Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4168/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: sənədlərin təqdim olunması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “sənədlərin təqdim olunması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-335/2023 nömrəli 28 mart 2023-cü il tarixli qətnaməsindən LPO Cavabdeh ASC-nin ləğvedicisi ƏSF tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 33059182-3801-AZN-22 saylı hesab üzrə xx.xx.2010-xx.xx.2010-cu il tarixləri əhatə edən əməliyyatlar səhifəsindən müəyyən edilir ki, xx.xx.2010-cu il tarixdə 248490,93 manat məbləğində “kredit”, xx.xx.2010-cu il tarixində 100450,00 manat və 148040,93 manat məbləğində “debet” əməliyyatları qeyd edilmişdir.
2. 08.04.2015-ci il tarixli “saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə” aktda əsasən digər sənədlərlə yanaşı 2009-cu il üzrə 18 ədəd emissiya və kassa əməliyyatları üzrə günün sənədləri (tapşırıqlar, siyahılar, balans və məxaric orderləri, məxaric kassası kassilərinin təhtəl hesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayışlar) 5 il müddətinə saxlanıldığından məhv edilməsi üçün seçilib ayrılmışdır.
3. 08.04.2015-ci il tarixli “elmi-tarixi dəyəri olmadığına və praktiki mənasını itirdiyinə görə saxlanılmasına ehtiyac olmayan sənədlərin ləğv olunma məsələsinə baxılması”na dair Cavabdeh ASC-nin iclasın gündəliyində Nərimanov filialı üzrə 482 işin məhvi məsələsinə baxılmışdır.
4. Ləğv prosesində olan Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh ASC-nin Nərimanov filialındakı 33059182-3801-AZN-22 saylı cari hesabına xx.xx.2010-cu il tarixində 248490,93 manat məbləğində vəsait mədaxil edilmişdir. xx.xx.2010-cu il tarixində eyni hesabdan 100450,00 manat və 148040,93 manat məbləğində vəsait məxaric edilmişdir. “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a əsasən kassa əməliyyatları üzrə günün sənədlərinin, o cümlədən məxaric orderlərinin saxlanma müddəti 5 ildir və bu müddət bitdiyi üçün xx.xx.2010-cu il tarixli məxaric orderləri məhv edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin üzərinə onun ilə cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin Nərimanov filialı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış bank əmanəti müqaviləsinin xx.xx.2010-cu il tarixində ləğv edilməsinə dair sənədlərin; onun 33059182-3801-AZN-22 saylı hesabına mədaxil etdiyi 248490,93 manat məbləğində vəsaitin xx.xx.2010-cu il tarixində eyni hesabdan 100450,00 manat və 148040,93 manat məbləğlərində olmaqla məxaric edilməsinə dair pul çekinin və ya məxaric orderinin; tələb olunan sənədlər məhv edildiyi təqdirdə, həmin sənədlərin məhv edilmək üçün ayrılması barədə bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanmış, bankın rəhbəri tərəfindən təsdiq olunmuş aktların, həmin sənədlərin məhv edilməsinə dair Dövlət arxiv xidməti təşkilatının icazə sənədinin və sənədlərin (işlərin) dövlət arxivinə təhvil-təslim aktlarının ona verilməsi vəzifəsinin qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ASC-nin Nərimanov filialı arasında bağlanmış bank əmanəti müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixdə 248490,93 manat məbləğində pulu cavabdehin Nərimanov filialına bank əmanəti (depozit) olaraq qoymuşdur. Müqavilənin müddətinin bitməsindən sonra əmanətin məbləğini qaytarmağı tələb etmədiyinə görə müqavilənin müddəti uzadılmışdır. Tərəflər arasında sıx əməkdaşlıq münasibətləri olduğuna, həmçinin aralarında bağlanmış bank əmanəti müqaviləsindən irəli gələn hər hansı bir mübahisə olmadığına görə, əmanətini və əmanət üzrə faizləri cavabdehdən tələb etməyi zəruri hesab etməmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2017-ci il tarixli 49 saylı qərarı ilə Cavabdeh ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. O, bank əmanəti müqaviləsi üzrə verdiyi pulun, faizləri ilə birgə ona geri qaytarılmasına dair ərizə ilə Cavabdeh ASC-yə müraciət etmiş, cavabdehin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan verilmiş xx.xx.2018-ci il tarixli cavab məktubunda pulun qaytarılmasından imtina olunmuşdur. Cavab məktubunda bildirilmişdir ki, onun Cavabdeh ASC-nin Nərimanov filialındakı 33059182-3801-AZN- 22 saylı hesabına xx.xx.2010-cu il tarixdə 248490,93 manat məbləğində vəsait mədaxil edilmiş, xx.xx.2010-cu il tarixdə eyni hesabdan 100450,00 manat və 148040,93 manat məbləğində vəsait məxaric edilmişdir. Cavab məktubunda əlavə olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a əsasən kassa əməliyyatları üzrə günün sənədlərinin, o cümlədən məxaric orderlərinin saxlanma müddəti 5 ildir və bu müddət bitdiyi üçün xx.xx.2010-cu il tarixli məxaric orderləri məhv edilmişdir. Tərəfindən pulun cavabdehin hesabına qoyulması işin mübahisəsiz halıdır və həmin fakt cavabdehin cavab məktubunda etiraf edilir. Hazırki işdə mübahisəli hal əmanətin tərəfindən məxaric edilib-edilməməsi halıdır. Həmin pulun tərəfindən məxaric edilməsini isə sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Pulun məxaric edilməsi və digər bu kimi əməliyyatlar bank əməliyyat sisteminə aid əməliyyatlardır və bunlar mühasibat sənədlərində əks olunmaqla, müvafiq sənəd, çek və qəbzlərlə təsdiq edilməlidirlər.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 mart 2023-cü il tarixli 2(005)-335/2023 nömrəli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia təmin edilmiş, İddiaçı ilə ləğv prosesində olan Cavabdeh ASC-nin Nərimanov filialı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış bank əmanəti müqaviləsinin xx.xx.2010-cu il tarixində ləğv edilməsinə dair sənədlər; İddiaçı 33059182-3801-AZN-22 saylı hesabına mədaxil etdiyi 248490,93 manat məbləğində vəsaitin xx.xx.2010-cu il tarixində eyni hesabdan 100450,00 manat və 148040,93 manat məbləğlərində olmaqla məxaric edilməsinə dair pul çeki və ya məxaric orderi; yuxarıda tələb olunan sənədlər məhv edildiyi təqdirdə, həmin sənədlərin məhv edilmək üçün ayrılması barədə bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanmış, bankın rəhbəri tərəfindən təsdiq olunmuş aktlar, həmin sənədlərin məhv edilməsinə dair Dövlət arxiv xidməti təşkilatının icazə sənədi və sənədlərin (işlərin) dövlət arxivinə təhvil-təslim aktlarının İddiaçı verilməsi ləğv prosesində olan Cavabdeh ASC-nin üzərinə vəzifə olaraq qoyulması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pulun ləğv prosesində olan Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulması qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının banka əmanət qoyması faktı mülki iş materialları ilə sübuta yetirildiyindən, həmçinin cavabdeh tərəfindən bu hal etiraf edildiyindən onun həmin əmanətin banka qoyulması barədə sənədləri, həmin sənədlər məhv edildikdə isə onların məhv edilməsinə dair sənədlərin verilməsi tələbləri əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, pulun sonradan məxaric olunub-olunmamasının araşdırılması hazırkı məhkəmə baxışının predmeti deyil. Digər tərəfdən, bu hal təsdiq olunmuş olsa belə, iddiaçının depozitə qoyduğu pul vəsaiti üzərində sərəncam verilməsi ilə bağlı sənədlərlə tanış olmaq, onların surətini almaq hüququ vardır.
9. Məhkəmə cavabdehin etiraznın dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı, bank hesabına yatırılmış pul vəsaitinin qaytarılması barədə ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina etmiş, iddiaçı bu imtinanı hüququnun pozulması kimi qiymətləndirmiş və pozulmuş hüququnun bərpası məqsədilə hazırkı iddia ilə məhkəmədə tələb irəli sürmüşdür.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdeh banka əmanət olaraq pul məbləği qoyması iş materialları ilə öz təsdiqini tapır. Belə olan halda iddiaçının həmin əmanətin banka qoyulması, bankda saxlanılması və əmanət üzərində digər hərəkətlətlə bağlı bütün sənədləri almaq hüququ vardır.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 954.1, 954.3, 957.1, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 iyul 2013-cü il tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a, Azərbaycan Respublikası Milli X3 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”na istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən LPO Cavabdeh ASC-nin ləğvedicisi ƏSF tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və mülki iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəfindən “iddia edilən sənədlərin bank tərəfindən təqdim edilməsinə” dair tələbi müstəqil tələb kimi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilməli deyildi. İddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. Eyni zamanda iddiaçı tərəfi irəli sürülən tələblə bağlı məhkəmədən kənar qaydada cavabdehə müraciət etmək hüququna malik olmuşdur. İlkin olaraq iddiaçı tərəfindən ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edilmiş və iddiaçıya verilən cavab məktubunda göstərilmişdir ki, tələb olunan 2009-cu ilə aid məxaric orderi “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında“ Təlimatın 78-ci maddəsinə əsasən 2015-ci ildə məhv edilmişdir. Belə olan halda əgər verilən cavab iddiaçını qane etməmişdirsə, həmin tələbin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı nəzarət funksiyasını həyata keçirən Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edə bilərdi. Göründüyü kimi, iddiaçı bu kimi prosedur qaydalara riayət etməyərək məhkəmədə baxılmalı olmayan tələblə müvafiq məhkəməyə müraciət etmiş və məhkəmə də öz növbəsində qanunvericiliklə nəzərdə tutulan maddi və prosessual hüquq normalarını pozmaqla düzgün tətbiq etməyərək irəli sürülən iddia tələbini əsassız olaraq təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
16. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
25. İddiaçı cavabdeh ilə arasında xx.xx.2010-cu il tarixdə bağlanmış bank əmanəti müqaviləsinə əsasən 248490,93 manat məbləğində pulu bank əmanəti (depozit) olaraq qoyduğunu iddia edir və hazırda həmin müqavilənin ləğv edilməsinə dair sənədlərin, həmin pul vəsaitinin məxaric edilməsinə dair pul çekləri və digər sənədlərin verilməsini tələb edir.
26. Cavabdeh tərəf isə cavab məktubunda bildirmişdir ki, həmin pul məbləği 21 iyul 2010-cu il tarixdə iddiaçının cari hesabına mədaxil edilmiş, 22 iyul 2010-cu il tarixdə isə eyni hesabdan 100450 manat və 148040,93 manat olmaqla məxaric edilmişdir. Bank müflis elan günə hesabındakı qalıq 139,43 manat təşkil etmişdir ki, həmin məbləğ də Kreditorların reyestrində xx.xx.2018-ci il tarixində 6366 sıra nömrəsi ilə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğində qəbul edilmişdir.
27. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının banka əmanət qoyması faktı mülki iş materialları ilə sübuta yetirildiyindən, həmçinin cavabdeh tərəfindən bu hal etiraf edildiyindən onun həmin əmanətinin banka qoyulması barədə sənədləri, həmin sənədlər məhv edildikdə isə onların məhv edilməsinə dair sənədlərin verilməsi tələbləri əsaslıdır və təmin edilməlidir.
28. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmamışdır.
29. Belə ki, iddiaçının həmin pul məbləğini banka əmanət qoyması faktı iş materialları ilə sübuta yetirilmir, göründüyü kimi iddiaçı tələbinin əsası kimi bank əmanəti müqaviləsinə əsaslansa da, tələbinin əsasını təşkil edən bank əmanəti müqaviləsini, nə də əmanət kitabçasını nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apellyasiya baxışı zamanı təqdim edə bilməmişdir (iddiaçının nümayəndəsi-vəkili onlarda həmin sənədlərin olmadığını bildirmişdir).
30. Cavabdeh tərəfindən iddiaçının banka əmanət (depozit) yerləşdirməsi etiraf edilməmişdir, əksinə, cavabdehin cavab məktubunda pul məbləğinin cari hesaba mədaxil edildiyi göstərilmişdir, banka əmanət qoyulması qeyd edilməmişdir.
31. Cavabdeh 248490,93 manat məbləğində pulun xx.xx.2010-cu il tarixdə cari hesaba qoyulduğunu, bir gün sonra isə iki dəfəyə çıxarıldığını, 139,43 manat qalıq qaldığını bildirmiş və qeyd etdiyi bank əməliyyatlarını təsdiq edən hesabdan çıxarış təqdim etmişdir.
32. İddiaçı hazırda tələbinin əsasını təşkil edən halları sübut etməlidir.
33. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.
36. Beləliklə iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən hallar, yəni tərəflər arasında xx.xx.2010-cu il tarixdə bank əmanəti müqaviləsinin bağlanması və həmin müqaviləyə əsasən 248490,93 manat məbləğində pulun cavabdehin Nərimanov filialına depozitə qoyulması sübuta yetirilməmişdir. İddiaçının digər tələbləri də bank əmanəti müqaviləsindən doğan tələblərdir. Ona görə də iddia tam rədd olunur.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-335/2023 saylı iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “sənədlərin təqdim olunması tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.