Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4163/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı X3 ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.266 manat 43 qəpik əsas borc, 8.207 manat 56 qəpik faiz, 17.533 manat 52 qəpik cərimə və 4.264 manat 73 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz olmaqla, cəmi 60.272 manat 24 qəpik məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Cavabdeh2 Ticarət Mərkəzinə yerləşən 2-ci sıra 6 korpus 40 kv. metrdən ibarət olan 175 saylı ticarət obyektinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan ASC-nin ləğvedicisi X2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 419 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 22 % ödənilmək şərti ilə 37.500 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 Firması ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən zamin Cavabdeh2 Firması borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyır. Bundan başqa, həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Cavabdeh2 Ticarət Mərkəzində yerləşən 2-ci sıra 6 korpus 40 kv. metrdən ibarət olan 175 saylı ticarət obyekti Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 30.266 manat 43 qəpik əsas borc, 8.207 manat 56 qəpik faiz, 17.533 manat 52 qəpik cərimə və 4.264 manat 73 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz olmaqla, cəmi 60.272 manat 24 qəpik məbləğində borcu mövcuddur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(002)- 3261/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 30.266 manat 43 qəpik əsas borc, 8.207 manat 56 qəpik faiz, 200 manat cərimə olmaqla, cəmi 38.673 manat 99 qəpik borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 apellyasiya şikayəti verərək, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(002)-3261/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddia tələbini qismən təmin edərək kredit üzrə haqlı tələb edilən 17533,52 manat cərimə, 4264,73 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcunu tam təmin etməmişdir. İddiaçı hesab edir ki, bu hissədə məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uygun olaraq həyata keçirilir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (əlavə 1) nəzərdə tutulmuş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 44% faizi ödəyir. Cavabdeh1 tərəfindən imza edilən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən isə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb edilən 17533,52 manat cərimə borcunu təmin etməmişdir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliyini tam şəkildə yerinə yetirməmişdir və buna əsasən girov olan Cavabdeh2 Ticarət mərkəzində yerləşən 2-ci sıra, 6-cı korpus, 40 kv.m. ibarət olan 175 saylı ticarət obyektinə kreditorun tələblərinin ödənilməsi üçün tutmaya əsas yaranmışdır. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış iddiaçı Ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh2 Firması səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcu hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci ildə 419 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 37500 manat məbləğində borcu illik 22% olmaqla 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Firması kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi zaminliyə xitam verilməsi əsası ilə iddianı zaminə münasibətdə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, kreditin verilmə müddəti nəzərə alındıqda, zaminlik müqaviləsinin müddəti bitmişdir. Ötən müddət ərzində isə kreditor zaminə qarşı iddia irəli sürməmiş, bu səbəbdən zaminliyə xitam verilmişdir. Çünki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 419 saylı kredit müqaviləsində kreditin 24 ay müddətinə verilməsi göstərilsə də, zaminlik müqaviləsində həmin müqavilənin borc alanın kreditor qarşısında öz öhdəliklərini tam həcmdə icra edənədək qüvvədə olması göstərilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia üzrə tərəflər arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə istinad edərək, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürməməsinə görə xitam verildiyi əsası ilə iddia tələbini Cavabdeh2 firmasına münasibətdə rədd etməklə haqlı olmuşdur. Belə ki, kredit öhdəliyinin icrasının son tarixi müqaviləyə əsasən xx xxxxxx 2017-ci il müəyyən edildiyi halda, Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə 2 il 9 aydan artıq müddət keçdikdən sonra, xx xxxxxx 2019-cu il tarixdə müraciət etmişdir. Apellyasiya şikayətinin 4264,73 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu hissəsində iddia tələbinin tam təmin edilməsinə dair dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2016-cı il tarixli, 2-1(81)-3620/2019 saylı qərarın surətinə əsasən İddiaçı ASC müflis elan edilmiş və ləğvedici təyin edilərkən iflas proseduruna başlanmışdır. Bu səbəbdən də, illik 5% dərəcəsi ilə hesablama bu tarixədək aparıla bilər. Kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Bu da öz növbəsində iddiaçı tərəfindən kredit müddətinin bitdiyi, yəni xx.xx.2017ci il tarixdən sonra illik 5% dərəcəsi ilə hesablanmaqla faiz borcunun (əldən çıxmış fayda) tutulması tələbinin əsassız olduğunu şərtləndirir Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində cərimə borcu ilə bağlı dəlilinə münasibət bildirərək onu qismən əsaslı hesab edir. Belə ki, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi cərimə üzrə borcu cəmi 200 manat məbləğində müəyyən etməklə maddi hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin Ləğv prosesində olan İddiaçı ASCyə 30.266 manat 43 qəpik məbləğində əsas borcu olduğu halda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə istinad etməklə cərimə üzrə borcu cəmi 200 manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, həmin borca münasibətdə cərimənin 3000 manat məbləğində, yəni əsas borcun təqribən 10% həddində müəyyən edilməsi mübahisənin ədalətli həlli olmaqla, həm kredit verən iddiaçının, həm də cavabdehin mənafelərinə uyğundur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qətnamə cərimə borcunun müəyyən edilməsi hissəsində ləğv edilməli, mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(002)- 3261/2019 saylı qətnaməsi qismən, yəni cərimə borcunun müəyyən edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı olan cərimə borcu 3000 (üç min) manat məbləğində müəyyən edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(002)- 3261/2019 saylı qətnaməsi mübahisələndirilən qalan hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4163/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4163/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver