Məhkəmə qərarları › İş №2(103)-4164/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4164/2020

10.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4164/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-562/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və tələbinin dəqiqləşdirərək onun Cavabdeh istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsində yerləçən özbaşına tikiliyə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil ona məxsus olmaqla tərəfindən inşa edilmişdir. Mənzilin bütün kommunal xərcləri bu günədək onun tərəfindən ödənilmişdir. O, Cavabdeh ilə xx xxxxxxxx 2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurımış və birgə nikahdan xx.xx.2002-ci il tarixdə X3 və xx.xx.2007-ci il tarixdə X2 anadan olmuşdur. 16 il yataqxanada yaşadıqdan sonra mübahisəli evə köçmüşlər. Uzun müddət normal ailə şəraitində yaşasalar da son üç ildə münasibətləri dözülməz həddə çatmışdır və boşanmaq qərarınagəlmişlər. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, boşanma ərizəsini şəxsən təqdim etmişdir. Belə ki, cavabdeh onu öz mənzilinə daxil olmağa imkan vermir, onun barəsində polisə dəfələrlə şər böhtan xarakterli şikayətlər etməkdə davam edir. Hətta həmin xanımın ilk evliliyindən olan oğlu və qohumları tərəfindən də hədə-qorxu içərisindədir. Onun bütün şikayətləri əsassız olduğundan Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən rədd edilmişdir. Amma problemi hələ də öz həllini tapmayıb. O, həmin şikayətlərlə bağlı dəfələrlə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsində olmuşdur. Hətta evə buraxılmamağı ilə əlaqədar olaraq 6-cı Polis Bölməsinə etdiyi şikayətə cavab olaraq, məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Ona görə məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Əlavə olaraq qeyd etmişdir ki, həmin qanunsuz tikili onun valideynlərinin yaşadığı küçədə yerləşir və onun vəsaiti hesabına inşa edilmiş, təmir-tikinti işlərində özü də şəxsən iştirak etmişdir. Bu evdə olan kommünal xidmətlər, o cümlədən işıq, su və qaz sayğacları onun adına rəsmiləşdirilmişdir. Sadəcə olaraq cavabdehlə aralarında yaranmış mübahisələr nəticəsində cavabdeh onu həmin evdən çıxarmış və evə buraxmır. O, artıq yeni nikaha daxil olmuş, yaşamağa yeri yoxdur. Müvəqqəti olaraq valideynlərinin evində məskunlaşmışdır. Həmin evə köçürülməsi üçün bütün hüquqlara malikdir və evə köçürüldükdən sonra yeni ailəsini də oraya köçürmək niyyətindədir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-562/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir əsas olmadan öz şəxsi mülahizəsinə görə tərəflər arasıda münasibətlərin həddən artıq gərgin olmasını əsas gətirməklə iddiaçının həmin evə köçürülməsinin məqsədəmüvafiq olmaması qənaətinə gəlmiş, həmçinin qeyd etmişdir ki, iddiaçı birgə nikah dövründə inşa edilmiş bir tikili kimi onun dəyərinin yarısını cavabdehdən tələb edə bilər. Halbuki, məhkəmə iddiaçıya başqa bir tələbi irəli sürmək üçün göstəriş verə bilməz və məhkəmə yalnız verilən tələbə qiymət verməlidir. Görünən odur ki, məhkəmə qoyulan tələbə düzgün qiymət verməmiş, iddiaçının öz əmlakına olan hüququnu həmçinin mənzilə köçmək kimi hüququnu tanımaqdan imtina etmişdir. Məhkəmə keçirdiyi yerində baxış zamanı cavabdehin saldığı qara qışqırığa əsaslanıb mənzilə köçürmə barədə verilmiş qanuni tələbi rədd etmiş və göstərmişdir ki, bu tələbin icrasında gələcəkdə problemlər yaranacaq. Halbuki, məhkəmə bu cür əsasla iddia tələbini rədd edə bilməz. Göründüyü kimi kimi işdə kifayət qədər sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermiş, işi sadəcə cavabdehin xeyrinə həll etməklə iddiaçının öz halal evinə köçürülməyinə dair verdiyi qanuni tələbi heç bir əsas olmadan rədd etmişdir Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu baxımdan hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş işin halları ondan ibarətdir ki, tikili iddiaçının vəsaiti hesabına, lakin birgə nikah dövründə inşa edilmişdir. Belə ki, cavabdeh inşa işlərini aparan şəxslər, habelə inşa işləri ilə bağlı dəqiq məlumat verə bilmir. Tikilinin 2016-cı ildə yataqxanada olan otağının satışı hesabına əldə etdiyi 5.000 manat pul hesabına inşa etdiyini, eyni zamanda 2016-cı ildə həmin tikiliyə köçdüyünü bildirir. Bu da öz növbəsində söylənilən fikirlərdə müddət baxımından ziddiyyət yaradır. Hər bir halda, 2016-cı ildə əldə edilmiş 5.000 manat hesabına tikinti işləri aparılmalı idi. Halbuki, cavabdeh həmin tarixdə artıq evə köçmüşdür. Digər tərəfdən cavabdehin satdığını iddia etdiyi otaqda hazırda onun bacısı qızı yaşayır və ona otağa görə 5.000 manat pulun verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Eyni zamanda mübahisəli tikili iddiaçının valideynləri və qohumları yaşadığı küçədə yerləşir, kommunal xidmətlərin göstərilməsi ilə bağlı bütün müqavilələr məhz iddiaçı ilə bağlanmışdır. Cavabdehin iddiaçıya qarşı qaldırdığı digər iddia ərizəsinin məzmunundan da iddiaçının mübahisəli mənzildə yaşadığı müəyyən olunur. Xülasəsi, mübahisəli özbaşına tikili məhz iddiaçı tərəfindən cavabdehlə birgə nikahda olan dövrdə inşa edilib və cavabdeh bir neçə ay əvvələ kimi həmin evdə yaşamışdır. Həmçinin, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən müahisə predmeti olan tikiliyə yerli baxş keçirilmiş və bu zaman müəyyən olunmuşdur ki, tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil, tikili dəmir yolunun mühafizə zonasında, daha dəqiq desək tikilinin arxa divarı dəmir yol xəttindən təxminən 1 metrlik məsafədə yerləşir. Tikili dar küçədə yerləşir. Həmin tikilidə hazırda cavabdeh və onun iddiaçı ilə birgə nikahından doğulmuş uşaqları yaşayır. İddiaçı hazırda tikili ilə üzbəüz yerləşən və valideynlərinə məxsus olan evdə valideynləri və yeni nikaha daxil olduğu şəxslə birlikdə yaşayır. Tikilinin dəmir qapısı var, qapıdan içəri daxil olduqda balaca dəhliz və əşyaların saxlanılması üçün isitifadə edilən dar yerlər inşa edilmişdir. Girəcəkdən solda iç-içə bir neçə otaq var. Tikilidə təmir işləri hələ də davam edir. Müayinə zamanı tikilidə cavabdeh və onun iddiaçı ilə birgə nikahından olan uşaqları, cavabdehin birinci nikahından olmuş uşağı və iddiaçının tanışı olan bir neçə qadın var idi. Həmin şəxslər, o cümlədən cavabdehin ilk və iddiaçı ilə nikahından olan uşaqları bütün müayinə dövründə iddiaçıya qarşı aqressiv münasibətdə olmuşlar, tərəflər biri digərinin ünvanına atmacalar atmaqdan və müəyyən yersiz fikirlər söyləməkdən çəkinməmişlər. Tərəflər arasında münasibətlər çox gərgindir. Yerində müayinə bitmiş elan edildikdən sonra tərəflər arasında səs-küylə müşayiət olunan mübahisə yaranmışdır. İddiaçı mübahisəli evi birgə nikah dövründə və şəxsi vəsaitlər hesabına inşa etdiyini, cavabdehin bu işdə hər hansı xidmətinin və vəsait qoyuluşunun olmadığını, 2019-cu ilin əvvələrinə kimi həmin tikilidə yaşadığını və sonradan ona cavabdeh tərəfindən maneələr yaradıldığından evi tərk etdiyini, hazırda isə evə buraxılmadığını bildirir. Cavabdeh iddiaçının evin tikintisinə hər hansı məbləğdə vəsait qoymadığını, evin onun vəsaiti hesabına inşa edildiyini və iddiaçının həmin evdə heç vaxt yaşamadığını bildirir və iddianın rədd edilməsini xahiş edir. İddiaçı xx.xx.2019-cu il tarixdə yeni nikaha daxil olmuşdur. İddiaçı hazırda mübahisəli evlə üzbəüz yerləşən və valideynlərinə məxsus olan evdə valideynləri və həyat yoldaşı ilə birlikdə yaşayır. Mübahisəli evdə qaz, su və işıq sayğacı quraşdırılmışdır. Həmin xidmətlərin göstərilməsinə dair müqavilələr iddiaçı ilə bağlanmışdır. İştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid, evin cavabdehin vəsaiti hesabına inşa edildiyini, onun da inşa işlərinə tikinti materialları verməklə və inşa işlərinə şəxsən cəlb edilməklə kömək etdiyini, iddiaçının həmin evdə heç vaxt görmədiyini bildirir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 152.1, 152.3, 180.1 və 180.2-ci maddələrini tətbiq edərək, həmçinin tərəflər arasında münasibətlərin həddindən artıq gərgin olmasına nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının həmin evə köçürülməsi məqsədəmüvafiq deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin, birinci instansiya məhkəməsinin digər mövqeyi ilə də razılaşaraq qeyd edir ki, məhkəmə qərarları sadəcə kağız üzərində qalmamalı, formal olaraq qəbul edilməməlidir. Qərar qəbul edilərkən ilkin olaraq onun icrasının mümkünlüyü tərəflər arasındakı münasibətlər nöqteyi-nəzərindən təhlil edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına istinadən qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar, §40). Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-562/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar