Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-415/2024 08.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «mənzildən çıxarılma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, İddiaçı vəkili X5 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-592/2023 saylı, 25 iyun 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. "xxxx" Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, “Kooperativ” Bakı şəhəri, Nərimanov rayonu, 758-759-cu Məhəllə C.Hacıbəyli küçəsində inşa edilmiş binanın, C giriş, 18-ci mərtəbə (mansart), 168 saylı mənzilini “Payçı”ya (İddiaçı) təhvil verməyi öhdəsinə götürür.
2. "xxxx" MTK tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən ünvan 1 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın C giriş, 18-cı mərtəbəsində (mansart), ümumi sahəsi 100 kv.m (bu sahəyə qonşu divarlar 50 %, çöl divarlar 100 %, eyvan 100 %, mənzilə daxil olan arakəsmələr 100% daxildir) yaşayış sahəsi olan 3 otaqlı, 168 saylı, mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.
3. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2003-cü il tarixdə X6 adına verilmiş 003333 saylı Orderdən görünür ki, Bakı şəhəri, 758-759 məhəllə Bakıxanov küçəsi 62 saylı evin 54,3 kv/m yaşayış sahəsindən ibarət 3 otaqlı 165 saylı mənzilində üç nəfər ailə tərkibi ilə yaşamışdır.
4. 25 may 2005-ci il tarixli AN – İ seriyalı № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, Satıcı Bakı şəhəri İH Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 30/10312 №-li arayışa əsasən ümumi sahəsi 104,36 kv/m yaşayış sahəsi 54,3 kv/m olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi məh 758- 759 ev 62, m.165-də yerləşən 3 otaqlı mənzili alıcı X3 mülkiyyətinə verir.
5. Bakı şəhəri, 758-759 məhəllə Bakıxanov küçəsi 62 saylı evin 54,3 kv/m yaşayış sahəsindən ibarət 3 otaqlı 165 saylı mənzil xx.xx.2005-ci il tarixində X3 adına qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanından əşyalarını məcburi qaydada çıxarması və mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Tələbdə göstərilir ki, 2 il əvvəl 168 saylı mənzil Cavabdeh tərəfindən qeyri-qanuni zəbt edilmişdir. 2 ildir ki, Cavabdeh mənzili boşaltmağı tələb olunur, lakin, o, mənzili boşaltmaqdan imtina etmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-592/2023 saylı, 25 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbinin təmin edilərək Cavabdeh əşyalarının Bakı şəhəri, Nərimanov rayonu, 758-ci məhəllə, Ceyhun Hacıbəyli küçəsi, ev 28C, 168 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi; mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 758-ci məhəllə, Ceyhun Hacıbəyli küçəsi, ev 28C, 168 saylı mənzil (mansart) mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı məxsusdur. Cavabdeh iddiaçının gözlənilən mülkiyyət hüququ ilə ona məxsus olan mənzilindən (mansartdan) sərbəst və maneəsiz istifadəsinə şərait yaratmır. Bu halın qarşısını almaq üçün iddiaçı qanunla ona verilmiş hüquqlarından istifadə edərək cavabdehin mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etmişdir. İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bununla yanaşı, Bakı şəhəri, Nərimanov rayonu, 758-ci məhəllə, Ceyhun Hacıbəyli küçəsi, ev 28C, 168 saylı mənzil (mansart) ilə bağlı İddiaçı mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır, mübahisəli mənzilə dair iddiaçı pay haqqını tam ödəmiş hazırda mənzilə (mansarta) görə borcu mövcud deyil. Bununla yanaşı məhkəmə cavabdeh tərəfindən iddia tələbinə etiraz kimi irəli sürülən “əmlakların (cavabdehə məxsus mənzillə yanaşı mübahisəli mansart nəzərdə tutulur) cavabdehin sahibliyində olması”, “mübahisəli mansartın cavabdehə məxsus mənzillə bir vaxtda cavabdehin mərhum qayınatası X7 tərəfindən əldə edilməsi”, “mənzilin X4 alınması, sözügedən qeyri-yaşayış sahəsinin isə X2 əldə edilməsi” ilə bağlı dəlillərinə münasibətdə qeyd edib ki, mülki işin materiallarından göründüyü kimi cavabdeh etirazının dəlillərini təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Eyni zamanda qeyd olunan etirazın dəlilləri iddia tələbinin təkzib edilməsi üçün yetərli olmamışdır. Bunun əksinə olaraq, iddiaçı tələbini əsaslandıran və iddia tələbini irəli sürmək üçün zəruri olan sübutları məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, hazırda Bakı şəhəri, Nərimanov rayonu, 758-ci məhəllə, Ceyhun Hacıbəyli küçəsi, ev 28C, 168 saylı mənzilə (mansarta) İddiaçı gözlənilən mülkiyyət hüququ mövcuddur. Həmin mənzil (mansart) hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən istifadə edilir. İddiaçının gözlənilən mülkiyyət hüququ olmaqla, həmin mənzildən (mansartdan) istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Məhkəmə şahid ifadələrinə hüquqi qiymət verərək qeyd etmişdir ki, cavabdehin mənzilə (mansarta) dair hüquqlarını təsdiqləyən hər hansı mötəbər dəlili olmadığını, hazırki mübahisədə şahid ifadələrinin digər mötəbər sübutlarla yanaşı qiymətləndirilməli olduğunu, o cümlədən hazırki mübahisəli mənzilin (mansartın) kimə məxsus olması ilə bağlı mübahisənin şahid ifadələri ilə müəyyən edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, həmin ifadələri cavabdehin etirazlarının əsaslılığını göstərən sübut kimi qəbul etmir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərib ki, iddiada göstərilən xüsusatlar yalan və uydurmadır. Belə ki, iddiaçı mübahisə predmeti olan sahəni (mansard) heç bir zaman görməmiş, orada olmamış və oraya ümumiyyətlə nə müqaviləni imzaladığı vaxt, nədəki, sonrakı zamanlarda daxil olmamışdır. İddiaçı bu iddia ərizəsini verərək məhkəmədə elə bir təəssürat yaratmaq istəyib ki, guya onun qanuni sahiblik hüququ pozulur. Halbuki, iddiaçı nə 2016-cı ildə, nədəki, sonrakı vaxtlarda həmin sahədə heç bir zaman olmamış və guya bağladığı müqaviləni imzalasa da, bu, formal xarakter daşıyıbdır. Çünki artıq 20 ildən çoxdur ki, bu mansard tipli sahə mərhum qaynatasının (o cümlədən digər onun ailə üzvlərinin və onun) istifadəsindədir. Belə ki, hələ 2005-ci ildə mərhum qayınatası Ənvər Behbutov həmin ünvanda bir mərtəbə aşağısında yerləşən 3 otaqlı mənzil alarkən satıcı Sevinc Rzayevaya əlavə pul ödəməklə üstündə yerləşən mansardı da almışdır. Pulun 25 000 ABŞ dolları mansardın sahibi X1, qalan hissə isə mənzilin satıcısı Sevinc Rzayevaya çatmışdır. Beləliklə, hər iki sahə alındıqdan sonra mərhum qayınatası və onun ailəsi (cavabdeh daxil) mənzilə köçdükdən sonra, mübahisə predmeti olan mansarda əvvəllər yaşadıqları evin əşyaları ora daşınaraq yerləşdirilmişdir. Uzun illərdir ki, ailəsi maneəsiz bu sahədən istifadə edirdi və nə "xxxx" MTK-dan, nə də iddiaçıdan və ya digər şəxslərdən heç bir tələb və ya xəbərdarlıq olunmadan onun boşaldılması və geri qaytarılması irad tutulmamış və ya tələb irəli sürülməmişdir. Bununla bağlı hər hansı bir səlahiyyətli dövlət orqanına müraciət də olunmamışdır. Halbuki, əgər həqiqətən də, iddiaçı MTK ilə bu müqaviləni bağlayaraq guya 70000 manat pul ödəmişdirsə, onda niyə bu illər ərzində azı 6 il vaxt keçməsinə baxmayaraq yazılı qaydada nə cavabdehə hər hansı bir xəbərdarlıq, nədəki hər hansı bir dövlət orqanına və ya MTKya iddiaçı tərəfindən müraciət olunmamışdır? MTK-dan hər hansı bir xəbərdarlıq məktubu da göndərilməmişdir. MTK-nın isə bu sahəyə sərəncamvermə səlahiyyətinin olması belə heç nəyə əsaslanmır. Nə vaxtan mansard mənzil hesab olunur? Bu, texniki göstəricilərə görə yaşadığı yaşayış binanın dam hissəsidi və sadəcə ətrafında sütunlar qaldırılaraq binanın ümumi damının digər hissəsindən təcrid olunmuşdur. Digər tərəfdən iddiaçının sahəyə görə "xxxx" MTK-ya 70.000 manat pulun guya ödənilməsini əks etdirən maliyyə arayışı ciddi hesabat blankı deyil və sadəcə sonradan yazılmış arayış da ola bilər. Çünki MTK binanı tikib qurtardıqdan təxminən 10 il vaxt keçdikdən sonra guya həmin sahə satılıbdır. Ödənilən pul isə MTK-nın bank hesabına belə daxil olunmamış və buna görə müəyyənləşdirilmiş vergi tutulmamışdır. Bütün bunlar bunu bir daha göstərir ki, iş üzrə cəlb olunmuş 3-cü şəxs "xxxx" MTK ilə iddiaçı Elvin Quliyevin əvvəlcədən planlaşdırılmış qaydada görülən bir işdir. Niyə MTK uzun illərdir ki, həmin sahənin boşaldılmasını tələb etməmişdir? Gözləyirdi ki, sahəni halal pulla əldə edən şəxs, cavabdehin qayınatası Ənvər Beybutovun və daha sonra isə onun oğlunun (cavabdehin həyat yodaşı) vəfatından sonra bu uydurma tələbini məhz iddiaçı vasitəsilə irəli sürsün. Məhkəmədə iddiaçının vəkili “iddiaçı, sahəni aldıqda gəlib ona baxış keçirmişdirmi?” sualına cavab verə bilməmiş və bildirmişdir ki, o zaman orada olmayıb və bu haqda məlumatı yoxdur”. Belə olduğu halda iddiaçının özünün məhkəmədə iştirak etməsinə zərurət yaransa da, məhkəmə buna şərait yaratmamışdır. Halbuki, işin hərtərəfli və obyektiv baxılması üçün məhkəmə tərəfindən bütün prosessual tədbirlər görülməli idi. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq qətnaməni ədalətsiz, qeyri-obyektiv hesab edir və ona görə həmin qətnamə tamamilə ləğv olunmalı və iş üzrə iddianın təmin olunmaması haqqında yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə iş üzrə təqdim etdiyi sübut ümumiyyətlə araşdırmamış, şahid qismində çağırılmalı olan şəxslərin iştirakı təmin edilməmişdir. Nəticə etibarı ilə mühüm əhəmiyyət kəsb edən hallar sübuta yetirilməsi mümkün olmamışdır. Belə ki, “Birja” qəzetindəki olan (Milli Kitabxana fondunun əldə edilmiş) satış elanı tam olaraq araşdırılmamışdır. Halbuki, vaxtilə həmin elan əsasında mənzil və mansard cavabdehin mərhum qayınatası Ənvər Behbutov tərəfindən bəyənilərək alınmışdır. İddiaçı tələbini yalnız MTK ilə bağladığı müqavilə ilə əsaslandırmışdır. Halbuki, digər hallar, yəni guya aldıqdan sonra sahədən istifadə etməsi, oraya daxil olması və yalnız son 2 ildir ki, sahəyə daxil ola bilməməsini təsdiq edən hallar ümumiyyətlə araşdırılmamış və sübuta yetirilməmişdir. Məhkəməyə sübut qismində təqdim etdiyi satış elanında əlaqə telefon nömrəsi var. Həmin nömrənin kimin adına olmasına dair tərəfindən mobil operatoruna sorğu verilsə də, ona müsbət cavab verilməmişdir. Lakin məhkəmə tərəfindən sorğu verilsə də, müvafiq dövrlərdə nömrənin sahibləri olan şəxslər iş üzrə şahid qismində çağırılmamış və onların dindirilməsi təmin olunmamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında İddiaçı vəkili X9 apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədilər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, mülki işə iddiaçının və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin.
15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Maddə 35.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
23. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.
24. Belə ki, apellyasiya şikayətinin dəlillərinin yoxlanılması ilə əlaqədar mübahisə predmeti olan sahənin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt (o cümlədən....texniki mərtəbə (onun bir hissəsi), çardaq (onun bir hissəsi), mühəndis qurğuları olan zirzəmi (onun bir hissəsi), həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi, (onun bir hissəsi) və yaxud digər təyinatlı tikinti obyekti olub-olmamasının müəyyənləşdirilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi alınmaqla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
25. Məhkəmə tikinti texniki ekspertizasının 3-16-16/2-10/8402 saylı, 03 may 2024-cü il tarixli rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, mübahisə predmeti olan (Bakı şəhəri, Nərimanov rayonu, 758-759-cu məhəllə Ceyhun Hacıbəyli küçəsindəki 28 nömrəli evin "C" girişinin 18-ci mərtəbəsində yerləşən sahənin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası tərəfindən 30 noyabr 2021-ci il tarixdə təsdiq edilmiş 3 №-li Qərarının və həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3-cü maddəsinin 3.0.15-ci və 59-cu maddəsinin (Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları) 59.5.-ci bəndinin tələblərinə uyğun olaraq, mansard mərtəbə olduğu müəyyən edilmişdir.
26. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 3-35/2-4360/2024 saylı, 05 iyul 2024-cü il tarixli məlumatında qeyd edilir ki, arxiv məlumatlarına əsasən sözügedən yaşayış binasına (layihə üzrə bina 3) dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 178 nömrəli sərəncamı ilə istismara icazə sənədi verilmişdir (surəti əlavə olunur). Razılaşdırılmış layihəyə əsasən sözügedən bina 17+texniki mərtəbə şəklində layihələndirilmişdir. Belə ki, -1-ci (0.00 səviyyəsindən aşağı) mərtəbə zirzəmi mərtəbəsi, 1-ci mərtəbə qeyri-yaşayış sahəsi, 2-17ci mərtəbələr yaşayış sahəsi, mübahisə predmeti olan 18-ci mərtəbə isə texniki mərtəbə kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2021-ci il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşayış binaları. Layihələndirmə normaları"na əsasən texniki mərtəbə binanın mühəndis avadanlığının yerləşdirilməsi və kommunikasiyaların çəkilişi üçün nəzərdə tutulmuş mərtəbədir.
27. Göründüyü kimi, apellyasiya baxışı zamanı şikayətin dəlilləri üzrə yoxlama aparılarkən mübahsə predmeti olan tikilinin mansarda mərtəbəsində - binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış sahəsi məqsədləri üçün nəzərdə tutulmuş sahə olduğu öz təsdiqini tapdı. Bununla belə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yuxarıda qeyd olunan məlumatında razılaşdırılmış layihəyə əsasən sözügedən bina 17+texniki mərtəbə şəklində layihələndirildiyi, yəni -1-ci (0.00 səviyyəsindən aşağı) mərtəbə zirzəmi mərtəbəsi, 1-ci mərtəbə qeyri-yaşayış sahəsi, 2-17ci mərtəbələr yaşayış sahəsi, mübahisə predmeti olan 18-ci mərtəbə isə texniki mərtəbə kimi qeyd edilmişdir. Ancaq elə qeyd olunan məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 178 nömrəli sərəncamı ilə təsdiq edilmiş tikntisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının xx.xx.2004-cü il tarixli AKTİ-nın 8-ci bəndindən də açıq-aşkar görünür ki, istismara qəbul edilmək üçün təqdim olunmuş obyektin əsas göstəriciləri siyahısında texniki mərtəbənin deyil, mansarda mərtəbəsinin olduğu qeyd olunmuşdur. Demək ki, mübahisəli sahənin yerləşdiyi mərtəbənin razılaşdırılmış layihədə texniki mərtəbə kimi göstərilməsinə baxmayaraq, artıq tikilib istismara qəbul edilərkən həmin mərtəbənin binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış sahəsi məqsədləri üçün nəzərdə tutulmuş mansarda mərtəbəsi olduğu, başqa sözlə mansarda mərtəbəsi kimi inşa olunduğu təsdiq olundu.
28. İş üzrə tərəflər də mübahisəli sahənin texniki mərtəbə olduğunu israr etmirlər. Əks halda Mülki Məcəllənin 227.1, 227.2 və Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələbləri onlara bu sahəni hazırki işdə olduğu kimi tutmağı yaxud alqı-satqını etməyi qadağan edərdi. Çünki texniki mərtəbə ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə məxsus bir tikinti obyekti sayılır. Mübahisəli sahəyə yerli baxış keçirilməsi məhkəmə iclasının davamı olaraq baş tutmasa da qeyd olunan sahənin videoyazısı çəkilərkən mübahisə predmeti olan sahənin cavabdehin istifadəsində olduğu və orada əşyalarının yığıldığı sahə kimi istifadə etdiyi müəyyən edildi. Deməli həmin sahənin özgəninkiləşdirmənin yaxud alqı-satqının predmeti ola bilməsi mübahisə doğurmur. Mübahisəli hal həmin sahənin tərəflərdən kimə və hansı hüquqla məxsus olması ilə bağlıdır.
29. Bununla əlaqədar məhkəmə tərkibi apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı da aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, iddiaçının mübahisə predmeti olan sahəni görməməsi, oraya heç vaxt daxil olmaması, 20 ildən çox müddətdə cavabdeh tərəfin istifadəsində olması da iddianın əsassızlığına dəlalət etmir. Çünki iddiaçı hazırki iddianı irəli sürərkən faktiki əsası kimi MTK ilə bağladığı 02 mart 2016-cı il tarixli müqaviləyə əsaslanıb. Bu müqavilənin formal yaxud əhəmiyyətsiz əqdi olması da sübuta yetirilməlidir. Ancaq həmin müqavilənin uydurma olmasını cavabdeh yalnız şikayətində iddiaya etiraz olaraq göstərir.
30. Bundan başqa, cavabdeh hələ 2005-ci ildə mərhum qayınatası Ənvər Behbutovun həmin ünvanda bir mərtəbə aşağıda yerləşən 3 otaqlı mənzil alarkən satıcı Sevinc Rzayevaya əlavə pul ödəməklə üstündə yerləşən mansardı da aldığını, pulun 25000 ABŞ dolları mansardın sahibi X1, qalan hissə isə mənzilin satıcısı Sevinc Rzayevaya satdığına dair əvvəla məhkəməyə hansısa mötəbər sübut təqdim etməmiş və istinad etdiyi həmin halları sübuta yetirə bilməmişdir. İkincisi bəyan etdiyi həmin hallar həqiqi olsa belə qeyd etdiyi şəxslərin mübahisəli mansardaya hər hansı bir aidiyyəti olmalarına, başqa sözlə həmin hissənin hansısa hüquqla onlara məxsusluğu barədə də işdə heç bir sübut yoxdur.
31. İddiaçının qeyd olunan müqavilə bağlandıqdan uzun müddət sonra məhkəməyə müraciət etməsi də iddianın əsassızlığını və buna görə iddianın rədd edilməsini şərtləndirmir. MTK-nın binanı tikib qurtardıqdan uzun illər sonra qeyd olunan sahəni satmasını qadağan edən bir hal da nəzərdə tutulmamışdır. Yetər ki, cavabdeh tərəfin mübahisəli sahəyə dair hansısa hüquqmüəyyənedici sənədi olmuş olsun. Bu cür vəziyyət cavabdeh tərəfin hüquqlarının müdafiəsi üçün məhkəməyə hüquqi imkan açmış olardı. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, cavabdeh tərəfin mübahisə predmeti olan sahə ilə əlaqədar mövcud vəziyyəti anlaşılan olsa da apellyasiya şikayətinin təmin edilməsi üçün yetərincə əsaslar müəyyən edilmədi.
32. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-592/2023 saylı, 25 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-592/2023 saylı, 25 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.