Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4176/2024 06.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, Ərizəçi, ərizəçinin vəkili Vəkil, maraqlı şəxs (ərizəçinin anası) Başxanım Piriyevanın, maraqlı şəxs (ərizəçinin bacısı) Qiymət Kamayevanın, maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Vüsal Əmirlinin iştirakı ilə, Ərizəçi “Azərbaycan Respublikasında daimi yaşama və heç bir dövlətin vətəndaşlığına mənsub olmama faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-3238/2023 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Ərizəçinin hazırda 35 yaşı var. O, xx.xx.1989-cu ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulub. Bu barədə doğum şəhadətnaməsi var. O, iddia edir ki, 1996-cı ildə ailəsi ilə birlikdə daimi yaşamaq üçün Azərbaycan Respublikasına (AR) köçüb gəlib, həmin vaxtdan burada yaşayır, heç bir dövlətin vətəndaşı deyil, AR vətəndaşı sayılmasını istəyir. 2.Ərizəçi AR Dövlət Miqrasiya Xidmətin (DMX) müraciət edib. DMX arayış verib ki, ərizəçi AR vətəndaşı deyil (iş v. 29). Bundan sonra ərizəçi hazırkı ərizə məhkəməyə müraciət edib. 3.Ərizədə müəyyən edilməsi məhkəmədən xahiş olunan faktın hüquqi əhəmiyyəti var. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə görə, AR-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1dək AR-na gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə AR-da daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. O cümlədən AR Mülki Prosessul Məcəlləsinin 307.2.10-1-ci maddəsinə görə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə AR-da daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Birinci instansiya məhkəməsində icraat 4.Ərizə məhkəməyə xx.xx.2023-cü ildə verilib. Ərizədə tələb olunub ki, ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən AR-da daimi yaşaması faktı müəyyən edilsin. 5.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, ərizə təmin olunsun, ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən AR-da daimi yaşaması faktı müəyyən edilsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və ərizə təmin edilməsin. 7.Bundan əvvəl işə bir dəfə apellyasiya qaydasında baxılıb, qətnamə ləğv edilib və ərizə təmin edilməyib. Lakin Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib və işi yeni apellyasiya baxışına göndərib. 8.İşə ikinci dəfə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən maraqlı şəxs Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Vüsal Əmirli apellyasiya şikayətinin əsaslı olduğunu, Ərizəçi, ərizəçinin vəkili Vəkil, maraqlı şəxs (ərizəçinin anası) Başxanım Piriyeva və maraqlı şəxs (ərizəçinin bacısı) Qiymət Kamayeva apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Apellyasiya instansiyası məhkəməsinin ləğv edilən qətnaməsi qanuni olub. 10.Məhkəmə ikinci dəfə işə apellyasiya qaydasında baxaraq bir daha məyyən etdi ki, ərizəçi AR-da 1996-cı ildən deyil, xx.xx.2008-ci ildən yaşayır. 11.Ali Məhkəmənin qərarının 45 və 52-ci bəndlərindən görünür ki, sərhədkeçmə faktı məhkəmə aktları əsasında müəyyən edilməlidir. Lakin Ali Məhkəmənin göstərişi qanuna ziddir. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin “sübutların mümkünlüyü” adlı 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu, qadağanedici normadır. Həmin norma xx.xx.2002-ci ildən sonra sərhədkeçmə (giriş-çıxış) faktının məhkəmə aktları, şahid ifadələri və digər bu kimi sübutlarla təsdiq edilməsini qadağan edir, çünki hakimlər və şahidlər dövlət sərhədinə nəzarət etmir. Bu tarixdən sonra sərhədkeçmə faktı yalnız AR Dövlət Sərhəd Xidmətinin məlumatı əsasında müəyyən edilə bilər. Belə ki, DSX-nin məktubundan (iş v. 53) görünür ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində şəxslərin dövlət sərhədindən hərəkəti barədə məlumatlar 2001ci ildən etibarən yerləşdirilir. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə görə, dövlət sərhədini keçən şəxsləri AR gəlmək və ya ARdan getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır. Həmin Qanunun 11-ci maddəsinin axırıncı hissəsinə görə, sərhədkeçmə nəzarəti həyata keçirilərkən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən istifadə edilir. 12.DSX-nin məktubuna (iş v. 53) görə, ərizəçinin xx.xx.2002-ci ildən xx.xx.2023-cü ilədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasındakı məlumata əsasən, o, xx.xx.2008-ci ildə dövlət sərhədini keçərək AR-na gəlib. Ərizəçinin xx.xx.2008-ci ildə AR-na gəlməsi onu təsdiq edir ki, buna qədər o, AR-dan kənarda olub. Sual əmələ gəlir ki, xx.xx.2008-ci ildə AR-na gələn ərizəçi buna qədər AR-dan hansı tarixdə gedib? Əgər o, xx.xx.2002-ci ildən sonra AR-dan getmiş olsayıdı, DSX ölkədən çıxışı mütləq qeydə almalı idi. Lakin çıxış qeydə alınmayıb. Bu isə onu təsdiq edir ki, ərizəçi xx.xx.2002-ci ildən xx.xx.2008-ci ilədək AR-nın ərazisində olmayıb. Bunun əksinin iddia edilməsi o mənanı verəcək ki, ərizəçi ölkədən çıxarkən dövlət sərhədini qanunsuz, yəni sərhəd nəzarəti məntəqəsindən kənar keçib. AR Cinayət Məcəlləsinin 318-ci maddəsində dövlət sərhədini qanunsuz olaraq keçməyə görə cinayət məsuliyyəti müəyyən edilib. 13.Ali Məhkəmənin qərarının 49, 50 və 51-ci bəndlərindən görünür ki, ərizəçinin adına verilmiş “AR-na qayıtmaq haqqında” şəhadətnamə ərizənin təmin edilməsi üçün sübut kimi istifadə olunmalıdır. Lakin Ali Məhkəmənin göstərişi qanuna ziddir. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 76.3-ci maddəsinə görə, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin şəhadətnamə qanunu pozmaqla əldə olunub. AR-nın xx.xx.2007-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “AR-na qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında” Əsasnamənin 1-ci bəndndən görünür ki, belə şəhdətnamə 4 kateqoriya şəxslərə verilə bilər: 1) AR vətəndaşına; 2) onunla birgə AR-na qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış AR vətəndaşına; 3) AR-da qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsə; 4) onunla birgə AR-na qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış AR-da daimi yaşayan uşağına. Ərizəçinin bu 4 kateqoriyadan hər hansı birinə aid olduğunu təsdiq edən sübut yoxdur. Yəni ərizəçi AR vətəndaşı deyil və ya AR-da daimi əsaslarla yaşayan vətəndaşlığı olmayan şəxs deyil, habelə ölkəyə daxil olarakən 19 yaşı olduğuna görə uşaq sayılmayıb. Onun belə status alması mümkün deyildi, çünki şəxsiyyətini təsdiq edən heç bir sənədi olmayıb. Qayıdış şəhadətnaməsinin mətnində isə ərizəçi qanunvericiliyə zidd olaraq “AR vətəndaşı” kimi qeyd olunub. 14.Ali Məhkəmənin qərarının 51-ci bəndində qeyd olunub: “Ərizəçiyə ölkəyə geri qayıtması üçün qayıdış şəhadətnaməsi verilməsi isə onun yuxarıda qeyd edilən Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər kateqoriyasına aid olduğunu, yəni AR-da qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxs və onunla birgə AR-na qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış AR-da daimi yaşayan uşaq olduğunu deməyə əsas verir”. Lakin Ali Məhkəmənin mövqeyi həmin şəhadətnaməni verən diplomatik nümayəndəliyin (səfirliyin) mövqeyinə ziddir. Belə ki, səfirlik şəhadətnamənin mətnində ərizəçinin “AR vətəndaşı” olduğunu qeyd edib. O cümlədən Ali Məhkəmənin mövqeyi adına şəhadətnamə verilmiş şəxsin (ərizəçinin) izahatına da ziddir. Belə ki, ərizəçi izahatında “AR-da qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxs” statusunun olduğunu iddia etmir. 15.Ali Məhkəmənin qərarının 49-cu bəndində qeyd olunub: “Göründüyü kimi, ərizəçi ilk dəfə ölkəyə 2008-ci ildə giriş etməmiş, qayıdış şəhadətnaməsi əsasında AR-na qayıtmışdır”. Lakin bunun nədən göründüyü aydın deyil. Apellyasiya icraatı zamanı ərizəçiyə sual verilmişdir ki, əgər həqiqətən Ali Məhkəmənin bildirdiyi kimi xx.xx.2008-ci ildə AR-na qayıtmışdırsa, buna qədər AR-dan hansı tarixdə və hansı yol (quru, hava və ya su yolu) ilə getmişdir? Ərizəçi bu suala ümumiyyətlə cavab verə bilməmişdir. Yəni o, nəinki ölkədən getdiyi tarixi deyə bilməmiş, ümumiyyətlə, ölkə ərazisini hansı istiqamətdə və hansı nəqliyyat növü ilə tərk etdiyini bilməmişdir. İşə baxılması təxirə salındıqdan, yəni suala necə cavab verməli olduğunu kənar şəxslər ona öyrətdikdən sonra, növbəti iclasda bildirmişdir, ölkədən 2008-ci ildə dəmir yolu ilə RF istiqamətində getmişdir. Bu cavabdan sonra ərizəçiyə sual verilmişdir ki, ölkədən gedərkən sərhəd nəzarəti məntəqəsindən hansı sənədlə keçmişdir? O, cavab vermişdir ki, sərhəd nəzarəti məntəqəsindən “Doğum haqqında” şəhadətnamə ilə keçmişdir. Lakin nəzərə alınmalıdır ki, 2008-ci ildə ərizəçinin 19 yaşı olmuş, yetkinlik yaşına çatmış şəxsin “Doğum haqqında” şəhadətnamə ilə sərhəd nəzarəti məntəqəsindən keçərək ölkədən getməsi mümkün deyil. DSX-də bu barədə məlumatın (ölkədən çıxışın) olmaması da onu təsdiq edir ki, ərizəçi yalan məlumat verir. 2008-ci ildə DSX-nin ölkədən çıxışı məlumat-axtarış sistemində yerləşdirmək imkanı olub. Məhz həmin ildə ərizəçinin ölkəyə girişinin sistemdə yerləşdirilməsi onu təsdiq edir ki, ölkədən çıxış olsayıdı, bu da sistemdə əksini tapardı. Bundan başqa, apellyasiya icraatı zamanı ərizəçiyə təklif edilmişdir ki, 2008-ci ilə qədər AR-da yaşadığını təsdiq edən hər hansı sübut (2008-ci ilə qədər AR-da çəkilmiş ailə fotosu və s.) təqdim etsin. Lakin o, belə sübut təqdim edə bilməmişdir. 16.Ali Məhkəmənin qərarının 45 və 52-ci bəndlərində qeyd olunub ki, ərizəçinin anası və qardaşının 1996-cı ildən AR-da daimi yaşaması, bacısının 1997-ci ildə Bakı şəhərində doğulması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur. Ərizəçi 1996-cı ildə 7 yaşında uşaq olmuşdur və ailəsi 1996-cı ildə AR-na gələn zaman onun Gürcüstanda qalması ilə bağlı hər hansı sübut mövcud deyil. Ali Məhkəmə daha sonra qeyd edib ki, apellyasiya məhkəməsi ərizəçinin ailə üzvlərinin 1996-cı ildən AR-da daimi yaşadığının qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyi halda, ərizəçinin onlarla birlikdə yaşamamasını təsdiq edən hər hansı mötəbər sübutun mövcud olmaması barədə iş üzrə əhəmiyyətli hallara düzgün hüquqi qiymət verməmişdir. Bununla bağlı apellyasiya məhkəməsi qeyd edir ki, ərizəçinin anası, qardaşı və bacısına aid olan məhkəmə aktlarının sərhədkeçmə faktının müəyyən edilməsində sübut kimi istifadəsinin mümkün olmadığı yuxarıda əsaslandırılıb. Bununla yanaşı, həmin məhkəmə aktlarının məzmunu ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib hesab edir. 17.Ərizəçinin anasının 1996-cı ildən AR-da yaşaması faktını müəyyən edən qətnamə mövcud deyil. Ali Məhkəmənin belə qətnamənin möcvudluğu barədə məlumatı hansı mənbədən əldə etməsi aydın deyil. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)- 2347/2021 nömrəli qətnaməsinin (iş v. 11) nəticə hissəsindən görünür ki, ərizəçinin anasının AR-da daimi yaşaması faktının müəyyən edilməsi qət olunub, lakin hansı tarixdən yaşadığının müəyyən edildiyi qət olunmayıb. Qətnamənin əsaslandırıcı hissəsində də məhkəmə ərizəçinin anasının 1996-cı ildən AR-da daimi yaşadığının müəyyən olunduğunu qeyd etməyib, baxmayaraq ki, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin müəyyən etdiyi hallar göstərilməlidir. Bundan başqa, qətnamənin əsaslandırıcı hissəsində ərizəçinin anasının 1996-cı ildən AR-da daimi yaşadığını təsdiq edən hər hansı sübuta istinad olunmayıb. Əksinə, qətnamədən görünür ki, DSX-nin məlumatına əsasən ərizəçinin anası xx.xx.2008-ci ildə (yəni ərizəçi ilə eyni gündə) ölkə ərazisinə daxil olub. Ona görə də bu qətnamə məzmununa görə ərizəçinin 1996-cı ildən anası ilə birlikdə AR-da yaşadığını təsdiq edən sübut kimi qəbul oluna bilməz. 18.Ərizəçinin qardaşının 1996-cı ildən AR-da yaşaması barədə qətnamə iş materiallarında yoxdur. Ali Məhkəmənin iş materiallarında olmayan qətnamənin məzmununa necə istinad etməsi aydın deyil. Buna baxmayaraq, ərizəçinin özünün verdiyi məlumatdan görünür ki, qardaşı onunla eyni vaxtda həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edib. Hətta hazırkı ərizə ərizəçinin qardaşının ərizəsinin əsasında hazırlanıb, bu zaman ərizənin məzmunundan ərizəçinin qardaşının adının və qardaşına aid məlumatların silinməsi unudulub (iş v. 6). Ərizənin mətnində yalnız bir söz (başlıqdakı “Ceyhun” sözü) ərizəçinin özünə aidir, ərizənin qalan məzmunu onun qardaşına aiddir. Ərizənin məzmununda qeyd olunub ki, ərizəçi 1996-cı ildən sonra AR-dan kənarda olmayıb, halbuki, bu məlumat da ərizəçinin qardaşına aiddir, ərizəçi 2008-ci ildə ölkəyə daxil olub (iş v. 7). Göründüyü kimi, ərizəçi məhkəməyə müraciət edərkən onun qardaşının 1996-cı ildən AR-da yaşaması faktını müəyyən edən qətnamə mövcud olmayıb. Bundan başqa, ərizəçinin qardasının 1996-cı ildən AR-da yaşaması barədə qətnamə ərizəçinin də həmin vaxtdan ARda yaşadığını təsdiq edən sübut sayılmır, çünki qardaşların ayrı-ayrı ölkələrdə və ayrı-ayrı qohumların yanında yaşaması mümkündür. 19.Ərizəçinin bacısının xx.xx.1997-ci ildə AR-da (Bakı şəhərində) doğulması faktını müəyyən edən qətnamə yalnız 5 şahidin ifadəsi əsasında qəbul edilib, həmin şahidlərin hamısı qohumlardır. Belə ki, 1 şahid doğum faktı müəyyən edilən şəxsin anası, 2 şahid doğum faktı müəyyən edilən şəxsin xalası, 1 şahid doğum faktı müəyyən edilən şəxsin dayısının arvadı, 1 şahid isə doğum faktı müəyyən edilən şəxsin babasının bacısıdır. Doğum faktının məhz AR-da (Bakı şəhərində) baş verdiyi təsdiq edən heç bir mötəbər sübut yoxdur. Qeyd olunanlar doğum faktı barədə Şabran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(031)-438/2015 nömrəli qətnaməsininin (iş v. 13) məzmunundan görünür. 20.Bundan başqa, doğum faktı barədə qətnamə doğulmuş şəxsin özünün ərizəsi əsasında qəbul olunub. Yəni şəxsiyyətini təsdiq edən sənədi olmayan, hətta doğum faktı müəyyən edilməyən şəxs özü ərizə ilə məhkəməyə müraciət edərək xahiş edib ki, AR-da (Bakı şəhərində) doğulması faktı müəyyən olunsun. O, ərizəni 18 yaşı tamam olduqdan sonra verib, lakin ötən 18 il ərzində anasının (uşaq doğan şəxsin) hansı səbəbdən doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmədiyini izah etməyib. 21.Bundan başqa, ərizəçi (doğum faktı müəyyən edilən şəxs) Bakı şəhərində doğulduğunu, Bakı şəhərində yaşadığını və Bakı şəhərində orta məktəbdə oxuduğunu bildirsə də, ərizəni olduğu yerdən 116 km uzaqda yerləşən Şabran Rayon Məhkəməsinə verib. O, bunu belə izah edib ki, anası xx.xx.1997-ci ildən Şabran rayonunun Gəndab kəndində qeydiyyatdadır. Onun anası isə həmin iş üzrə şahid kimi Şabran Rayon Məhkəməsində ifadə verərək ərizəçini Bakı şəhərində doğduğunu bildirib. Göründüyü kimi, ərizə ərizəçinin olduğu yer üzrə deyil, şahidin qeydiyyatda olduğu yer üzrə məhkəməyə verilib. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 22.Bundan başqa, doğumu həyata keçirən qadının xx.xx.1997-ci ildən Şabran rayonunun Gəndab kəndində qeydiyyatda oduğu bildirilsə də, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və AR-da daimi yaşaması faktını müəyyən edən qətnamə 24 il sonra - xx.xx.2021-ci ildə qəbul olunub. Bu şəxsin 24 il əvvəl hansı əsasla və hansı statusda Şabran rayonuna qeydiyyata alınması aydın deyil, ümumiyyətlə, belə qeydiyyatın mövcudluğunu təsdiq edən heç bir sənəd məhkəməyə təqdim olunmayıb, o cümlədən məhkəmə aktlarının heç birinin məzmununda belə qeydiyyatın olması göstərilməyib. 23.Odur ki, ərizəçinin bacısının (Qiymət Kamayevanın) 1997-cı ildə AR-da (Bakı şəhərində) doğulmasını müəyyən edən qətnamə öz məzmununa görə ərizəçinin (Ərizəçi) 1996-cı ildən AR-da daimi yaşadığını təsdiq edən sübut kimi qəbul oluna bilməz. 24.Ərizəçi 19 yaşında (2008-ci ildə) AR-na gəlsə də, 35 yaşına kimi, yəni 16 il ərzində vətəndaşlıq məsələsi ilə bağlı müraciət etməyib. Hazırda 35 yaşı var. “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunundan görünür ki, 18 yaşından 35 yaşınadək AR-nın kişi cinsli vətəndaşları çağırışçı sayılır. Ərizəçi 35 yaşına çatdıqdan sonra hazırkı ərizəni verib. 25.Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığındam qətnamə ləğv edilməli və ərizə təmin edilməməlidir. 26.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-3238/2023 nömrəli qətnaməsi ləğv olunsun. Ərizəçi “Azərbaycan Respublikasında daimi yaşama və heç bir dövlətin vətəndaşlığına mənsub olmama faktının müəyyən edilməsi barədə” ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4176/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4176/2024
06.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver