Məhkəmə qərarları › İş №2(103)-4145/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4145/2024

01.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4145/2024 01.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), İddiaçı Cavabdeh qarşı “təmir xərclərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-1902/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat

1. İddiaçı Cavabdeh qarşı təmir xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Cavabdeh İddiaçı və X2 qarşı mənzildə qanunsuz yaşayan digər şəxslərin çıxarılması, dəymiş maddi və mənəvi ziyanın qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 1902/2024 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.

4. Qərardad belə əsaslandırılmışdır ki, qarşılıqlı iddianın tam və ya qismən təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır, ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədən isə ümumiyyətlə söhbət gedə bilməz. Başqa sözlə, qarşılıqlı iddianın qəbul edilməsi üçün Mülki Prosessual Məcəllənin 156.1-ci və 156.2-ci maddələri ilə müəyyən edilmiş hallar mövcud deyil. Həmin Məcəllənin 156.3-cü maddəsində təsbit edilmiş iki şərtin mövcudluğu da müəyyən edilmir. Belə ki, bu tələblər arasında onların birlikdə baxılması səviyyəsində qarşılıqlı əlaqə yoxdur. Hər iki iddiaya birlikdə baxılması mübahisələrə daha tez və düzgün həll edilməsini təmin etmiş olmur. Bu səbədən də qarşılıqlı iddianın icraata qəbulundan imtina edilməli və qarşılıqlı iddia geri qaytarılmalıdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

5. Həmin qərardaddan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, hal-hazırda iddiaçı istinad etdiyi mütəxəssis rəyində təmirə çəkilmiş xərclər tikinti normalarına uyğun olmayaraq şişirdilmiş qiymətlərlə qeyd edilib və orada tikinti normalarına uyğun olmayan bir sıra xərclər mövcuddur. Bu səbəbdən rəyi sübut kimi qəbul etmir, onu mötəbər sübut hesab etmir və həmin rəyə etiraz edir. Hesab edir ki, məhkəmə tərəfindən yeni rəy alınması üçün tikintitexniki ekspertiza təyin edilməlidir. Həmçinin, rəydə mənzilin mebellərinə çəkilmiş xərci də ümumiyyətlə qəbul etmir. Əlavə olaraq mütəxəssisin ümumi xərcin 10% həcmində görünməyən xərclərə hesablama aparmasını da absurd hesab edir və qəbul etmir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-337/2021 saylı qətnaməsi üzrə icra vərəqəsi 2022-ci ilin mart ayında verilmiş və artıq 2 ildən çoxdur ki, cavabdeh İddiaçı onun mənzilini qanunsuz olaraq ona təhvil verməkdən imtina edir. Bundan başqa, həmin mənzili boşaldaraq ona təhvil vermək üçün icra məmuru ilə mənzilin qapısına gedərkən qapını əvvəllər heç vaxt adını eşitmədikləri Ramazanova Raya adında şəxs açır və bildirir ki, mənzil onundur və o, 2020-ci ildən orada yaşaması barədə saxta bir arayış da təqdim edir. İcra məmurunun qərarına əsasən icra vərəqəsi icrasız məhkəməyə qaytarılır. R.Ramazanova ona məxsus mənzildə qanunsuz yaşayır. Bu səbəbdən həmin mənzildən çıxarılmalıdır. Həmçinin qanunsuz olaraq ona məxsus mənzili 4 ildir ki, üçüncü şəxsin istifadəsinə vermiş cavabdeh İddiaçı 2 ildir ki, onun real gəlirdən məhrum olmağına səbəb olmuşdur. Belə ki, həmin ərazidə bu cür mənzilin orta aylıq kirayə haqqı təqribən 1.000 manatdır. Bu da iki ilə 24.000 manat əldən çıxmış faydanın olmasını göstərir. Həmin vəsait də cavabdeh İddiaçı tutularaq ona verilməlidir. Eyni zamanda, onun mənzilindən qanunsuz istifadə edərək onun boşaltmaqdan imtina edən cavabdeh İddiaçı ona mənəvi istirablar yaşadaraq mənəvi ziyan da vurmuşdur. Bu səbəbdən ondan 10.000 manat da mənəvi ziyanın əvəzi olaraq tələb edir. Nərimanov rayon məhkəməsində Cavabdeh 132000 manat təmir xərcini tələb edən İddiaçı, qarşılıqlı iddia ilə 24000 manat əldən çıxmış fayda və 10000 manat mənəvi zərərin ödənilməsi tələb edilmişdir. Hər iki iddianın qismən və ya tam ödənilməsi halında qarşılıqlı tələbimiz ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmiş olur. Məhkəmədə baxılan ilkin iddia cavabdehdən mənzilə çəkilmiş təmir xərcinin tələbi ilə iddiadan və qarşılıqlı iddiadan birbaşa görünür ki, onların bir-biri ilə birbaşa qarşılıqlı əlaqəsi mövcuddur.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Qərardad belə əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh X3 ilkin iddia üzrə tərəf deyil, ona qarşı qarşılıqlı iddia tələbinə hazırki icraat çərçivəsində baxıla bilməz.

9. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

11. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi Maddə 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Maddə 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Maddə 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-1902/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. İşdən görünür ki, İddiaçı Cavabdeh mübahisəli mənzilə çəkilmiş təmir xərclərinin ödənilməsi tələb edir.

14. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı və X1 mənzildə qanunsuz yaşayan digər şəxslərin çıxarılmasını, dəymiş maddi və mənəvi ziyanın qaytarılmasını tələb etmişdir.

15. Göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh X4 ilkin iddia üzrə cavabdehə qarşı hər hansı tələb irəli sürməmişdir. Bu səbəbdən ona qarşı qaldırılmış iddiaya hazırki icraat çərçivəsində baxıla bilməz.

16. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, qarşılıqlı iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156-cı maddəsinin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır.

17. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 1902/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar