Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4140/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, onun vəkili X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilidən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-62/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, 3-cü y/m, 20-ci küçə ünvanında yerləşən mənzildən çıxarılmaları və həmin mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, 3-cü y/m, 20-ci küçə ünvanında 6 sot torpaq sahəsi alaraq ev tikmiş və hazırda ailə üzvləri ilə birlikdə orada yaşayır. 2011-ci ildə cavabdehlər müvəqqəti yaşamaq məqsədi ilə həmin 6 sot torpaq sahəsində iddiaçı öz vəsaiti hesabına onlara ev tikmişdir. Cavabdehlər bir müddət yaşadıqdan sonra həmin mənzili tərk edəcəklərini vəd etsələr də, indiyə kimi iddiaçıya məxsus mənzildə yaşayırlar. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-62/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə tərəflərin hansı hüquq münasibətində olduqlarını müəyyən etməmiş, yalnız iddiaçının subyektiv hüququnun olmamasını əsas gətirərək iddianı təmin etməmişdir. Bununla da Azərbaycan Respublikası MPMnin 218.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə işə 12 fevral 2021-ci il tarixdə baxdığı halda iddiaçıya məlumat verilmişdir ki, iş təxirə alınır, daha doğrusu işin baxılması başqa vaxta keçirilir. Bununla da iddiaçının iddiasını müdafiə etmək hüququ pozulur. Bundan başqa iddiaçının şahidləri məhkəmədə dindirilmir, onun təqdim etdiyi sübütlar araşdırılmır. O, məhkəməyə 19 dekabr 2019-cu il tarixdə tərtib olunmuş aktı, Badamdar Bələdiyyəsinin 18 noyabr 2019-cu il tarixli, 332 saylı arayışını və vergi ödəyicisi kimi torpaq və əmlak vergisini 2015-ci ildən ödəməsinə dair Badamdar Bələdiyyəsinin vermiş olduğu cədvəli məhkəməyə təqdim etsə də məhkəmə həmin sübutları qəbul etməmiş onun iştirakı olmadan qətnamə qəbul etmişdir. Bununla da Azərbaycan respublikas, MPM-nin 88-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə tikinti texniki ekspertizasının keçirilməsi məhkəməyə nə üçün lazım olduğu başa düşülən deyil. Çünki, qətnamədə bir tərəfdən deyilir ki, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə vəziyyətdə ekspertizanın keçirilməsi nəyə lazım idi. Qətnamədə yalnız ekspertiza xərcinin iddiaçıdan alınmasından başqa əlavə heç nə yoxdur. Belə nəticəyə gəlinir ki, tikinti-texniki ekspertiza təyin edilməsi ancaq ekspertiza xərcinin alınması üçün imiş. Cavabdehlər onun sahibliyində və istifadəsində olan yaşayış evində zərurət üzündən deyil, qərəzçiliklə çıxmırlar. Məhkəmə isə onların bu qərəzinin həyata keçirilməsinə öz qətnaməsi ilə yardım etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 02.10.2019-cu il tarixli ərizədən görünür ki, X5, X6 və X7 öz imzaları ilə təsdiq etmişlər ki, həqiqətən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 20-ci küçə ünvanında qeydiyyatsız yaşayır. Lakin İddiaçı Göyçay rayonu, Ləkçiplaq kəndində qeydiyyatdadır. Bakı şəhəri Badamdar Bələdiyyəsi tərəfindən verilmiş 18.11.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində, 600 kv.m torpaq sahəsi üzərində 20 metr uzunu, 7 metr eni, 5 metr hündürlükdə, 3 otaqlı evi şəxsən özü tikərək, 7 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə sənədsiz tikili evdə qeydiyyatsız yaşayırlar. 2019-cu il üçün yerli (bələdiyyə) vergilər üzrə fiziki şəxsin şəxsi hesab vərəqəsinə əsasən, X8 Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü massiv, 20-ci küçədə yerləşən yaşayış evinə görə vergi ödəyicisi kimi qeydiyyatda keçmişdir. 05.12.2011-ci il tarixli Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alğı-satqısı müqaviləsinə əsasən, Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü massiv ünvanına dair Cavabdeh1 ilə müqavilə bağlanmışdır. 13.05.2015-ci il tarixli ildə Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən yaşayış evinə dair Cavabdeh1 ilə Sutəchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə müqavilə bağlanmışdır. 15.10.2011-ci ildə Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən yaşayış evinə dair Cavabdeh1 ilə Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısına dair müqavilə bağlanmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ƏMDK yanında 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13.12.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi ev 13, 61 saylı mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 70 saylı BTK-nın 1693 saylı torpaq sahəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.11.2020-ci il tarixli 10/2418 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 20-ci küçə ünvanında yerləşən, İddiaçı sahibliyində olan mənzilin yerləşdiyi olan torpaq sahəsi 394,8 kv.m, Cavabdeh1 və Cavabdeh2 sahibliyində olan mənzillərin yerləşdiyi torpaq sahəsi 288,4 kv.m təşkil edir. İddiaçının istifadəsində olan evin arxa hissəsində yerləşən, sahəsi 59,5 kv.m olan tikilinin iddiaçıya məxsus olub-olmaması məhkəmə tərəfindən qiymətlədirlə bilər. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddia tələbi hüququ olmayan şəxs tərəfindən irəli sürüldüyündən təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisə predmetinə dair hər-hansı hüququ və həmin hüququ təstiq edən hüquqmüəyyənedici sənədi olmadığından, o müvafiq subyektiv hüquqa, malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Göründüyü kimi, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Bundan başqa kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçı mübahisəli torpaq sahəsinə görə vergi ödəyicisi olmasına istinad etsə də, iş materiallarından görünür ki, 2019cu il üçün yerli (bələdiyyə) vergilər üzrə fiziki şəxsin şəxsi hesab vərəqəsinə əsasən, iddiaçı yox, X8 vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Kollegiya qeyd edir ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçsəydi belə, bu onun mübahisəli torpaq sahəsinə qanuni əsaslarla sahib olmasına dəlalət edə bilməz. Belə olan halda kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və iddiaçının subyektiv mülahizələrinə əsaslanır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-62/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4140/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4140/2021
27.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver