Məhkəmə qərarları › İş №2(103)-4151/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4151/2020

21.05.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4151/2020 21.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Mehdiyevdən və X2 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 5866/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 Məhətddin qızının və Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu 1-ci mikrorayon Cavadxan küçəsi 5 saylı evin 50 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu 1-ci mikrorayon Cavadxan küçəsi 5 saylı evin 50 saylı mənzili onun adınadır və hazırda da həmin mənzildə yaşayır. 1987-ci ildə Cavabdeh2 Məhətddin qızı ilə boşanmışdır. Birgə nikahdan 1988-ci ildə Gülnarə adlı qızı doğulmuşdur. Cavabdeh həmin vaxtdan qızı Gülnarəni də götürərək mənzili tərk edərək, başqa yaşayış yeri seçmişlər. Lakin formal olaraq mənzildə qeydiyyatda qalmışlar. Dəfələrlə mənzildən qeydiyyatdan çıxmalarını tələb etsə də, cavabdehlər onun təklifini qəbul etməyiblər və cavabında bildirmişlər ki, onları məhkəməyə versin. Cavabdehlərin mənzildə formal qeydiyyatda qalmaları onun hüquqlarını pozur. Yaşadığı mənzili özəlləşdirməsə də, mənzildən istifadə və sahiblik hüququ ona məxsusdur. Hansı tərəfdən yanaşılırsa yanaşılsın, cavabdehlər Bakı şəhəri Nəsimi rayonu 1-ci mikrorayon Cavadxan küçəsi 5 saylı evin 50 saylı mənzilindən istifadə hüquqlarını itirmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 5866/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edənİddiaçı və onun vəkili və nümayəndəsi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq yazılı ərizə təqdim etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləməklə, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-5866/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin olunmalıdır. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli, 20065-5/D saylı məktubundan görünür ki, 30 il müddət ötdüyünə görə icra sənədinin icra vəziyyəti barədə sənəd təqdim edə bilmirlər. xx.xx.2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və onun ailə üzvüləri başqa yerə getdikdə, onların yaşayış sahəsi 6 ay saxlanır. İş materiallarında olanCavabdeh2 Məhətddin qızının Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına ünvanladığı xx xxx 2020-ci il tarixli ərizəsindən görünür ki, onun qızı Cavabdeh1 2011-ci il tarixdən Türkiyə Respublikasının vətandaşı ilə evlidir, hal-hazırda Türkiyə Respublikasının vətandaşıdır və həmin ölkənin Adana şəhərində yaşayır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh2 Məhətddin qızı arasında nikah xx.xx.1987-ci ildə bağlanmış, tərəflərin birgə nikahdan 1988-ci ildə Gülnarə adlı qızları doğulmuş, xx xxxx 1990-cı il tarixdə isə nikahları Nəsimi rayon məhkəməsinin 2-104/1990 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikahın ləğv olunması barədə xx xxxx 1991-ci il tarixdə 420 saylı akt qeydi aparılmış və tərəflərə boşanma haqqında şəhadətnamə verilmişdir. Tərəflər birgə nikah dövründə icra hakimiyyətinin balansında olan Bakı şəhəri Nəsimi rayonu 1-ci mikrorayon Cavadxan küçəsi 5 saylı evin 50 saylı mənzilində yaşamışlar, iddiaçı Cavabdeh2 icarəsində olan həmin mənzilə gəlin gətirmiş, mənzil kirayəçisinin razılığı ilə xx.xx.1997-ci il tarixdə həmin ünvana pasport qeydiyyatına alınmışdır. Cavabdeh2 övladı ilə birlikdə həmin mənzildən istifadə hüquqlarının olması Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 1989-cu il tarixli 2- 2127/1989 saylı qətnaməsi ilə təsbit olunmuş, həmin qətnaməyə əsasən Cavabdeh2 Məhətddin qızının İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 Məhətddin qızının xx.xx.1988-ci il təvəllüdlü övladı Gülnarə ilə birlikdə İddiaçı kirayəçisi olduğu Bakı şəhəri Nəsimi rayonu 1-ci mikrorayon Cavadxan küçəsi 5 saylı evin 50 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı mübahisə üzrə x xxxxxxx 2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsi tətbiq olunmalıdır. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yuxarıda qeyd olunan müddəaya istinad edərək, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbi əsassız olduğundan rədd olunmalıdır. İddiaçı Cavabdeh1 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Odur ki, əvvəlki Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edildikdə icarədar və ya onun ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüququ itirilmiş sayılır. Həmin əsas isə ondan ibarətdir ki, icarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında təsdiq etmişdir ki, onun qızı Cavabdeh1 2011-ci il tarixdən Türkiyə Respublikasının vətandaşı ilə evlidir, Türkiyə Respublikasının vətandaşıdır və həmin ölkənin Adana şəhərində yaşayır. Qeyd edilənlərdən görünür ki, Cavabdeh1 evdən istifadə hüquqları xitam olunmuşdur. “Köçmə” istifadə hüququna xitam verən hüquqi faktdır, faktın baş verməsi ilə hüquqa xitam verilir. Hüquq xitam olduğuna görə artıq mövcud deyildir, hüquqa xitam verilməsi nəticəsində hüquq itirilmiş hesab olunur. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq norması düzgün tətbiq edilmədiyindən qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 5866/2019 nömrəli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Cavadxan küçəsi, 5 saylı evin 50 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar