Məhkəmə qərarları › İş №2(103)-4141/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4141/2021

05.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4141/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-514/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək qabiliyyətinin müvəqqəti itirildiyinə görə müavinətin ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21.09.2020-ci il tarixli sərəncamın ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Maliyyə şöbəsində “baş məsləhətçi” vəzifəsinə işə bəpa edilməsi, məzuniyyət dövründə xəstəliyi ilə bağlı təqdim etdiyi 866967, 867317 və 874786 nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsi”nə görə hesablanmalı 14.000 manat məbləğində müavinətin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22(009)-514/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və qeyd etdi ki, hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili V.Muradova pellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi mübahisənin ümumi məhkəmədə baxılmalı oluğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi S.İmanov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eləcə də hazırkı mübahisəyə baxılması məsələsini məhkəmənin mlahizəsinə buraxdığını qeyd etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 12-ci bəndində qeyd edilmişdir ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Belə olan halda məlum olur ki, hazırkı mübahisə, yəni İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək qabiliyyətinin müvəqqəti itirildiyinə görə müavinətin ödənilməsi” tələbi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 12-ci bəndinin təsiri altına düşdüyündən, inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə - hazırkı halda mülki mühakimə icraatında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiyasının qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırkı tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-514/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və hazırkı iş üzrə icraata xitam verilsin. İddiaçılara hazırkı tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilməmişdirsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar