Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4173/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və qeyrisinə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilədən irəli gələn zərər, vicdanlılıq, istehlakçı hüquqları, məlumatlandırmaq vəzifəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, cavabdehlərin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və qeyrisinə qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2429/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sifarişçi qismində İddiaçı (bundan sonra – iddiaçı) ilə icraçı qismində Cavabdeh1 (bundan sonra – MMC və ya cavabdeh) arasında bağlanmış 8 iyul 2021-ci il tarixli “Xaricdə təhsil proqramı (2021)” barədə müqaviləyə əsasən icraçı sifarişçinin xaricdə ali təhsil müəssisəsinə - Avropa universitetlərinə (bakalavr, magistratura və doktorantura) pilləsinə müraciət (apply) prosesinin təşkil edilməsini, sifarişçi isə həmin xidmətin əvəzində müqavilə ilə müəyyən edilmiş məbləği icraçıya ödəməyi öhdəsinə götürmüş, müqavilənin ümumi dəyəri 800 manat nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən sifarişçinin viza proseduru uğursuz olduqda icraçı mümkün olduğu təqdirdə sifarişçinin viza prosedurunu ikinci dəfə həyata keçirilməli və ya başqa ölkələrdə təhsil seçimləri təklif etməlidir (bənd 3.1.5.2). Əgər sifarişçi bütün seçimləri həyata keçirildikdən sonra sifarişçinin xaricdə təhsil almağı mümkün olmazsa, 500 AZN depozit məbləğ sifarişçiyə geri qaytarılacaq (bənd 3.1.5.3). İcraçının xaricdə təhsil proqramına qatılmaq istəyən sifarişçilərini məlumatlandırmaq icraçının vəzifəsidir (bənd 3.2.1).
2. 11 avqust 2021-ci il tarixində “Lodz” Universiteti tərəfindən iddiaçının qardaşı xx.xx.2004-cü il təvəllüdlü Təmkin Mirzəzadənin xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək “Beynəlxalq və siyasi elmlər” ixtisası üzrə bakalavr pilləsinə qəbul məktubu (arayış) verilmişdir.
3. 15 sentyabr 2021-ci il tarixində X3 Respublikasına getməsi üçün viza verilməsindən imtina edilmişdir.
4. Bundan sonra Cavabdeh2 iddiaçıya X4 Respublikasında yerləşən “University of Economics and Human Sciences in Warsaw” da 1 illik hazırlıq ingilis dili kursu təklif etmiş, iddiaçı təklifi qəbil edib və müvafiq ödənişlər edidlikdən sonra qardaşı Polşa Respublikasına gedərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin kursu bitirmişdir.
5. Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin şərti təklif məktubundan görünür ki, Təmkin Mirzəzadə üçün ingilis dili üzrə hazırlıq kursu proqramı nəzərdə tutulmuşdur. Kurs üçün ödəniş 2800 avro, inzibati haqq 150 avro, ümumilikdə 2.950 avro məbləğindədir.
6. "xxxx" ASC tərəfindən verilən xx.xx.2021-ci il tarixli səfər sığortası şəhadətnaməsindən görünür ki, Təmkin Mirzəzadə 102,85 avro sığorta haqqı ödəniş etmişdir.
7. Təmkin Mirzəzadənin yataqxana xərcləri üçün 642,10 pln – 260 manat ödəniş edilmişdir.
8. Təmkin Mirzəzadənin uçuş bileti üçün 328,75 manat; xx.xx.2022-ci il tarixli uçuş bileti üçün isə 582 manat ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada ona dəymiş maddi ziyana görə 12.000 manat, mənəvi ziyana görə 3.000 manat və ödənilmiş 135 manat dövlət rüsümu olmaqla, cəmi 15.135 manat pul alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ilə onun (iddiaçı) arasında olan müqaviləyə əsasən cavabdehlər qardaşı X5 unvirersitetlərindən birinə bakalavr, magistr və doktorantura təhsili üçün göndərəcəklərini öz öhdələrinə götürsələr də, cavabdehlər öhdəliyini yerinə yetirməmişdir, daha sonra isə aralarında olan müqaviləyə əsasən şifahi razılaşmaya görə Cavabdeh2 qardaşı Mirzəzadə Təmkini “Foundation” proqramı üzrə xaricdə təhsil almağa göndərəcəyini vəd etmiş və bu barədə tədbir görərək onu “Foundation” proqramı üzrə Polşaya təhsil almağa göndərdiyini bildirmişdir. Nəticədə onlar cavabdeh şirkətə və onun rəhbəri kimi özünü təqdim edən Cavabdeh2 inanmış və Polşada yerləşən universitetə tələb olunan ödənişləri etmiş və qardaşının uçuş üçün xərclərini də ödəyərək Polşaya göndərmişlər. Lakin onlara sonradan məlum olmuşdur ki, Cavabdeh2 onu aldadaraq qardaşı X6 Respublikasında yerləşən “University of Economics and Human Sciences in Warsaw” da ingilis dili kursuna göndərib. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, “Foundation” proqramı üzrə təhsil almaq gələcəkdə bakalavr dərəcəsi üzrə təhsilə başlamaq deməkdir. Yəni, Qərbi Avropa ölkələrində bakalavr təhsili almaq üçün 12 illik təhsil zəruridir və bir illik “Foundation” proqramı 11 illik təhsili bitirmiş şagird üçün mütləqdir. Lakin sadə “ingilis dili” kursunun bakalavr dərəcəsi üzrə təhsilə başlamaq üçün heç bir əhəmiyyəti yoxdur və vaxt itkisindən başqa bir şey deyildir. Həmin kursa Cavabdeh2 qardaşı Mirzəzadə Təmkini göndərdiyi üçün həm 2950 euro (həmin günün məzənnəsinə əsasən 6000 manat) illik təhsil haqqı, 2000 manata qədər bir neçə dəfə gedib gəlmək üçün çəkilmiş bilet xərcləri, sığorta xərcləri, təxminən orada qaldığı müddətdə 3200 manat kirayə pulu, digər yaşamaq üçün xərclər və 800 manat bağladığı müqaviləyə etdiyi ödənişlər və s. digər xırda xərclər nəticəsində ümumilikdə, ona 12000 manat maddi ziyan dəymişdir. Həmçinin qardaşı X2 sadəcə ingilis dili kursunda oxuduğunu eşitdikdə, bir il müddətində qardaşının Polşada olduğu müddətdə insan üçün ən dəyərli qeyri-maddi nemət olan vaxtının boşa getdiyini qəbul etmək o və ailəsi üçün çox çətin olmuş, bundan sonra çox böyük psixoloji sarsıntı keçirmiş, həkimlərə müraciət etmiş və mənəvi ziyan çəkmişdir. Şirkətin ona vurduğu maddi ziyana görə 12000 manat və mənəvi ziyana görə 3000 manat pul şirkət tərəfindən ona ödənməlidir. Cavabdehlə aralarında olan müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə dəymiş maddi və mənəvi ziyanın ödənməsini tələb etsə də, cavabdehlər onun müraciətinə heçbir cavab verməmişdir.
11. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək, bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri yerinə yetirilib. Belə ki, universitetdən qəbul cavabı alınıb, amma tələbənin ingilis dili səviyyəsi aşağı olduğuna görə viza verilməyib. Cavabdeh2 universitetə müraciət edib, bu halda universitet cavabdehdən tələbənin dil kursu, yoxsa “foundation” proqramı üzrə təhsil alıb-almayacağını soruşub. Cavabdehin iddiaçını aldatmasına dair heç bir sübut yoxdur. Belə ki, universitetdən sənəd gəlib, həmin sənədə baxıb asanlıqla başa düşmək olur ki, bu dil kursudur, həmçinin tələbənin 1 il ərzində həmin universitetdə nə üzrə təhsil aldığını bilməməsi isə ağlabatan deyildir. Səs yazılarından aydın olur ki, tələbə 1 il müddət sonra yenidən cavabdehə müraciət edərək İtaliyada təhsil almaq istədiyini bildirmiş, cavabdeh isə ona kömək etmək istəmişdir. Tələbənin 1 il sonra cavabdehə müraciəti şifahi olmuş, heç bir müqavilə bağlanmamışdır. Mənəvi ziyana münasibətdə isə iddiaçı iddia ərizəsində özünün mənəvi ziyan çəkdiyini bildirsə də, mənəvi ziyan Təmkinə dəyə bilərdi, ona yox. Dələduzluğa gəldikdə isə Cavabdeh2 bir çox tələbənin xaricdə təhsilə almasına vasitəçi olmuş şəxsdir. Cavabdehlər müqavilə öhdəliklərini yerinə yetirmiş, heç kimi aldatmamışlar.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2429/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, müqavilə öhdəlikləri yerinə yetirilmişdir. Belə ki, xarici ali təhsil müəssisəsinə müraciət edilmiş, qəbul alınmış, lakin tələbəyə viza verilməsindən imtina edilmişdir. Yəni müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilmişdir. Sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Əksinə işə əlavə edilmiş iddiaçı ilə Cavabdeh2 arasında 2 oktyabr 2021-ci il tarixdə olan “whatsapp” tətbiqi vasitəsilə olan yazışmadan görünür ki, Cavabdeh2 “conditional offer letter/proforma invoice” başlıqlı sənədi iddiaçıya göndərmişdir. Həmin məktubda proqramın adının “ingilis dili üzrə hazırlıq kursu” olduğu aydın göstərilmişdir.
14. Həmçinin məhkəmə qeyd etmişdir ki, “maddi ziyanın tutulması” tələbi təmin edilmədiyindən, “mənəvi ziyanın tutulması” tələbinin təmin olunması da bilavasitə ilk tələbdən asılı olduğundan, həmin tələb də təmin edilə bilməz. Məhkəmə, həmçinin cavabdehin barəsində xüsusi qərar çıxarılmasına əsas olmadığı barədə qənaətə gəlmişdir.
15. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 386.1, 425.1, 442, 777.1, 779.1, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 14.2, 77.1, 80, 88, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2429/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Məhkəmə yalnız cavabdehin xeyrinə sayıla biləcək hissələrə toxunmaqla qərəzli olmuşdur. Belə ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş aşağıdakı sübutlardan göründüyü kimi cavabdehlər onları aldadaraq qardaşını “Foundation” proqramı üzrə tədrisə göndərib: 1) “The Khudafereen” tərəfindən “foundation proqramı ilə təhsilə başlayan tələbəmiz Təmkin bəyi təbrik edirik” qeydi olan yazılı fotoşəkil sosial şəbəkədə paylaşılmışdır. 2) İş materiallarına əlavə edilmiş Cavabdeh2 İddiaçı ünvanladığı səs yazılarında o, qeyd edir: “- tələsiklik oldu, bir gün ərzində qəbul alınmalı idi, həmin vaxt bir universitet açıq idi, universitetlə əlaqə saxladım, qiyməti sizə dedim, dil kursu deməmişəm, mən dil kursu üzrə fəaliyyət göstərmirəm, dərəcə, yəni bakalavr, magistratura üzrə fəaliyyət göstərirəm, siz məndən tələb etdiyinizi mən də universitetdən tələb edə bilərəm”; “- mənə transkript, ingilis dili təhsili ilə bağlı arayış və universitetdə 1 il oxuması ilə bağlı sənəd lazımdır ki, universitetə qəbul alım, mənə kredit lazımdır, universitet də bildirir ki sən rekvizitləri ver, universitet tərəfindən tələbənin neçə saat, necə dərs keçməsi ilə bağlı kredit verilsin”; “ – İtaliya qəbul üçün gərək daha tez başlayardıq, amma əlimdən gələni edəcəyəm”. İş materiallarına əlavə edilmiş İddiaçı və Cavabdeh2 arasında olan elektron yazışmalardan ümumi olaraq görünür ki, Cavabdeh2 universitetin onu da “Foundation” üzrə qəbul olunduğuna dair aldatdığını etiraf edir, həmçinin qeyd edir ki, o kredit və ya səviyyə ilə bağlı arayış almağa çalışacaq. Bu sübutlardan da göründüyü kimi cavabdeh iddiaçını aldadaraq qardaşını “Foundation” proqramı üzrə təhsilə göndərib.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində ilkin icraat
19. Bakı Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6526/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2429/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırkı halda cavabdehin onun qardaşını “Foundation” proqramı üzrə tədris üçün xaricə göndərməsi barədə öhdəlik götürməsinə dair sübut verməlidir, lakin iddiaçı tərəfindən bununla bağlı sübut təqdim edilməmişdir.
21. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya instasiyası məhkəməsində ilkin icraat
22. Azərbayca Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1431/2024 nömrəli 14 may 2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6526/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
23. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 443-cü maddəsi təşkil edir. Həmin maddəyə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bu baxımdan hazırkı iş üzrə iddia tələbinə dair mübahisənin həlli ilk növbədə hansı tərəfin müqavilə üzrə öhdəliyini pozmasından asılıdır.
24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki qanunvericilik zərərin vurulmasında qarşı tərəfin təqsirli olmasından asılı olmayaraq müəyyən hallarda zərərin həcminin müəyyənləşdirilməsi baxımından zərərçəkənin davranışının da nəzərə alınmasını zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərçəkənin davranışı da zərərin yaranmasına və (və ya) həcminin artmasında səbəb olmuşdursa, onda mübahisəyə baxan məhkəmə zərərin həcmini müəyyən edərkən bu halı nəzərə almalıdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25.İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, tərəf aldadılmışdır. Hətta qarşı tərəfin bunu etiraf etdiyinə dair səsyazısı var. Qarşı tərəf iddia edir ki, guya universitetlə əlaqə saxlayıblar, amma özləri də universitet tərəfindən aldadılıblar. Onlar mütəxəssisdirlər. Mütəxəssis öhdəliyini yerinə yetirərkən işi tam araşdırmalıdır. Onlar tələbəni göndərdikləri kursu bilməli və iddiaçıya məlumat verməli idilər. İddiaçı ilə danışıq aparan zaman foundation proqramı üzrə razılığa gəliblər. Şirkət öz səhifəsində “Daha bir tələbəmizi foundation proqramı ilə təhsil almağa göndərdik” başlığı ilə reklam paylaşmışdır. İddiaçının qardaşı 1 il orada əziyyət çəkib. İşin ən böyük tərəfi isə mənəvi tərəfidir. İddiaçı bu vəziyyəti hələ də anasından-atasından gizlədir. Müqavilə üzrə 800 AZN ödəniş ediblər. Bundan başqa heç bir ödəniş edilməmişdir. Tərəflər arasında ilk növbədə bakalavr təhsili ilə bağlı razılaşma olmuşdur. Bakalavr proqramı alınmadıqdan sonra qarşı tərəf tələbəni foundation proqramı ilə göndərməyi təklif etmişdir. Lakin bu razılaşma şifahi razılaşma olmuşdur. Müqavilədə əks olunmamışdır. 500 manat depozit məbləği onlara qaytarılmamışdır. Tələbənin foundation yox, kurs oxuduğunu biləndən sonra başqa şirkətlə müqavilə bağlanmışdır. Həmin şirkətin köməkliyi ilə tələbə xaricdə təhsil alır. Şifahi razılaşma zamanı onlara başqa ödəniş edilməmişdir. Ödənişlərlə bağlı qəbzləri iş materiallarına əlavə etmişlər. 2950 avro kursa ödəniş edilib, 2000 manat gediş-gəliş və sığorta xərcləridir, 3200 manat orada qaldığı müddət ərzindəki kirayə xərcləridir. Bununla bağlı sübutları və aviabiletləri iş materiallarına əlavə etmişlər. Sentyabr ya da oktyabr ayında qəbul almışdır. 8-9 ay bu davam etmişdir. Səhv etmirsə may ayına kimi davam etmişdir. İngilis dili səviyyəsi də kifayət qədər olmadığına görə orada foundation oxumadığını başa düşməyib. 26.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə foundation proqramının müraciət mərhələsi həyata keçirilməli idi və müraciət mərhələsi MMC tərəfindən uğurla başa çatdırılmışdır. Sadəcə tələbənin xarici dil biliyi çox zəif olduğundan viza mərhələsindən kəsilmişdir. Ortada heç bir şifahi razılaşma olmamışdır. Onlara müraciət edərək bildiriblər ki, uşağı əsgərliyə aparırlar. Əsgərlikdən yayındırmaq və ya başqa məqsədlə uşağı təcili ölkədən çıxarmaq istəyirdilər. Universitet müraciətə baxanda tələbəni xarici dil biliyinə uyğun olaraq ya foundation proqramına, ya da dil kursuna cəlb edir. Tələbənin ingilis dili biliyi o qədər zəif olub ki, kursu başa vurduqdan sonra belə foundation proqramına qəbul ala bilməmişdir. Sənədlərdə açıq-aydın dil kursu yazılmışdır. Birinci instansiya məhkəməsində bütün sübutlara baxılıb, bütün səsyazmalar 2 dəfə dinlənilmişdir. Heç bir hissədə sırf foundation proqramı ilə bağlı razılığa gəlindiyi görünmür. Müqavilə öhdəliklərində göstərilib ki, müraciət prosesi həyata keçirilməlidir. Müraciət mərhələsi uğurlu olub deyə qarşı tərəfin qardaşı səfirliyə viza mərhələsinə çağırılmışdır. Bu o deməkdir ki, bu adam artıq demək olar ki gedib, təkcə viza mərhələsi qalmışdır. Sadəcə müəssisənin işçiləri elə biliblər ki, tələbə viza prosesindən də keçmişdir. Ona görə “Daha bir tələbəmizi foundation proqramı ilə təhsil almağa göndərdik” başlığı ilə reklam paylaşıblar. Müəssisənin profilinə birbaşa Elmir bəy nəzarət etmir. Onun üçün müəssisənin xüsusi əməkdaşı var, o məşğul olur. O da texniki səhv edə bilər. Həmin müqavilə üzrə öhdəliklər apply prosesini, yəni müraciət prosesini və bakalavr pilləsi üzrə foundation proqramını həyata keçirməkdir. Proses tamamlanıb. Polşanın “Lodz” universitetinə qəbul alınıb. Tələbə viza mərhələsindən kəsilib. Müqavilədə qeyd olunur ki, tələbə vizadan kəsildikdə ödənilmiş 800 manatın 500 manatı qaytarılır. Müqavilə münasibətləri olmayıb. Birinci müqavilə münasibətləri üzrə öhdəliklər yerinə yetirilib. Sonrakı proseslər bu müqavilənin davamı olmayıb. İkincisi, şifahi əqd və ya razılaşma olmayıb. Sadəcə onlara müraciət prosesində əvəzsiz qaydada kömək ediblər. Burada MMC-nin səhvi və ya öhdəliyini yerinə yetirməmə halı yoxdur. Sənəddə “X7” yazılıb. Açıq-aydın görünür ki, qarşı tərəf məlumatlandırılıb, suallar verilib, cavablandırılıb. Elmir bəy tərəfindən qarşı tərəfin aldadıldığına və ya yanıldıldığına dair sübut yoxdur. Müraciət edilir, universitet tələbənin göstəricilərinə baxaraq foundation proqramı və ya dil kursu verir. Tələbəyə dil kursu verilib.
27. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 29.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 31.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması, həmçinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünün apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
32.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 33.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
34.21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olanşəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnubərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 35.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 36.386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 37.425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 38.425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 39.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 40.448.1 və 448.2-ci maddələrinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 41.448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 42.448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 43.777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinəgötürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 44.779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündənkifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 45.781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun
46.13-ci maddəsinin 1-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. 47.13-ci maddəsinin 4-cü bəndinə əsasən satılan mal barəsində yanlış məlumatın və ya kifayətqədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
48.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 49.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 50.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 51.Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun (89.1-ci və 89.2-ci maddələr).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
52.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. 53.Belə ki, baxılan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçı və Cavabdeh1 MMC arasında işçisi olan digər Cavabdeh2 vasitəsilə tapşırıq müqaviləsinin yarandığı müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən MMC iddiaçının qardaşını Avropa universitetlərinə bakalavr, magistratura və ya doktorantura pilləsi üzrə müraciət prosesini təşkil etməyi, iddiaçı isə bunun əvəzində müqavilə ilə müəyyən edilmiş məbləği iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə, həmçinin nəzərdə tutulmuşdur ki, əgər müqavilədə qeyd olunan bütün seçimlər həyata keçirildikdən sonra sifarişçinin xaricdə təhsil almağı mümkün olmazsa, 500 manat depozit məbləği sifarişçiyə geri qaytarılacaq. 54.İddiaçının qardaşı cavabdeh MMC-nin fəaliyyəti nəticəsində Polşa ali təhsil müəssisəsinə qəbul alsa da, həmin ölkə səfirliyi tərəfindən viza verməkdən imtina olunduğu üçün bu, mümkün olmamışdır. Sonradan Cavabdeh2 iddiaçıya Polşa Respublikasında yerləşən “University of Economics and Human Sciences in Warsaw”da 1 illik hazırlıq ingilis dili kursu təklif etmiş, iddiaçı təklifi qəbul edib və müvafiq ödənişlər edidlikdən sonra qardaşı Polşa Respublikasına gedərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin kursu bitirmişdir. 55.Hazırda iddiaçı cavabdeh tərəfin “foundation” proqramı üzrə qardaşını xaricdə təhsil almağa göndərəcəyini vəd etdiyini, lakin onu aldadaraq, ingilis dili kursuna göndərdiyini iddia edərək, müqavilə üzrə verdiyi ödənişin, kursa getmək üçün çəkdiyi xərclərin və uğradığı mənəvi zərərin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, iddiaçının qardaşının ingilis dili kursuna göndərildiyi barədə məlumatlı olduğunu, bununla razılaşdığını, ona görə də cavabdeh tərəfin iddiaçıya heç bir zərər vurmadığını bildirir. 56.Hazırkı mübahisənin həlli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi hansı tərəfin pozmasından asılı olduğu üçün ilk növbədə nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış təhsil xidməti müqaviləsinə əsasən cavabdeh tərəf iddiaçının qardaşını Avropa universitetlərinə bakalavr, magistratura və ya doktorantura pilləsi üzrə müraciət prosesini təşkil etməsini öhdəsinə götürmüşdür. Lakin tərəflər arasında bağlanmış müqavilə çərçivəsində iddiaçının qardaşının Avropa universitetlərində bakalavr, magistratura və ya doktorantura pilləsi üzrə təhsil almaq üçün getməsi alınmamışdır. Qeyd olunan hallar işin mübahisələrndirilməyən hallarına aiddir. Müəyyən edilməli və tərəflərin mübahisələndirdikləri hal isə iddiaçının ona həmin təklifin foundation şəklində təqdim edildiyi və yalnız kursu bitirdikdən sonra bunun əslində sadəcə dil kursu olduğunu aşkar etdiyi, cavabdeh tərəfin isə təklif edilən kursun sadə dil kursu olduğu barədə iddiaçını lazımi qaydada məlumatlandırıb-məlumatlandırmadığından ibarətdir. 57.İddiaçı birinci instansiya məhkəməsinə tələbini təsdiq edən sübut qismində “WhatsApp” mobil tətbiqi üzərindən Cavabdeh2 ilə apardığı yazışmalardan və qardaşının foundation proqramı ilə təhsilə başlaması ilə bağlı MMC-nin öz “İnstagram” sosial şəbəkə profilindəki paylaşımından çıxarışlar təqdim etmiş və birinci instansiya məhkəməsi də həmin sənədləri iş materiallarına əlavə etmişdir. 58.Belə ki, MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələblərinə görə təqdim edilmiş sübutu qəbul edən və iş materiallarına əlavə edən məhkəmə işdə olan bu sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. 59.Halbuki mübahisələndirilən qətnamədən müəyyən edilir ki, işə baxmış birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi və iş materiallarına sübut qismində əlavə olunduğu bu sənədlərə hüquqi qiymət verməmişdir. Bununla yanaşı, məhkəmə mübahisənin həlli ilə bağlı tətbiq edilməli olan müqavilə müddəalarını və maddi hüquq normalarını də nəzərə almamışdır. 60.Beləliklə məhkəmə kollegiyası ilk öncə tərəflər arasında bağlanmış 8 iyul 2021-ci il tarixli “Xaricdə təhsil proqramı (2021)” barədə müqavilənin 3.1.5.3-cü bəndinə əsasən qeyd etməyi zəruri sayır ki, sözügedən müqaviləyə görə bütün seçimlər həyata keçirildikdən sonra sifarişçinin xaricdə təhsil alması mümkün olmadığı təqdirdə 500 manat depozit məbləği ona geri qaytarılmalıdır. İşin mübahisələndirilməyən hallarından da göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə çərçivəsində iddiaçının qardaşının Avropa universitetlərində bakalavr, magistratura və ya doktorantura pilləsi üzrə təhsil almaq üçün getməsi müəyyən səbəblərdən mümkün olmamış, yəni həyata keçirilmiş bütün seçimlər tərəflərdən asılı olmayan səbəblərdən uğursuz nəticələnmişdir. 61.Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, sifarişçinin xaricdə təhsil alması mümkün olmadığı üçün cavabdeh MMC-nin depozit məbləği kimi ödənilmiş puldan 500 manat məbləğində pulu iddiaçıya qaytarmaq üzrə vəzifəsi yaranmışdır. 62.İddiaçı ilə qarşı tərəf arasında daha sonra yazılı müqavilə bağlanmadan şifahi formada yaranmış müqavilə münasibətləri və bununla əlaqədar iddiaçının zərər uğraması ilə əlaqədar kollegiya həmçinin qeyd etməyi zəruri sayır ki, təhsil xidmətləri fəaliyyəti ilə peşəkarlıqla məşğul olan cavabdeh tərəfin onun xidmətindən istifadə edən müştəriləri (sifarişçiləri, istehlakçıları) onlara təqdim olunan məhsul barədə lazımi qaydada məlumatlandırmaq vəzifəsi Mülki Məcəllənin tərəflərin öz vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etmək, müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinmək vəzifələrindən irəli gəlir. 63.Eyni zamanda qanunvericilik istehlakçılarla xidmət münasibətlərinə daxil olan mülki dövriyyə iştirakçılarının üzərinə əlavə vəzifələr də qoyur. Belə ki, istehlakçıların sifarişi əsasında müqavilə üzrə xidmət göstərən satıcı (icraçı) istehlakçını maraqlandıran işin, xidmətin qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat vermək vəzifəsi daşıyır. İcraçı istehlakçıya göstərdiyi xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. Bununla bağlı yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan xidməti almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. 64.Belə ki, iş materiallarında olan “WhatsApp” mobil tətbiqi üzərindən iddiaçının Cavabdeh2 ilə apardığı yazışmalardan və qardaşının foundation proqramı ilə təhsilə başlaması ilə bağlı MMC-nin öz “İnstagram” sosial şəbəkə profilindəki paylaşımından çıxarışdan müəyyən edilir ki, həqiqətən də tərəflər arasında bağlanmış təhsil xidməti müqaviləsinə əsasən cavabdeh tərəf iddiaçının qardaşını Avropa universitetlərinə bakalavr, magistratura və ya doktorantura pilləsi üzrə müraciət prosesini təşkil etməyi öhdəsinə götürmüş, lakin iddiaçının qardaşının ingilis dili səviyyəsi aşağı olduğundan tərəflər arasında bağlanmış müqavilə çərçivəsində onun Avropa universitetlərində bakalavr, magistratura və ya doktorantura pilləsi üzrə təhsil almaq üçün getməsi icraçıdan asılı olmayan səbəblərdən mümkünsüz olmuşdur. 65.Cavabdeh tərəf Avropadaki təhsili “foundation” proqramından başlamasını iddiaçıya təklif etmiş, iddiaçı də verilən təkliflə şifahi formada razılaşaraq qarşı tərəflə yenidən müqavilə münasibətlərinə daxil olmuş, lakin həmin kursun əslində dil kursu olduğundan məlumatsız olmuşdur. Qeyd edilənlər də işdə olan sübutlara əsasən müəyyən edilir. Belə ki, “Foundation proqramı ilə təhsilə başlayan tələbəmiz Təmkin bəyi təbrik edirik” adlı paylaşım MMC-nin öz “İnstagram” sosial şəbəkə profilində yerləşdirilmişdir. Həmçinin “WhatsApp” mobil tətbiqi üzərindən iddiaçının Cavabdeh2 ilə apardığı yazışmalarda sonuncu yaranmış vəziyyətlə əlaqədar üzrxahlıq etməklə, bu vəziyyətin tezliklə düzəldəcəyi barədə lazımi qurumlara müraciət etdiyini qeyd etmişdir. 66.Beləliklə tərəflər arasında əldə olunmuş şifahi razılaşmaya əsasən cavabdehin iddiaçının qardaşını “Foundation” proqramı üzrə tədris üçün xaricə göndərməsi barədə öhdəliyi yarandığı, iddiaçının da, qardaşının göndərildiyi proqramın sadəcə ingilis dili kursu olması barədə tam məlumatlı olmadığı işdə olan sübutlara əsasən müəyyən edilmişdir. 67.Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub-olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 68.İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması həmin hallara istinad edən tərəfin birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 69.Beləliklə məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı həqiqətən də, cavabdeh tərəfin hərəkətləri nəticəsində müvafiq maliyyə itkilərinə məruz qaldığı üçün sonuncu öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır. Bununla belə nəzərə alınmalıdır ki, mülki qanunvericilik zərərin vurulmasında qarşı tərəfin təqsirli olmasından asılı olmayaraq müəyyən hallarda zərərin həcminin müəyyənləşdirilməsi baxımından zərərçəkənin davranışının da nəzərə alınmasını zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərçəkənin davranışı da zərərin yaranmasına və (və ya) həcminin artmasında səbəb olmuşdursa, onda mübahisəyə baxan məhkəmə zərərin həcmini müəyyən edərkən bu halı nəzərə almalıdır. 70.Məhkəmə kollegiyası zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcmini müəyyənləşdirərkən zərərçəkənin-iddiaçının davranışını, yəni zərərin yaranmasına həm də özünün ehtiyatsızlığının (müqavilə şərtlərinin dəqiqləşdirilməməsi və s.) müəyyən şərait yaratdığını nəzərə alır.
71. İddia ərizəsindən də göründüyü kimi iddiaçı qardaşının göndərildiyi kursa görə ödədiyi 2950 euro (illik təhsil haqqı), yol xərcləri olaraq - 2000 manat, sığorta xərci, xaricdə qaldığı müddətdə kirayə pulu - 3200 manat, digər xərclər və bağladığı müqaviləyə etdiyi ödənişlər - 800 manat, habelə digər xırda xərclərə görə ona dəymiş maddi zərəri ümumilikdə 12.000 manat məbləğində qiymətləndirir. Həmçinin dəymiş mənəvi zərərə görə 3000 manat məbləğində pulun qarşı tərəfdən alınaraq ona ödənilməsini xahiş edir. 72.Məhkəmə kollegiyası işdə olan sübutlara nəzər salaraq hesab edir ki, iddiaçının qardaşının xaricdə oxuması ilə əlaqədar çəkdiyi və işdə olan sübutlarla təsdiqini tapdığı xərclərin məbləği aşağıdakı kimidir: ingilis dili kursu üçün ödənilmiş -2.950 avro, sığorta haqqı – 102,85 avro, yataqxana ödənişi – 642,10 PLN və gediş-gəliş xərci – 582 manat. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin vurulmasında iddiaçının davranışı da nəzərə alınmaqla ona dəymiş maddi zərər yuxarıda sadalanan xərclərin yarısı təşkil edir. 73.Həmçinin tərəflər arasında bağlanmış 8 iyul 2021-ci il tarixli “Xaricdə təhsil proqramı (2021)” barədə müqavilənin 3.1.5.3-cü bəndinə əsasən iddiaçının qardaşının xaricdə təhsil alması mümkün olmadığı üçün 500 manat depozit məbləği ona qaytarılmalıdır. 74.Məhkəmə cavabdeh tərəfin müqavilədən irəli gələn vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şəkildə, öhdəliyin şərtlərinə uyğun davranmadığı nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsini qəbul edir. Lakin məhkəmə hazırki mülki iş üzrə iddiaçının “maddi zərərin ödənilməsi”nə dair tələblərinin qismən də olsa təmin olunmasını, onun hüquqlarının faktiki bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirir. 75.Bundan başqa işin hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən onunla Cavabdeh1 MMC arasında müqavilə münasibətlərinin yarandığını sübuta yetrilmişdir. MMC də üzərinə düşən öhdəliklərin icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkətləri (və ya hərəkətsizliyi) üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşıyır. Belə olan halda da iddiaçının xeyrinə tutulmalı pul məbləğinin ikinci cavabdehə - Cavabdeh2 aid edilməsi məqsədəmvafiq deyildir. Belə ki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. 76.Göründüyü kimi, işə baxmış birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda istinad olunan müqavilə müddəalarının, maddi və prosessual hüquq normalarının pozulması (nəzərə alınmaması) ilə qəbul edildiyindən ləğv edilməlidir. 77.MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 78.MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün birbaşa əsasdır. 79.MPM-in 392.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayan apellyasiya instansiyası məhkəməsi məhkəmə aktını qanuni və əsaslı hesab edərək, dəyişdirilmədən saxlayarsa mütləq şəkildə apelyasiya şikayətinin hüquqi qiymət verilməsi tələb edən dəlillərinə münasibət bildirməli və həmin dəlillərin rədd olunması barədə mövqeyini əsaslandırmalıdır. 80.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2429/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia Cavabdeh1 MMC-yə münasibətdə qismən təmin edilməklə, Cavabdeh1 MMCdən maddi ziyana görə 1.526,4 evro, 791 (291+500) manat, 321,05 polşa zlotıy (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş xarici valyutanın manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova