Məhkəmə qərarları › İş №2(103)-414/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-414/2024

12.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-414/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X12 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-414/2024 (Açar sözlər: tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “X12 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-26/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 12 iyun 2024-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “X12 Kompani S.A.” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında xx.xx.2005-ci il tarixli “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş bağlanmış, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən həmin Saziş qanun statusu əldə etmişdir. Qanunun 2.1-ci maddəsinə əsasən ARDNŞ “X12 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür.

2. Qeyd olunan Sazişə əsasən “X12 Kompani S.A” Şirkətinin istismarında olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 414828.00 m B 4477333.00 m C koordinatlar üzrə cavabdehin tikililəri mövcuddur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində birinci icraat

3. İddiaçı “X12 Kompani S.A” Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 414828.00 m B 4477333.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB**********0012467111 №-li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, “X12 Kompani S.A.”şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstəişlərdən üstündür. “X12 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X12 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X12 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. “X12 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququları mövcuddur. Son illər istifadələrində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X12 Kompam S.A.” şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 414828.00 m B 4477333.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uygün proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda geyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.

5. Birinci instansiya məhkəməsində keçirilmiş iclasda iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 218 saylı evin 1 nömrəli mənzili onun mülkiyyətindədir və bununla bağlı ona çıxarış verilmişdir. Həmin evin birinci mərtəbəsi 1903-cü ildə tikilmiş, digər iki mərtəbəli ev isə 1993-cü ildə tikilmişdir. O həmin evdə 1988-ci ildən ailəsi ilə birlikdə yaşayır. Yalnız 3-4 il bundan öncə həmin evin dam hissəsi dəyişdirilmiş və ust hissəsində kosmetoloji işlər aparılmışdır. O sonradan hər hansı torpaq sahəsi zəbt etməmiş və hazırkı mübahisəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olduğundan iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-26/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddianın təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri - 50 manat pulun iddiaçı “X12 Kompani S.A.” şirkətindən alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 152.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217. 4, və 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətlərinin dəlilləri

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə iddiaçıya dövlət orqanı kimi istinad etmiş, dövlət orqanlarının cavabdehə müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılıqlarını bildirməsini iddiaçının həmin torpaq sahəsindən istifadə etmə hüququndan məhrum edilə bilməsi üçün əsas hesab etmişdir. Yəni iddiaçı hazırki iddiası ilə onun qanuni istifadəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilməməsini əsas gətirib onun pozulmuş hüquqlarının bərpa edilməsini yəni torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. İddiaçı dövlət orqanı deyil və dövlət orqanlarının onun qanuni istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində yaşayış evinin tikilməsinə göz yummuşdurlarsa, bu iddiaçının təqsiri deyil və iddiaçının evi olmayan şəxsləri evlə təmin etmək öhdəliyi yoxdur. Eyni zamanda məhkəmə neft hasilatı bölgəsində yaşayış evlərinin tikilməsi və həmin evdə yaşamanın nə qədər təhlükəli ola biləcəyi məsələsini aydınlaşdırmamış, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə əsas məqsədinə əhəmiyyət verməmişdir. Belə ki, iddiaçı “X12 Kompani S.A.”şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. İddiaçı neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması üçün köhnə quyularda bərpa işləri görməli, yeni quyular qazımalıdır ki, yaşayış evləri olan ərazidə neftin və ya qazın çıxarılması xüsusi ilə təhlükəlidir ki, bu təhlükənin qarşısının alınması, neftin hasil edilməsi prosesində təhlükəsizliyin təmin edilməsi iddiaçının əsas prioritetlərindən biridir.

10. Apellyasiya baxışı zamanı iddiaçı məhkəməyə apellyasiya şikayətinə əlavə təqdim etmişdir.

11. Apellyasiya şikayətinə əlavədə göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində mübahisəli torpaq sahəsinə dair cavabdehə məxsus daşınmaz əmlakın dövlət reyestrindən ******* çıxarışı əsas tutaraq iddia tələbini təmin etməmişdir. Lakin qeyd edirlər ki, həmin çıxarış 68,25 kv.m sahəni əhatə edir və mübahisə predmeti olan ərazi ondan bir qədər aralıda yerləşir və bu da məhkəməyə təqdim edilən fotoşəkillər və ərazinin koordinatları ilə birgə tərtib edilən peyk görüntüsündən aydın şəkildə görünür. Eyni zamanda bildirirlər ki, DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə həmin mübahisəli torpaq sahəsinin ARDNŞ-nin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsinə verilmiş “Kontrakt sahəsi” nin hüdudları daxilində yerləşməsi və dövlət qeydiyyatı barədə elektron bazada məlumatın olmaması təsdiqlənir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, hazırda cavabdeh tərəfindən qanunsuz tikilmiş yaşayış yerinin yerləşdiyi torpaq sahəsinin neft-qaz əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olması ilə bağlı təcili hal mövcud olmasa da, sonradan belə bir halın yaranması istisna deyil.

14. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. Maddə 13, İİİ hissə. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol

17. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

20. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

24. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

26. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

27. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

28. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

29. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat,rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir.

30. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

36. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

39. Hazırki iş üzrə iddiaçı tərəfindən qətnamədən bütövlükdə şikayət verildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Kollegiya apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia qismən təmin edilməlidir.

41. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və iş üzrə əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış , bu da mübahisələndirilən qətnamənin ləğvi üçün əsaslar yaratmışdır.

42. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin “məhkəmə baxışının prinsipləri” adlandırılan 14-cü maddəsində qeyd edilənlərdən biri də odur ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Göstərilən müddəa məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qarşıya qoyulan ən mühüm məqsədə-insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinə nail olmağın önəmindən irəli gəlir. Təsadüfi deyildir ki, dövlətimiz də insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi bəyan etmişdir. (Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, insan hüquqları ümumi səciyyəyə malikdir və onların həyata keçirilməsi ilə bağlı məhkəmələr aşağıdakıları nəzərə almalıdır: “...hüquq və azadlıqların həyata keçirilməsi başqalarının hüquq və azadlıqlarını pozmamalıdır”.

43. Qeyd edilənlər kontektsində hazırki işə baxan kollegiya tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmadan, bununla da iddiaçının tələbinə münasibətdə tərəflərin malik olduğu hüquq və maraqların yanlış təfsirinə səbəb olan qətnamə qəbul etmişdir. Belə olan halda işin hərtərəfli, tam və ədalətli araşdırılmasından bəhs etmək mümkün deyildir.

44. Belə ki, işdə olan 139 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında ******* nömrəli çıxarışa əsasən həyat yoldaşı X3 ilə mülkiyyətində olan mənzildə yaşayır. Həmin ünvanda qeydiyyatda olan qızı X5 öz ailəsi ilə artırdığı ikinci mərtəbədə yaşayırlar.

45. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli 115 nömrəli aktdan müəyyən olunur ki, 1 saylı neft və qazçıxarma sexin ərazisində olan Bülbülə qəsəbəsi, S.Əliyev 218 mənzil 1 ünvanında Cavabdeh tərəfindən tikinti işləri aşkar olunmuş, ev sahibi evdə olmadığından tədbir görülmədi. 46 .İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 414828.00 m B 4477333.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi “X12 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir.

47. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olaraq 23 noyabr 2016-cı il tarixdə qeydiyyata alınmışdır

48. Birinci instansiya məhkəməsində təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7639 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, X11 Company S.A tərəfindən məhkəməyə təqdim olunmuş koordinatlar əsasında elektron baza məlumatlarına əsasən müəyyən olundu ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 414828.00 m B 4477333.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi “X11 Company S.A” Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir.

49. Sadalanan iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi və tikilinin mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin araşdırılması hazırki mübahisənin qanunauyğun həlli baxımından əhəmiyyət kəsb etmişdir.

50. Bu məqsədlə apellyasiya baxışı zamanı yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. 1) iş materiallarında olan ******* nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 2 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 414828.00 m B 4477333.00 m C koordinatları daxilində yerləşirmi? 2) Əgər yerləşirsə, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 414828.00 m B 4477333.00 m C koordinatlar üzrə yerləşən Cavabdeh istifadəsində olan torpaq sahəsində mülkiyyət hüququ ilə qeydə alınmış tikilidən başqa hər hansı bir tikililər mövcuddurmu? Mövcuddursa həmin tikililər təsvir edilsin.

51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş....10/3096 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyində həmin suallar aşağıdakı formada cavablandırılmışdır: 1) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Elnur Quliyevin mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 385.0 kv.m təşkil edir. Sahəyə dair sənəd təqdim edilməyib. Cavabdeh İstifadəsində olan 385.0 kv.m torpaq sahəsinin üzərində xüsusi mülkiyyətində olan **********69-05101-093004 reyestr nömrəli mənzil (ümumi sahəsi 68.25 kv.m) və dövlət reyestrindən qeydiyyatdan keçməyən tikintialtı sahəsi 63.0 kv.m olan ikimərtəbəli yaşayış evi mövcuddur. Sözügedən mənzildə rekonstruksiya işləri aparılmış və mənzilə bitişik əlavə sahələr inşa edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Suraxanı OYL). Həmçinin sahənin yaxınlığından 325 mm-lik orta təzyiqli açıq qaz xətti keçməsi barədə məlumat mövcuddur. Sözügedən sahənin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. 2) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Elnur Quliyevin mütəxəssis rəyində qeyd edilir ki, yuxarıda qeyd olunduğu kimi Cavabdeh istifadəsində olan 385.0 kv.m torpaq sahəsinin üzərində xüsusi mülkiyyətində olan **********69-05101-093004 reyestr nömrəli mənzil (ümumi sahəsi 68.25 kv.m) və dövlət reyestrindən qeydiyyatdan keçməyən tikintialtı sahəsi 63.0 kv.m olan ikimərtəbəli yaşayış evi mövcuddur. Sözügedən mənzildə rekonstruksiya işləri aparılmış və mənzilə bitişik əlavə sahələr inşa edilmişdir.

52. Beləliklə, işdə olan sübutlardan məlum olur ki, iddiaçının sökülməsini tələb etdiyi mübahisəli tikililər cavabdehin xüsusi mülkiyyət hüququ ilə əhatə olunan ümumi sahəsi 68.25 kv.m təşkil edən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 218-də yerləşən 1 saylı mənzildən və özbaşına tikili olan tikintialtı sahəsi 63.0 kv.m olan ikimərtəbəli yaşayış sahəsindən ibarətdir. Bu tikililərin yerləşdiyi torpaq sahələrinin isə istifadə hüququ üzrə iddiaçıya mənsub olması işin digər mübahisə olunmayan halıdır.

53. Kollegiya qeyd olunan faktiki halları nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbinə cavabdehin mövcud tikililərə münasibətdə hüquqları baxımından qiymət verilməlidir. 54 Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Konstitusiya və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlarda təsbit olunan əsas hüquqlardan biridir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə müvafiq olaraq hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

55. Göründüyü kimi, mülkiyyət hüququ toxunulmazdır və onun məhdudlaşdırılmasının xüsusi şərtləri mövcuddur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməlindən biri hesab edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ mülkiyyətçiyə ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 56 Qeyd olunan müddəalara əsaslanaraq kollegiya belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh xüsusi mülkiyyətində olan ümumi sahəsi 68.25 kv.m təşkil edən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 218, 1 saylı mənzilin sökülməsi və həmin mənzilin yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması hissəsində qanuni və əsaslı sayıla bilməz, bu səbəbdən iddia həmin hissədə təmin olunmamalıdır.

57. Kollegiya cavabdeh tərəfindən inşa edilmiş digər mübahisəli tikili, yəni tikintialtı sahəsi 63.0 kv.m olan ikimərtəbəli yaşayış evinin sökülməsi ilə bağlı aşağıdakıları qeyd edir.

58. İlk öncə nəzərə alınmalıdır ki, ARDNŞ ilə bağlanmış Saziş əsasında qanunsuz yaşayış yerlərinin yerləşdiyi torpaq sahələrinə müstəsna hüquq əldə etmiş şirkətlər (operator şirkətlər) tərəfindən özbaşına tikilmiş yaşayış yerlərinin sökülməsi ilə bağlı qaldırılmış iddialar üzrə yekun məhkəmə qərarı qəbul edərkən və qərarın icra mexanizmini müəyyən edərkən aşağıdakı məsələlər araşdırılmalıdır. Buraya evin qanunsuz tikilibtikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyri-qanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması, söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olubolmaması və digər diqqətəlayiq hallar aid edilə bilər. Bundan başqa, qanunsuz tikilmiş yaşayış yerinin yerləşdiyi torpaq sahəsinin təcili olaraq neft-qaz əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmaması məsələsi ətraflı araşdırılmalıdır. Belə araşdırma özlüyündə qərar qəbul edən məhkəməyə imkan verəcəkdir ki, vətəndaşın şəxsi şəraitinin hallarını nəzərə almaqla müdaxilənin (söküntünün, çıxarılmanın və s.) mütənasibliyini təmin edə bilsin və onun yaşayış yerinə müdaxilənin adekvat şəkildə yenidən baxılmasına imkan verən proseduru təsbit etsin.

59. Avropa Məhkəməsi, Konvensiyanın 8-ci maddəsinin pozuntusunu mənzilin toxunulmazlığına hörmət kontekstində təsbit etdiyi qərarlarında, o cümlədən “Əhmədova Azərbaycana qarşı” işi üzrə qərarında yuxarıda qeyd edilən halların araşdırılmaması ilə qəbul edilmiş qərarın icra olunması durumunda Konvensiyanın 8-ci maddəsinin pozulacağını bəyan etmişdir. Oxşar yanaşma İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında da ifadə olunmuşdur. Həmin qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”.

60. İşdə olan sübutlardan göründüyü kimi cavabdehin hər hansı hüquqmüəyyənedici sənədi olmayan, dövlət reyestrində qeydiyyata alınmayan həmin ikimərtəbəli yaşayış evi özbaşına tikinti olmaqla iddiaçının qanuni əsaslarla istifadəsində olan torpaq sahəsində yerləşir.

61. Kollegiya sözügedən yaşayış evi ilə bağlı işin hallarına müvafiq qanun normalarını tətbiq edərkən belə nəticəyə gəlir ki, hazırki halda həmin özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları və hüquqları pozulmuşdur, belə olan halda cavabdehin əmlak və mənzil hüquqlarına dövlət tərəfindən müdaxilə üçün qanuni əsasın mövcudluğu aşkardır. Bu müdaxilənin əsasını da hansısa şəxsi maraqlar deyil, ictimai maraqlar təşkil etməkdədir.

62. Bundan başqa iddianın “tikintialtı sahəsi 63.0 kv.m olan yaşayış evinin yerləşdiyi torpaq sahəsinin istifadəyə qaytarılması” hissəsi ilə əlaqədar kollegiya Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən qeyd edir ki, mülkiyyət hüququnun (titul sahibliyinin) vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün bu kimi şərtlər eyni zamanda mövcud olmalıdır: iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.

63. Hazırki işdə iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da, mülki qanunvericilikdə nəzərdə tutulan əsasla əmlaka qanuni şəkildə sahiblik edən şəxsdir. AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur və həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda cavabdeh faktiki istifadəsində olan qanunsuz zəbt etdiyi torpaq sahəsini bütövlükdə iddiaçının istifadəsinə qaytarmalıdır.

64. Kollegiya bildirir ki, hazırki baxılan işdə nəzərə alınmalıdır ki, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir. Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair və cavabdehin başqa yaşayış yerinin olub-olmamasına dair dəlillər üzrə araşdırma aparmalı, bu halların mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmununda bənd əlavə edə bilərlər.

65. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf mübahisəli ərazidə neft-qaz əməliyyatlarının aparılmasının təcililiyinə dair hər hansı sübut təqdim etməmişdir. Üstəlik, məhkəmə iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında da cavabdehin faktiki istifadəsində olan ərazinin belə əməliyyatlar üçün təcili lazım olmadığını bildirmişdir.

66. Beləliklə, özbaşına inşa edilmiş ikimərtəbəli yaşayış sahəsinin sökülməsi və onun yerləşdiyi torpaq sahəsinin istifadəyə qaytarılması tələbinin icrasının təcililiyi ilə bağlı zərurət olmadığından kollegiya hesab edir ki, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı anda icra edilməlidir.

67. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

68. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

69. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

70. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

71. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 10 manat rüsum ödəmişdir, qanunun tələbinə görə isə o, apellyasiya şikayətinin verilməsi üçün 5 manat dövlət rüsumu ödəməli olmuşdur (baxmayaraq ki, iddiaçı apellyasiya şikayəti üçün 50 manat ödəmişdir). Kollegiya hesab edir ki, hazırda iddiaçının tələbi qismən təmin edildiyindən həmin rüsumların yarısı 5+2,50=7,5 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. Kollegiya həmçinin hesab edir ki, işə birinci instansiya məhkəməsində və apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizaların xərci tərəflər arasında bölünərək bərabər həcmdə tutulmalıdır.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-26/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 414828.00 m B 4477333.00 m C koordinatlar üzrə cavabdeh tərəfindən inşa edilmiş, xüsusi mülkiyyət hüququ ilə əhatə olunmayan hissə, yəni tikintialtı sahəsi 63.0 kv.m olan ikimərtəbəli yaşayış evi özbaşına tikili sayılaraq sökülsün və həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçı "X12 Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə “X12 Kompani S.A” Şirkətinin istismarında olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 414828.00 m B 4477333.00 m C koordinatlar üzrə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş cəmi 15 (on beş) manat dövlət rüsumunun 7,5 (yeddi manat əlli qəpik) manatı Cavabdeh alınaraq iddiaçı “X12 Kompani S.A.” Şirkətinə ödənilsin, qalan məbləğ isə iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan cəmi 150 (yüz əlli) manat pulun 75 manat hissəsi iddiaçı “X12 Kompani S.A.” Şirkətindən, digər 75 manat hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar