Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-414/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun vəkili X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(005)-22/2020 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çəkilən xərcin "xxxx" ASC tərəfindən ona ödənilməklə Bakı şəhəri, Xətai rayonu, 2942-q saylı məhəllə, N.Tusi küçəsində yerləşən, bina 1, blok 4, 3 otaqdan ibarət, ümumi sahəsi 116,18 kv.metr olan 214 saylı (hazırkı nömrəsi 259) ünvanda yerləşən mənzili "xxxx" ASC-nə təhvil verməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC ilə arasında 21.02.2007-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə ilə cavabdeh Bakı şəhəri, Xətai rayonu, 2942-q saylı məhəllə, N.Tusi küçəsində yerləşən, bina 1, blok 4, 3 otaqdan ibarət, ümumi sahəsi 116.18 kv.metr olan 214 saylı (hazırkı nömrəsi 259) ünvanda yerləşən mənzili ona verməyi, o, isə şərtləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Ölkədə yaranmış böhranla əlaqədar müqavilənin tələblərini vaxtlı-vaxtında icra edə bilməmiş və bu səbəbdən də cavabdehə dəfələrlə yazılı və şifahi olaraq mübahisənin həlli ilə bağlı müraciət etsə də, cavabdeh təşkilat razılığa gəlməmiş, ona heç bir güzəştlər etməmişdir. Hətta borcun qismən ödənilməsini, yeni qrafik açılaraq yenidən müqavilə üzrə borcun ödənilməsini xahiş etsə də, cavabdeh buna razı olmamışdır. Belə olan halda qərara gəlmişdir ki, mənzili alarkən tərəfindən mənzilə çəkilmiş təmir xərcləri cavabdehdən alınaraq ona ödənilməsi və mənzilin "xxxx" ASC-nə təhvil verməyi barədə məhkəmədə iddia qaldırır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, 2942-q saylı məhəllə, N.Tusi küçəsi 1 saylı binanın, blok 4, 214 saylı (hal-hazırda 259) saylı 3 otaqdan ibarət olan mənzilin əvəzi olaraq ödədiyi ümumilikdə 29337.24 (iyirmi doqquz min üç yüz otuz yeddi manat 24 qəpik) manat məbləğində pul məbləğinin və 32500 (otuz iki min beş yüz) manat məbləğində təmir xərci olmaqla, cəmi 61837.24 manat məbləğində pulun ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmə barədə ərizə onunla əsaslandırılır ki, cavabdeh "xxxx" ASC ilə imzalanmış 21.02.2007-ci il tarixli 2215 saylı alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu ərazisində 2942-q saylı məhəllədə N.Tusi küçəsi 1 saylı binanın, 4 blok, 8 mərtəbə, 214 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 116,18 kv.m olan mənzilin ona satılması, əvəzində isə hər ay 671,26 manat olmaqla 180 ay müddətində ümumilikdə 120827,2 manat məbləğində pulun ödənilməsi barədə razılığa gəlinmişdir. Məlumat üçün qeyd edir ki, əslində evin qiyməti 53000 manat olmuşdur, lakin hissələrlə ödəmək istədiyi üçün ona bu evi ikiqat məbləğinə rəsmiləşdirmişlər. Elə müqavilə imzalanan gün müqavilənin 2.3-cü bəndinin tələbinə müvafiq olaraq tərəfindən 12000 (on iki min) manat ilkin ödəniş edilmiş və sonrakı aylarda ümumlikdə 17337,24 (on yeddi min 337.24) manat olmaqla, cəmi 29337.24 (iyirmi doqquz min üç yüz otuz yeddi manat 24 qəpik) manat məbləğində ödəniş edilmişdir. Bundan təxminən bir il sonra, daha dəqiq desək, 24 yanvar 2008-ci il tarixində "xxxx" ASC ilə 1019AKN/08 saylı kredit müqaviləsi imzaladaraq adına yuxarıda qeyd etdiyi evə görə illik 15 faiz olmaqla, 170 ay müddətinə 46853.91 manat kredit rəsmiləşdirilmiş, lakin həmin pul ona verilməmiş, cavabdeh şirkətə verilmişdir. Məlumat üçün qeyd edir ki, "xxxx" ASC ilə imzalanmış həmin kredit müqaviləsinə birtərəfli qaydada 26.12.2009-cu il tarixində xitam verilmişdir. Bundan əlavə, evin təmirinə ümumilikdə 32500 (otuz iki min beş yüz) manat məbləğində təmir xərci çəkilmişdir. Hələ 2009-cu ildə qrafik üzrə ödənişləri etmək üçün dəfələrlə cavabdeh şirkətin ofisinə getsə də, ödənişlərini onlarda olan texniki problemlərə görə qəbul etməkdən imtina etmişlər və o, həmin məbləği evin təmirinə yönəldərək ora köçmüşdür. Nəzərə alınsa ki, o, sonuncu ödənişi 03 noyabr 2008-ci il tarixində etmiş (qəbz № 01, 0402001, 03.11.2008-ci il tarixli), belə olan halda, cavabdeh şirkət nəyə görə ona müqavilənin ləğv edilməsinə dair təklifi düz 7 il keçdikdən sonra 19.03.2015-ci il tarixində göndərmişdir. Belə çıxır ki, məqsəd burda onun hesabına əsassız varlanmaq olmuşdur. İddiaçının hüquqi savadsızlığından istifadə edərək cavabdeh şirkət onun mənzilini məhkəmə yolu ilə əlindən almış 24.02.2018-ci il tarixində mənzil cavabdehə təhvil verilmişdir. Bundan sonra, 02.03.2018-ci il tarixində iddiaçı çəkilmiş xərclərin ödənilməsi tələbinə dair cavabdeh şirkətə ərizə ilə müraciət etmiş və onu mart ayının 14-də şirkətin hüquqşünası Hikmət müəllim və digər əməkdaş olan adını xatırlamadığı digər xanım əməkdaş qəbul edərək sadəcə 11000 manat pulunu geri qaytara biləcəklərini söyləmişlər. İddiaçı buna etiraz etdikdə isə, vaxt istəyərək başqa bir qiymətləndirmə şirkətinin rəyini almaq istədiklərini və bundan sonra ödəyə biləcəkləri məbləğ haqqında ona məlumat verəcəklərini bildirdilər. Bundan sonra isə ümumiyyətlə onunla görüşməkdən imtina etmişlər. Beləliklə, buradan açıq-aydın görünür ki, cavabdeh şirkət qəsdən onun hesabına varlanmaq və təmirli evini əlindən almaq məqsədi güdmüş, ödəniş etmək istədiyi zaman müxtəlif bəhanələrlə ödənişi qəbul etməmiş və 2008-ci ilin noyabr ayından ödəniş olunmamasına baxmayaq, 7 ildən sonra onu məhkəməyə verərək təmirli evini əlindən almış və onun hesabına əsassız varlanmağa çalışmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(005)-22/2020 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən 30363 (otuz min üç yüz altmış üç) manat təmir xərci və 12493,22 (on iki min dörd yüz doxsan üç manat iyirmi iki qəpik) manat məbləğində mənzilə görə ödənilmiş pulun İddiaçı xeyrinə tutulması iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, onun təmin edilməsini, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(005)-22/2020 saylı qətnaməsinin qismən, iddianın təmin olunması hissəsində ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, iddiaçı qanunsuz olaraq mübahisəli mənzildə 2007-ci ildən 2018-ci il tarixədək yaşadığından cavabdehə maddi ziyan dəymişdir. Halbuki, iddiaçının həmin mənzildə yaşadığı dövrü həmin ərazidə olan orta aylıq kirayə haqqı ilə hesablansa cavabdehə dəymiş maddi ziyan iddiaçının ödədiyi pul vəsaitindən artıq çıxır. Həmçinin, müqavilənin şərtləri iddiaçı tərəfindən pozulduğundan, iddiaçı həmin mənzildə uzun müddət yaşadığından hesab olunur ki, iddiaçı tərəfindən ödənilmiş pul məbləği cavabdehə dəymiş maddi ziyan kimi hesablanaraq iddia tələbi rədd edilməlidir. İddiaçı mənzili təmir etsə də, həmin mənzildə yaşadığı müddət ərzində mənzildən istifadə etmiş və orada yaşamışdır. İddiaçı mənzili təmir edərkən təmirə çəkdiyi xərc üzrə özü risk daşıdığından təmir xərci cavabdehdən tutulmamlıdır. Belə ki, hər bir şəxs mənzili istədiyi qiymətə təmir etdirə bilər və təmirə istənilən vəsait sərf edə bilər. Belə olan halda həmin vəsaiti sərf edirsə deməli iddiaçı bununla risk daşıdığını qabaqcadan görməli idi. Əks təqdirdə cavabdeh, iddiaçının çəkdiyi xərc üzrə məsuliyyət daşımamlıdır. Hesab olunur ki, məhkəmə qətnamə üzrə mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və mübahisənin prosessual normaları üzrə istiqamətinə hüquqa aid olan bütün elementlərin və faktların tədqiqini təmin etməmiş, iş üçün bütün zəruri sübutları əlaqəli şəkildə, heç bir səbəb göstərmədən işin hərtərəfli həlli məqsədi ilə sübutların qəbul edilib-edilməməsi səbəblərini obyektiv yanaşmaqla izah etməmişdir ki, bu nəticə etibarı ilə işin tam, hərtərəfli və qanuni normalar əsasında araşdırılması və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxarmışdır. Bu zaman işə baxan məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılmadan lazımi şərait yaratmamış, çəkişmə prinsipini kobud şəkildə pozmuş, sübutların qiymətləndirilməsində, hüququn tətbiqində səhvə yol vermiş, bu və ya digər sübutun qəbul edilibedilməməsi səbəblərini əlaqəli olaraq düzgün və qanununun tələbinə uyğun izah verməmişdir. Halbuki, “Məhkəmə Qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada izah edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili X5 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı izahatında həmçinin qeyd etdi ki, mənzilin təmirinə 2008-ci ildə başlayıb, 2012-ci ildə yekunlaşdırmış, 2012-ci ildən mənzildə yaşamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki apellyator qətnaməni qeyd olunan hissədə mübahisələndirmişdir. İş materiallarında olan 21.02.2007-ci il tarixli, 2215 N-li müqaviləyə əsasən satıcı "xxxx" ASC ilə alıcı İddiaçı arasında bağlanmış mənzilin alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, 2942-q saylı məhəllə, N.Tusi küçəsi 1 saylı binanın, blok 4, 214 saylı (hal-hazırda 259) saylı 3 otaqdan ibarət olan mənzili binanın tikinti işləri tam başa çatdıqdan sonra alıcı İddiaçı təhvil verməyi, alıcı isə mənzilin dəyəri olan 120827,2 manat məbləğində pulu hər ay 67126 manat olmaqla 180 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-nə ünvanlanmış ərizədən görünür ki, ölkədə yaranmış böhranla əlaqədar müqavilənin tələblərini vaxtı-vaxtında yerinə yetirə bilməmişdir. Hazırda borcun 50%-ni ödəməklə qalan borcun qrafik əsasında ödənilməsinə razılıq verilməsini xahiş etmişdir. İş materiallarında olan 19.03.2015-ci il tarixli, 903/867№-li "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış təklifdən görünür ki, "xxxx" ASC Müqavilə üzrə öhdəliklərini icra edərək mənzili inşa etmiş və İddiaçı təhvil vermişdir. Lakin Müqavilənin tələbləri İddiaçı tərəfindən pozulmaqdadır. Belə ki, Müqavilənin Müqavilənin 2.2-ci bəndinə görə Alıcı aylıq ödəniş haqqı kimi müəyyənləşdirilmiş 671,26 manat pulu hər ayın 21-nə kimi Satıcıya ödəməlidir. Lakin artıq uzun müddətdir ki, aylıq ödəniş həyata keçirilmir. Bu hal "xxxx" ASC-yə Müqavilənin 3.1.1.7-ci bəndinə əsasən Müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verir. Həmin bəndə əsasən Alıcı ödəmələri 30 gündən artıq gecikdirdiyi halda Satıcının yazılı xəbərdarlıq etməklə müqaviləni birtərəfli qaydada ləğv etmək səlahiyyəti vardır. Qeyd edilənlərə əsasən "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 21 fevral 2007ci il tarixli, 2215 nömrəli müqavilənin ləğv edilməsi barədə razılaşmanın (müqavilənin) 5 (beş) gün müddətində bağlanmasını təklif edir, əks halda iddia qaldıraraq 21.02.2007-ci il tarixli 2215 N-li müqavilənin ləğv edilməsi, mənzilin boşaldılıb "xxxx" ASC-yə təhvil verilməsi və çəkilmiş məhkəmə xərclərinin ödənilməsini tələb edəcəyini bildirmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 17.03.2015-ci il tarixli arayışından görünür ki, X2 ilə "xxxx" ASC arasında 21.02.2007-ci il tarixində Baxı şəhəri, Xətai rayonu, 2942-q saylı məhəllə, N.Tusi küçəsində yerləşən bina 1, blok 4, mərtəbə 8, 214 (yeni-259) saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 116,18 kv.metr olan mənzilin (bundan sonra - Mənzil) alınmasına dair 2215 saylı alğı-satqı müqaviləsi (bundan sonra - Müqavilə) bağlanmış, mənzilin dəyəri tərəflərin razılığı ilə 120827,20 AZN (yüz yirmi min səkkiz yüz iyirmi yeddi manat iyirmi qəpik) məbləğində müəyyən olunmuş, alıcı mənzilin dəyərini 671,26 AZN (altı yüz yetmiş bir manat iyirmi altı qəpik) olmaqla 180 ay müddətində, hər ayın 21-i gününədək ödəməyi öhdəsinə götürmüşdür. Alıcı müqavilə bağladığı tarixdən 14.03.2015-ci il tarixinə qədər 65112,22 AZN (altmış beş min yüz on iki manat iyirmi iki qəpik) və ya 97 ay (doxsan yeddi) aylıq ödəniş məbləği ödəməli olduğu halda, 12493,22 AZN (on iki min dörd yüz doxsan üç manat iyirmi iki qəpik) və ya 19 ay (on doqquz) aylıq ödəniş məbləğində pul ödəmişdir. Alıcının qrafik üzrə gecikməsi 52619,00 AZN (əlli iki min altı yüz on doqquz manat) və ya 78 ay (yetmiş səkkiz) aylıq ödəniş məbləği və 7295,27 AZN (yeddi min iki yüz doxsan beş manat iyirmi yeddi qəpik) faiz borcu məbləği təşkil edir. Alıcı 26.12.2009-cu il tarixindən etibarən ödəniş aparmır. Alıcının müqavilə üzrə 108333,98 AZN (yüz səkkiz min üç yüz otuz üç manat doxsan səkkiz qəpik) qalıq borcu və 7295,27 AZN (yeddi min iki yüz doxsan beş manat iyirmi yeddi qəpik) faiz borcu mövcuddur. Alıcı 2352 (iki min üç yüz əlli iki) gündür ki, aylıq ödənişi gecikdirir. İş materiallarında olan 24.01.2008-ci il tarixli kredit sazişinə əsasən "xxxx" KB ASC, İddiaçı ilə müqavilə bağlanmışdır. Bank cavabdehə mənzil alqısatqısı üçün 170 ay müddətinə illik 15 % ödəmək şərtilə 46853,91 manat məbləğində kredit limiti verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı ayrı-ayrı tarixlərdə "xxxx" KB ASC-nə müqavilə üzrə ödənişlər etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 24.02.2018-ci il tarixli, 021/Mİ/18 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 214 saylı mənzilə çəkilən təmir xərclərinin dəyəri 32500 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23483 saylı 20 dekabr 2018-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, 2942-q daylı məhəllə, N.Tusi küçəsində yerləşən, bina 1, blok 4, 3 otaqdan ibarət, ümumi sahəsi 116,18 kv.metr olan 214 saylı (hazırki nömrəsi 259) mənzilin təmir edilən dövrdə təmirsiz vəziyyətdən mövcud vəziyyətə gətirilməsi üçün aparılmış tikinti-təmir işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 30363,0 manat məbləğində müəyyən olunur. Tədqiq olunan mənzildə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqınınayrı-ayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Bakı şəhəri, Xətai rayonu, 2942- q daylı məhəllə, N.Tusi küçəsində yerləşən, bina 1, blok 4. 3 otaqdan ibarət, ümumi sahəsi 116,18 kv.metr olan 214 saylı (hazırki nömrəsi 259) mənzilin təmiri üçün çəkilən xərçlərin ümumi məbləği (köhnəlmə faizi nəzərə alınmaqla) nə qədər təşkil etməsinə dair tədqiqat aparılmadı. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 10.09.2018-ci il tarixli, 14-01/687 saylı arayışından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında 21.02.2007-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu. 2942-q saylı məhəllə, N.Tusi küçəsində yerləşən bina 1, blok 4, mərtəbə 8, 214 saylı (yeni 259), 3 otaqdan ibarət, ümumi sahəsi 116,18 kv.m olan mənzilin alınmasına dair 2215 saylı alğı-satqı müqaviləsi bağlanmış, mənzilin dəyəri tərəflərin razılığı ilə 120827,20 AZN (yüz iyirmi min səkkiz yüz iyirmi yeddi manat 20 qəp.) məbləğində müəyyən olunmuş, alıcı mənzilin dəyərini 671,26 AZN (altı yüz yetmiş bir manat 26 qəp.) olmaqla 180 ay müddətində, hər ayın 21-ci gününədək ödəməyi öhdəsinə götürmüşdür. Alıcı müqavilə üzrə öhdəliklərini pozduğuna görə Korporasiya müqavilənin ləğvi, mənzilin geri qaytarılmasına tələbi ilə Xətai rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 10.07.2015-ci il tarixli qətnaməsi ilə Korporasiyanın iddiası təmin edilmişdir. Alıcı mənzilə görə 671,20 AZN (altı yüz yetmiş bir manat 20 qəp.) ilkin ödəniş olmaqla, cəmi 12493,22 AZN (on iki min dörd yüz doxsan üç manat 22 qəp.) məbləğində pul ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23056 saylı 09 dekabr 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, təqdim edilmiş ödəniş qəbzlərinə əsasən İddiaçı tərəfindən "xxxx" ASC-yə 3356,3 manat və "xxxx" KB ASC-nə 9136,92 manat olmaqla Bakı şəhəri, Xətai rayonu, 2942-q saylı məhəllə, N.Tusi küçəsində yerləşən, bina 1, blok 4, 3 otaqdan ibarət, ümumi sahəsi 116,18 kv.metr olan 214 saylı (hazırki nömrəsi 259) ünvanda yerləşən mənzilinin alğısatqı müqaviləsi üzrə, ümumilikdə 12.493,22 manat məbləğdə ödəniş etdiyi müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23483 saylı 20 dekabr 2018-ci il tarixli ekspert rəyində ekspert qeyd etmişdir ki, tədqiq olunan mənzildə aparılmış təmir-tikinti işlərinin hansı dövrdə aparılmasına dair məlumatlar mülki iş materiallarında olmadığından, Bakı şəhəri, Xətai rayonu, 2942-q daylı məhəllə, N.Tusi küçəsində yerləşən, bina 1, blok 4. 3 otaqdan ibarət, ümumi sahəsi 116,18 kv.metr olan 214 saylı (hazırki nömrəsi 259) mənzilin təmiri üçün çəkilən xərclərin ümumi məbləği (köhnəlmə faizi nəzərə alınmaqla) nə qədər təşkil etməsinə dair tədqiqat aparılmadı. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1091.1, 1091.2, 1094, 157.6, 157.7-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında mənzilin alğı-satqısına dair müqavilə bağlanmış və hər iki tərəf müqavilə üzrə öz üzərinə öhdəliklər götürmüşdür. İş materiallarını araşdırılması zamanı müəyyən edilmişdir ki iddiaçı tərəfindən 12493,22 manat mənzilin alğı-satqısı üçün, 30363 manat isə mənzilin təmirinə çəkilmiş xərclər üçün ödəniş edilmişdir. Qeyd edilən məbləğlər ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Hazırda iddiaçı maddi vəziyyətində yaranmış problemlərlə əlaqədar mənzilin alğı-satqı müqaviləsi üzrə müəyyən edilmiş dəyərini tam həcmdə ödəyə bilmədiyindən onu öz mülkiyyətinə keçirə bilməmişdir və keçirmək imkanı da yoxdur. Bu səbəbdən də məhkəməyə müraciət edərək, onun tərəfindən mənzilə dair çəkilmiş xərclərin cavabdeh tərəfindən geri qaytarılmasını tələb edir. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh "xxxx" ASC-dən 30363 (otuz min üç yüz altmış üç) manat təmir xərci və 12493,22 (on iki min dörd yüz doxsan üç manat iyirmi iki qəpik) manat məbləğində mənzilə görə ödənilmiş pul İddiaçı xeyrinə tutulmalıdır. Kollegiya hesab edir ki, məhkəmə mənzilin təmirinə və mənzilə görə ödənilmiş pulun tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, tutulmalı olan məbləğlərlə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Göründüyü kimi, tərəflər öz razılaşmalarına əsasən qanunda nəzərdə tutulan qaydadan fərqli qayda müəyyən edərək, müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılması məsələsini tənzimləyə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ödənilmiş məbləğin ilkin ödəniş və 30%-ə bərabər olan hissəsi mənzilin yenidən satılması ilə bağlı xərclərin və itkilərin əvəzi kimi satıcıda qalması barədə razılığa gəlmişlər (müqavilənin 3.1.1.8 bəndi). İş materialları ilə müəyyən olunmuşdur ki, mənzilə görə 12493,22 manat ödəniş olmuşdur. Kollegiya hesab edir ki, həmin məbləğin 30%-i 3747,96 manat (12493,22 x 30%=3747,96 manat) satıcıda qaldığından, yerdə qalan məbləğ 8745,26 manat (12493,22-3747,96=8745,26 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Buna görə də, qətnamə mənzilə görə ödənilmiş 12493,22 manat pulun tutulması hissəsində dəyişdirilməli, həmin məbləğ 8745,26 manat müəyyən olunmalıdır. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(103)-5183/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən şəraitin yaradılmaması, qapının bağlı olması səbəbindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2950 saylı 20 dekabr 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, 2942-q saylı məhəllə, N.Tusi küçəsində yerləşən, bina 1, blok 4, 3 otaqdan ibarət, ümumi sahəsi 116,18 kv.metr olan 214 saylı (hazırki nömrəsi 259) mənzilin 2011-ci və 2012-ci illərdə təmir olunduğu nəzərə alınmaqla çəkilən xərclərin ümumi dəyəri təqribən 27827,0 manat məbləğində müəyyən olunmuşdur. Tədqiq olunan mənzildə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyə əlavə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Tədqiq olunan ünvanda aparılmış təmir işlərinə çəkilmiş xərclərə aşınma əmsalı tədqiq olunmaqla dəyərinin müəyyən olunmasına dair metodika olmadığı üçün, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, ekspert rəyi nəzərə alınmaqla, qətnamə mənzilin təmirinə görə 30363 manat pulun tutulması hissəsində dəyişdirilməli, həmin məbləğ 27827 manat müəyyən olunmalıdır. Kollegiya apellyatorun dəlillərini əsassız hesab edərək, qeyd edir ki, həmin dəlillər qətnamənin ləğv olunması və iddianın rədd edilməsi üçün əsas vermir. Belə ki, Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Lakin tərəflər arasında bağlanmış müqavilədə ayrı qayda nəzərdə tutulmadığından, qanunvericiliyin göstərilən müddəası hazırkı mübahisəyə tətbiq edilə bilməz. Kollegiya təmirlə bağlı köhnəlmə faizinə münasibətdə qeyd edir ki, ekspert tərəfindən də qeyd olunduğu kimi, bu sahədə metodika mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 245 manatın 144 manatı cavabdehdən, 101 manatı iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(005)-22/2020 saylı qətnaməsi mübahisələndirilən- təmir xərci və mənzilə görə ödənilmiş pul məbləği hissələrində dəyişdirilsin. Təmir xərci 27827,0 (iyirmi yeddi min səkkiz yüz iyirmi yeddi) manat, mənzilə görə ödənilmiş pul 8745,26 (səkkiz min yeddi yüz qırx beş manat iyirmi altı qəpik) manat müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 245 (iki yüz qırx beş) manatın 144 (yüz qırx dörd) manatı cavabdeh "xxxx" ASC-dən, 101 (yüz bir) manatı İddiaçı alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-414/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-414/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver