Məhkəmə qərarları › İş №2(103)-4157/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4157/2021

22.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4157/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil X1, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(005)-593/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 sentyabr 2020-ci il tarixli, K-986 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası təhsil nazirinin 22 sentyabr 2020-ci il tarixli K-986 nömrəli əmri ilə Lənkəran rayonu Yuxarı Nüvədi kənd tam orta məktəbinin direktoru vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad edilmişdir. Hesab edir ki, həmin əmr qanunsuz və əsassızdır. Belə ki, əmrdə göstərilənlərin əksinə olaraq onun hərəkətləri nəticəsində dövlətə və işəgötürənə hər hansı ziyan dəyməmişdir. Bundan əlavə, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(005)- 593/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aktda göstərilənlər həqiqəti əks etdirmir. Məktəbdə fakültətiv dərnəklər keçirilmiş, jurnallar, cədvəllər müəyyən olunmuş qaydada tərtib edilmişdir. Yoxlama vaxtı dərslərdə iştirak etməyən kimi qeyd olunmuş şagirdlər həmin gün Beynəlxalq Ana dili günü münasibətilə məktəbdə təşkil edilən tədbirdə olmuşlar. Bu fakt həmin şagirdlərin məhkəməyə verdiyi ərizə, izahatlarla və rəqəmsal fotoaparatla çəkilmiş tarix əks olunan şəkillərlə təsdiq olunur. İddiaçının hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində işəgötürənə hər hansı maddi ziyan vurulmamış və əmək fəaliyyəti zamanı hər hansı kobud səhvə, hüquq pozuntularına yol verməmiş, bunun nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməmişdir. Bundan əlavə, iddiaçının işdən azad olunmasına səbəb olan təftiş 21 fevral 2020-ci il tarixdə keçirildiyi halda, intizam tənbehi bundan 7 ay sonra, yəni 22 sentyabr 2020-ci il tarixdə verilmişdir. Halbuki, Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(005)-593/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlarla müəyyən olunur ki, Lənkəran rayonunun bir sıra təhsil müəssisələrində baş verən qanunsuz hərəkətlər barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş vətəndaş müraciətini yerində araşdırmaq məqsədilə Azərbaycan Respublikası təhsil nazirinin 19 fevral 2020-ci il tarixli əmri ilə nazirliyin iki əməkdaşı Lənkəran şəhərinə ezam olunmuşdur. Yoxlama zamanı rayonun Şağlaküçə, Rvo, Yuxarı Nüvədi və Xolmilli kənd orta məktəblərində bir sıra nöqsan və çatışmazlıqlar aşkar olunmuşdur. Lənkəran rayonu Yuxarı Nüvədi kənd tam orta məktəbində aparılmış yoxlamanın nəticələrinə əsasən tərtib olunmuş 21 fevral 2020-ci il tarixli akta əsasən, qeyd olunan tarixdə məktəbdə olarkən məlum olmuşdur ki, Xİ sinifdə 23 şagirddən 20 şagird, X sinifdə 21 şagirddən 8 şagird, İXa sinfində 20 şagirddən 4 şagird, İXb sinfində 21 şagirddən 7 şagird dərslərdə iştirak etmirdilər. Araşdırma zamanı məlum olmuşdur ki, fakültətiv və dərnəklər keçirilməmişdir. Texniki işçilərin yoxlanması zamanı bütün işlərin yerində olması müəyyən edilmişdir. Mütəmadi olaraq işə gəlməyən texniki işçi aşkar edilməmişdir. Müəllimlərin yay məzuniyyəti dövründə olan tabel kitabı təqdim olunmamışdır. Aktı Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Lənkəran Şəhər Təhsil Şöbəsinin nümayəndələri, habelə fəaliyyəti yoxlanılan məktəbin direktoru və direktor müavini imzalamışlar. Məktəbdə dərnək və dərsdənkənar məşğələlər tədris olunmadığı halda, dövlət büdcəsindən qanunsuz olaraq 4607,75 manat vəsait ödənilmişdir. Həmin vəsait sonradan dövlət büdcəsinə bərpa olunmuşdur. Məktəbin tarix müəllimi Elnarə Qurbanova və Azərbaycan dili və ədəbiyyatı müəllimi Zülalə Məhərrəmova 2017/2018 və 2018/2019-cu dərs ili boyunca işə çıxmamış və 16 sentyabr 2019-cu il tarixdən təhsil müəssisəsinin maraqlarına zidd olaraq öz hesablarına məzuniyyətə buraxılmışlar. Z.Məhərrəmova faktiki olaraq Gəncə şəhərinə köçməsinə baxmayaraq, adı məktəb direktoru İddiaçı tərəfindən müəllim kontingentində saxlanılmışdır. Elnarə Qurbanova 15.11.2018-01.12.2018, 25.01.2019-01.02.2019, 16.06.2019-23.11.2019-cu il tarixlərində üzrsüz səbəbdən işə gəlmədiyi halda, ona 440,61 manat əmək haqqı ödənilmişdir. E.Qurbanovanın da adı müəllim kontingentində saxlanılmışdır. Keçirilmiş monitorinqlər zamanı təhsil müəssisəsində 6-cı və 7-ci saat dərslərin tədris edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Təhsil İşçiləri X4 Lənkəran Şəhər Komitəsinin Rəyasət Heyətinin 18 sentyabr 2020-ci il tarixli 12 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Yuxarı Nüvədi kənd tam orta məktəbinin direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə həmkarlar təşkilatı razılıq vermişdir. İntizam tənbehinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 22 sentyabr 2020-ci il tarixli K-986 nömrəli əmrinin surətindən görünür ki, Lənkəran rayonu Şağlaküçə kənd tam orta məktəbinin direktoru X3, Rvo kənd tam orta məktəbinin direktoru X5, Lənkəran rayonu Yuxarı Nüvədi kənd tam orta məktəbinin direktoru İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddsinin “ç” bəndinə əsasən 22 sentyabr 2020-ci il tarixdən onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinin tələbinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrnin kobud şəkildə pozulması hesab edilir. İşdə olan sübutlarla müəyyən olunur ki, İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol vermişdir. Şagirdlərin kütləvi şəkildə dərslərdə iştirak etməməsi, fakültətiv və dərnək məşğələləri keçirilmədiyi halda, dövlət büdcəsindən qanunsuz olaraq 4607,75 manat vəsait ödənilməsi, işə gəlməyən müəllimlərə əmək haqqı ödənilməsi, onların adının müəllim kontingentində saxlanılması həm işəgötürənin, həm də dövlətin qanuni mənafeyinə ciddi xələl gətirir. Buna görə də İddiaçı hərəkətləri nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməməsi barədə apellyasiya şikayətinin dəlili əsassızdır. İşçiyə intizam tənbehinin xətanın aşkar edildiyi gündən 7 ay keçəndən sonra verilməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən, müəssisənin maliyyətəsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. İş materiallarından görünür ki, iddiaçının işdən azad olunmasına əsas olan sənədlərdən biri Lənkəran rayonu Yuxarı Nüvədi kənd tam orta məktəbində aparılmış yoxlamanın nəticələri olmuşdur. Yoxlama zamanı məktəbin maliyyə-təsərrüfat fəaliyyətində də qanun pozuntuları aşkar olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən əmək qanunvericiliyinin pozulması hallarına yol verilməmiş, bu məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(005)- 593/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar