Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4152/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4481/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 11.500 manat pulun, hüquqi yardıma görə ödənilmiş 200 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, 2018-ci ilin iyul ayının əvvəlində iş yoldaşı vasitəsi ilə cavabdehlə tanış olmuş, cavabdeh ona qanuni yolla, yəni bankda girov yüklülüyü ilə vətəndaşlardan alınmış avtomobillərin hərrac yolu ilə ucuz qiymətə alınmasını təklif etmişdir. 16.07.2018-ci il tarixdə Xətai rayonunda yerləşən “AMAY” TM-nin zirzəmisində saxlanılan avtomobillərə baxmış və saxlanılan avtomobillər arasında “X1” markalı avtomobili bəyənmiş, cavabdeh ona avtomobilin qiymətinin 13.500 manat olduğunu bildirmişdir. Bu məqsədlə o, bankdan 11.500 manat pul kredit götürmüş, məbləğ az olduğu üçün cavabdeh ona “Mersedes E 350” markalı başqa avtomobil təklif eləmişdir. O, avtomobilə baxmaq istədiyini bildirəndə cavabdeh avtomobilin Mingəçevir şəhərində olduğunu, lakin pulun bir qisminin ödənildiyi təqdirdə avtomobili Bakıya gətirə biləcəyini demişdir. Bu məqsədlə 19.07.2018-ci il tarixdə cavabdehə iş yoldaşı vasitəsi ilə 5.000 manat pul göndərmiş, ertəsi gün isə, yəni 20.07.2018-ci il tarixdə şəxsən görüşərək əlavə 6.500 manat vermişdir. Bir müddət keçməsinə baxmayaraq cavabdeh fərqli bəhanələr gətirərək avtomobili ona göstərməmiş, güya səhv nəticəsində hərracdan başqa adama satıldığını, maşının sənədlərində problem olduğunu və bu kimi bəhanələr gətirərək avtomobil satışını həyata keçirməmişdir. Ondan polisə şikayət edəcəyini dedikdə isə aldığı 11.500 manat pulun banka faizlərinin qaytarılması məqsədi ilə 2.500 manat geri ödəmişdir. Daha bir ildən sonra avtomobili və ya ödədiyi pulları geri ala bilmədiyi üçün 2019-cu ilin avqust ayında polisə müraciət etmiş, Xətai rayon Pİ-nin istintaq şöbəsində verdiyi izahatda cavabdeh 11.500 manat pulun alınmasını və 2.500 manatın geri qaytarıldığını etiraf etmişdir. Cavabdehin hüquqa zidd əməli nəticəsində ona 11.500 manat real zərər vurulmuşdur. 2500 manat qaytarılmış pul həqiqətən avtomobil alınması məqsədi ilə bankdan götürüldüyü və kredit faizlərinin ödənilməsinə yönəldiyindən həmin məbləği borcdan silmir. Banka ödədiyi faizləri özünə vurulmuş maddi zərər kimi qəbul edir və həmin zərər cavabdeh tərəfindən artıq ödənildiyi üçün bu hissədə həmin zərəri tələb etmir. Hüquqlarının müdafiəsi məqsədlə Vəkil Bürosu ilə müqavilə bağlamış və 200 manat pul ödəmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4481/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 9.000 manat məbləğində pulun, 110 manat hüquqi xidmət xərcinin, cəmi 9.110 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4481/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsindən və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozmuşdur. Aşağıda qeyd olunanlarla qətnamənin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə iddia tələbinin əsassızlığını müəyyən etməmiş qətnamə mülahizələrə söykənərək dayanıqlığını itirmişdir, həmçinin məhkəmə borcun mövcudluğunu araşdırmayaraq qanusuz qətnamə qəbul etmişdir. Bundan əlavə irəli sürülmüş iddia tələbinin həcmi ilə razı deyiləm. Hesab edirəm məhkəmə iddiaçının irəli sürdüyü kredit borcu ilə bağlı ekspertiza təyin etməli idi. Lakin məhkəmə işin hallarını kifayət qədər araşdırmamış, işə səthi yanaşmışdır Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4481/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4481/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdilər və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4481/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçının tapşırığı əsasında öhdəliyini yerinə yetirmədiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777 və 778-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq iş materiallarını araşıdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı Şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Məmmədov ismayıl İbrahim oğlu tərəfindən HK-1/401 və HK-1/427 saylı materiallar üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş 28 avqust 2019-cu il tarixli qərarının surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında həqiqətən İddiaçı 5.000 manat bir və 6.500 manatda bir pul almış, həmin puldan 2.500 manatını iddiaçıya qaytarmışdır. Araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında qeyd olunanları təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinə görə İddiaçı Cavabdeh tələb etdiyi 11.500 manat pul tələbinə dair tərəflər arasında tapşırıq münasibətləri mövcud olmuş, cavabdeh ona həvalə edilmiş tapşırığı icra etməmişdir. Belə ki, İddiaçı özünə avtomobil almaq üçün Cavabdeh müraciət etmiş, cavabdeh iddiaçının şifahi tapşırığı əsasında başqa tanışlarının imkanlarından istifadə etməklə ona avtomobilin alınması ilə bağlı üzərinə öhdəlik götürmüş, bununla bağlı iddiaçıya iki avtomobil təklif edilmiş və təklif edilmiş bir avtomobilin dəyəri iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Qeyd olunan maddənin dispozisiya şərtlərindən də görünür ki, tərəflər arasında tapşırıq müqaviləsinin mövcud olması üçün 3 əsas tələb olunur: 1) vəkalət verənin verdiyi tapşırığın vəkalət alanın qəbul etməsi; 2) müqavilənin (tapşırığın) predmetinin əqdlərin bağlanılması, işlərin və digər xidmətlərin göstərilməsindən ibarət olması; 3) müqavilənin nəticəsi, yəni konkret nəticənin əldə olunmasına təminat verilməməsi. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 417.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. Həmin Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qanuni və əsaslı hesab edərək, Cavabdeh 9.110 manat pulun İddiaçı xeyrinə tutmaqda düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını və düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4481/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə Cavabdeh apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4481/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4152/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4152/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver