Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4171/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2019/2022 saylı, 15.04.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında 05.04.2013-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, 18.06.2020-ci il tarixli, 2(006)-3086/2020 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış 18.01.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən 17.12.2021-ci il tarixindəki 473,05 AZN vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X1 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 70,95 AZN məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən 05.04.2013-cü il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yəödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 70,95 AZN məbləğində xidmət haqqı ödəmişdir. «X1 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış 03.09.2013-cü il tarixli müqavilənin 4.19-cu bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2019/2022 saylı, 15.04.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Ramin Xəlilov).
4. Həmin qətnamədən narazı qalan iddiaçı iddia tələbinin məzmununa uyğun apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.
5. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi: Belə ki, işin materiallarında olan "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış 18.01.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin surətindən görünür ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları və /və ya istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınmasın (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödənicələck ödənişlərə və xərclərlə əlaqədar məsələləri tənmizləyir. Həmin müqavilənin 5.1.1-ci bəndindən görünür ki, Bank, Müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar "xxxx" MMC tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında "xxxx" MMC-yə bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc. faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). İşin materiallarında olan maliyyə arayışından görünür ki, «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 18.01.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödənilən 17.12.2021-ci il tarixindəki 473,05 AZN "xxxx" MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə 70,95 AZN məbləğində xidmət haqqı ödənilmişdir. Hüquqi dəyərləndirmə:
6. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış 05.03.2013-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”si üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli, 2(006)-3086/2020 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Sonradan iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış 18.01.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC-nin vasitəsi ilə borcun ödənilməsi təmin edilmiş və buna görə də bank tərəfindən 70,95 AZN xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı həmin məbləği cavabdehdən tutulmasını tələb edir.
7. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.
8. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
9. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
10. Göründüyü kimi iddiaçı heç kəsin təzyiqi olmadan, könüllü şəkildə müstəqil olaraq öz seçimi ilə "xxxx" MMC ilə 18.01.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilə bağlamışdır.
11. Bundan əlavə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir.
12. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.
13. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
14. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən qanunverici tərəfindən məcburi aşağıdakı icra tədbirləri göstərilmişdir: - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;
15. - tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi;
16. - tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi;
17. - icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi;
18. - bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.
19. İcra haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanları qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.
20. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır.
21. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə nəzərdən keçirərək qeyd edir ki, icra sənədi üzrə borcun ödənilməsinin təmin edilməsi icra məmuru tərəfindən həyata keçirilir.
22. Qanunvericilikdə icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid edilməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən edilmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehlərdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır.
23. Belə olan halda, kollegiya yuxarıda gösətrilənlərə uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti özü qanunverici tərəfindən müəyyən edilən üsul və vasitə qaydasını seçməmiş, özü müstəqil olaraq digər müstəqil xidmət sahəsinin seçmiş və xidmətin qarşılığında könüllü olaraq müəyyən məbləğ ödəmişdir ki, bu halda iddiçıya həmin xidmət haqqının cavabdehdən tutulması üçün əsaslar mövcud deyildir.
24. Sadalanan xüsusatlara əsasən Kollegiya qeyd edir ki, iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
29. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
İddiaçı “X1 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2019/2022 saylı, 15.04.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Anar Tanrıverdiyev