Məhkəmə qərarları › İş №2(103)-4173/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4173/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4173/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Sadıxov Cavid Eldar oğlunun, cavabdeh Sengul Hakanın iştirakları ilə, İddiaçılar Mirzəyev Fuad Əzizulla oğlunun və Sadıxov Cavid Eldar oğlunun cavabdeh Sengul Hakana qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2859/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar Mirzəyev Fuad Əzizulla oğlu və Sadıxov Cavid Eldar oğlu cavabdeh Sengul Hakana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 manat məbləğində pulun alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 2017-ci ildən Nərimanov rayonu, Dərnəgül taxta bazarı adlanan ərazidə tikinti materiallarının alqı-satqısı ilə məşğul olurlar. 01.04.2019-cu il tarixdəTürkiyə Respublikası vətəndaşı Sengul Hakan iddiaçılardan dəyəri 13.900 manat olan 800 kv dəmir lesalar, 91 ədəd 18 mm olan dikt, 5 kuba yaxın taxta və dəmir dirəkləri onların etibarından istifadə edərək Nərimanov rayon Dərnəgül taxta bazarı adlanan ərazidə ələ keçirmişdir və bu günkü günə qədər həmin məbləği qaytarmamışdır. Bununla əlaqədar dəfələrlə Sengul Hakanla telefon vasitəsilə əlaqə saxlasalar da, müxtəlif bəhanələrlə 13.900 manat pulu qaytarmaqdanimtina edir. Sonuncu dəfə Hakanın işlədiyi əraziyə getdikdə Məhəmməd adlı şəxs özünü Hakanın şəriki kimi təqdim edərək pulun qısa müddətə qaytarılacağını bildirsə də sözlərinə bu günə qədər əməl etməmişlər. Sonuncu dəfə pullarını təkrar olaraq tələb etdikdə iddiaçılara kobud formada bildirmişdir ki, Türkiyə Respublikası vətəndaşıdır və ona heç kim heç nə edə bilməz. Hakan Sengül iddiaçılara məxsus pulu özündə saxlamaqla qazanc əldə etmiş, nəticədə isə iddiaçılara zərər yetirmişdir. Bununla əlaqədar olaraq iddiaçılara olan 13900 manat pulu ən azı 15000 manat həcmində qaytarmalıdır. Cavabdehin əməli ilə bağlı Nərimanov RPİ-nə müraciət etmişlər və araşdırma aparılaraq Hakan Sengülün izahatı alınmışdır. 24.04.2020-ci il tarixdə Nərimanov RPl-nin İŞ-nin baş müstəntiqi Ş.Nəcəfov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin qərarda HakanSengül öz izahatında onlara borcunun olduğunu etiraf etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2859/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Sengul Hakandan 8375 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq, iddiaçılar Mirzəyev Fuad Əzizulla oğlunun və Sadıxov Cavid Eldar oğlunun xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, şikayətini, onun iddiaçılara 3600 manat borcu olduğunu, iddiaçıların ona hədə qorxu gələrək sənəd imzaladıqları, məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə teleqram ünvanlasa da iclasın onun iştirakı olmadan keçirilməsi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavid Sadıxov apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçı səbəbləri barədə məhkəməyə məlumat vermədən məhkəmə iclasına gəlmədiyindən kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddia tələbinin qismən təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünkü, cavabdeh şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni məhz iddia tələbinin təmin edilən hissəsində mübahisələndirdiyi aydın olur. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçılar qətnaməni mübahisələndirməmişlər. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, iş materiallarına əlavə edilmiş iltizama əsasən Sengul Hakan Mirzəyev Fuad Əzizulla oğluna və Sadıxov Cavid Eldar oğluna 8375 manat borcunun olduğunu göstərmiş, həmin borcu 20.01.2020-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Nərimanov RPl-nin İŞ-nin baş müstəntiqi Ş.Nəcəfovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24.04.2020-ci il tarixli qərarından görünür ki, Mirzəyev Fuad Əzizulla oğlu və Sadıxov Cavid Eldar oğlu Nərimanov rayon prokrurorluğuna 12.02.2020ci il tarixli ərizə ünvanlayaraq Dərnəgül taxta bazarında alqısatqı ilə məşğul olduqlarını, 01.04.2019-cu il tarixdə Türkiyə Respublikasının vətəndaşı Hakanın onlardan 13900 manat dəyərində 800 kv metr dəmir lesa,91 ədəd 18 mm olan dikt, 5 kuba yaxın taxta və dəmir dirəkləri aldığını, lakin həmin malların pulunu ödəmədiyini göstərmiş, həmin şəxsin məsuliyyətə cəlb edilməsini və pulun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdirlər.İzahatı alınmış Hakan Şəngül Səfər oğlu göstərmişdir ki, 2019-cu ilin yanvar ayında Arif adlı şəxslə tanış olmuş və onun sifarişi ilə Nərimanov rayonu Təbriz küçəsi yaxınlığında 4 mərtəbəli binanın memarlığını etmiş, həmin binanın tikilməsi zamanı dəmir lesa, taxta və dik icarəyə götürməli olmuşdur. Həmin tikintidə işləyən fasad ustası Fuad və Cavid adlı şəxslərdən lazım olan materialları icarəyə götürmüş, sonradan o, həmin materialların icarə pulunu Məhəmmədə vermişdir ki, Fuad və Cavid adlı şəxslərə çatdırsın. 4-5 ay icarə pulunu ödəyəndən sonra işləri dayandığına görə sonrakı ayların pulunu ödəyə bilməmiş, daha sonra Məhəmmədə Fuad və Cavidə gözləmələri barədə məlumat verməsini, pullarını tezliklə verəcəyimi demişdir. Bundan sonra Məhəmməd Fuadın onu iş yerinə çağırdığını dedikdə, onların iş yerinə getmiş, orada hesablama aparan zaman həmin şəxslərə 8375 manat borcu olmasını bilmiş, belə olan halda həmin məbləği tezliklə ödəyəcəyini deyib, bu barədə iltizam yazmış, Məhəmməd də, onunla bu işdə şərik olmuş, Məhəmməd də, onlara pul verməli olmuşdur. Lakin sonradan maddi vəziyyəti yaxşı olmadığından pulu ödəyə bilməmiş, məhz buna görə də, onlar malları geri alıb, ona bildirmişlər ki, həmin malların bir qədəri əskik və yararsızdır, buna görə də, onlara 13900 manat borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz həmin münasibətlər çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçıların Sengul Hakana qarşı tələbi sonuncunun yazdığı və borcun etirafı mahiyyətində olan yazılı iltizamdan irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Sengul Hakanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Sengul Hakan sözügedən iltizamı ona oluna hədə-qorxu nəticəsində imzaladığını irəli sürsə də, bu halı sübut edə bilməmişdir. Buna görə də hər hansı aldatma və ya zorakılıqdan, yaxud ağır vəziyyətdən istifadə olunmasından bəhs etmək mümkün deyildir. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırıldığı, lakin məhkəmə iclaslarına gəlmədiyi aydın olur - məlumatlı olduğu məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, cavadeh birinci instansiya məhkəməsinə xəstə olması barədə teleqram ünvanlasa da, bunu təsdiq edə biləcək sübutu məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2859/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar