Məhkəmə qərarları › İş №2(103)-417/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-417/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-417/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı İB Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 3657 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3687 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova, iş № 2(008)-1014/2021) iddia qismən təmin edilərək Cavabdeh İddiaçı İB-yə vurulmuş 192 manat məbləğində zərər, 1,50 manat dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında 21.09.2018-ci il tarixində AKX-0028654/09-2018 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 №-li abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerində aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində əmələ gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1n pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir.Aşağıda qeyd olunan aktlar əsasında a №-si Aktın nömrəsi Aktın tarixi Akt üzrə hesablanmış məbləğ 1. ******* 18.09.2018 691,20 2. ******* 22.01.2019 562,20 3. ******* 28.02.2019 133,20 4. ******* 29.03.2019 133,20 5. ******* 30.04.2019 133,20 6. ******* 30.05.2019 32,40 7. ******* 28.06.2019 32,40 8. ******* 31.07.2019 32,40 9. ******* 30.08.2019 32,40 10. ******* 30.09.2019 32,40 11. ******* 30.10.2019 32,40 12. ******* 29.11.2019 100,80 13. ******* 30.12.2019 252 14. ******* 30.01.2020 252 15. ******* 28.02.2020 252 16. ******* 04.03.2020 39,40 İddiaçı İB-yə maddi zərər dəymiş olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan əlavə cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda qalıq borcla birlikdə ümumi olaraq 3657 manat təşkil etməkdədir. Birliyin nümayəndələri tərəfindən cavabdehə 3657 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə müvafiq olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin iddianın rədd olunmuş hissəsində ləğv edilməsini və mübahisələndirilən hissədə iddianın tam təmin olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin barəsində tərtib olunmuş aktlar üzrə dəymiş ziyan məbləğlərini aktların tətib edilmə tarixlərinin qış və ya aylarına təsadüf edilməsi durumuna görə ağlabatan məbləğdə hesablamaqla kifayətlənmişdir. Məhkəmə tərəfindən həmin qaydada hesablama aparılması qanuni və əsaslı deyildir. MPM-nin 217.1-ci maddəsinin tələblərinə ziddir. İddiaçı İB tərəfindən tərtib edilmiş aktlar üzrə hesablanmış məbləğlər qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qətnamədə həmin maddi hüquq normaları cavabdeh tərəfindən qazpaylayıcı xəttə qanunsuz qoşulma ilə bağlı yaranmış əməlin hüquqi əsaslandırılması kimi nəzərə alınmamış və qətnamədə qeyd olunmamışdır. Tərəflər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı qətnamə iddiaçı tərəfindən yalnız iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını həmin hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin hallarından müəyyən olunur ki, Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında 21.09.2018-ci il tarixində AKX-0028654/09-2018 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 №-li abonent kodu verilmiş və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Həmin ünvanda Cavabdeh tərəfndən sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edilməsi barədə aktlar tərtib edilmiş və itirilmiş sərfiyyata görə zərər hesablanmışdır. İddiaçının tələbi 3657 manat məbləğində zərərin ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və qeyd etmişdir ki, adıçəkilən aktlar əsasında hesablanmış zərər 2743,60 manat təşkil edir. İddia tələbi 3657 manat ziyanın tutulmasına dair qaldırılmış və qalan məbləğin açıqlanması verilməmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3657 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3687 manat məbləğində pulun ödənilməsini istəyir. Məhəkəməyə təqdim edilən abonentin saldosundan görünür ki, cavabdehin ünvanında mexaniki tipli sayğac 04.03.2020-ci il tarixdə quraşdırılmışdır. Həmin saldodan cavabdeh tərəfindən qış aylarında ən çox 18,40 manat, yay aylarında en çox 4,70 manat məbləğində qazdan istifadə etməsi görünür. Odur ki, məhkəmə hesab edir ki, 8 aktın yay aylarına təsadüf etdiyindən o aylar üzrə 5 manat, 8-i qış ayına təsadüf etdiyindən o aylar üzrə 19 manatın tutulması ədalətli olardı (8 ay x 19 manata = 152 manat, 8 ay x 5 manata = 40 manat, cəmi 192 manat). Beləliklə, məhkəmə hesab edir ki, iddia 192 manat hissədə təmin (iddia tələbinin 5 faizi), qalan hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 425.1, 442-ci, MPM-nin 77.1-ci maddələri və s. normalarla əsaslandırmışdır. İddiaçı qətnaməni iddianı təmin edilməyən hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının dəlillərinə verdiyi qiymətlə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır. İddiaçı tərəfindən məhkəmə kollegiyasına ərizə təqdim edərək 26.09.2018-ci il tarixli 074066 nömrəli akt üzrə hesablanmış 1382,40 manat məbləğində borcun və iddia tələbi üzrə digər borc məbləğlərinin tam təmin edilməsini xahiş etmişdir. Həmçinin sözügedən aktın surəti ərizəyə əlavə edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, yuxarıda adıçəkilən 074066 nömrəli akt birinci instansiya məhkəməsinə ümumiyyətlə təqdim edilməmişdir və iş materiallarında yoxdur. Halbuki, tərəf öz iddiasının əsasını təşkil edən sübutları məhz birinci instansiya məhkəməsinə məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməli idi. Digər tərəfdən, iddia ərizəsində tarixi üst-üstə düşməsə də, nömrəsi həmin aktla eyni olan akta görə (0176066) hesablanan borc 691,20 manat göstərilmişdir. Sözügedən ziddiyyətlə bağlı və Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsaslanaraq, məhkəmə kollegiyası istinad olunan aktı və onun əsasında hesablanmış borc məbləğini sübut qismində qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar