Məhkəmə qərarları › İş №2(103)-4139/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4139/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4139/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.06.2013-cü il tarixdə “xxxx” İKB-nin 6 saylı filialı (bank) və Cavabdeh arasında 2013-cü il buraxılışlı “Renault Tondar” markalı avtomobilin alınması məqsədilə kredit müqaviləsi bağlandığını, müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə, illik 21% olmaqla 10 200 manat kredit verildiyini, kreditin təminatı olaraq həmin avtomobilin ipoteka ilə yüklü olunduğunu, həmçinin bank, MMC və Cavabdeh arasında zaminlik müqaviləsi bağlandığını, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyi üçün həmin öhdəliyin icrası barədə kreditorun zaminə borcun ödənilməsi təklifini irəli sürdüyünü və MMC-nin borclunun banka ödənilməli olan 7954 manat borcunu ödədiyini bildirmiş, buna görə də cavabdehdən 7954 manat məbləğində kredit ödənişinin əvəzinin və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv, iddianın isə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin işin faktiki hallarını düzgün qiymətləndirmədiyi, avtomobili başqa şəxsə satmış olmasını, sonradan avtomobilin bank tərəfindən ucuz qiymətə satıldığını və beləliklə də banka olan borcunun artmasına şərait yaratdığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Cavabdeh məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, “xxxx” İKB ASC, Cavabdeh və İddiaçı MMC arasında 27 iyun 2013-cü il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə illik 21%-lə 10 200 manat məbəğində kredit verilmiş, kreditin təminatı olaraq İddiaçı MMC bank qarşısında zamin durmuş, cavabdeh öhdəliklərini lazımi qaydada icra etmədiyindən banka ödənilməli borcun 10 644 manatı zamin tərəfindən ödənilmiş, həmin məbləğin 2960 manatı Cavabdeh tərəfindən geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi məhz qeyd olunan halı əsas götürməklə iddiaçının iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənətlə razılaşaraq qeyd edir ki, Cavabdeh iddiaçı qarşısında yaranmış öhdəliyi mülki qanunvericiliyin öhdəlik və zaminliklə bağlı müddəaları kontekstində qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 431.1-ci və 431.3-cü maddələrinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Həmin Məcəllənin 472-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 474.2-ci maddəsinə görə zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Məcəllənin 474.3-cü maddəsinə görə, zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər; 475.1-ci maddəsinə görə isə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. İşin hallarından görünür ki, iddiaçı, cavabdehin kredit öhdəliklərinin müəyyən hissəsinin onun tərəfindən icra edilməsi barədə sübutları – müvafiq ödəniş qəbzlərini məhkəməyə təqdim etmiş, Babək Bayramov isə bu ödənişlərin həqiqətən də zamin tərəfindən edildiyini mübahisələndirməmişdir. Bu mənada kollegiyanın qənaətinə görə iddiaçının iddia tələbi, tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, birincisi, cavabdeh avtomobili başqa şəxsə satdığına və bankla arasındakı müqavilə münasibətinin xitam edildiyinə dair sübut təqdim etməmişdir; ikincisi, avtomobilin cavabdehin irəli sürdüyü kimi hərracdan satılmış olması, onu zaminin qarşısında yaranmış öhdəliyindən azad etmir; üçüncüsü, zaminin, kreditorun tələbini ödəyənədək bu barədə borclunu (cavabdehi) xəbərdar etməmiş olması yuxarıda qeyd olunduğu kimi ona, zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürmək imkanı verir - hazırkı işdə isə belə etiraza əsas verən hal müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4270/2019 saylı iş üzrə 16 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar