yə məlumat daxil olmuşdur. Bununla bağlı olaraq DND tərəfindən müvafiq yoxlama aparılmış, əməkdaş tərəfindən banka məxsus müştəri bazasının kənar mailə göndərdiyi və əməkdaşın işdən çıxma mərhələsində olduğu müəyyən edilmişdir. Bununla bağlı olaraq əməkdaşla müvafiq görüş keçirilmiş və əməkdaşdan yazılı izahat alınmışdır. Bununla da, İddiaçı Cavabdeh ASC-nin «Etik davranış məcəlləsi»nin (2.7. Məlumatların qorunması), Banklar haqqında qanunun 41-ci maddəsini (Bank sirri), Cavabdeh ASC-də informasiya prosesləri və texnologiyaları ilə iş proseslərində təhlükəsizliyin təmin olunmasına dair metodik göstərişlərin 3.4-cü bəndini (Konfidensial və əhəmiyyətli xidməti məlumatlardan ibarət elektron məktubların identifikasiya olunmamış kənar ünvanlara göndərilməsi, eləcə də şəxsi məzmunlu yazışmalarda korporativ e-mail ünvanından istifadə edilməsi yolverilməzdir) və əmək müqaviləsinin 3.3-cü hissəsinin «d» bəndini (dövlət sirrini, Bankın kommersiya sirrini, eləcə də bank sirrini müəyyən olunmamış qaydada və şərtlərlə qorumaq) pozulmasına şərait yaratmışdır. Nöqsanın/kənarlaşmanın təsvirində qeyd olunmuşdur ki, 21.10.2020-ci il tarixdə kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinin baş mütəxəssisi İddiaçı mövcud qanunvericiliyin tələblərini pozaraq bankın 317 müştəri bazasına aid məlumatları özündə əks etdirən excel faylı kənar mail-ə (Elektron ünvan ) göndərmişdir. Bu faylda müştərilərin CİF nömrəsi, VÖEN-i, RM, müştərinin adı, qeydiyyat tarixi və s. digər zəruri məlumatlar öz əksini tapmışdır. Məlumat üçün bildirilmişdir ki, əməkdaş İddiaçı 23.09.2020-ci il tarixdə öz xahişi ilə işdən çıxmaq üçün ərizə yazmış, 29.10.2020ci il tarixi əməkdaşın bankda son iş günü olacaqdı və qeyd olunan məlumatların əməkdaş tərəfindən kənar e-mail ünvanlara göndərilməsi bank üçün müştəri itkisi riskini formalaşdırır. Əmək müqaviləsinə xitam verilməsi haqqında 29 oktyabr 2020-ci il tarixli 2596 k saylı əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 30.10.2020-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilməklə, xitam verilmişdir. Göründüyü kimi, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsas mövcud olmuşdur. İddiaçının işdən çıxmasına bir neçə gün qalmış bankın müştərilərinə aid məlumatları öz e-mail ünvanına göndərməsi qanunsuz olmaqla, həqiqətən bank üçün müştəri itkisi riskini formalaşdırır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin e) bəndinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisəsnin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün olmamışdır. Əvvəla ona görə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair, məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Əmrin verilməsinə əsas kimi iddiaçının ona həvalə edilmiş vəzifə səlahiyyətlərindən su istifadə etməsi, yəni iddiaçının işdən çıxma fikrini bildirdikdən sonra korporativ e-mail ünvanından bankın müştəri bazasının 317 hüquqi şəxsinə aid məlumatları kənar e-mail(öz şəxsi email)ünvanına göndərməsi göstərilmişdir. Lakin bu hal iddiaçının cavabdehə maddi ziyan vurmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki, bunun nəticəsində cavabdehin qanunla qorunan mənafeyinə hər hansı bir formada ziyan dəyməsi təsdiq olunmalıdır. Amma belə bir ziyan dəyməsinə dair cavabdeh məhkəməyə heç bir sübut təqdim etmir. Qeyd olunan məlumatları iddiaçının öz şəxsi e-mail ünvanına göndərməsinə icazəsi olmasaydı ən azından bank bunu texniki vasitələrin köməyi ilə qadağan edə bilərdi. Bununla yanaşı, bankın müştəri bazasının 317 hüquqi şəxsinə aid məlumatların başqa şəxslərin əlinə keçməsinə, həmin şəxslərin cavabdeh bankla münasibətlərini pozub, başqa banklarla əməkdaşlıq etmələrinə və.s. hallara dair də cavabdeh tərəfdən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsaslı və təsdiq olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Çünki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün ən azından apellyasiya şikayətində göstərilən dəlillər cavabdeh tərəfindən təkzib oluna bilərdi. Mübahisələndirilən əmrdə də Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi də əsaslandırılmamışdır. Bundan əlavə, qeyd olunduğu kimi cavabdeh iddiaçının əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirərkən sui istifadə etməsi nəticəsində ona maddi ziyan vurmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və istinad etdiyi halları sübut edə bilməmişdir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşürdü. Lakin cavabdeh bu sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qeyd olunduğu kimi, iddiaçının bankın müştəri bazasının 317 hüquqi şəxsinə aid məlumatları öz şəxsi e-mail ünvanına göndərməsi hələ cavabdehə maddi ziyan vurması demək deyildir. Əksinə, apellyasiya şikayətində göstərilənlər iddianın təmin edilməməsinin əsaslı və qanuni olmadığını bir daha təsdiq etmiş olur. Göstərilənlərdən əlavə, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi xəbərdarlıq müddətini 1 ay müəyyən edib. Bu müddətin axımı işçi tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizənin verilməsi ilə başlayır. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizədə göstərmək istəyirsə bunu yalnız xəbərdarlıq müddətinin (bir ayın) daxilində göstərə bilər. Əmək Məcəlləsi işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verməyib. Əgər işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verilsə istənilən işçi ərizə yazaraq 2 ay, 3 ay və s. müddətdən sonra əmək müqaviləsinin ləğv edilməsini tələb edə bilər. Əgər işçinin əmək münasibətini dayandırmaq istədiyi gün xəbərdarlıq müddətindən (1 aydan) kənardadırsa ərizə həmin günə aid hissədə etibarsız sayılır və hesab olunur ki, işçi ərizədə əmək münasibətini dayandırmaq istədiyi günü göstərməyib. Bu halda 1 ay bitən kimi əmək müqaviləsi ləğv edilmiş sayılır. Hazırki iş üzrə də, iddiaçının 23 sentyabr 2020-ci ildə öz təşəbbüsü ilə işdən çıxmasına dair ərizə verməsi işin mübahisəsiz halıdır. Bunu cavabdeh tərəf də mübahisələndirmir. Mübahisəli hal odur ki, əmək müqaviləsi bir ay bitən kimi ləğv edilmiş sayılmalı idi, yoxsa yox? Belə mübahisələrin həlli zamanı "əmək müqaviləsinin ləğv edilməsi" anlayışı ilə "əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirilməsi" anlayışı səhvən eyniləşdirilir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda müqaviləni işçi ləğv edir, işəgötürən isə ləğvi rəsmiləşdirir (Əmək Məcəlləsi, maddə 83. hissə 1). İşçi əmək müqaviləsinin tərəfi kimi həmin müqaviləni ləğv etmək hüququna malikdir, bu hüququnu həyala keçirmək üçün müqavilənin digər tərəfinin (işəgötürənin) əmrindən asılı deyil, sadəcə xəbərdarlıq müddətinə (1 aya) əməl etməlidir. Göründüyü kimi, hazırki işdə də əmək müqaviləsi ərizənin verildiyi tarixdən bir ay sonra - 23.10.2020-ci il tarixdə iddiaçının təşəbbüsü ilə ləğv edilib, lakin cavabdeh bunu rəsmiləşdirməyib, yalnız iddiaçının maaş azlığına görə işdən gedəcəyini qəbul etmədyi üçün iddiaçının bankın müştəri bazasının 317 hüquqi şəxsinə aid məlumatları öz şəxsi e-mail ünvanına göndərməsini bəhanə edərək 29.10.2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edib. Göründüyü kimi, əmək müqaviləsi 29.10.2020-ci il tarixdən 6 gün əvvəl işçinin təşəbbüsü ilə ləğv edildiyinə görə cavabdehin 6 gün sonra işəgötürənin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsini ləğv etməsi düzgün olmamışdır. Bu hal özü də iddianın təmin edilməsi üçün müstəqil əsas kimi çıxış edir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. edilir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı oğlunun apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1294/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh açıq səhmdar cəmiyyətinin İddiaçı ilə bağlı 29.10.2020-ci il tarixli 2596k saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmr ləğv edilməli, onun öz ərizəsi ilə işdən azad edilməsinə dair portalda və əmək kitabçasında düzəliş edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1294/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. Cavabdeh açıq səhmdar cəmiyyətinin 29.10.2020-ci il tarixli 2596k saylı İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında əmri ləğv edilsin və iddiaçının öz ərizəsi ilə işdən azad edilməsinə dair portalda və əmək kitabçasında düzəliş edilsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar