Məhkəmə qərarları › İş №2(103)-4146/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4146/2025

16.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4146/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh1 iştirakları ilə, İddiaçı (Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(009)-977/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Cavabdeh1, Cavabdeh4, X4 və Cavabdeh3 faktiki olaraq həmin evdə məskunlaşmışlar.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və azyaşlı övladı ilə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları və onun həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yəni İddiaçı "xxxx" QSC ilə aralarında 9 mart 2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlamışlar. Alqı-satqı müqaviləsinə əsasən o, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olmuşdur. Həmin AN-İ ******* nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və çıxarışın əslini iddia ərizəsinə əlavə edir. Buna baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 azyaşlı övladı X4 ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qanunsuz olaraq məskunlaşmış və halhazırda yaşayırlar. Dəfələrlə cavabdehlərə ona məxsus fərdi yaşayış evini boşaltmalarını bildirsə də, cavabdehlər onun evindən çıxmaqdan imtina edirlər. Cavabdehlər onun mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar və o özünə məxsus fərdi yaşayış evində yaşaya bilmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. Cavabdeh1 iddia tələbini qəbul edərək izah etmişdir ki, o, ailə üzvləri ilə birlikdə 1993-cü ildən Ağdam rayonundan məcburi köçkündür və həmin vaxtdan ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında məskunlaşmışlar. Bundan sonra isə özləri ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüşlər və hal-hazıradək orada yaşayırlar. Cavabdeh3 onun anası, Cavabdeh4 atasının əmisi qızı, Cavabdeh2 isə onun həyat yoldaşıdır. Könüllə o, 2017-ci ildə ailə qurmuşlar. Onun rəhmətlik atası evlə təmin olunmaları üçün dəfələrlə Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət etsə də, onlara müsbət bir cavab verməmişlər. Dövlət tərəfindən onlara ev verilərsə mübahisəli mənzili boşaltmağa etiraz etmirlər.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-977/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və azyaşlı övladı X3 ünvan 1 ünvandan çıxarılmaları; İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İş üzrə məcburi köçkünlərin mübahisəli mənzildə məskunlaşmaları həmin mənzilin qanuni sahibi olan İddiaçı hüquqlarını pozduğuna görə iddia təmin edilməli, onlar mənzildən çıxarılmalı, iddiaçı öz xüsusi mülkünə köçürülməlidir.

8. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.1 və 152.1-ci maddələrinə; Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya dair 20 mart 1952-ci ildə Parisdə imzalanmış 1 saylı Protokolun 1-ci maddəsinə; Azərbaycan Respublikasının məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 21 may 1999-cu il tarixli Qanun 5-ci maddəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydasının (Məcburi köçkünlərin köçürülməsi Qaydası") 4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

9. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-977/2025 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə 1993-cü ildən etibarən Ağdam rayonundan məcburi köçkündür və həmin vaxtdan ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında məskunlaşmışlar. Bundan sonra isə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və hal-hazıradək orada yaşayırlar. Cavabdeh3 onun anası, Cavabdeh4 atasının əmisi qızı, Cavabdeh2 isə onun həyat yoldaşıdır. Könüllə 2017-ci ildə ailə qurmuşlar. Atası evlə təmin olunmaları üçün dəfələrlə Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət etsə də, müsbət bir cavab verməmişlər. Dövlət tərəfindən onlara ev verildiyi təqdirdə mübahisəli mənzili boşaltmağa etiraz etmirlər. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, bir-iki ilə dövlət onların evini verdiyi halda həmin evi tərk edəcəklər. Cənab Prezidentin bununla bağlı qərarı vardır. 13.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin ona aid hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

18.139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 19.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 20.152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 21.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 22.164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 23.«Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 24.“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyətiorqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. 25.«Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununa əlavə olunmuş 8.0.11ci maddəsinə əsasən (Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 26.Azərbaycan Respublikasında mənzillərin özəlləşdirilməsi məsələləri xx.xx.1993-cü il tarixdə qəbul edilmiş «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Eyni Qanunun əvvəlki redaksiyada 8-ci maddəsinə görə, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı on beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunalməişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi. Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli Qanunu ilə 8-ci maddəyə orderi sözündən sonra «və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam» sözləri əlavə edilmişdir. 27.“Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayışsahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir.

28. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayışsahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqelərə görə 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahibliklə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. (Latridis Yunanıstana qarşı iş, §54). Məhkəmə, həmçinin qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyət”lə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı də əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı iş, § 103). 30.Eyni hüquqi mövqeyə əsaslanan Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

31.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

33.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, mübahisələndirilən ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir və onun bu hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin evdə məskunlaşması işin mübahisələndirilməyən halıdır.

35. Göründüyü kimi hazırkı iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən orada yaşayan şəxslərin çıxarılması və s. barədədir. İddiaçı tələbinin əsası kimi mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasına, cavabdehlərin isə hər hansı hüquqi əsas olmadan mənzili tərk etməmələrinə istinad etmişdir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi daşınmaz əmlakın mülkiyyətçisidir, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

37. Qeyd edilməlidir ki, mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.

38. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

39. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər.

40. Beləliklə də, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi mənzilin mülkiyyətçisidir, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq mübahisəli mənzilə hər hansı əşya hüququ olmayan cavabdeh iddiaçının mülkiyyət hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradır, bu isə qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.

41. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır.

42. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində qeyd edilən formal etirazlar, eləcə də işin faktiki halları ilə bağlı dəlillər də həmin qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsas ola bilməz. 43.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 44.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-977/2025 saylı, 23 aprel 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar