Məhkəmə qərarları › İş №2(103)-4149/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4149/2021

19.05.2021 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4149/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi) Maraqlı şəxs cəlb edilməklə “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsi, “xxxx” MMC və “xxxx” MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 2871,45 manat vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ərizənin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Maraqlı şəxs heç vaxt bizneslə məşğul olmamış, heç bir müəssisə yaratmamış və heç kimə etibarnamə verməmişdir. Sözügedən MMC-lərin kim tərəfindən və necə yaradılmasını bilmir. Hər iki müəssisənin vergi əməliyyatları barədə məlumatlar 5 saylı Ərazi Vergilər İdarəsində sistemdə var. Baş verənlər barədə vergi idarəsinə, Şirvan Şəhər Prokurorluğuna, Daxili İşlər Nazirliyinə ərizə ilə mürcaiət etmiş, lakin yazılı müraciətinə, dəfələrlə gedib-gəlməyinə baxmayaraq, vergi idarəsi ona doğru-dürüst məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, maraqlı şəxsi dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə əsasən, Maraqlı şəxs, “xxxx” MMC və “xxxx” MMC-nin icra orqanlarının rəhbəridir. Vergi öhdəliklərini Azərbaycan Respublikası Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikləri üçün 22.05.2018-ci il tarixə vergi ödəyicisi olan “xxxx” MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə ümumilikdə 960,10 manat, “xxxx” MMC-nin (VÖEN: **********) isə, ümumilikdə 1632,15 manat vergi borcu yaranmışdır. Borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə bildiriş göndərilmiş, lakin vergi ödəyiciləri tərəfindən yaranmış borc məbləği ödənilməmişdir. Bunun nəticəsində vergi orqanı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Kollegiya, aşağıdakılara əsasən hesab edir ki, ərizəçi, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Mülki Prosessual Məcəllənin 355-5.1-ci və 355-5.2-ci maddələrinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. MPM-nin 355-6-cı maddəsinə uyğun olaraq, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsası kimi nəzərdə tutulmuşdur. Kollegiya, vergi ödəyicisi kimi “xxxx” MMC və “xxxx” MMC-nin dövlət büdcəsinə vergi borcunun mövcud olduğunu və qanunla müəyyən edilmiş müddət ərzində borcun ödənilməsi barədə vergi orqanının sözügedən MMC-lərin rəhbəri Maraqlı şəxs etdiyi xəbərdarlığın nəticəsiz qaldığını nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs qeyd olunan hüquqi şəxslərin direktoru olmaması, adına həmin hüquqi şəxslərin təsis edilməsindən xəbərsiz olduğu barədə bildirdikləri qətnamənin ləğv olunması üçün əsas deyil. Çünki nə qədər ki, qeyd olunanlar Maraqlı şəxs tərəfindən mötəbər sənədlərlə sübuta yetirilməyib və bu barədə dəyişiklik vergi xidmətinin rəsmi reyestrində qeydə alınmayıb, ərizəçi borclu hüquqi şəxsin rəhbəri kimi onu tanımaqda haqlıdır. Çünki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Kollegiya, yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. MPM-in 385.2. maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3872/2018 saylı iş üzrə 30 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu maraqlı şəxsə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar