Məhkəmə qərarları › İş №2(103)-4175/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4175/2024

02.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4175/2024 02.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçılar İddiaçı1 və İddiaçı2 və onların nümayəndəsivəkili Vəkil2 Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1053/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanda yerləşən mənzil 1/2 hissədə İddiaçı1, 1/2 hissədə İddiaçı2 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli Texniki Pasportuna əsasən ünvan 1 ünvanda yerləşən yaşayış evlərinin texniki göstəriciləri 66,8 kv.m (yaşayış sahəsi 47,6 kv.m, köməkçi sahəsi 19.2 kv.m) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2004-cu il tarixli Texniki Pasportuna əsasən ünvan 1 ünvanda yerləşən yaşayış evinin texniki göstəriciləri 108.1 kv.metr həqiqi sahəsi, tikinti altında 82.5 kv.metr, həyət örtmələri üzrə torpaq sahəsi 25.6 kv.metr təşkil edir. "xxxx" MMC ilə İddiaçı2 və İddiaçı1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrə görə, Ç) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********75-10301 saylı çıxarışa əsasən, paylı mülkiyyətçi, sökülməli olan ərazidə - ünvan 3 ünvanında yerləşən, yuxarıda göstərilən çıxarışa əsasən ümumi sahəsi 66,8 kv.m, müvafiq hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsinin mülkiyyətçisidir; D) Layihə icraçısı 1/2 hissəsi paylı mülkiyyətçiyə məxsus olan evin söküntüsü zonasına düşməsini nəzərə alaraq, evin boşaldılaraq, layihə icraçısına təhvil verilməsi və notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyən edici sənədlərin layihə icraçısına verilməsi üzrə paylı mülkiyyətçinin öhdəliklərinin yerinə yetirilməsi şərtilə, paylı mülkiyyətçiylə, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94,10 kv.m və 45,60 kv.m olan 2 (iki) tam təmirli mənzilin hər birinin 1/2 hissəsinin alqı-satqısı haqqında əsas alqı-satqı müqaviləsi bağlamağa razıdır; 1.1-ci maddəsinə əsasən bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 3 təqvim günü ərzində bu ilkin müqavilənin “ç” bəndində göstərilmiş evin boşaldılaraq, layihə icraçısına təhvil verilməsi və bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən 18 aydan gec olmayaraq, notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üzrə paylı mülkiyyətçinin öhdəliklərinin yerinə yetirilməsi şərtilə, bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, paylı mülkiyyətçiylə, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94,10 kv.m və 45.60 kv.m olan 2 (iki) tam təmirli mənzilin hər birinin 1/2 hissəsinin alqı-satqısı haqqında notariat qaydasında əsas alqısatqı müqaviləsinin bağlanması və əsas alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 manat miqdarında kirayə haqqının paylı mülkiyyətçiyə ödənilməsi öhdəliyini, paylı mülkiyyətçi isə bu İlkin müqavilənin “ç” bəndində göstərilmiş evin boşaldılaraq, layihə icraçısına təhvil verilməsi və bu İlkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi öhdəliyini və bu ilkin müqavilənin müddəalarına əməl edilməsi şərtilə, yeni mənzillərin 1/2 hissəsinin layihə icraçısından qəbul edilməsi öhdəliyini öz üzərinə götürür. 1.2-ci maddəsinə əsasən bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 3 təqvim günü ərzində bu İlkin müqavilənin “ç” bəndində göstərilmiş evin boşaldılaraq, layihə icraçısına təhvil verilməsi üzrə öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, layihə icraçısı birtərəfli qaydada bu ilkin müqaviləyə xitam verir. Bu halda paylı mülkiyyətçiylə yeni tikiləcək binada ümumi sahələri 94.10 kv.m və 45.60 kv.m olan 2 (iki) tam təmirli mənzilin hər birinin 1/2 hissəsinin alqı-satqısı haqqında əsas alqı-satqı müqaviləsinin bağlanması və əsas alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 (üç yüz əlli) manat miqdarında kirayə haqqının paylı mülkiyyətçiyə verilməsi üzrə layihə icraçısının öhdəliklərinə də xitam verilir. 1.3-cü maddəsinə əsasən, paylı mülkiyyətçi bü ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquqmüəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkidə yerinə yetirmədiyi təqdirdə, paylı, mülkiyyətçi ilə bağlanılacaq əsas alqı-satqı müqaviləsinin şərtləri, müqavilə bağlanması anına paylı mülkiyyətçi tərəfindən layihə icraçısına təqdim edilmiş hüquq müəyyənedici sənədlərə əsasən yenidən müəyyən ediləcəkdir. 1.4-cü maddəsinə əsasən, layihə icraçısı, paylı mülkiyyətçinin öhdəliklərinin yerinə yetirilməsi şərtilə, bu ilkin müqavilənin qüvəyyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, paylı mülkiyyətçiylə, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94.10 kvadrat metr və 45.60 kyadrai metr olan 2 (iki) tam təmirli mənzilin hər birinin 1/2 hissəsinin alqı-satqısı haqqında əsas alqı-satqı müqaviləsinin bağlanması və kirayə haqqının ödənilməsi üzrə öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, paylı mülkiyyətçi bu ilkin müqaviləyə birtərəfli qaydada xitam verib, sökülmüş evin bazar dəyəri miqdarında kompensasiyanın ödənilməsini layihə icraçısından tələb edə bilər. Hazırda iddiaçılar cavabdehdən müqavilə öhdəliklərinin yerinə yetirilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 06 mart 2020-ci il tarixli ilkin müqavilələrə uyğun olaraq, onlara Cavabdeh tərəfindən Nərimanov rayonunun Mayakovski küçəsində tikilmiş yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 94.10 kv.m olan tam təmirli mənzilin və 11-ci mərtəbəsində ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi, həmçinin mənzillər təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin onlara ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 27 ünvanda yerləşən 77A saylı fərdi yaşayış evi DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu ildə verilmiş çıxarışa əsasən onların paylı mülkiyyətindədir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü ildə verilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan da müəyyən olunur ki, qeyd olunan 77A saylı fərdi yaşayış evi 1972-ci ildə inşa edilməklə ümumi sahəsi 66,8 kv.m olan 3 yaşayış otağından ibarət olmaqla, evin torpaq sahəsi 108,1 kv.m tikintialtı torpaq sahəsi isə 82,5 kv.m-dir. Həmin evi ailəsi 1996-cı ildə almış və həmin vaxtdan orada yaşamışlar. Həmçinin Bakı şəhəri 38 saylı MKİS tərəfindən tərtib edilmiş sexmdən də müəyyən olunur ki, 77A saylı fərdi yaşayış evinin boş həyətyanı torpaq sahəsi 26 kv.m təşkil edir. Tərəflər arasında bağlanmış 06 mart 2020-ci il tarixli ilkin müqavilələrə əsasən bütün sənədləri MMC-yə təqdim etmişlər. MMC nümayəndələri tərəfindən yaşayış evi və torpaq sahəsinin ərazi ölçülmüş, sonuncu razılaşmaya əsasən ümumi sahəsi 66,8 kv.m olan, hüquqmüəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv.m torpaq sahəsi olan fərdi yaşayış evinin MMC-yə verilməsi nəticəsində həmin ərazidə yeni tikiləcək binada ümumi sahəsi 94.10 kv.m və 45 kv.m olan 2 tam təmirli mənzilin hər birinin 1/2 hissəsinin alqı-satqı bağlanmaları, habelə binada mənzil təhvil verilən günədək hər ay hər birinə 350 manat kirayə məbləğinin ödənilməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Belə ki, sahəsi 94,10 kv.m olan mənzil yeni tikiləcək 2-ci binanın 9-cu mərtəbəsində, yaşayışın isə 7-ci mərtəbəsinə, sahəsi 45,6 kv.m olan isə birinci binanın 11-ci (yaşayışın 9-cusu) mərtəbəsində olmalı və MMC tərəfindən tam təmir edilmiş vəziyyətdə təhvil verilməli idi. Onlar isə ona həmin 45,6 kv.m mənzili 1-ci binanın 4-cü (yaşayışın 2-ci) mərtəbəsində verəcəklərini bildirdilər. Məhz bu razılaşmalar nəzərə alınaraq paylı mülkiyyətlərində olan 77A saylı fərdi yaşayış evini boşaldaraq MMC-yə təhvil verilmiş, özləri isə kirayədə yaşamağa başlamışlar. Binanın tikintisi bitəndən sonra Cavabdeh MMC rəhbərliyi müqavilə öhdəliklərini icra etməkdən süni surətdə yayınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(005)- 1053/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ünvan 5 ünvanında inşa olunmuş 2ci binanın, 2-ci blok, 16-cı mərtəbəsində yerləşən 84 nömrəli 2021-ci il 27 dekabr tarixli razılaşma əsasında İddiaçı2 artıq təhvil verilmişdir. Tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı2 və İddiaçı1 2021-ci ilin 27 dekabr tarixindən ünvan 6 ünvanında inşa olunmuş binanın 2 bina, 2 blok, 16 mərtəbəsində yerləşən 84 nömrəli 94.1 kv.m sahəsi olan mənzildə yaşamaqla kommunal xidmət pulu ödəyirlər. İddiaçı tərəf binanın məhz 7-ci mərtəbəsində ümumi sahəsi 94.10 kv.m olan tam təmirli mənzilin onlara təhvil verilməsini iddia etsələr də, tərəflər arasında bağlanmış müqavilədə mənzilin mərtəbəsi ilə bağlı şərt mövcud olmamışdır. İddia tələbinin «11-ci mərtəbəsində ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi» hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə yaşayış sahəsinin dövlət qeydiyyatına alınmış hissəsinin 66,8 kv.m olması, hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə isə 108 kv.m olması müəyyən olunmuşdur. Bu baxımdan, müqavilə şərtlərinə əsasən paylı mülkiyyətçi bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə, paylı, mülkiyyətçi ilə bağlanılacaq əsas alqı-satqı müqaviləsinin şərtləri, müqavilə bağlanması anına paylı mülkiyyətçi tərəfindən layihə icraçısına təqdim edilmiş hüquq müəyyənedici sənədlərə əsasən yenidən müəyyən edilməsi göstərilmişdir. (1.3-cü bənd) Digər tərəfdən, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrin 2.1.3-cü bəndində ilkin müqavilə qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyvənedici sənədləri layihə icraçısına vermək öhdəliyi paylı mülkiyyətçilərin (iş üzrə iddiaçıların) üzərinə qoyulmuşdur. İş üzrə cavabdeh "xxxx" MMC tərəfindən birgə iddiaçılara 09 sentyabr 2021-ci tarixli və 16 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və 41,2 kv.m sahənin hüquqmüəyyənedici sənədlərinin təqdim ounması təklif olunmuş, buna baxmayaraq müqavilə öhdəliyinin həmin şərti yerinə yetirilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almaqla hesab etmişdir ki, iddia tələbinin «11-ci mərtəbəsində ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi» hissəsi əsassızdır, təmin oluna bilməz. Qanunvericinin tələbindən də göründüyü kimi əgər müqavilənin bir tərəfi şərtləşdirilmiş öhdəliyi tam həcmdə icra etmirsə, müqavilənin digər tərəfi öz üzərinə düşən öhdəliyin icrasını dayandıra və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Belə ki, birgə iddiaçılar yuxarıda da şərh edildiyi kimi, evi boşaltsalar da, daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədləri 18 ay vaxt ərzində tam şəkildə cavabdeh şirkətə təqdim etməmişlər (birgə iddiaçılar yalnız onlara məxsus olan evə dair çıxarışı əldə etmişlər, torpaq sahəsi isə onlara məxsus olmadığı üçün onlar nə cavabdeh şirkətlə müqavilə bağlanan ana qədər, nə də müqavilənin qüvvədə olduğu müddət ərzində həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi əldə edib cavabdeh şirkətə təqdim etməmiş və buna görə də öhdəliyi tam şəkildə icra etməmişlər). Buna görə də, cavabdeh şirkət birgə iddiaçılara yalnız ümumi sahəsi 94.10 kv.m. olan mənzil vermişdir. "xxxx" MMC həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina etmiş, bu səbəbdən cavabdeh 45.60 kvm mənzili birgə iddiaçılara verməmişdir. Məhkəmə iddia tələbinin “kirayə haqqı” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iş materiallarında olan arayışdan, eləcə də iddiaçıların məhkəmə proseslərində izahatından görünür ki, iddiaçılar 2021-ci ilin 27 dekabr tarixindən ünvan 6 ünvanında inşa olunmuş binanın 2 bina, 2 blok, 16 mərtəbəsində yerləşən 84 nömrəli 94.1 kv.m sahəsi olan mənzildə yaşayırlar.Müqavilə öhdəliyinin digər hissəsi isə cavabdeh tərəfindən deyil, iddiaçılar tərəfindən icra edilməmişdir. (41,2 kv.m sahənin hüquq müəyyənedici sənədlərinin təqdim olunması halında 45,60 kv.m olan digər mənzilin verilməsi). Bu səbəbdən cavabdeh "xxxx" MMC-dən kirayə haqlarının məcburi qaydada ödənilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 425.1, 441.1, 441.2, 441.3, 441.4, 441.5, 442-ci maddələrinə, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1 və 12.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamə ilə razılaşmayan iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə əsassız və qanunsuz qətnamə qəbul etmiş, yeganə əmlakları paylı mülkiyyətdə olan fərdi yaşayış evi olan iddiaçıların mülkiyyət hüquqlarına müdaxilə edilməsi ilə nəticələnmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi tamamilə qeyd edilən tələblərə ümumiyyətlə cavab vermir. İddiaçıların fərdi yaşayış evi üzərində paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, yaşayış evinin ölçüləri və evin yerləşdiyi torpaq sahəsi verilən çıxarış və texniki pasportda M1:100 və M1:200 miqyasda qeyd edilmiş, buna baxmayaraq birinci instansiya məhkəməsi Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 109 saylı sərəncamı əsasında cavabdeh tərəfindən sökülmüş, ümumi sahəsi 108 kv.m olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını pozaraq, həmin evin əvəzinə iddiaçıların hər birinə ayrı-ayrılıqda verilməli olan 2 ədəd mənzili verməkdən imtina etmiş, eləcə də mənzil təhvil verilənədək olan müddətdə kirayə xərclərinin ödənilməməsini nəzərə almamışdır. Məhkəməyə təqdim edilmiş, "xxxx" MMC ilə iddiaçılar arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrdən də müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********75-10301 saylı çıxarışa əsasən paylı mülkiyyətçi olan iddiaçılar sökülməli olan ərazidə - ünvan 7 ünvanında yerləşən, yuxarıda göstərilən çıxarışa əsasən ümumi sahəsi 66,8 kv.m, müvafiq hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv.m olan fərdi yaşayış evini 3 təqvim günü ərzində boşaldaraq cavabdehə təqdim eləmiş, cavabdeh isə müqavilə üzrə paylı mülkiyyətçi olan iddiaçılara həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94,10 kv.m və 45,60 kv.m olan 2 (iki) tam təmirli mənzili verməyi, əsas alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 manat miqdarında kirayə haqqının paylı mülkiyyətçiyə ödənilməsi öhdəliyini üzərinə götürsə də, yalnız iddiaçılardan birinə 94,10 kv.m mənzil sahəsi vermiş, sonuncu dəfə xx.xx.2021-ci ildə iddiaçıların hər birinə ayrı-ayrılıqda 350 manat kirayə haqqı ödəmiş, yeni tikilən yaşayış binasının 2-ci blok 16-cı mərtəbəsindəki 84 saylı mənzil isə xx.xx.2021-ci ildə iddiaçılardan İddiaçı2 təhvil verilmiş, ondan sonrakı müddətdə əsassız və qanunsuz olaraq müqavilə öhdəliklərindən birtəfəli qaydada imtina edilərək İddiaçı1 ümumi sahəsi 45,60 kv.m olan mənzilin verilməsindən imtina edilmiş, eləcə də, mənzil təhvil verilən anadək ödənilməli olan aylıq 350 manat kirayə haqqının verilməsindən imtina edilmişdir. Bununla da cavabdeh təşkilat müqavilə öhdəliklərini icra etməkdən birtərəfli qaydada imtina etmiş, birinci instansiya məhkəməsi isə qeyd olunan hallara ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız cavabdehin mövqeyini nəzərə almaqla qətnamə qəbul edilmiş, bu zaman iddiaçıların paylı mülkiyyətində olan fərdi yaşayış evinin ölçüləri, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri araşdırma predmeti olmamışdır. Cavabdeh məhkəmə mübahisəsindən əvvəl hətta 1 otaqlı mənzili də yerində iddiaçılara təqdim etmiş (bu barədə videoçəkiliş mövcuddur), lakin sonradan iddiaçıların müxtəlif instansiyalara müraciət etmələrindən və məlum olmayan digər səbəblərdən öhdəlikləri icra etməkdən yayınmışdır. Təəsüflər olsun ki, tərəflərindən təqdim edilmiş dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın texniki pasportu, bank hesab çıxarışları, iddiaçıların dövlət orqanlarına çoxsaylı şikayətlərinə verilən cavab məktubları, tərəflər arasında bağlanılmış ilkin müqavilələr birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, sənədlər birtərəfli qaydada təhrif edilmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçılar tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, cavabdeh tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh imtinanın əsası kimi onu da qeyd edir ki, guya ki 66 kv.m mənzil əvəzinə 20 kv.m əlavə olmaqla iddiaçılardan birinə 94 kv.mlik mənzil verib. Əgər, əvvəlcədən belə bir razılaşmanı nəzərdə tutmuşdularsa, onda ilkin müqavilə bağlanılmamışdan əvvəl iddiaçılara bu barədə iradlarını bildirərdilər. Eləcə də, qanunvericilikdə söküntü ərazisinə düşən evlərin ölçülərində yalnız 20 faiz əlavə verilməsi şərti ilə kompensasiya verilməsi konkret şərt kimi nəzərdə tutulmamışdır. Belə bir tələb minumum şərt kimi nəzərə alınır. Ən azından onu da nəzərə almaq lazımdır ki, dövlət reyestrindən çıxarışda olan ölçülərlə MMC və ya MTK–lar tərəfindən hesablanan ölçülər üst-üstə düşmür. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməli olduğu halda, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, iddiaçılar tərəfindən səlahiyyətli dövlət orqanı hesab edilən daşınmaz Əmlakanın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportda göstərilən ölçülər və tərəflər arasında bağlanılmış müqavilələrdəki bəndlər nəzərə alınmamış, yekunda məhkəmə ümumi sözlərdən istifadə edərək, iddiaçıların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmiş, ən azından nəzərə almamışlar ki, iddia tələbində istinad olunan ölçüdə yaşayış sahəsi ilə təmin olunmaq iddiaçılar üçün xüsusilə zəruri və ehtiyacdan irəli gəldiyi halda, müqavilədə verilməsi nəzərdə tutulan mənzil sahəsi vermək cavabdeh MMC üçün cüzi məbləğ təşkil edir. Cavabdeh istinad edir ki, iddiaçılar daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədləri şirkətə təqdim etməmişlər. Bu dəlil tamamilə absurd və mümkünsüzdür olan görə ki, hələ 2020-ci ildə müqavilə bağlanılmamışdan əvvəl bütün sənədlər tam formada cavabdehə təqdim edilmişdir ki, bu sənədlər əsasında ilkin müqavilə tərtib edilmiş və iddiaçılar mülkiyyətlərində olan fərdi yaşayış evini söküntü məqsədilə cavabdehə təqdim etmiş, əvəzində isə yeni tikiləcək binadan müqavilədə nəzərədə tutulan tam təmirli 2 ədəd mənzil təhvil verilən günədək hər biri aylıq 350 manat kirayə haqqı almalı idilər. Birinci instansiya məhkəməsi nəzərə almır ki, fərdi yaşayış evi söküləndən sonra iddiaçılar dövlət reyestrindən çıxarışdan əlavə daha hansı sənədi cavabdehə təqdim etməli idilər ki, şirkət həmin sənədlə qane olub, nəzərdə tutulan mənzilləri iddiaçılara verməli idi. Eləcədə, cavabdeh tərəfindən tərtib edilmiş ilkin müqavilələrdə iddiaçılar tərəfindən əlavə hər hansı sənəd təqdim edilməsi nəzərdə tutulmayıb. Qeyd olunan yaşayış evinin hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv.m olması isə məhz DƏDRX Bakı şəhər ərazi idarəsi tərəfindən hələ xx.xx.2004-cü ildə tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu və xx.xx.2019-cu ildə verilmiş fərdi yaşayış evinin texniki pasportu ilə təsdiq olunur. Hətta, fərdi yaşayış evinin ölçülərini ərazi üzrə 38 saylı MKİS-in texniki tərəfindən tərtib edilməklə MKİS-in möhürü ilə təsdiq edilmiş sxem ilə müəyyən edilmiş, bundan əlavə, cavabdeh təşkilatın nümayəndələri ölçüləri ididaçılarla birlikdə yerində bir daha yoxladıq dan sonra müqavilənin tərtibinə başlamışlar. Məhkəmə araşdırması zamanı da, məhkəmə bu barədə qarşı tərəfin cavab verməsini təklif eləsə də, cavabdehin nümayəndəsi əlavə hansı sənədin tələb edilməli olmasının müqavilədə nəzərdə tutulmadığını etiraf etmişdir. Cavabdeh təşkilat iddiaçılarla bağladığı 06 mart 2020-ci il tarixli ilkin müqavilələrin 1.1ci bəndində ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən 18 aydan gec olmayaraq paylı mülkiyyətçilərə 2 tam təmirli mənzil verməyi öhdəsinə götürmüş, lakin həmin mənzillərdən 1-ni başqa mərtəbədə 21 aydan sonra qismən təmin edərək iddiaçılardan İddiaçı2 vermiş, digər mənzili isə hazırki vaxtadək verməmiş, eləcə də hələ xx.xx.2021ci ildən hər iki iddiaçıya ödənişləri dayandırmışdır. 16-cı mərtəbədə yerləşən 1 ədəd mənzilin məcburiyyətdən İddiaçı2 tərəfindən götürülməsinin əsası o olmuşdur ki, MMC binada yerləşən bütün 3 otaqlı mənzilləri satması, yalnız 16-cı mərtəbədə 1 ədəd 3 otaqlı mənzil olmasını bildirərək, əks təqdirdə ümumiyyətlə mənzil verməməsini bildirmiş, nəticədə məcburiyyətdən həmin 3 otaqlı mənzil iddiaçılardan bir tərəfindən müvəqqəti yaşamaq üçün qəbul edilmişdir. Təəsüflər olsun ki, iddiaçıların ailəsinin bütün dövlət qurumlarına ünvanladığı müraciətlər baxılması üçün rayon icra hakimiyyətinə göndərilmiş, həmin qurumdan da eyni məzmunda təkrar cavablar verilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçılar və onların valideynləri başda Azərbaycan Respublikasının Prezidenti olmaqla müxtəlif dövlət orqanlarına 100-lərlə şikayətlər yazmış, onlara verilməli olan mənzillərin və kirayə haqlarının əsassız olaraq verilməməsi barədə şikayət etmiş, bir çox dövlət qurumları mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmələrini iddiaçılara tövsiyə etmişlər. İddiaçılar məhz pozulmuş hüquqlarının bərpası üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etsələr də, birinci instansiya məhkəməsi də cavabdehlə eyni mövqedən çıxış etmişdir ki, sonda iddiaçıların məhkəməyə olan inamı sarsılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıların paylı mülkiyyətində fərdi yaşayış evi olmuş, bu yaşayış evinin ölçüləri texniki pasport və çıxarış əsasında ümumi sahəsi 108 kv.m olmuş, həmin evin əvəzində cavabdeh müqavilə üzrə yeni tikiləcək binada ümumi sahələri 94,10 kv.m və 45,60 kv.m olan 2 (iki) tam təmirli mənzili verməyi, əsas alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 manat miqdarında kirayə haqqının paylı mülkiyyətçi olan iddiaçılara ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh və məhkəmə iddiaçılar tərəfindən əlavə hansısa sənədin təqdim edilməli olmasını bildirsələr də, bu sənədin nədən ibarət olmasını əsaslandıra bilməmişlər. Məhkəmə və cavabdeh hesab etmişlər ki, guya ki, iddiaçılar xüsusi mülkiyyətdə olan 68 kv.m sahədən əlavə, yardımçı tikililərə və evin yerləşdiyi 108 kv.m torpaq sahəsinə də iddiaçılar çıxarış almalı idilər?. Belə bir bənd tərəflər arasında bağlanılmış müqavilədə mövcud deyildir. Məhkəmənin hakimi özü də şəxsən bu barədə qarşı tərəfindən nümayəndəsinə sual vermiş, lakin nümayəndə belə bir tələbin yalnız sözdə olmasını bildirərək müqavilədə olmamasını etiraf etmişdir. Müqavilədə əlavə çıxarış və ya sənəd alınması barədə hər hansı bənd nəzərdə tutulmadığı, eləcə də iddiaçıların paylı mülkiyyətində olmuş fərdi yaşayış evinin ölçülərində hər hansı anlaşmazlıq mövcud olmadığı halda, birinci instansiya məhkəməsi hakiminin iddianı rədd etməsi barədə qənaətə gəlməsi ağlabatan və ədalətli deyildir. Birinci instansiya məhkəməsində cavabdeh müqavilələrdə iki ədəd mənzilin verilməli olmasını etiraf etsə də, dövlət reyestrindən çıxarışda qeyd olunan 66,8 kv.m mənzil əvəzinə 99,1 kv.m yeni mənzil verilməsinin ədalətli olmasını bildirmişdir. Birinci instansiya məhkəməsi nəzərə almır ki, əgər həqiqətən də, iddiaçıların paylı mülkiyyətində olan fərdi yaşayış evinin ölçülərində hər hansı uyğunsuzluq var idisə, niyə cavabdeh MMC və onun kifayət qədər bu sahədə ixtisaslaşmış əməkdaşları evi təhvil alarkən tərtib etdikləri aktda bu barədə qeyd aparmamış və tərtib edilmiş müqavilədə də evin ölçülərinin 108 kv.m olması barədə qeydiyyat aparmışlar. Eyni zamanda müqavilələrdə əlavə hansısa sənədin təqdim edilməli olması nəzərdə tutulmamışdır. Ən azından məhkəmə araşdırma zamanı təqdim edilən bank sənədlərinə nəzər yetirsə idi, görərdi ki, cavabdeh məhz xx.xx.2021-ci il tarixədək müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri gecikmələr olsa da icra etmiş, ondan sonrakı müddətdə öhdəliklərin icrasından yayınmağa başlamış, nəticədə iddiaçılar əvvəlcə cavabdeh təşkilata, sonra dövlət qurumlarına, ən sonda isə məhkəməyə mürqaciət etmək məcburiyyətinə qalmışlar. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(103)-4179/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(005)-1053/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halları ilə müəyyən olunur ki, ünvan 5 ünvanında inşa olunmuş 2-ci binanın, 2-ci blok, 16-cı mərtəbəsində yerləşən 84 nömrəli 2021-ci il 27 dekabr tarixli razılaşma əsasında İddiaçı2 artıq təhvil verilmişdir. Tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı2 və İddiaçı1 2021-ci ilin 27 dekabr tarixindən ünvan 6 ünvanında inşa olunmuş binanın 2 bina, 2 blok, 16 mərtəbəsində yerləşən 84 nömrəli 94.1 kv.m sahəsi olan mənzildə yaşamaqla kommunal xidmət pulu ödəyirlər. İddiaçı tərəf binanın məhz 7-ci mərtəbəsində ümumi sahəsi 94.10 kv.m olan tam təmirli mənzilin onlara təhvil verilməsini iddia etsələr də, tərəflər arasında bağlanmış müqavilədə mənzilin mərtəbəsi ilə bağlı şərt mövcud olmamışdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi Cavabdeh tərəfindən Nərimanov rayonunun Mayakovski küçəsində tikilmiş yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 94.10 kv.m olan tam təmirli mənzilin iddiaçılara təhvil verilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin «11-ci mərtəbəsində ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi» hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə yaşayış sahəsinin dövlət qeydiyyatına alınmış hissəsinin 66,8 kv.m olması, hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə isə 108 kv.m olması müəyyən olunmuşdur. Bu baxımdan, müqavilə şərtlərinə əsasən paylı mülkiyyətçi ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquqmüəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə, paylı, mülkiyyətçi ilə bağlanılacaq əsas alqı-satqı müqaviləsinin şərtləri, müqavilə bağlanması anına paylı mülkiyyətçi tərəfindən layihə icraçısına təqdim edilmiş hüquq müəyvənedici sənədlərə əsasən yenidən müəyyən edilməsi göstərilmişdir. (1.3-cü bənd) Digər tərəfdən, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrin 2.1.3-cü bəndində ilkin müqavilə qüvvəyə mindiyi tarixdən etibarən 18 (on səkkiz) aydan gec olmayaraq, notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyvənedici sənədləri layihə icraçısına vermək öhdəliyi paylı mülkiyyətçilərin (iş üzrə iddiaçıların) üzərinə qoyulmuşdur. İş üzrə cavabdeh "xxxx" MMC tərəfindən birgə iddiaçılara 09 sentyabr 2021-ci tarixli və 16 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və 41,2 kv.m sahənin hüquqmüəyyənedicə sənədlərinin təqdim ounması təklif olunmuş, buna baxmayaraq müqavilə öhdəliyinin həmin şərti yerinə yetirilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almaqla haqlı olaraq hesab etmişdir ki, iddia tələbinin «11-ci mərtəbəsində ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi» hissəsi əsassızdır, təmin oluna bilməz.Qanunvericinin tələbindən də göründüyü kimi əgər müqavilənin bir tərəfi şərtləşdirilmiş öhdəliyi tam həcmdə icra etmirsə, müqavilənin digər tərəfi öz üzərinə düşən öhdəliyin icrasını dayandıra və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Belə ki, birgə iddiaçılar yuxarıda da şərh edildiyi kimi, evi boşaltsalar da, daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədləri 18 ay vaxt ərzində tam şəkildə cavabdeh şirkətə təqdim etməmişlər (birgə iddiaçılar yalnız onlara məxsus olan evə dair çıxarışı əldə etmişlər, torpaq sahəsi isə onlara məxsus olmadığı üçün onlar nə cavabdeh şirkətlə müqavilə bağlanan ana qədər, nə də müqavilənin qüvvədə olduğu müddət ərzində həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi əldə edib cavabdeh şirkətə təqdim etməmiş və buna görə də öhdəliyi tam şəkildə icra etməmişlər). Buna görə də, cavabdeh şirkət birgə iddiaçılara yalnız ümumi sahəsi 94.10 kv.m. olan mənzil vermişdir. "xxxx" MMC həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina etmiş, bu səbəbdən cavabdeh 45.60 kvm mənzili birgə iddiaçılara verməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.Göründüyü kimi, iddiaçılar Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 27 ünvanda yerləşən fərdi yaşayış evinin boş həyətyanı torpaq sahəsinin onlara məxsus olmasının təsdiq edən hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 390.1, 425.1, 441.1, 441.2. 441.3, 441.4, 441.5, 442-ci, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 2.1, 12.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı1 (vəkili Vəkil2) həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edib, ilkin iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 1279/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 avqust 2023-cü il tarixli 2(103)-4179/2023 nömrəli qətnaməsinin iddianın, ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi, həmçinin həmin mənzil təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi tələbinin təmin edilməməsinə aid hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin «11-ci mərtəbəsində ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi» hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə yaşayış sahəsinin dövlət qeydiyyatına alınmış hissəsinin 66,8 kv.m olması, hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə isə 108 kv.m olması müəyyən olunmuşdur. Bu baxımdan, müqavilə şərtlərinə əsasən paylı mülkiyyətçi ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquqmüəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə, paylı, mülkiyyətçi ilə bağlanılacaq əsas alqı-satqı müqaviləsinin şərtləri, müqavilə bağlanması anına paylı mülkiyyətçi tərəfindən layihə icraçısına təqdim edilmiş hüquq müəyvənedici sənədlərə əsasən yenidən müəyyən edilməsi göstərilmişdir. (1.3-cü bənd) Digər tərəfdən, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrin 2.1.3-cü bəndində ilkin müqavilə qüvvəyə mindiyi tarixdən etibarən 18 (on səkkiz) aydan gec olmayaraq, notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyvənedici sənədləri layihə icraçısına vermək öhdəliyi paylı mülkiyyətçilərin (iş üzrə iddiaçıların) üzərinə qoyulmuşdur. İş üzrə cavabdeh "xxxx" MMC tərəfindən birgə iddiaçılara 09 sentyabr 2021-ci tarixli və 16 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və 41,2 kv.m sahənin hüquqmüəyyənedici sənədlərinin təqdim olunması təklif olunmuş, buna baxmayaraq müqavilə öhdəliyinin həmin şərti yerinə yetirilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almaqla haqlı olaraq hesab etmişdir ki, iddia tələbinin «11-ci mərtəbəsində ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi» hissəsi əsassızdır, təmin oluna bilməz. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədə əsasən ümumi sahəsinin 66,8 kv.m, müvafiq hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv.m olması, eləcə də tərəflər arasında bağlanmış müqavilədə göstərilmiş 66,8 kvadratmetrlik fərdi yaşayış evinə aid hüquqmüəyyənedici sənədlərin cavabdehə təqdim edilməsi işin mübahisələndirilməyən halıdır. İşdən görünür ki, cavabdeh, tərəflər arasında bağlanmış müqavilənin şərtinə müvafiq olaraq sahəsi 94,10 kv.m olan mənzili təhvil vermiş 45,60 kv.m olan tam təmirli mənzilin verilməsindən isə sökülmüş fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərlə təsdiq edilməyən 41,2 kvadratmetrinə aid hüquqmüəyyənedici sənəd təqdim olunmamasına görə imtina etmiş, məhkəmələr isə cavabdehi haqlı hesab etmişlər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissə üzrə əsaslandırması və gəldiyi nəticə ilə razılaşmır. Belə ki, tərəflər arasında 06 mart 2020-ci il tarixində bağlanmış ilkin müqavilənin 1.3-cü bəndinə əsasən, paylı mülkiyyətçi bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquqmüəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkidə yerinə yetirmədiyi təqdirdə, paylı, mülkiyyətçi ilə bağlanılacaq əsas alqı-satqı müqaviləsinin şərtləri, müqavilə bağlanması anına paylı mülkiyyətçi tərəfindən layihə icraçısına təqdim edilmiş hüquq müəyyənedici sənədlərə əsasən yenidən müəyyən ediləcəkdir.1.4-cü bəndinə əsasən, layihə icraçısı, paylı mülkiyyətçinin öhdəliklərinin yerinə yetirilməsi şərtilə, bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, paylı mülkiyyətçiylə, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94.10 kvadrat metr və 45.60 kv. metr olan 2 tam təmirli mənzilin hər birinin 1/2 hissəsinin alqı-satqısı haqqında əsas alqı-satqı müqaviləsinin bağlanması və kirayə haqqının ödənilməsi üzrə öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, paylı mülkiyyətçi bu ilkin müqaviləyə birtərəfli qaydada xitam verib, sökülmüş evin bazar dəyəri miqdarında kompensasiyanın ödənilməsini layihə icraçısından tələb edə bilər.Müqavilənin göstərilən bəndlərində paylı mülkiyyətçinin hüquqmüəyyənedici sənədlərlə təsdiq edilməyən 41,2 kvadratmetr sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edəcəyinə dair qeyd mövcud deyil. Apellyasiya instansiyası məhkəməsi müqavilənin şərtlərini təfsir edərkən müvafiq araşdırma apararaq təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alıb hüquqi qiymət verməli, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalı idi. Belə araşdırma nəticəsində müəyyən edilə bilər ki, müqavilə şərtləri paylı mülkiyyətçinin hüquqmüəyyənedici sənədlərlə təsdiq edilməyən 41,2 kv.metr sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim etməli olması öhdəliyini ehtiva edir və ya etmir. Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə kifayət qədər araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır.Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin araşdırması və sübutlara qiymət verməsi Azərbaycan Respublikasının MPM-in 14.1 və 88-ci maddəsinin tələblərinə cavab vermir. Belə hal isə yoxlanılan hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edildiyi qənaətinə gəlinməsinə imkan vermir. Eləcə də məhkəmə kollegiyası qeyd edir ki, 45,60 kv.m olan digər tam təmirli mənzil təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi tələbinin əsaslı olub-olmaması 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi tələbinin əsaslı olub-olmamasından asılıdır. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi-vəkili Vəkil2 ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilmiş və iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilmişdir, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1279/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 avqust 2023-cü il tarixli 2(103)-4179/2023 nömrəli qətnaməsinin - iddianın, ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi, həmçinin həmin mənzil təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi tələbinin təmin edilməməsinə aid hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırda qətnamə iddia tələbinin təmin edilməyən - ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi, həmçinin həmin mənzil təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29 . İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 441.5. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarından görünür ki, "xxxx" MMC ilə iddiaçılar arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrdən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********75-10301 saylı çıxarışa əsasən paylı mülkiyyətçi olan iddiaçılar sökülməli olan ərazidə - ünvan 7 ünvanında yerləşən, yuxarıda göstərilən çıxarışa əsasən ümumi sahəsi 66,8 kv.m, müvafiq hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv.m olan fərdi yaşayış evini 3 təqvim günü ərzində boşaldaraq cavabdehə təqdim etmiş, cavabdeh isə müqavilə üzrə paylı mülkiyyətçi olan iddiaçılara həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94,10 kv.m və 45,60 kv.m olan 2 (iki) tam təmirli mənzili verməyi, əsas alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 manat miqdarında kirayə haqqının paylı mülkiyyətçiyə ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. İş materiallarından görünür ki, cavabdeh yeni tikilən yaşayış binasının 2-ci blok 16cı mərtəbəsindəki 84 saylı, 94,10 kv.m mənzil sahəsini xx.xx.2021-ci ildə yalnız iddiaçılardan İddiaçı2 təhvil verilmiş, sonuncu dəfə xx.xx.2021-ci ildə iddiaçıların hər birinə ayrı-ayrılıqda 350 manat kirayə haqqı ödəmiş, ondan sonrakı müddətdə əsassız və qanunsuz olaraq müqavilə öhdəliklərindən birtəfəli qaydada imtina edilərək iddiaçılara ümumi sahəsi 45,60 kv.m olan mənzilin verilməsindən imtina edilmiş, eləcə də, mənzil təhvil verilən anadək ödənilməli olan aylıq 350 manat kirayə haqqının verilməsindən imtina edilmişdir. Bununla da cavabdeh təşkilat müqavilə öhdəliklərini icra etməkdən birtərəfli qaydada imtina etmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş materiallarında olan tərəflər arasında 06 mart 2020-ci il tarixində bağlanmış ilkin müqavilənin 1.3-cü bəndinə əsasən, paylı mülkiyyətçi bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquqmüəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkidə yerinə yetirmədiyi təqdirdə, paylı, mülkiyyətçi ilə bağlanılacaq əsas alqı-satqı müqaviləsinin şərtləri, müqavilə bağlanması anına paylı mülkiyyətçi tərəfindən layihə icraçısına təqdim edilmiş hüquq müəyyənedici sənədlərə əsasən yenidən müəyyən ediləcəkdir. Müqavilənin 1.4-cü bəndinə əsasən, layihə icraçısı, paylı mülkiyyətçinin öhdəliklərinin yerinə yetirilməsi şərtilə, bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, paylı mülkiyyətçiylə, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94.10 kvadrat metr və 45.60 kv. metr olan 2 tam təmirli mənzilin hər birinin 1/2 hissəsinin alqı-satqısı haqqında əsas alqı-satqı müqaviləsinin bağlanması və kirayə haqqının ödənilməsi üzrə öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, paylı mülkiyyətçi bu ilkin müqaviləyə birtərəfli qaydada xitam verib, sökülmüş evin bazar dəyəri miqdarında kompensasiyanın ödənilməsini layihə icraçısından tələb edə bilər. Göründüyü kimi müqavilənin göstərilən bəndlərində paylı mülkiyyətçinin hüquqmüəyyənedici sənədlərlə təsdiq edilməyən 41,2 kvadratmetr sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edəcəyinə dair qeyd mövcud deyil. Birinci instansiya məhkəməsi isə müqavilənin şərtlərini təfsir edərkən müvafiq araşdırma apararaq təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alıb hüquqi qiymət verməmişdir. Belə ki, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalı idi. İşin faktiki hallarından müəyyən edildiyi kimi müqavilə şərtləri paylı mülkiyyətçinin hüquqmüəyyənedici sənədlərlə təsdiq edilməyən 41,2 kv.metr sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim etməli olması öhdəliyini ehtiva etməmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçılar qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməyərək, 45.60 kv.m mənzili birgə iddiaçılara verməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçılar ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi” barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası tələbin 11-ci mərtəbəsi hissəsi ilə bağlı hesab edir ki, cavabdehin nümayəndəsi inşa etdikləri mübahisəli binada istər 11, istərsə də digər mərtəbələrdə 45,60 kv.m olan mənzilin olmamasını göstərməsinə baxmayaraq hər bir halda qüvvədə olan və məhz cavabdeh tərəfindən mübahisələndirilməyən müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan müqavilə öhdəliyinin digər hissəsi iddiaçılar tərəfindən deyil, cavabdeh tərəfindən icra edilmədiyindən iddia tələbi - cavabdeh "xxxx" MMC-dən kirayə haqlarının məcburi qaydada ödənilməsi hissəsində də əsaslı olmuşdur. Belə ki, cavabdeh tərəf alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 manat miqdarında kirayə haqqının paylı mülkiyyətçiyə ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin qeyd edildiyi kimi müqavilə şərtləri paylı mülkiyyətçinin hüquqmüəyyənedici sənədlərlə təsdiq edilməyən 41,2 kv.metr sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim etməli olması öhdəliyini ehtiva etmədiyindən, məhz cavabdeh tərəfindən müqavilə öhdəliklərini yerinə yetirilməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən mənzillər təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqları cavabdeh tərəfindən digər mənzil təhvil verilən tarixdən yəni, xx.xx.2021-ci il tarixdən müqavilə öhdəliyi olaraq hər ay üçün 350 manat məcburi qaydada ödənilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, yəni iddia tələbinin təmin edilməyən - ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi, həmçinin həmin mənzil təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməklə, ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi, həmçinin mənzillər təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-yə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manatı cavabdehdən tutularaq iddiaçılara ödənilməli, qalan 50 manat məbləğində pul iddiaçıların özlərinə aid edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1053/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən - ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi, həmçinin həmin mənzil təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi, həmçinin mənzil təhvil verilən anadək xx.xx.2021-ci il tarixdən aylıq müəyyən edilmiş kirayə haqlarının iddiaçılar İddiaçı1 və İddiaçı2 məcburi qaydada ödənilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. İddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manatı cavabdehdən tutularaq iddiaçılara ödənilsin, qalan 50 manat məbləğində pul iddiaçıların özlərinə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar