Məhkəmə qərarları › İş №2(103)-4164/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4164/2023

05.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4164/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh - X4 Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı X4 Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə X4 Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında xx.xx.2021-ci il tarixdə ilk 3 ayı sınaq müddəti olmaqla 1 (bir) il müddətinə əmək müqaviləsi bağlanmış, İddiaçı nümayəndəlikdə “B2” dərəcəsində “Hərəkatla əməkdaşlıq üzrə məsul işçi” vəzifəsinə işə qəbul olunmuşdur.

2. 31 mart 2022-ci il tarixdə İddiaçı nümayəndəliyin rəhbərliyinin adından yazılı xəbərdarlıq təqdim edilmişdir ki, “sınaq müddətini uğurla keçmədiyiniz üçün Sizinlə bağlanmış əmək müqaviləsinə 04 aprel 2022-ci il tarixində xitam veriləcəkdir”.

3. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional bölməsinə etdiyi müraciətə həmin qurumun Bərdə regional ərazi şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “...əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən, bu müddət ərzində işçinin özünü doğrultmadığı təqdirdə əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sizinlə bağlanmış yazılı əmək müqaviləsində isə bu hal göstərilməmişdir. Nəzərinizə çatdırırıq ki, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, əmək müqaviləsinə Əmək Məcəlləsinin və əmək qanunvericiliyinin tələblərinə əməl etmədən xitam verilməsi inzibati xəta halı kimi qiymətləndirilir”.

4. İddiaçı X4 Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə bağladığı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə müqavilə müddətinin başa çatması əsasında xitam verilmişdir.

5. İddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilmiş, bununla bağlı ona “Əmək qabiliyyətli olmamaq” vərəqələri verilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Diaqnoz Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli müayinə vərəqəsində göstərilmişdir ki, “İddiaçı sol mədəciyin hipertrofiyası qeyd edilir. Seqmentar divar hərəkəti pozulmaları qeyd edilmir”.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş Ambulator kitabçadan çıxarışda göstərilmişdir ki, “1 aydır xəstə hesab edir ki, xəstəliyi streslə əlaqəlidir. Sol mədəciyin sistola-diastolik ölçüləri genişlənməyib, sistolik funskiyası N(EF 61) sol mədəciyin hipertrofiyası Diastolik funksiyasl relaksativ tipdə pozulub Seqmentar divar hərəkət qüsuru qeyd olunmur. Perikartda 5 mm qeyd edilmişdir”.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı (iddiaçı) X4 Komitəsi Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, vurulmuş mənəvi zərərin əvəzi qismində 60 000 (altmış min) manat məbləğində kompensasiyanın, ödənilmiş dövlət rüsumlarının və vəkil xərclərinin əvəzinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamaqla cavabdeh təşkilatda “B2” dərəcəsində “Hərəkatla əməkdaşlıq üzrə məsul işçi” kimi əmək fəaliyyətinə başlamış, əmək müqaviləsi bir il müddətli olmuş, müqavilənin 7-ci bəndində onun 3 aylıq sınaq müddəti ilə bağlandığı göstərilmişdir. 31 mart 2022-ci il tarixdə ona cavabdeh təşkilatın rəhbərliyinin adından yazılı xəbərdarlıq təqdim edilmişdir ki, “sınaq müddətini uğurla keçmədiyiniz üçün Sizinlə bağlanmış əmək müqaviləsinə 04 aprel 2022-ci il tarixində xitam veriləcəkdir”. Bundan sonra o, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə, həm də cavabdeh nümayəndəliyin daxil olduğu BQXK-nin daxili prosedurlarına uyğun səlahiyyətli orqanlarına müraciət edərək, verilmiş xəbərdarlığın qanunsuz olduğunu, əmək müqaviləsində sınaq müddətinin nəticələrinə uyğun ona xitam veriləcəyi şərtinin mövcud olmadığını, üstəlik bildirişin sınaq müddətinin son günündə verildiyini və eləcə də, sınaq müddətini uğurla keçməməsini təsdiq edən hər hansı əsaslandırıcı faktın olmamasını bildirmişdir. Həm X2 Xidmətinin Bərdə Regional ərazi şöbəsindən verilən məktubda, həm də BQXK-nın daxili struklarında müzakirələrdə onun guya sınaq müddətini uğurla keçməməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi cəhdinin qanunsuz və əsassız olması qənaətinə gəlindiyindən, cavabdeh təşkilat onunla bağlanmış əmək müqaviləsinin qeyd edilən ləğv edilməsini rəsmiləşdirməmiş və əmək müqaviləsinin başa çatması vaxtınadək öz əmək fəaliyyətini davam etdirmişdir. Bununla yanaşı, cavabdehin guya sınaq müddətini uğurla keçməməyi ilə bağlı təqdim etdiyi yazılı xəbərdarlıq onda həddən artıq böyük daxili hiddət və narazılıq doğurmuş, ona qarşı yol verilən bu aşağılayıcı münasibətin yaratdığı stress səhhətində ciddi və uzunmüddətli fəsadlar yaratmışdır. Belə ki, o, uzun müddət ictimai və ictimai-siyasi fəaliyyətlə məşğul olmuş, bir sıra təşkilatlarda, o cümlədən beynəlxalq təşkilatların nümayəndəlik və yerli təşkilatlarında rəhbər vəzifələrdə işləmişdir. Kifayət qədər böyük iş təcrübəsi və yetərli savadı vardır və bu həm də onu işə götürərkən cavabdeh tərəfindən işəgötürmə prosedurlarına uyğun olaraq aparılan çox mərhələli seçim proseslərində öz təsdiqini tapmışdır. Cavabdehin sınaq müddətində onun özünü doğrultmaması ilə bağlı ittihamı, sonradan bu əsasla əmək müqaviləsinə xitam verilməsə də, həm işlədiyi kollektivdə, həm də onu tanıyanlar, dosttanışlar arasında nüfuzuna xələl gətirmiş, ona olan etimadı zədələmiş, illərlə əldə etdiyi təcrübə, bilik və bacarıqlarına kölgə salmış, buna görə də həddən artıq stress və mənəvi sarsıntı keçirmişdir. Bununla bağlı mənəvi iztirablar yaşamış, eləcə də, sarsıntı ilə bağlı səhhətində problemlər yaranmış və müalicə olunmağa məcbur qalmışdır. Hal-hazırda da müalicə almağa davam edir.

10. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericinin tələbindən görünür ki, müvafiq normanın tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Əmək Məcəlləsinin 51-ci maddəsinə görə əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Həmin Məcəllənin 53.4-cü maddəsinə görə sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Tərəflər arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixli əmək müqaviləsinin 7-ci bəndinə görə əmək fəaliyyətinin ilk 3 ayı sınaq müddəti hesab edilir. Göründüyü kimi qanunvericiliyin və əmək müqaviləsinin tələblərinə görə işəgötürənin işçiyə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilmək hüququ vardır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tərkibinin yaranması üçün yuxarıda qeyd olunan üç şərtdən heç biri mövcud deyildir. Nə mülki hüquq pozuntusu, nə şəxsiyyətə və ya əmlaka zərər vurulması halı, nə də hər-hansı bir səbəbli əlaqə mövcud deyildir. Bundan başqa iddiaçı iddia ərizəsində istinad etdiyi Əmək Məcəlləsinin 195-ci maddəsinin "ə” bəndinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda, işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Normadan aydın olur ki, birincisi işçi ilə əmək müqaviləsi ləğv edilməlidir, ikincisi işəgötürən tərəfindən işçi barəsində şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yayılmalıdır və üçüncüsü, nəticədə işçi bu səbəbdən işə düzələ bilməməlidir. İşçiyə işəgötürən tərəfindən xəbərdarlıq verilən zaman, hətta iddia qaldırılan zaman o, hələ ki, işdən çıxarılmamışdır. Həmçinin işəgötürən tərəfindən işçi barəsində ümumiyyətlə hər-hansı bir məlumat yayınlanmamışdır. Üçüncüsü nəticə etibarı ilə onun başqa yerdə işə düzəlib-düzələ bilməməsi məsələsi kimi hal ümumiyyətlə müzakirə mövzusu deyildir.

11. Birinci instansiya məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı, cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərərin dəydiyini iddia etsə də, mənəvi zərərin məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini sübut edə bilməmişdir. İddiaçı cavabdehin hərəkətinin qanunsuz olmasını, məhz bu hərəkətlə onun mənəvi iztirabının səbəbli-əlaqəli olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən iddia ərizəsində irəli sürdükləri formal mülahizə kimi qiymətləndirilməlidir. Hər bir tələb kimi, zərərin və xüsusən mənəvi zərərin ödənilməsi tələbinin təmin edilməsi sübutetmədən asılıdır.

13. Məhkəmə vurğulamışdır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: birincisi, törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; ikincisi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; üçüncüsü, ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Sadalanan maddi hüquq normalarının tələbləri baxımından cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı hüquqa zidd əmələ (hərəkət və ya hərəkətsizliyə) yol verilməsi iş materiallari ilə müəyyən olunmur. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də ilk olaraq törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması baş verməlidir. Hazırkı iş üzrə iddiaçı işəgötürən olaraq cavabdehin hərəkətinin qanunsuz olub-olmamasını mübahisələndirməmişdir. Belə olan halda, cavabdeh mülki məsuliyyətə cəlb edilə bilməz.

14. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumlarının və vəkil xərclərinin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, mənəvi zərərlə bağlı iddia tələbi rədd olunduğundan iddianın bu hissəsi də təmin edilə bilməz, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

15. Gəldiyi nəticənin hüquqi əsaslandrması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, 23-cü, 1096.1-ci və 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 107-ci və 119.1-ci maddələrinə istinad etmişdir.

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarını, o cümlədən Ali Məhkəmənin Plenumunun xx.xx.2008-ci il tarixli və Konstitusoya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarlarındakı hüquqi mövqeləri düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, cavabdehin ona qarşı ayrı-seçkilik etməsinə əhəmiyyət vermədiyini, məhz cavabdehin ona qarşı qanunsuz hərəkətindən sonra osteoxondroz, hipertoniya və stenokardiya diaqnozu ilə müalicə almağa başladığını nəzərə almadığını, qanunsuz qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahat

18. İşə baxılmasının vaxtı (yeri) barədə lazmi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, xəstəliyi ilə bağlı prosesin başqa vaxta keçirilməsini xahiş etdiyindən məhkəmə iclası iki dəfə təxirə salınmış, lakin iddiaçı üçüncü dəfə təyin edilən iclasa da gəlməyərək prosesin qeyri-müəyyən vaxta təxirə salınmasını istəmişdir. İşin halları, işə baxılma müddətinin başa çatması, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə, iddiaçının iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

19. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verməklə şikayətini əsassız olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

20. Maddə 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin ... əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ... prinsiplərinə əsaslanır (3-cü hissə).

21. Maddə 51. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir (1ci hissə). Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir (2-ci hissə).

22. Maddə 195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda.

23. Maddə 196. İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur (5-ci hissə).

24. Maddə 290. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir (3-cü hissə). Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

38. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

39. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

40. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdeh tərəfindən ona 31 mart 2022-ci il tarixdə “sınaq müddətini uğurla keçmədiyiniz üçün Sizinlə bağlanmış əmək müqaviləsinə 04 aprel 2022-ci il tarixində xitam veriləcəkdir” məzmunlu xəbərdalıq edildikdən sonra osteoxondroz (fəqərə problemi), daha sonra isə hipertoniya (yüksək qan təzyiqi) və stenokardiya (ürək xəstəliyi) diaqnozu ilə müalicə almağa başlamış, beləliklə cavabdehin qanunsuz hərəkəti nəticəsində stress, mənəvi sarsıntı və iztirab keçirmişdir.

41. Kollegiyanın qənaətinə görə iddiaçının irəli sürdüyü sözügedən faktiki hallar, onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.

42. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçıya, sınaq müddətini uğurla keçmədiyi üçün əmək müqaviləsinə xitam veriəcəyi haqqında xəbərdarlıq olunsa da, o həmin əsasla işdən çıxarılmayaraq müqavilə müddətinin sonuna qədər əmək fəaliyyətini davam etdirmiş, beləliklə də iddiaçının yaxın ətrafı və kollektiv arasında həmin xəbərdarlıqda göstərilən xüsusatla bağlı onun şəxsiyyəti, şərəf və ləyaqəti barədə mənfi fikir formalaşmamışdır.

43. Digər tərəfdən hər kəsə məlum olan haldır ki, osteoxondroz (fəqərə problemi), hipertoniya (yüksək qan təzyiqi) və stenokardiya (ürək xəstəliyi) xəstəliklərinin qısa müddətdə, yəni iddiaçının iddia etdiyi kimi, cavabdehin müvafiq xəbərdarlığından dərhal sonra yaranması mümkün deyildir.

44. İnternet resurslarında yer alan məlumatlara görə, osteoxondroz xəstələyinin yaranmasının bir çox səbəbi ola bilər və bütün hallarda əsas səbəbi dəqiq müəyyən etmək mümkün deyil. Buna baxmayaraq, bütün həkimlər eyni qənaətdədirlər ki, əsas səbəb onurğa sütununa yükün qeyri-bərabər paylanmasıdır.

45. Yüksək qan təzyiqi xəstəliyinin yaranmasının ən əhəmiyyətli iki səbəbi vardır. Genetik və ətraf mühit faktorları xəstəliyin inkişafında və yaranmasında mühüm rola malikdir. Hipertoniya keçmişi olan birinci dərəcəli qohumu olan insanların xəstəliyə tutulma riski daha yüksəkdir.

46. Stenokardiya ürəyin işemik xəstəliklərindəndir. Stenokardiya və ya “döş inağı", adətən döş sümüyünün arxasında tutmaşəkilli, sıxıcı, kəskin ağrı və narahatlıq hissi ilə, ağrının sol çənəaltı nahiyəyə, sol qola yayılması ilə müşayiət olunan xəstəlik halıdır. Bu ağrının yaranmasına səbəb ürəyi qidalandıran damarlarda qan dövranının pozulması və nəticədə oksigen çatışmazlığının baş verməsidir. Stenokardiya tutması bir çox hallarda ateroskleroz, koronar damar xəstəlikləri, fiziki və emosional gərginlik səbəbi ilə və ya idiopatik olaraq baş verir.

47. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”.

48. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1253/2023 saylı iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar