Məhkəmə qərarları › İş №2(103)-4140/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4140/2022

13.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4140/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin ilkin vəziyyətə qaytarılması tələbinə dair 2(007)-3264/2016 saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2016-cı il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsində (keçmiş M.Şərifli küçəsi) yerləşən 112 saylı evin 84 saylı mənzili 28 dekabr 2000-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X14 mülkiyyətində olmuşdur.

2. Həmin mənzildə X18, oğlu Cavabdeh və gəlini X11 qeydiyyatda olmuşlar.

3. X14 iki övladı olmuşdur: 1960-cı il təvəllüdlü Cavabdeh və 1958-ci il təvəllüdlü İddiaçı.

4. X18 04 iyun 2014-cü ildə vəfat etmişdir.

5. 17 mart 2015-ci il tarixli 2 ”V” 47 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 29 mart 2015-ci ildə mənzil X1 Alik Nazim oğlunun adına keçmiş və ona mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

6. 06 aprel 2015-ci il tarixli 4Ə-398 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh həmin mənzili X2.

7. Daşınmaz əmlakın dövlət reyestrindən 16 aprel 2015-ci il tarixli RX seriyalı 634743 saylı çıxarışa əsasən Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 84 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə X8 adına qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 15 saylı xüsusi notariat kontoru tərəfindən Cavabdeh verilmiş 17 mart 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı anası X15 miras qalan Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 84 saylı mənzilinə vərəsəlik hüququnun tanınması, Cavabdeh verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 29 mart 2015-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, həmin mənzillə bağlı Cavabdeh ilə X16 arasında bağlanmış 06 aprel 2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və mənzilin əvvəlki vəziyyətə qaytarılması, mənzilin ikidə bir hissəsinin İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə alarkən mərhumun digər vərəsəsi olan İddiaçı nəzərə alınmamış, qanunsuz yolla öz adına keçirdiyi mənzili sonradan başqasına satmışdır.

10. İddia Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134.1 və 1159.1.1-ci maddələri ilə əsaslandırılmışdır.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3264/2016 saylı iş üzrə 26 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən Cavabdeh adına verilmiş 17 mart 2015-ci il tarixli 2 “V” 47 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmuş və İddiaçı həmin mənzilin ½ hissəsinə vərəsəlik hüququ tanınmış, Cavabdeh adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 mart 2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarış ləğv edilmiş, 4 saylı ASAN Xidmət Mərkəzində təsdiq edilmiş 06 aprel 2015-ci il tarixli 4Ə-398 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin müqavilə üzrə tərəflərin hüquqi statusu ilkin vəziyyətə qaytarılmış, X10 mübahisəli mənzilin alqı-satqısı zamanı ödədiyi məbləğin geri qaytarılması tələbi ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. (hakim X17)

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı mərhumun birinci növbəli vərəsəsi olduğu halda, vərəsəlik açılarkən ona məlumat verilməmiş, nəticədə onun vərəsəlik hüquqları pozularaq miras əmlakdan pay almamışdır. Məhkəmənin qənaətinə görə Cavabdeh həmin mənzili qanunsuz olaraq özünün tam mülkiyyətinə keçirdiyinə görə bağlanmış alqı-satqı müqaviləsi də etibarsız hesab edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1145, 1159.1.1, 1274, 1300, 1318, 337.1, 337.2, 337.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən onun iştirakı təmin olunmamış, o, vicdanlı alıcı olduğu halda, məhkəmə qanunsuz olaraq onunla Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab etmişdir. İşə baxan birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X16 izahatında göstərdi ki, o, Cavabdeh 71600 manat məbləğində pul ödəyərək Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 84 saylı mənzilini notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi bağlamaqla almışdır. Müqavilə bağlanarkən Cavabdeh adına mülkiyyət hüququnu təsdiq edən çıxarış olmuşdur. Cavabdehla qardaşı İddiaçı arasında vərəsəliklə bağlı mübahisə olmasından onun məlumatı olmamışdır. 2022-ci ilin əvvəllərində ona məlum olmuşdur ki, onunla Cavabdeh arasında bağlanmış mənzilin alqısatqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Keçirilmiş məhkəmə prosesindən onun məlumatı olmamış, məhkəmə prosesində onun iştirakı təmin olunmamışdır. Buna görə də məhkəmədən qətnamənin surətini alıb apellyasiya şikayəti vermişdir. Hal-hazırda onun 68 yaşı var. Həmin mənzil onun yeganə yaşayış yeridir. 1988ci ildə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Qərbi Zəngəzurdan doğma yurdyuvasından qaçqın düşmüşdür. Ona məlum olduğuna görə mənzili aldığı Cavabdeh və onun arvadı vəfat etmişlər və Alikin heç bir vərəsəsi yoxdur. Əgər mənzilin alqı-satqı müqaviləsi etibarsız hesab edilərsə, o, mənzilə görə ödədiyi pulu heç kimdən tələb edə bilməyəcək.

18. X8 vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Zərif Məmmədova dövlət orqanının verdiyi mülkiyyət sənədinə etibar edərək Cavabdehla mənzilin alqı-satqı müqaviləsini bağlamış və müqavilə bağlanarkən o, mənzilin vicdanlı alıcısı olmuşdur. Məhkəmə qeyd olunanları nəzərə almayaraq və məhkəmədə onun iştirakını təmin etməyərək mənzilin alqı-satqı müqaviləsini etibarsız hesab etmişdir. Buna görə də məhkəmədən xahiş edir ki, Zərif Məmmədovanın vicdanlı alıcı olması nəzərə alınaraq qətnamənin mənzilin alqı-satqısı ilə bağlı hissəsi ləğv olunsun və həmin hissədə iddia rədd edilsin.

19. İş materiallarından görünür ki, İddiaçı 3 may 2020-ci ildə, Cavabdeh isə 19 sentyabr 2020-ci ildə vəfat etmişdir.

20. Rusiya Federasiyasının Krasnodar şəhərində notariat kontoru tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı arvadı X12 mərhum İddiaçı vərəsəsi hesab edilmişdir. (i.v.87-89)

21. Hazırkı işlə bağlı Olqa Bədirova 08 oktyabr 2021-ci il tarixli ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək 26 sentyabr 2016-cı il tarixli 2(007)- 3264/2016 saylı qətnamənin qanuni qüvvəyə minməsinin təsdiqlənməsini xahiş etmişdir. Eyni zamanda Olqa Bədirova 15 noyabr 2021-ci il tarixli etibarnamə ilə onu məhkəmə və digər orqanlarda təmsil etmək səlahiyyətləri daxil olmaqla Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X9 geniş səlahiyyətlər vermişdir. (i.v.87-88, 92-94)

22. Cavabdeh arvadı olan X5 isə ölümünün vətəndaşlıq vəziyyəti aktların qeydiyyatı orqanlarında 14 may 2018-ci il tarixdə qeydə alınması müəyyən edilmişdir.

23. Apellyasiya icraatı zamanı işə baxılarkən Cavabdeh vərəsəsi müəyyən edilmədiyindən, onun prosessual hüquqi varisini işə cəlb etmək mümkün olmamaşdır.

24. İddiaçı prosessual hüquqi varisi qismində X12 prosesə cəlb olunmuş, bu məqsədlə onun Krasnodar şəhərində yaşadığı ünvana iki dəfə teleqram göndərilmiş, Olqa Bədirovanın məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədə qeyd etdiyi (055) *** ** ** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış, habelə onun etibarnamə verdiyi vəkil X13 məhkəməyə dəvət olunmuşdur. Vəkil Cavid Quluzadə bildirmişdir ki, Olqa Bədirova tərəfindən ona notarial qaydada təsdiq olunmuş etibarnamə verilsə də, O.Bədirova ilə əlaqə saxlayıb müqavilə bağlaya bilmədiyinə görə məhkəməyə vəkil orderi təqdim edə bilmir. Qeyd olunan səbəblərdən məhkəmə kollegiyası işə iddiaçının prosessual hüquqi varisi X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

25. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri 15 saylı notariat ofisinin notariusu A.Məmmədov məktubla məhkəməyə müraciət edərək apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, məhkəmə onun da iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Apellyasiya baxışının hədləri

26. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddianın rədd olunması xahiş olunsa da, şikayətdə faktiki olaraq qətnamənin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması hissəsi mübahisələndirilmiş, qətnamənin qalan hissələri mübahisələndirilməmişdir. Buna görə də məhkəmə kollegiyası yalnız qətnamənin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması hissəsini yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır.

29. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh mərhum anası X15 miras qalmış Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən 112 saylı evin 84 saylı mənzilinə dair 17 mart 2015-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra mənzili 29 mart 2015-ci ildə öz mülkiyyətinə keçirmiş, 6 aprel 2015-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən həmin mənzili 71600 manata X2.

30. Mənzilin alqı-satqısına dair sənədlərdən görünür ki, alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh həmin mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən 29 mart 2015-ci il tarixli çıxarış olmuş, mənzildə Cavabdeh və arvadı X7 başqa heç kim qeydiyyatda olmamışdır.

31. X16 həmin mənzili notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi ilə əldə edərkən mənzilə dair üçüncü şəxslərin hüquqlarından və iddialarından məlumatlı olmamışdır.

32. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

33. Vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir neçə qərarlarında ifadə olunmuş mövqeyinə görə vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd etmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-nin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Yenə həmin qərarda qeyd edilmişdir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.

34. Göründüyü kimi, Zərif Məmmədova ilə Cavabdeh arasında 06 aprel 2015-ci il tarixində mənzilin alqı-satqı müqaviləsi bağlanarkən mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl olunmuş, Zərif Məmmədova müqavilə bağlanarkən vicdanlı alıcı olmuşdur.

35. Birinci instansiya məhkəməsi işə baxarkən X8 vicdanlı alıcı olmasını nəzərə almamış, vicdanlı əldə edənlə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş maddi hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir.

36. Bundan əlavə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən üçüncü şəxs X8 ünvanına məhkəmə bildirişləri göndərilmiş, məhkəmə bildirişləri “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmədə X8 aldığı mənzilin taleyi ilə bağlı məsələ həll olunduğu halda, birinci instansiya məhkəməsi onun tapılıb məhkəməyə cəlb olunması üçün bütün imkanlardan istifadə etməmiş, o cümlədən MPM-in 135.3-cü maddəsində nəzərdə tutulmuş qaydalara əməl etməmişdir.

37. Beləliklə, mülki işə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş üçüncü şəxs X8 iştirakı olmadan baxılmış və onun hüquq və qanuni mənafelərinin pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X8 apellyasiya şikayəti qismən əsaslı olduğundan, qətnamə onun mənafeyinə toxunan, mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edlməlidir.

39. Qətnamənin 27-ci bəndində qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsinin vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların tanınması hissəsi apellyasiya baxışının predmeti olmamışdır.

40. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3264/2016 saylı mülki iş üzrə 26 sentyabr 2016-cı il tarixli qətnaməsi qismən, yəni 4 saylı ASAN Xidmət Mərkəzində təsdiq edilmiş 06 aprel 2015-ci il tarixli 4Ə-398 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılması, X10 mübahisəli mənzilin alqı-satqısı zamanı ödədiyi məbləğin geri qaytarılması tələbi ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ olmasının izah edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar