Məhkəmə qərarları › İş №2(103)-416/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-416/2024

31.01.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-416/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə2, maraqlarına toxunan şəxs Maraqlı şəxs və onun nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2006-cı il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Səidova (Hacıyeva) Anaxanım Əli qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilin alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini və 30 ildən artıq müddətə yaşadığı mənzilə mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-658/2006 saylı işi üzrə xx.xx.2006-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Maraqlarına toxunan şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, eləcə də işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2006-cı il tarixli qətnaməsi ləğv edilməli və iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır (maddə 259.0.10). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir (maddə 306.4). Qanunvericiliyin tələblərinə görə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə o zaman yol verilir ki, həmin hüquq barədə mübahisə olmasın. Bu barədə mübahisənin olduğu aşkar edilərsə həmin işə xüsusi icraat qaydasında baxılmasına yol verilmir. Belə işlərə mübahisə ilə hüquq və mənafelərinə toxunulan şəxslərin iştirakı ilə iddia icraatı qaydasında ümumi əsaslarla baxıla bilər. İş materiallarından da görünür ki, ərizəçinin müəyyən olunmasını xahiş etdiyi fakt barədə mübahisə mövcuddur. Belə ki, ərizəçi mənzilə mülkiyyət hüququnun tanınması barədə ərizəni xüsusi icraat qaydasında verilmiş və məhkəmə ərizənin əsaslı olduğu qənaətinə gəlmişdir. Yasamal Rayon Məhkəməsinin 10 fevral 2006-cı il tarixli 2-658/2006 saylı qətnaməsindən görünür ki, işdə iştirak edən şəxslər ərizəçi Seyidova (Hacıyeva) Anaxanım Əli qızı və maraqlı şəxs Bakı şəhəri Texniki İnventerlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi olmuşdur. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mənzili atası 1975-ci ildə həmin mənzilin 2/3 hissəsinin mülkiyyətçisi X1 vəkaləti əsasında Rəşid Məlik oğlu adlı şəxsdən 500 manata almış, lakin alqı-satqı rəsmiləşdirilməmişdir. Bu halın ərizəçi tərəfindən xüsusi olaraq vurğulanmasına baxmayaraq işə birinci instansiya məhkəməsində baxılarkən mübahisəli evin mülkiyyətçisi cavabdeh qismində işdə iştirak etməyə cəlb olunmamışdır. Qətnamə qəbul olunan zaman X3 həyatda olmuş, lakin ev onun deyil, atası İbrahim Həsənəliyevin mülkiyyətində olmuşdur. Sonuncunun mülkiyyət hüququ Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi əsasında yaranmışdır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hüquq haqqında mübahisə olmasına baxmayaraq ərizəyə xüsusi icraat qaydasında baxmaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə (iddia) baxılmamış saxlanılmalıdır. MPM-ə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun (maddə 387.1). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10, 391-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2006-cı il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi Səidova (Hacıyeva) Anaxanım Əli qızının “mənzil alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə ümumi iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar