Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4142/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kommunal xidmətlər, kooperativ, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. 02 may 2014-cü il tarixdə İddiaçı MMC (“İcraçı”) ilə Cavabdeh (“investor”) arasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı”, ünvan 1 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının İİ blokunda, XİX mərtəbədə, 173 saylı mənzili müqavilənin şərtlərinə və inşaat norma və qaydalarına uyğun olaraq “İnvestora” təqdim etməyi öhdəsinə götürmüşdür.
2. ünvan 1 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasında kommunal xidmətlərin göstərilməsi və binanın idarə edilməsi İddiaçı MTK” tərəfindən həyata keçirilir.
3. İddiaçı MTK-nın sakinlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarına görə, sakinlərə göstərilən kommunal xidmətlərin haqqı 0,50 qəpik müəyyənləşdirilmiş, mənzil sahibləri ilə müvafiq müqavilələrin bağlanması qərara alınmışdır.
4. İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli qərarına görə, MMC-nin təşkilati hüquqi formasının dəyişilərək "ASRA” MTK-ya çevrilməsi və cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi qərara alınmışdır.
5. İddiaçı MTK xx.xx.2013-cü il tarixdə Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "ASRA MMC”-nin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir.
6. İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa görə, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 131,18 kv.m olan 173 saylı mənzilin sahibidir, mənzilin sahəsi 131,18 kv.m. x 0,50 qəpik = 65,59 manat aylıq ödəniş təşkil edir. Yaşayış binası istismara qəbul edildiyi aydan (avqust 2019-cu il) bu günədək, yəni 25 oktyabr 2023-cü il tarixinə Cavabdeh "ASRA” MTK-ya kommunal xidmətlərə görə borcu (50 ay X 65,59) 3279,5 manat təşkil edir.
7. Cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə xəbərdarlıq məktubları ünvanlanmış, İddiaçı MTK-ya olan borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.
8. Sifarişçi ("Asra MTK”) ilə xidmət göstərən ("Bakı Otis Lift” QSC) arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 18-TX096 nömrəli, “Litflərə Texniki Xidmət” müqaviləsinə görə, "Xidmət göstərən”, 6 ədəd sərnişin liftinə mövcud qayda üzrə texniki xidmət göstərməyi, “Sifarişçi” göstərilən işlərin dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəməyi öz öhdəsinə götürür.
9. İcraçı (Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin "Kommunal Xidmətlər Müəssisəsi” MMC) ilə sifarişçi ("Asra MTK”) arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 50289 nömrəli müqaviləyə əsasən, "İcraçı”, "Sifarişçiyə” məxsus ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsini, "Sifarişçi” isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödənilməsini təmin edir.
10. İcraçı ("xxxx" MMC) ilə sifarişçi ("Asra MTK”) arasında bağlanılmış xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli "Mühafizə Xidmətlərinin Göstərilməsi barədə” müqavilələrə görə, sifarişçi mülkiyyətdə olduğu "ASRA” MTK ünvanda yerləşən obyekti təhvil verir, icraçı isə obyektin mühafizəsini öz üzərinə götürür. Müqavilə 1 il müddətində bağlanmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı MTK (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 saylı evin 173-cü mənizilinə dair göstərilən kommunal xidmətlərə görə yaranmış 3279,50 (üç min iki yüz yetmiş doqquz manat əlli qəpik) manat borcun, məhkəmə xərcləri üçün 52,80 (əlli iki manat səksən qəpik) manatın, ümumilikdə 3332,30 (üç min üç yüz otuz iki manat otuz qəpik) manatın, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393.1- 1.4 maddəsində nəzərdə tutulan tələb edilən borcun 150 %-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2014-cü il tarixdə ünvan 1 saylı evin sahəsi 127.3 kv.metr (dəqiqləşmədən sonra-131.18 kv.metr) olan iki otaqlı 173-cü mənzilinin "ASRA” MTK-dən alınmasına dair 40 saylı alqı-satqı müqaviləsi bağlanmış, yaşayış binası 2019-cu ilin avqust ayında istismara qəbul edilmişdir. Cavabdeh kommunal xidməti haqqını 2019-cu ilin avqust ayından bu günə (2023-cü ilin noyabr ayı) qədər bir dəfə də olsun ödəməmiş, nəticədə kommunal xidmətlərə görə MTK-nə 3279,50 manat borcu yaranmışdır. Bununla da cavabdeh MTKya müəyyən məbləğdə ziyan vurmuşdur. Cavabdehə məxsus olan 173 nömrəli mənzilin ümumi sahəsi 131,18 kv.metrdir. Hər kv.metrə görə sakinlərin ödənişi, MTK-nın qərarına əsasən 0,50 qəpik müəyyən edilmişdir. 131.18 kv.m*0.50q=65.59 manat, 65.59*50 ay=3279.50 manat. Kommunal ödənişlərdən bütün təminatlara (su təchizatı, liftlərə aylıq texniki qulluq, blokların, həyətin, su nasosxanasının, liftlərin, şlaqbaumların işıq təhcizatı, məişət tullantıların daşınması, blokların, mərtəbələrin, liftlərin, uşaq meydançasının, həyətin təmizlənməsi, məişət tullantılarının hər mərtəbədən xadimələr tərəfindən götürülməsi, həyətin 24 saat mühafizəsi, binanın giriş qapılarının, mərtəbələrdə PVC qapıların, şüşələrin təmiri, generatorun, su nasoslarının təmiri və saxlanması, kameraların, şlaqbaumun təmiri) ödənişlər olunur, eyni zamanda həmin yığılan vəsaitdən işçilərə əmək haqqı ödənilir. Bununla bağlı hər ayda müvafiq qaydada sakinlər üçün hesabat lövhəyə vurulur. Cavabdeh və digər mənzil mülkiyyətçilərinin ödəmələrində gecikmələr olması və ya ödəniş etməmələri nəticəsində "ASRA” MTK-nın DSMF-yə faiz borcları yaranmışdır. Bununla bağlı tərəflərindən cavabdehə və digər sakinlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir.
13. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş, , iddia ərizəsinin və etirazının təmin olunmasını xahiş etmiş, cavabdeh isə iddia tələbini qəbul etmədiyini, xx.xx.2014-cü il tarixdə "ASRA” MMC-dən mənzil alsa da, indiyədək həmin mənzildə yaşamadığını, kommunal xidmətlərə dair müqavilə bağlamadığını bildirmişdir.
14. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi iddia qismən təmin edilmiş, kommunal xidmət haqqı borcuna görə 3118,85 (üç min yüz on səkkiz manat səksən beş qəpik) manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,18 (əlli bir manat on səkkiz qəpik) manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
15.1. Çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi qaydası Mənzil Məcəlləsinin 141-ci maddəsində göstərilmişdir. Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qanunda göstərilən üsullardan biri (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə və ya idarəedici təşkilat tərəfindən idarə edilmə) seçilmədikdə binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bu mümkün olmadıqda həmin bələdiyyə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Sahə mülkiyyətçiləri isə belə müsabiqə nəticəsində seçilmiş idarəedici təşkilatla qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludurlar. Göründüyü kimi qanunverici, çoxmənzilli binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmişdir. Onlar tərəfindən bu məsələ həll edilmədikdə bələdiyyənin müvafiq vəzifələri nəzərdə tutulmuşdur. 15.2. Hazırkı iş üzrə mübahisəli binanın sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələrinə və ya digər qanuni tədbirlər görmələrinə dair sübutlar təqdim edilməmişdir. Mülki Məcəllənin 358-ci maddəsinə görə, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Odur ki, iddiaçının tələblərinin müqavilə əsası araşdırılarkən tərəflər arasında tapşırığa dair mülki hüquqi münasibətləri nəzərə alınmalıdır. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Bu əqd əsasında tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür. Göstərilmiş xidmətin əvəzi isə şərtləşdirildikdə və ya şəraitə görə zəruri olduqda ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddianın müqavilə əsası müəyyən edilməsə (tərəflər arasında müqavilə münasibətləri olmasa) belə, məhkəmə, tələblərin qanundan irəli gələn öhdəliklər (bu işin halları baxımından özgə işlərini tapşırıqsız aparma normaları) çərçivəsində əsaslı olub-olmamasına hüquqi qiymət verməlidir. İşin faktiki halları ondan ibarətdir ki, binanı inşa etmiş "ASRA MMC” mMc 2019-cu ildə "ASRA” MTK-ya çevrilmişdir. Kooperativ 2019-cu ilin sentyabr ayından fəaliyyət göstərir, binanın idarəçiliyi ilə bağlı bir sıra işləri həyata keçirir. Belə ki, binada məişət tullantılarının daşınması, mühafizə xidməti, liftlərə texniki xidmətlərin göstərilməsi faktiki olaraq "ASRA” MTK-nin ayrı-ayrı şirkətlərlə bağladığı müqavilələr əsasında həyata keçirilir. Bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçiərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları şübhəsizdir. Belə olan halda, sözügedən xidmətlər tapşırıqsız aparıldıqda belə onların sonradan bəyənilməsi ilə tərəflərin münasibətinə tapşırıq haqqında müddəaların tətbiq edilməli olduğu qanunda açıqca göstərilmişdir. 15.3. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, yaşayış binası istismara qəbul edildiyi aydan (avqust 2019-cu il) deyil, kommunal xidmətlərə görə ödənişin məbləğinin müəyyən edildiyi aydan, yəni 2019-cu ilin sentyabr ayından 25 oktyabr 2023-cü il tarixinə kimi kommunal xidmətə görə yaranmış borc cavabdehdən tutulmalıdır. Həmçinin iddia ərizəsində mənzilin ümumi sahəsi 131.18 kv.m göstərilsə də, "ASRA MMC” MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, mənzilin ümumi sahəsi 127,3 kv.m. təşkil edir. Odur ki, ümumi sahəsi olan 127.3 kv.m. olan mənzilə (127 kv.m. x 0.50 manat = 63.65 manat) kommunal xidmətlərə görə hesablanmış borc (49 ay x 63.65 manat) cavabdehdən tutulmalıdır. 15.4. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi borcun 150 %-nin "ASRA” MTK-nın hesabına ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə-ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Odur ki, iddiaçı İXM-nin 393-1.4-cü maddəsinə əsaslanmaqla, ödənilməli olan ödənişlərin 150 %-nin "ASRA” MTK-nın hesabına ödənilməsini cavabdehdən tələb edə bilməz.
16. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.3-cü, 135.1-ci, 135.2-ci, 135.2.1-ci, 135.2.2-ci, 135.2.3-cü, 135.2.4-cü, 135.3-cü, 136.2-ci, 136.2.1-ci, 136.2.2-ci, 136.3-cü, 136.4-cü, 137.4-cü, 137.5-ci maddələrinə istinad etmişdir.
17. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaya etirazının məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğunu, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmadığını, Mənzil Məcəlləsinin müddəalarını düzgün təfsir etmədiyini, iddiaçının müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmadığını nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
19. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
21. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
24. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
25. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
26. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
27. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
32. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
33. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
34. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
35. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır.
36. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.
37. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.
38. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
39. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir.
40. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.
41. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
42. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan.
43. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir.
44. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər.
45. Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər.
46. Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər.
47. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.
48. Maddə 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
49. Maddə 139.2. Yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir.
50. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.
51. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə.
52. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir.
53. Maddə 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır.
54. Maddə 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir.
55. Maddə 141.8. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli qərarı
56. “Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir”.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “V.Ələsgərovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli qərarı
57. “...Yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir”.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
65. Kollegiya qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsi üzrə yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı şikayət vermədiyindən qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
66. Çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi qaydası Mənzil Məcəlləsinin 141-ci maddəsində açıqca göstərilmişdir. Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qanunda göstərilən üsullardan biri (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə və ya idarəedici təşkilat tərəfindən idarə edilmə) seçilmədikdə binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bu mümkün olmadıqda həmin bələdiyyə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Sahə mülkiyyətçiləri isə belə müsabiqə nəticəsində seçilmiş idarəedici təşkilatla qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludurlar (§ 51-55).
67. Göründüyü kimi qanunverici, çoxmənzilli binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmişdir. Onlar tərəfindən bu məsələ həll edilmədikdə bələdiyyənin müvafiq vəzifələri nəzərdə tutulmuşdur.
68. Hazırkı iş üzrə, cavabdehin yaşadığı binanın sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələrinə və ya digər qanuni tədbirlər görmələrinə dair sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməmişdir.
69. Faktiki vəziyyət isə ondan ibarətdir ki, binanı inşa etmiş İddiaçı MTK binanın idarəçiliyini məhz özü həyata keçirir. Binada sözügedən xidmətlərin faktiki olaraq İddiaçı MTK tərəfindən verilməsi, bina sakinlərinin bu xidmətlərdən yararlanmaları işin mübahisəsiz halıdır. Bu hal ona dəlalət edir ki, sahə mülkiyyətçiləri binanın idarəçiliyini İddiaçı MTK-ya tapşırmışlar.
70. Qeyd olunmalıdır ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır (§20).
71. Odur ki, iddiaçının tələblərinin müqavilə əsası araşdırılarkən tərəflər arasında tapşırığa dair mülki hüquqi münasibətlərinin mövcudluğu da nəzərə alınmalıdır (§ 32-35).
72. Hazırkı işin halları baxımından eyni zamanda nəzərə alınmalıdır ki, iddianın müqavilə əsası müəyyən edilməsə (tərəflər arasında müqavilə münasibətləri olmasa) belə, tələblərin qanundan irəli gələn öhdəliklər (bu işin halları baxımından özgə işlərini tapşırıqsız aparma normaları) çərçivəsində əsaslı olub-olmamasına da hüquqi qiymət verilməlidir.
73. Belə ki, binanın idarəçiliyi ilə bağlı bir sıra işlərin (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, mühafizənin təşkili və s.) uzun illərdir İddiaçı MTK tərəfindən həyata keçirildiyi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçiərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları şübhəsizdir.
74. Belə olan halda, iddiaçının tələbinə Mülki Məcəllənin 1087-ci və digər aidiyyəti maddələri çərçivəsində hüquqi qiymət verilmədən iddianın rədd edilməsi əsaslı yanaşma hesab edilə bilməz (§ 36,38).
75. O da nəzərə alınmalıdır ki, sözügedən xidmətlər tapşırıqsız aparıldıqda belə onların sonradan bəyənilməsi ilə tərəflərin münasibətinə yenə də tapşırıq haqqında müddəaların tətbiq edilməli olduğu qanunda açıqca göstərilmişdir (§ 37).
76. Belə olan halda, tərəflər arasındakı münasibətlərin mülki hüquqi müqaviləyə söykənib-söykənmədiyi, əgər müqavilə yoxdursa, iddiaçının göstərdiyi xidmətlərdən cavabdehin yararlanmasının və faktiki hərəkətlərlə onları bəyənməsinin hüquqi nəticələri, eləcə də iş üzrə əhəmiyyət kəsb edən digər hallar nəzərə alınmaqla mübahisəyə qiymət verilməlidir.
77. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun tələbinin (mübahisələndirilən hissədə) qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsinin həmin tələb üzrə gəldiyi nəticə əsaslı olmuşdur.
78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1165/2024 saylı iş üzrə 11 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “kommunal xidmət haqqı borcuna görə 3118,85 (üç min yüz on səkkiz manat səksən beş qəpik) manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,18 (əlli bir manat on səkkiz qəpik) manatın cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov